Tuesday, June 6, 2017

Niyə Qərb yox, Rusiya?

Azadlıq radiosuna son müsahibəmdə Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri barədə söylədiyim fikirlər çoxsaylı suallar, iradlar və tənqidlər doğurdu. Bunun belə olacağını da bilirdim və müsahibəni götürərkən hörmətli jurnalistimiz Şahnaz Bəylərqızının bu barədə xəbərdarlığına da elə müsahibənin sonunda cavab vermişəm. Hər şey bir yana, məni hətta Rusiyapərəstlikdə ittiham edənlər də tapıldı. Təbii ki, söhbət ciddi insanlardan gedir, layk sayı xatirinə sosial şəbəkələrdə yaşayanlardan yox.  Beləliklə.
Əvvəla, demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarınin qorunması kimi dəyərlər ümumbəşəri dəyərlərdir və azadlığa, müstəqilliyə can atan hər bir fərd və toplum üçün ən əhəmiyyətli hədəflərdir. Elə Azərbaycan və azərbaycanlılar üçün də bu belə idi və ölkədəki kütləvi məyusluğa baxmayaraq, bu gün də belədir. 25 illik müstəqillik tariximizdə bu yolda nə qədər səylərimizin və qurbanlarımızın olduğunu sadalamağa da məncə ehtiyac yoxdur, amma 25-illik, başqa sözlərlə bir qərinəlik dövr özü müəyyən qənaətlər üçün yetərincə əhatəli müddətdir. Bu illər ərzində Baltikyanı ölkələrin və ya elə Ukraynanın demokratiya baxımından nələri və necə əldə etdiyi və ya itirdiyi barədə danışmaq istəmirəm, çünki bu mənada bizə həm tarixi, həm coğrafi, həm də xeyli digər parametrlər üzrə daha yaxın olan örnək var - Gürcüstan. Məhz bu ölkə ilə bizi azı son 200-illik, yəni, Rusiyanın Qazqaza gəlişindən bu günədək olan dövrü əhatə edən oxşar tarixi inkişaf bağlayır. Amma fərqli məqamlar da var. Məsələn, keçən əsrin 80-cı illərinin sonlarından başlayan milli-azadlıq hərəkatı Azərbaycanda ifrat demokrat Elçibəyi, Gürcüstanda isə ifrat millətçi və ekstremist Zviad Qamsaxurdiyanı hakmiyyətə gətirmişdi. Və yaxud, hər 2 ölkədə Rusiya çevriliş edib milli hakimiyyətləri dəyişdikdə Rusiya Gürcüstanda hakimiyyətə Eduard Şevardnadzeni, Türkiyə və Qərb isə Azərbaycanda Heydər Əliyevi gətirmişdi. Və yaxud... 2003-cü ildə Rusiya və Ərdoğan Türkiyəsilə birləşib Azərbaycanda korrupsioner İlham Əliyevi saxtakarlıqla hakimiyyətə gətirən Qərb bunun ardınca Gürcüstanda "Qızılgül inqilabını" uğurla həyata keçirib islahatçı Mixeil Saakaşvilini hakimiyyətə gətirmişdi. Sonuncu faktın özü bir çox mətləblərə aydınlıq gətirsə də, amma Qərbin Azərbaycanda demokratiya istəməsi barədə nağıllara inananlar hələ də var. Daha çox faktlar sadalamaq olar, amma məncə buna ehtiyac yoxdur, çünki elə son 1 ayda baş verənlərə diqqət yetirmək kifayət edəcək. Son bir ayda baş verənlər isə bunlardır: Azərbaycanda bir vətəndaş fəalı həbsxanada öldürülür, 48 ordu zabiti Ermənistan kəşfiyyatına işləmək saxta ittihamı ilə həbs olunur (onlardan 4-ü həbsdə "ölür"), bir jurnalist Gürcüstandan oğurlanaraq Bakıya gətirilir, digəri elə Bakıda həbs olunur, üçüncüsü isə Gəncədə həbs olunaraq vəhşicəsinə işgəncələrə məruz qoyulur. İndi gəlin, bunlara olan reaksiyalara baxaq: ABŞ-ın və Böyük Britaniyanın Gürcüstandakı səfirləri Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsilə bağlı Gürcüstan hökumətindən izahat istəyir. Britaniyanın Azərbaycandakı səfiri isə digər avropalı həmkarları kimi susur, çünki ingilis atalarsözündə deyildiyi kimi, susmaq - neftdir, qazdır. Düzdür, ABŞ-ın Azərbaycandakı səfiri danışır, amma... Azərbaycanla ABŞ arasındakı strateji partnyorluq, enerji əməkdaşlığı barədə. Maraqlıdır, elə deyilmi? Bəs Qərb ölkələrinin bəyan etdikləri demokratik dəyərlər Azərbaycanda niyə yada düşmür? Sanki Əfqan Muxtarlını Gürcüstandan oğurlayıb Marsa aparıblar. Ümumiyyətlə, son illər kimsə Qərb diplomatlarından (hüquq müdafiəçilərilə qarışdırmayaq) insan hüquqları ilə bağlı vəziyyətin Azərbaycanda günü-gündən pisləşməsinə nəsə bir münasibət görüb və ya eşidibmi? Azərbaycandakından qat-qat yumşaq olan Belarus rejiminin başçısı Lukaşenkonu "Avropanın sonuncu diktatoru" elan edib, ona sanksiyalar tətbiq edən Qərbin...

