Hər şeydən əvvəl qeyd edim ki, məsələni hərtərəfli araşdırdıqdan sonra bu yazını yazmaq qərarına gəldim.
Bunu ən müxtəlif yollarla gizlətmək cəhdlərinə baxmayaraq, Beyləqanda 17 yaşlı məktəbli qızla bağlı baş verən dəhşətli hadisə müstəqil mənbələrlə yanaşı, artıq rəsmilər tərəfindən də təsdiqlənir. Belə ki, bu rayondan olan deputat Şahin İsmayılov Meydan TV-yə açıqlamasında zorlama faktını təsdiqləməklə yanaşı, onun bir sıra detallarına da diqqət çəkib. https://www.meydan.tv/az/site/news/21757/
Deputat o cümlədən törədilmiş əməllə bağlı 2 nəfərin polis tərəfindən saxlandığını da qeyd edib. Baxmayaraq ki, hadisənin sinfində baş verdiyi müəlliməni məktəbə direktor təyin etmiş Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova isə bütün bu məlumatların yalan, şaiyə və böhtan olduğunu iddia edir. Bu başdan qeyd edim ki, əgər təhsil şöbəsinin müdiri yalan danışırsa o, təcili olaraq vəzifəsindən kənarlaşdırılmalıdır, çünki yalan danışan şəxsin böyük bir rayonun təhsil sisteminə rəhbərlik eləməsi nəinki mənəvi cəhətdən yolverilməzdir, hətta təhlükəlidir. Baxmayaraq ki, Azərbaycanda seçki saxtakarlıqlarına da elə təhsilə rəhbərlik edənlər vasitəçilik edirlər. Yəqin elə ona görə də məktəblərdə bu cür hadisələr baş verir.
Amma mənim yazmaq istədiyim məsələnin tamamilə başqa bir tərəfidir. Azərbaycanda sanki oturuşmuş bir ənənə var: cinsi zəmində baş verən cinayətlərdə mütləq təcavüzə məruz qalanı qınayanlar da tapılır. Özü də belələri bəzən onlarla, bəzən isə yüzlərlə və minlərlə olur. Sanki qadın olmağın özü bir qəbahətdir. Amma bu cür olaylarda sifarişlilərin canfəşanlığı xüsusilə "gözə girir". Yəqin ki, Lamiyə Quliyeva olayını çoxumuz yaxşı xatırlayırıq. Əminəm ki, hadisənin qızmar vaxtlarında zorakılıqların qurbanı olmuş bu qadının haqqında hansı böhtanların yazıldığını da. Səbəbindən asılı olmayaraq, boşanmış qadına damğalar vuranların yaşadığı cəmiyyətdə başqa cür də ola bilməz. Cinsi təcavüzə məruz qalan qadının başına gələnlərdə onun günahı axtarılan (tapmayanda isə uydurulan) mühitdə də. Sevdiyi insan olmaması səbəbindən ailə qurmayan qızda bəlli "qüsurların" olduğu iddia edilən yerdə də. Ən faciəvisi isə budur ki, bunu bəzən qadınların özü edir. Bilmirəm, "Günah öləndə olar" kimi məsəl olan toplumda bu, bəlkə də tamamilə adidir. Adi ola bilər, amma normal ola bilməz və normal deyil də. Bunu dəqiq bilirəm.
Bu gün dostlardan biri dedi ki, sosial şəbəkələrdə kimlərsə yazıb ki, Beyləqanda zorlanmış qızın nənəsi sən demə erməni imiş. Artıq insanlarımızın şüuru ilə də manipulyasiya edirlər. Özü də adi bir kriminal hadisəni ötr-basdır etmək üçün. Hnasısa xırda, cılız, illərdir millətin qanını içən, həyatını alt-üst edən məmurcuğazı qorumaq üçün. Elə deyək ki, yuxarıda qeyd elədiyim Təhsil Şöbəsinin müdirini. Yadınızdadırsa, ADNA terrorunu təşkil edən də erməni çıxmışdı. Özü də nə az, nə çox, Gürcüstanın kəndlərindən birində yaşayan taksi şoferi idi həmin erməni "casus". Azərbaycan hakimiyyətini bizim hüquqlarımızı pozduğuna görə tənqid edən beynəlxalq təşkilatların hesabatlarının da arxasından erməni çıxarırlar. Elə burda da "vətənpərvərlər" işə düşür. Erməni mövzusu ilə bizi talayanlar bizim düşüncələrimizi, şüurumuzu da istismar etməyə çalışırlar və bir çox hallarda da buna nail olurlar. Bütün bu "vətənpərvər" isteriyanın sifarişçiləri olan dövlət rəsmilərinin isə ən azı yüksək vəzifədə olan 7-nin ermənilərlə uzaq və yaxın qohumluğu var, amma "vətənpərvərlər" bunu görmürlər. Çünki görməli deyillər.
Bu gün sürətlə inkişaf edən dünyamızda hamımızı riqqətə gətirən elmi-texniki yeniliklər yalnız insan şüurunun, insan düşüncəsinin məhsuludur. Bəşəriyyət tarixinin ən ali nailiyyətləri də elə həmin şüur və düşüncədir. Ona görə də şüurumuzla, düşüncələrimizlə bu qədər kobud və bəsit manipulyasiya olunmasına imkan verməməliyik.
Məşhur ingilis yazıçısı, böyük patriot Samuel Conson təxminən 300 il bundan əvvəl demişdi: "Vətənpərvərlik yaramazların son dayanacağıdır". Conson özü vətənpərvər idi və təbii ki, onun 300 ildir əhəmiyyətini itirməyən bu kəlamında vətənpərvərliyi istismar edənlər nəzərdə tutulurdu.
Qaldı Beyləqanda baş verən dəhşətli hadisəyə, ona heç bir halda və heç bir şəkildə bəraət qazandırıla bilməz, çünki cəzasız qalan cinayət bir gün hər kəsin qapısını döyə bilər və heç bir "qapı" da bundan sığortalanmayıb. Çünki bu, bir ailənin, bir kəndin, bir rayonun başına gəlmiş ürəkbulandırıcı cinayət deyil, bütöv bir ölkənin faciəsinin ayaq səsləridir.
P.S.: Bu günlərdə yaxın bir dostum belə bir əhvalat danışdı. Onun Britaniyada doğulmuş və orada yaşayan Suriya əsilli tanışı deyirmiş ki, son illər Suriyada insanlar arasında yalançılıq, böhtan, şər, nifrət, kin, həsəd o qədər artmışdı ki, bu mənəvi aşınmanın bir sonu olmalı idi. Təəssüf ki,çox ağır son oldu...
salam Ərəstun bəy facebookda profilinizi tapa bilmirəm . daha istifadə eləmirsiniz,,???
ReplyDeleteSalam. Facebookdan çıxmışam.
ReplyDelete