Azərbaycan artıq öz xarici siyasət kursunu seçmiş kimi görünür və əslində son ayların həbsləri, ölkədə gaş verən digər siyasi gəlişmələr də bu kursun leqallaşdırılması (daha doğrusu, rəsmiləşdirilməsi) prosesinə hazırlıq mərhələsi təəssüratı bağışlayır. İndiki və qarşıdan gələn fazada cəmiyyətin ictimai-siyasi fəal kəsiminə təzyiqlər bir neçə istiqamətdə güclənəcək: "Ermənistan izi", "İran izi" və hətta "Rusiya izi". Hər 3 dövlət də öz növbəsində müxtəlif üsullarla buna dəstək verəcək, çünki hədəfdə Rusiya-İran-Azərbaycan enerji əməkdaşlığıdır ki, bu barədə da artıq hansısa üçtərəfli məxfi anlaşmanın olması istisna edilmir. Qalır bircə Azərbaycan cəmiyyətində bu xarici siyasət kursuna etiraz edən və potensial olaraq, etiraz edə biləcək kəsimi susdurmaq. İroniya doğuran isə budur ki, ölkənin Avrointeqrasiya və demokratik inkişaf tərəfdarlarını məhz İran, Rusiya və Ermənistanla casusluq əlaqələrində saxta ittihamlar əsasında repressiya edə bilərlər. Bu isə artıq ehtimal və ya fantaziya deyil. Ortada Rauf Mirqədirov olayı var. "Niyə məhz Rauf Mirqədirov?" sualının cavabını isə istintaq özü artıq verib. Bu cavabı görmək üçün həbs olunan jurnalistlə əlaqədar istintaqa cəlb edilənlərin siyahısına diqqət yetirmək kifayət edir. Diqqət yetirdikdə isə asanlıqla görünən həm də budur ki, son bir ildə Azərbaycanda saxta ittihamlarla həbs olunanların az qala hamısı məhz Qərblə, Avropa ilə əməkdaşlıq tərəfdarlarıdır. Bu da öz növbəsində onun göstəricisidir ki, Azərbaycan hakimiyyəti yuxarıda qeyd edilən xarici siyasət kursunu seçməyə qərarı ən azı bir il əvvəl verib. Elə həmin dövrdən də Azərbaycanda müvafiq istiqamətlərdə təbliğat başladılıb və həmin təbliğat bu gün də davam etdirilir. Üstəlik bir qədər daha geniş formatda və həcmdə. Lakin bu prosesdə təkcə yuxarıda sadaladığımız 3 dövlətdən başqa digərlərinin də iştirakı istisna olunmur. Ən azı Ərdoğan Türkiyəsinin bu "yeni regional siyasətin" içində olması artıq faktdır. Təsadüfi deyil ki, Ərdoğan hökuməti aşağıdakı 3 addımı artıq atdı:
1. Avropa üçün həyati əhəmiyyət kəsb edən TANAP-ın tikintisi müxtəlif bəhanələrlə bir il geriyə atıldı və eyni zamanda, ləngimənin guya əsas səbəbi kimi Bakı ilə Ankara arasında pay bölgüsü ətrafında fikir ayrılığının olması haqda rəy formalaşdırmaq məqsədilə mətbuata məlumatlar sızdırıldı;
2. Tanınmış jurnalist və ictimai xadim Rauf Mirqədirov heç bir hüquqi prosedura əməl olunmadan tutularaq Azərbaycana təhvil verildi və Türkiyə tərəfi bu həbsin ardınca Azərbaycanda hansı kəsimin hədəfə alınacağını hesablamaya bilməzdi. Ehtimal etmək olar ki, Ankaranın bu cür hesablamaya heç bir ehtiyacı da yox idi, çünki Ərdoğan hökuməti hansı oyuna qol qoyduğunu dəqiq bilir;
3. "Nurçu" kampaniyası adı altında ölkədəki məmurlar arasında xof yaradılır ki, bunun da ilk qığılcımı məhz Türkiyədən gəldi və prosesə əsas informasiya dəstəyini də Türkiyə mətbuatı verir. Təsadüfi deyil ki, "nurçu ovu" Azərbaycanda da konkret media vasitələrinin manşetindən düşmür.
Bu kontekstdə İsrailin xarici işlər naziri Aviqdor Libermanın 4-günlük Azərbaycan səfəri də diqqətçəkən məqamlardandır, hərçənd ki, səfərlə bağlı bir və ən əsas sual hələlik açıq qalır: Liberman Azərbaycana hansı tərəfin müttəfiqi qismində gəlmişdi: Rusiya-İran-Türkiyə koalisiyasının yoxsa ABŞ-Avropa? Sual mürəkkəb olduğu qədər də maraqlıdır. Eyni zamanda bu da maraqlıdır ki, Libermanın səfərini ən çox diqqət mərkəzində saxlayan məhz ABŞ idi. Belə həssas yanaşma yeni deyil və xüsusilə də ABŞ-İsrail münasibətlərinin indiki soyuq mərhələsində tamamilə anlaşılandır.
Beləliklə, ilk baxışdan Azərbaycan hakimiyyətinin daxili siyasətdəki repressiv kursu gücləndirməsinin hakimiyyətin bir qədər də möhkəmləndirilməsinin və qarşıdan gələn 2015-ci il parlament seçkilərinə hazırlığın əlamətləri kimi təqdim olunsa da, əslində isə böyük və yeni regional konstruksiyanın yaranmasının simptomları kimi də dəyərləndirilə bilər.
"Şərq-Qərb" Araşdırmalar Mərkəzi
No comments:
Post a Comment