Bəli, mən də daim Azərbaycanın Avropaya inteqrasiyasının, ölkədə demokratik və hüquqi idarəçiliyin qurulmasının, Avropada və ABŞ-da mövcud olan cəmiyyət modelinin təşəkkül tapmasının tərəfdarı olmuşam, tərəfdarıyam və bu mövqedə də qalacağam, amma bu, bizə lazım olan, bizim arzuladığımız modeldir. Qərb necə, Azərbaycanı demokratik, azad, hüquqi cəmiyyət kimi görmək istəyirmi? Xeyr, istəmir, çünki onun Azərbaycandan istədiyi və əldə etdiyi tamamilə fərqli "dəyərlərdir". Onları isə təmin edən bugünkü Azərbaycan hakimiyyətidir. Məhz buna görə də qərblilərin azərbaycanlılar haqqında tez-tez işlətdiyi "tolerant xalq" ifadəsi özündə bizə münasibətdə heç bir müsbət yük daşımır və tərcümədə də Heydər Əliyevin "Azərbaycan xalqı dözümlü xalqdır" tezisindən başqa bir şey deyil. Yəni, itaətkar xalq. Odur ki, deyəsən, bizim ən böyük yanlışımız da elə itaətkar olmağımızdır. 
Rusiya haqqında söylədiyim fikrə gəlincə, əvvəla, qeyd edim ki, bizim Rusiyadan onsuz da xüsusi bir umacağımız heç zaman olmayıb və bu gün də yoxdur. Biz Rusiyanın özümüzə münasibətini 200 ildir görürük, onun acısını çəkirik və bu münasibət dəyişən deyil. Amma müsahibədəki fikrimi bir daha təkrarlamaq istəyirəm: əgər Azərbaycandakı bugünkü siyasi şəraiti Rusiya dəyişəcəksə, bu, onun 200 ildə Azərbaycan xalqına ən böyük və ən əvəzsiz töhfəsi olardı, çünki Qərb bunu nəinki heç zaman etməyəcək, hətta hakimiyyətin ailə üzvlərinin birindən digərinə keçməsini var gücü ilə təmin edəcək və sonra da onu qoruyacaq. 2003-cü ildə olduğu və bu gün də davam etdiyi kimi... Necə ki, bu gün "şirə qoxusunun" haradan gəldiyini duyan qərbli diplomatlar paşayevlər klanının hakimiyyətdəki ən cılız, bəzən isə adi ailə tərbiyəsindən belə uzaq olan təmsilçilərinin çağırışlarına qaçaraq gedirlər. Bu isə artıq görə-görə gəldiyimiz sadə bir həqiqətdir. Əlbəttə ki, görə bilənlər və görmək istəyənlər üçün. 
Odur ki, Qərbin Azərbaycanda demokratiya, insan haqları, fundamental azadlıqlar kimi dəyərlərin təşəkkül tapmasını istəməsi barədə illüziyalardan xilas olub soyuqqanlı mövqe ortaya qoymalıyıq. Çünki bugünkü real siyasət belə tələb edir. Xüsusilə də dünya siyasətinin indiki vəziyyətində, İkinci Dünya Müharibəsindən sonra yaranmış və 70 il qlobal sabitliyi, qlobal təhlükəsizliyi təmin etmiş geosiyasi konstruksiyanın sürətlə çökdüyü, mövcud ABŞ administrasiyasının Almaniya, Fransa, Kanada, Türkiyə kimi ənənəvi strateji tərəfdaşları ilə münasibətləri dağıdıb, Səudiyyə Ərəbistanı tipli dövlətlərlə əlaqələri özünün xarici siyasət prioritetinə çevirdiyi bir vaxtda. Bu kontekstdə Azərbaycan hakimiyyətinin son zamanlar Səudiyyə Ərəbistanı kimi yumşaq desək, bir dövlətlə tərəfdaşlığa bu qədər can atması, Ər-Riyadın ölkə mətbuatında Azərbaycanın strateji müttəfiqi olması barədə beyinlərə yeridilən təbliğat anlaşılan deyilmi? Qərb üçün neft və qaz mənbəyi olduğumuz azmış kimi, indi də Səudiyyə Ərəbistanı və onun tipli dövlətlər üçün 30 milyon azərbaycanlının yaşadığı İrana qarşı hərb meydançasına çevrilməliyik ki, sonra da hansı bataqlığa girdiyimizi anlayaq? Nəhayət, bizə daha nələr eləməlidilər ki, sadə həqiqətləri görə, reallığı anlaya bilək, "bu nə takkatukdur?" deyib baş sındırmayaq? Əlbəttə, ABŞ-da keçirilən son seçkilərdən sonra rəsmi Bakının bir növ himayəsiz qalması anlaşılandır. Elə bu səbəbdən Amerikanın özündə fasiləsiz olaraq tənqidlərə, istehzalara, sərt ittihamlara məruz qalan Donald Trampın şəninə söylənilən fikirlər də başa düşüləndir. Əliyev hakimiyyətinin xarici himayədarlara sonsuz ehtiyacı var, çünki o, xaricdən təyin olunub və daim xarici maraqların diqtəsi altında işləyib. Təbii ki, üzdə özünü daim müstəqil göstərməklə və elə həmin himayədarlarına arxalanaraq bir sıra hallarda həm də diş qıcamaqla. Amma istənilən halda Səudiyyə Ərəbistanı hətta bu məsələdə də alternativ deyil və ola da bilməz. Ən azı ona görə ki, Tacikistan prezidentilə də əl tutub görüşən Donal Trampın İlham Əliyevə də quruca bir əl uzatmasına nail ola bilmədi. Adi bir salam-əleykümü də strateji tərəfdaşa çox gördülər və imkan vermədilər ki, indi bu barədə qalaq-qalaq məqalələr yazılaydı, müdrik siyasətin Azərbaycan xalqının rifahına, ölkənin analoqu olmayan inkişafına verəcəyi bəhrələr barədə ağıllı-ağıllı şərhlər veriləydi, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı barədə reportajlarla ölkə oxucusunun beyni aparılaydı. Keçmiş olsun, deyək. Atalar demiş, ağası Gülüm olanın... Bu, Əliyev iqtidarıdır və onun istənilən seçimi, addımı, davranışı təəccüb doğurmamalıdır, çünki onun davranışı siyasət deyil... 
Amma çox təəssüf ki, Azərbaycanda hələ də Qərb təmsilçiləri qarşısında dördqat əyilib, bununla da onların lütfkarlığına nail olacağını, hakimiyyətə gətiriləcəyini sadəlövhcəsinə düşünən başqaları da var. Xeyr, bu olmayacaq, çünki əvvəla bu Qərb artıq o Qərb deyil və ikincisi, Qərb düşüncəsi mütiliyi tərəfdaşlıq kimi yox, elə mütilik kimi qəbul edir. Ona görə də Qərblə istənilən əməkdaşlıq yalnız  bütün həqiqətləri olduğu kimi ortaya qoymaq və bərabərtərəflilik üzərində qurula bilər. İtaətkarlıq göstərmədən, öz şəxsiyyətinə və milli heysiyyatına hörmət eləməklə. Nəhayət, dünənki, həm də bugünkü Qərb Azərbaycandakı tərəfdaşını çoxdan seçib. 
Mən belə görürəm. Başqalarının da başqa cür görmək haqqı var. Amma görmək üçün də heç olmazsa baxmaq lazımdır.   

