2016-cı ildə keçirilən ABŞ
prezidentinin seçkiləri nəticəsində İkinci Dünya Müharibəsindən sonra mövcud
olan və qlobal stabilliyin təminatçısı kimi mühüm əhəmiyyət kəsb edən geosiyasi
konstruksiya sürətlə dağılmaqdadır. Belə ki, əvvəllər də geniş müttəfiq
düşərgəsinə malik olan, SSRİ dağıldıqdan sonar isə bu düşərgəni bir qədər də
genişləndirən və həm də öz hərbi-siyasi müttəfiqlərinin təhlükəsizliyinin əsas təminatçısı
kimi çıxış edən Amerika Birləşmiş Ştatlarının mövcud administrasiyası indi
səylərini daha çox ölkənin daxili məsələlərinin həllinə yönəltməkdədir. Hələ
Barak Obama administrasiyası dövründə başlayan və bu yeni siyasi tendensiyanın
Donald Tramp tərəfindən daha qabarıq və sistemsiz şəkildə davam etdirilməsi
müşahidə olunmaqdadır. Dünənki tərəfdaşları üçün etibarlı təminatçı rolunda
çıxış edən ABŞ bu gün az qala onların rəqibinə çevrilir. Ən azı hələlik iqtisadi
cəhətdən bu, məhz belədir. Tramp administrasiyasının yürütdüyü və heç bir
strateji vektoru olmayan sistemsiz xarici siyasət son 70 ildə ABŞ-ın ən yaxın
iqtisadi və hərbi müttəfiqi olmuş Avropa ölkələrində çaşqınlıq yaratmaqla
yanaşı, həm də Avropa Birliyinin Fransa və Almaniya kimi aparıcı ölkələrinin
siyasi rəhbərliyini Avropanın öz xarici siyasət konsepsiyasının yaradılması
üzərində düşünməyə vadar edir. ABŞ-ın Avropadakı ən yaxın müttəfiqlərindən
sayılan Almaniyanın kansleri Angela Merkelin NATO sammitindən həmən sonar səsləndirdiyi
"Biz artıq heç kəsə güvənə bilmərik və Avropa öz müqəddəratını özü həll
etməlidir" bəyanatı və bir qədər sonra "Fransa və Almaniya Avropanın
mühərriki rolunu öz üzərinə götürməlidir" mesajını təkcə seçkiqabağı
populist çıxış kimi dəyərləndirmək yanlış olardı. Şübhəsizdir ki, məhz bu tip
bəyanatların ardınca keçirilən rəy sorğuları xanım Merkelin və onun rəhbərlik
etdiyi Xristian Demokratik İttifaqının reytinqinin sürətlə yüksələrək bu
partiyanın payızdakı federal seçkilərdə inamlı qələbə çalacağını üzə çıxardı.
Amma məsələyə bir qədər fərqli rakursdan baxdıqda bunu həm də alman
cəmiyyətində mövcud olan siyasi ab-havanın göstəricisi kimi anlamaq olar.
Görünür, Tramp administrasiyasının Avropaya yönəlik siyasəti fonunda ictimai
rəyin ABŞ-Almaniya münasibətlərində yer alan yeni tendensiyaları necə
dəyərləndirməsi məsələsində təcrübəli lider xanım çox da yanılmamışdı. Başqa
sözlərlə, bəyanatların verəcəyi effekt seçkiqabağı təbliğat baxımından da dəqiq
hesablanmışdı.
Digər tərəfdən, prezident seçkisi
ərəfəsində Rusiya ilə münasibətləri yaxşılaşdırmağı vəd edən Donald Tramp Ağ
Evə sahib olduqdan sonra bu vədin reallaşdırılmasının düşünüldüyü qədər də asan
olmayacağını qəbul etməkdədir. Yeni prezidentin bu istiqamətlə atmaq istədiyi bütün
addımlar təkcə rəqib Demokratlar partiyasının deyil, onun sədri olduğu və
Konqresin hər iki palatasında söz sahibi olan Respublikaçılar partiyasının əsas
liderləri tərəfindən də sərt və ardıcıl müqavimətlə üzləşdi. Bu fonda Tramp administrasiyası
öz xarici siyasətində hələlik 2 vektor üzrə hərəkət etməyə məcburdur - Yaxın Şərq və Sakit okean
hövzəsi. Başqa sözlə, Suriya və Şimali Koreya. Lakin bu istiqamətlərdə də
Vaşinqtonun xarici siyasəti sistemli və ardıcıl görünmür. Xüsusilə də Yaxın Şərq
siyasəti. Amma Suriyada gah Əsəd ordusuna, gah da onun opponentlərinə qarşı sərt
addımlar atan Vaşınqtonun bu ölkəyə dair siyasətinin konturları belə aydın
görünmür. Digər tərəfdən də ABŞ-ın bölgədə əsas müttəfiqləri kimi İsraili,
Səudiyyə Ərəbistanını və Misiri görməsinin öz-özlüyündə xeyli ziddiyyətlər
doğurması azmış kimi, Suriyada kürd silahlı qruplarının silahlandırılması hımin
ziddiyyətləri bir qədər də dərinləşdirir. Bu gün öz təsirini Yaxın Şərqə yaymağa
çalışan Rusiya isə öz növbəsində bölgənin ən önəmli ölkəsinin Türkiyə olduğunu
yaxşı anlayaraq Ankara ilə münasibətlərə xüsusi həssaslıqla yanaşır. Vaşinqton
NATO üzrə müttəfiqinin milli təhlükəsizliyinə təhdid yaradan kürd silahlılarına
dəstək verməklə sanki Türkiyə-Rusiya ittifaqının yaranmasına təkan verir. Təsadüfi
deyil ki, Qətər böhranı zamanı ABŞ birmənalı olaraq Səudiyyə Ərəbistanını və onun
müttəfiqlərini dəstəkləsə də, Türkiyə açıq şəkildə Qətəri müdafiə mövqeyini
tutdu və bu, özünü təkcə Dohaya siyasi və iqtisadi deyil, həm də hərbi dəstək
şəklində ifadə etdi. Mövcud şəraitdə bölgədə həmçinin Rusiya-Türkiyə-İran
əməkdaşlığının güclənməsi ehtimalı artır ku, bu da Yaxın Şərqdə əvvəlkilərdən
tamamilə fərqli geosiyasi mənzərənin yaranması demək olardı. Digər tərəfdən də Pakistanın
və həmçinin Küveyt, Oman kimi körfəz ölkələrinin də Qətər böhranında ehtiyatlı
mövqe nümayiş etdirməsi, “Müsəlman NATO-su” kimi təqdim edilən hərbi alyansdan
məsafələşməsi Vaşinqtonun onsuz da solğun görünən Yaxın Şərq müttəfiqlik
formatında daha ciddi boşluqlar yarada bilər. Lakin problem bununla da bitmir.
Belə ki, ABŞ-ın Yaxın Şərq müttəfiqlərinin ən azı ikisi - İsrail və Səudiyyə
Ərəbistanı supergüclə müttəfiqliyi həm də İranı cilovlamaq imkanı kimi nəzərdən
keçirərək, bu istiqamətdə böyük ğözləntilər qurur. Prezident D. Trampın və
Pentaqon şefi C. Mətisin zaman-zaman Iran əleyhinə səsləndirdikləri sərt
bəyanatlar də həmin gözləntilər üçün əlavə ümidlər verir. Amma ABŞ-ın hətta
bölgədəki müttəfiqləri ilə birlikdə Tehrana qarşı bu və ya digər hərbi güc
xarakterli addımlar atacağı inandırıcı görünmür. Bunun üçün Vaşinqtona Avropadakı NATO üzvü ölkələrlə anlaşa bilmək
lazımdır ki, bu da vacib olduğu qədər də inandırıcı görünmür. Avropa ölkələrinə
Yaxın Şərqdə yeni destabilizasiya amilinin yaranması və bunun ardınca baş verə
biləcək hərbi-siyasi, iqtisadi və humanitar böhranlar lazım deyil. Xüsusilə də
söhbət 80 milyona yaxın əhalinin yaşadığı ölkədən gedirsə. Üstəlik, Avropada
İranın Iraq, Suriya və ya Əfqanıstan olmadığını da nəzərə alırlar. Digər
tərəfdən isə yuxarıda qeyd etdiyim kimi, Almaniya və Fransa kimi ölkələr Tramp
Amerikasını sabit və güvənli müttəfiq kimi qəbul etmir.
