Sunday, June 7, 2015
Azərbaycan üçün Rusiya ssenarisi
Prinsip etibarilə ssenari yeni deyil və o, ən azı iki il əvvəl işə salınıb. Məhz o zaman biz həyəcan təbili çalırdıq ki, hakimiyyətdəki Rusiya 5-ci kolonunun fəaliyyəti Azərbaycan-Qərb münasibətlərini pozaraq, ölkəni Rusiya qarşısında tək buraxmağa start götürüb və məlumdur ki, belə bir planın arxasında bəlli dövlət dayanır. Lakin çox təəssüf ki, bu pozucu fəaliyyətin qarşısının zamanında alınmaması pozucuların hədəfə çatmasına şərait yaratdı. Hakimiyyətdəki Rusiya "təsir agenturası" addım-addım əvvəlcə ABŞ-la, sonra isə Avropa Birliyi ilə münasibətləri dağıtmağa müvəffəq oldu. Riqa sammiti Azərbaycanın xarici siyasətdə balansı qoruyub saxlaması üçün sonuncu şans idi və məhz elə bu səbəbdən də sammitə sayılı günlər qalmış Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfərə gəldi. Bu ranqda Rusiya rəsmisinin səfəri barədə isə nə Azərbaycan, nə də Rusiya mediasında demək olar ki, heç bir ciddi məlumat verilmədi. Lakin səfərin nəticəsi özünü çox gözlətmədi - Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramı üzrə Riqa Sammitində iştirak etməyi planlaşdıran İlham Əliyev son anda səfərdən imtina elədi və dövlət rəsmiləri səviyyəsində Qərbin, Avropa Birliyinin ünvanına yeni sərt ittihamlar dalğasına start verildi. Rəsmi Bakının bu "siyasətindən" bezən Qərb də öz növbəsində Azərbaycandan məsafələşməyə qərar verməyə məcbur oldu. Nəticə isə acınacaqlıdır: artıq Rusiya müdafiəsiz qalmış Azərbaycanın hakimiyyətindəki Qərbə loyal nazirləri sıradan çıxarmaqla məşğuldur. Hal-hazırkı mərhələdə hədəfdə görünən xarici işlər naziri Elmar Məmmədyarovdur, sonrakı mərhələlərdə isə növbənin maliyyə naziri Samir Şərifova və təhsil naziri Mikayıl Cabbarova çatacağı aparılan siyasətin artıq aydın görünən konturlarıdır. Tamamilə mümkündür ki, bu proses (adı çəkilən nazirlərin kənarlaşdırılması və onların yerinə Rusiyaya loyal olan şəxslərin gətirilməsi) Rusiya prezidenti Vladimir Putinin Avropa Oyunlarının açılışına səfərindən sonra sürətlənsin. Bu halda sonrakı mərhələdə Rusiya Azərbaycan Respublikasının baş naziri postuna öz adamını daha asanlıqla gətirə biləcək və bu da yüksək ehtimalla güc nazirlərindən biri olacaq. Bundan sonrası isə artıq necə deyərlər, texniki məsələdir, çünki Azəraycan Respublikasının Konstitusiyasına əsasən baş nazir prezidentdən sonra dövlətin ikinci şəxsi sayılır...
No comments:
Post a Comment