Yeri gəlmişkən:   Bu günlərdə Vaşingtonda amerikalı tarixçi alim, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə mütəxəssis sayılan xanım Odri Altştatın (Audrey Altstadt) Azərbaycanla bağlı yeni kitabının təqdimatı keçirilmişdi. Təqdimatdan sonra ukraynalıların təsis etdiyi və Youtube portalında 70-ə yaxın baxış sayı olan internet tv kanalına müsahibəsində xanım-professor aparıcının Azərbaycanda insan haqları və demokratiya sahəsində ciddi problemlər olması barədə sualına cavabında deyir: "Mən bu ölkənin müstəqilliyinin ilk illərindən başlayaraq Azərbaycan arxivlərində xeyli çalışmışam və anladığım bu olub ki, Azərbaycan milli düşüncəsində hələ sovetlər dönəmindən əvvəl də güclü lider, "güclü əl" amilləri mühüm rol oynayıb. Bu baxımdan da 2015-ci ildən bu yana ölkədə rəy sorğuları keçirilməməsinə rəğmən düşünürəm ki, əhalinin əhəmiyyətli hissəsi İlham Əliyevi tam dəstəkləyir."
Bu da sizə azərbaycanlıların tolerant, daha doğrusu itaətkar xalq olması barədə qərb siyasətinin baş tezisinin "elmi əsaslandırılması". 

Maraqlıdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri (yəni, bizi də siyasi baxımdan Gürcüstanla və Ermənistanla birlikdə Qafqazda deyil, məhz Mərkəzi Asiyada görürlər) üzrə mütəxəssis olan xanım Altştat həm də ABŞ hökumətinin bu ölkələr üzrə məsləhətçisidir. 
Güclü əl demişkən, Sovet imperiyasının Stalin, Beriya və Orcenikidze kimi "güclü əlləri" bəşəriyyətə Azərbaycan xalqı deyil, Qərbin israrla demokratik inkişafa yönəltdiyi və dəstəklədiyi Gürcüstan bəxş edib.  

5 comments:

  1. Hörmətli Müəllif sanki Azərbaycanın Demokratik Respublikasının tarixini təqvimdən silib.....
    Qəribədir.

    ReplyDelete
  2. Azərbaycan Demokratik Respublikasıı tarixin özü də silə bilməz, amma real siyasət təəssüf ki, mövcud reallıqlar üzərində qurulur. Mövcud reallıqlar dediyimiz isə gördüklərimizdir...

    ReplyDelete
  3. Elədir. Amma çıxış yolu üzərində çaləşmaq lazımdır. Mövcud faktları sadalayıb və təəsüflə əlləri göyə qaldırıb "bitdi" kimi sonluq analitik məzmunlu yazıda (xüsusilə müəllif üçün!) sonluq olmamalıdır. Daha dərin analiz çıxış yolunun istiqamətini göstərməlidir. Məncə bu istiqamətdə çalışmaq müsbət nəticəli həll üçün köməkçi olar.

    Hörmətlə

    ReplyDelete
  4. Problem ondadır ki, Azərbaycandakı proseslər artıq çoxdan siyasi müstəvidən kənara çıxıb və bu halda siyasi texnologiyalar işləmir. Belə hallarda adətən şıxış yolu inqilabı görürlər, mənsə onu optimal və rasional yol saymıram, çünki dağıdıcılığı bir yana, növbəti siyasi dələduzları hakimiyyətə gətirə biləcəyi istisna deyil. Mənim gördüyüm budur ki, biz çox pis yerdə dalana dirənmişik.

    ReplyDelete
  5. Əslində siyasi texnologiyalar Azərbaycanda heç bir zaman işləməyib. Bir illüziya yaradılmışdı və o da buxarlandı. Müstəmləkə strukturundan birbaşa dövlət institutlarının işlədiyi sistemə keçid istənilən halda inqilabı dəyişiklikdən keçməlidir, çünki strukturlaşmış piramidanı ritorika ilə aradan qaldırmaq xülyadır. Hər hansı fəlsəfə (və ya işıqlı gələcək ideyası) həmişə uzaqlaşan bir üfüqdür. Həqiqət budur. Qarşı tərəf intellekt və ya rifah anlayışları ilə deyil tam əks kateqoriya üzərində bərqərar olub. İstənilən halda ümidsizlik yol deyil. Bir vaxtdan sonra həll yolu görülməlidir.

    Dərin Hörmətlə

    ReplyDelete