Nəhayət, mövcud ABŞ administrasiyasının
aydın strateji hədəflərə söykənən xarici siyasət doktrinasının olmaması
Avropadakı ənənəvi tərəfdaşlarını onunla münasibətlərdə bir qədər də ehtiyatlı
olmağa sövq edir. Vaşinqtonun bəzi Şərqi Avropa ölkələrindən Qərbi Avropa
ölkələrinə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri və Rusiyaya loyallığı
isə onun Avropa siyasətindəki xaotikliyi və etimadsızlığı bir qədər də
dərinləşdirir.
Nəticədə isə bütövlükdə Avropa
Birliyi və ayrı-ayrılıqda onun aparıcı dövlətləri bu qurumun fərqli və tamamilə
yeni xarici siyasət strategiyasının yaradılması zərurəti ilə üzləşməli olurlar.
Bu isə yalnız Rusiyanın maraqları üçün münbit zəmin yaradır. Son 10 il ərzində
ABŞ-Avropa münasibətlərində “çatlar” axtaran Moskva bu gün ona geniş manevr
imkanları yarada biləcək vakuumla “mükafatlandırılmış” olur, amma bir o fərqlə
ki, həmin vakuumu bu dəfə Qərb ölkələrinin özləri yaradır. Daha doğrusu, əsasən
mövcud ABŞ administrasiyası. Lakin belə bir boşluğun yaranması da hələ Moskva
üçün qarşısına qoyduğu hədəflərə çatmaq demək deyil. İkinci Dünya
Müharibəsindən sonra məlum səbəblərdən qlobal siyasətdən uzaqlaş(dırıl)mış
Berlin də bunu qlobal siyasətə qayıtmaq üçün son 70 ildə yaranmış ən real imkan
kimi nəzərdən keçirə
bilər. Almaniya iqtisadiyyatının miqyasını və mövcud geosiyasi reallığı
(xüsusilə də Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi barədə
referendumun qərarı) nəzərə aldıqda isə Almaniya-Fransa cütlüyü üçün bu, heç də
əlçatmaz hədəf kimi görünməməlidir. Deməli, yaxın zamanlarda Vaşinqton-Brüssel
(daha dəqiq desək, Paris və Berlin), Vaşinqton-Ankara, Vaşinqton- Tehran
münasibətlərinə aydınlıq gətirilməyəcəyi halda dünyanın böyük dəyişikliklər ərəfəsində
olması iddiası heç də təxəyyül məhsulu kimi görünməməlidir. 21-ci əsr qlobal siyasətində
hələlik “müşahidəçi” kimi görünməyə üstünlük verən və sürətlə həm iqtisadi intervensiyasını,
həm də hərbi potensialını artırmağa davam edən daha bir supergücün – Çinin də
gözləmə mövqeyində olduğunu nəzərə aldıqda nizamsız-düzənsiz dünyanın növbəti
inkişaf mərhələsinə keçid prosesində olduğu aydın görünür. Qlobal miqyasda böyük dəyişikliklər isə əksər
hallarda həm də böyük münaqişələr, böyük kataklizmlər və təəssüf ki, böyük
insan itkiləri deməkdir. Ən azı son yüzilliyin tarixi belə deyir.
No comments:
Post a Comment