Sunday, November 23, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu

Xatırlayırsınızsa, bu mövzuda birinci yazımı Əkrəm Əylislinin "Daş yuxuları"na həsr eləmişdim. Həmin vaxtdan keçən ilyarım ərzində dəfələrlə mövzuya təkrar müraciət etmək istəsəm də, hər dəfə başqa işlər bu fikirdən yayındırdı. Nəhayət, dünən noyabrın 22-də böyük bəstəkarımız Fikrət Əmirovun doğum günü bu yazıya stimul verdi. Amma bu dəfə bu mövzuda məsələnin bir sıra tarixi-praktiki və nəzəri aspektlərinə də toxunacağıq. 
Beləliklə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin birinci yarısı tarixdə daha çox milli dövlətçilik ənənələrinin formalaşması və bu yolda (və ya bu məqsədlə) milli kimliyin önə çıxması ilə yadda qaldı. Milli dövlətlərin sərhədlərinin müəyyənləşməsi, bu yolda aparılan qanlı savaşlar, kolonial xalqların milli-azadlıq mübarizəsi fonunda imperializmin süqutuna gətirən üsyanlar və nəhayət, nasional-sosialistlərin milli imperiya yaratmaq uğrunda aprdığı qanlı savaşın uğursuz sonluğu. Napoleon Bonapartdan başlayan və kilsənin dominantlığının (dini birliyin) pozulmasına gətirən tarixi mərhələnin bünövrəsi əslində 16-cı əsrin birinci yarısında Roma Katolik Kilsəsini islahata çağıran alman ilahiyyatçısı Martin Lüterin nəzəri və praktiki çalışmalarından qoyulmuşdu. Martin Lüter Vatikanın vahid Avropa xristian birliyini pozmağa, katolik kilsəsinin "iki addımlığında" yeni reformist cərəyanın meydana gəlməsinə nail olmuşdu. Bu məqsədlə o, hətta Vatikanın əsas qadağalarından biri olan Bibliyanın tərcüməsinə də əl ataraq, onu alman dilinə çevirmişdi. Sonralar bu cərəyanın adı "protestantizm" və ya "lüteranlıq" olacaqdı və Vatikanın hakimiyyətini Lüteri lənətləyib kilsədən uzaqlaşdırmaqdan tutmuş iki mərhələdə inkvizisyaya əl atması və hətta "Varfolomey gecəsi" adı ilə tarixə düşən dəhşətli qətliamı törətməsi belə xilas edə bilməyəcəkdi. Lüteranlıq isə daha çox milli cərəyan olaraq German tayfaları arasında yayılaraq gələcək vahid alman dövlətinin təməlini qoyacaqdı. Əlbəttə ki, bu proses mərhələli olaraq gedəcək və həm Prussiya kralı II Fridrixin, həm də Bismarkın siyasəti də əslində məhz vahid milli kökə malik olan pərakəndə tayfalardan vahid milli dövlət qurmaqdan ibarət olacaqdı. Bismark bu yolda daha uğurlu oldu və şübhəsiz ki, bütün tarixi kataklizmlərdən, ağrılı, itkili savaşlardan keçməsinə rəğmən dinamik sürətlə inkişaf edən alman dövlətinin təməli milli ideya ətrafında yaradılan milli dövlətdən başlandı. Bu da təbiidir, çünki milli ruh (mədəniyyət, ədəbiyyat və s.) milli özünüdərkin təməlini qoymuş olur, milli özünüdərk də milli dövlətçiliyin formalaşmasında, güclənməsində həlledici rol oynayır. 
Amma milli özünüdərkin qarşısında əsas maneələr təkcə dinin milli kimliyi əvəzləməsi cəhdlərilə kifayətlənmir. Onun (milli özünüdərkin) formalaşmasının qarşısını almağa yönələn metodlar və amillər təsəvvür elədiyimizdən daha zəngin və daha rəngarəngdir, həm də onların bir hissəsi süni olaraq milli mənsubiyyətə və milli özünüdərkə qarşı qoyulur. Gördüyümüz kimi, bu barədə xeyli ətraflı yazmaq lazım gələcək. Odur ki, bu yazıda hələlik onlardan daha geniş tətbiq edilənlərini sadalamaqla kifayətlənək:
-   Müxtəlif siyasi baxışlar (məsələn, solçuluğun və ya liberalizmin milli dövlətçilik ideyasına qarşı qoyulması;
- Milli özünüdərkin milli ayrı-seçkilik kimi təqdim edilməsi;
- Aşırı millətçilik və şovinizm;
- Psevdomillətçilik yaymaqla milli kimliyin və milli mənsubiyyətin utanc mənbəyinə çevrilməsi;
və s.
(davamı var)

2 comments:

  1. Bazarbaycanda bu " Milli " sözü o qədər cırlaşıb ki, təkcə ayaqyolunun sonluğuna əlavə edilmir. Bu fonda ölkədə yaşayan qeyri türklərin konstitutsion hüquqları kobud şəkildə pozulmaqdan da yazılsaydı, bu yöndə konkret müsbət işlər görülsəydi, həmin " Milli özünüdərk" dən danışmağa haqqınız olardı. Ölkədə gedən bütün ictimai-siyasi proseslərdə və ölkə ərazisinin müdafiə edilməsi məsələsində qeyri türkləri qabağa verib, "Milli Türk kəsimi " isə ölkənin "qaymağını yeməyə can atmasıdırmı Milli özünüdərk ?... Belə olmaz !...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete