Sunday, October 13, 2013

Milyarderlərin hipnozundan ATƏT-in seytnotunadək

Cəmil Həsənlidən ayıltma effektli "şapalaq"

Etiraf edək ki, "Milyarderlər İttifaqının" hipnozunu dağıdıb, "İbrahimbəyov tilsimini" sındırıb Əliyev iqtidarının tək rəqibləri olduğunu iddia edənləri tarixi xəcalətdən qurtaran sayın professorumuzun seçki kampaniyasında və xüsusilə də teledebatlarda nümayiş etdirdiyi prinsipial mövqe təkcə müxalifəti deyil, elə cəmiyyətin özünü də xeyli "ayıltdı". Bu "ayıltmaya" Cəmil müəllimin iqtidara vurduğu "şapalaqların" dalğalarının da xeyli təsiri oldu. 
Bu arada deyirlər ki, Cəmil müəllimin namizədliyinin irəli sürülməsində gənclərin müstəsna rolu olub. Belədirsə, sevinməyə dəyər. Demək ki, həqiqətən güvəniləsi yerimiz var artıq.

Estafet ötürülür müşahidəçilərə və ATƏT-dən ikinci "şapalaq" gəlir

Hər şey sakit, öz 20-illik axarı üzrə gedirdi ki, qəfildən ikinci "şapalaq" açıldı. Özü də, nənəm demiş "Həzrət Abbas şapalağı" oldu bu. Bu dəfə bir çoxlarının təsəvvür etmədiyinə və gözləmədiyinə rəğmən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı ortalığı qarışdırdı. Özü də elə qarışdırdı ki, belə bir qarışıqlığı hətta iqtidar da gözləmirdi, onda ki, ola onun fil qulağında yatan iddiaçıları. Bu yerdə, İlham Əliyev demiş, təvazökar adam olsam da, xatırladım ki, bu "şapalağın" anonsunu bəndəniz seçkilərdən hələ bir həftə əvvəl vermişdi. İndi Əliyev iqtidarı gözlənilməzlikdən "seytnotda", Cəmil Həsənlinin namizədliyini dəstəkləyən Milli Şura isə eyforik tormozlanma vəziyyətindədir. Bunu həm hakimiyyətin baş verənlərə qeyri-adekvat reaksiyalarından, həm də onun opponentlərinin çaşğınlığından asanlıqla sezmək olar. Düzdür, bunu da hamıya aid eləmək ədalətsizlik olardı. Məsələn, professor Həsənlinin namizədliyinə hər çür mane olanların, bunu sabotaj edənlərin bəzilərini bugünkü mitinqin tribunasında görmək sürpriz olmasa da, çox maraqlı və ümidverici idi. Mənimçün yox, onların özləri üçün. Ona görə ümidvericidır ki, bu insanların bəzilərinin hakimiyyətin dadı hələ də damağından getməyib və iybilmə hisslərinin itiliyinə zərrə qədər şübhəm yoxdur. Dünənki sabotajdan bugünkü aktivliyə keçmələri bu mənada pis siqnal deyil. Demək, hər şey düşündüyümüz qədər də ümidsiz deyil. 
Beləliklə ATƏT-dən zərbə və bu zərbənın effektindən nə hakimiyyət, nə də Milli Şura (belə bir qurumun Putinin Bakı səfərindən sonra mövcud olmasının özü xeyli suallar doğursa da) dərin fikrə dalıb nə edəcəklərini bilmirlər. Amma Şura tezcə durumdan çıxış yolunu tapır və mitinqə qərar verır. Bütün zamanların və xalqların universal mübarizə vasitəsinə əl atmaqla o, (Şura) əslində hakimiyyətə də seytnotdan çıxış yolunu göstərir. Öncədən deyim ki, bununla mitinq keçirməyin heç də hakimiyyətin planlarına uyğun olduğunu iddia eləmək fikrində deyiləm. Ən azı ona görə ki, bu hakimiyyətin heç zaman heç bir planı olmayıb və yoxdur da və olmayacaq da. Odur ki, qaraguruhçu "dostlarıma" mənə növbəti dəfə qara yaxmaqda tələsməməyi məsləhət görürəm 

Gedək mitinqə

Bu gün getdim və əmin oldum ki:
1. Mitinq öz uğuruna və kütləviliyinə rəğmən hələ müxalif çevrədən çox da kənara çıxa bilməyib, yəni xalq hələ gözə dəymir.
2. Mitinq ruhlandırıcı notlarda keçməklə yanaşı, həm də illərdir bu mübarizədə olanları, bu yolda hər şeydən keçən mübariz insanları yenidən bir araya gətirdi
3. Mitinqdə yeni tipli çıxışlar da oldu
4. Gənclik prosesin mərkəzindədir

P.S.: Gənclik demiş, gənc nəslə təşəkkürünü bildirən oratorlardan biri "NİDA"nı xüsusilə vurğuladı. Razıyam, amma ədalət naminə, mitinqin sonunda buna onsuz da hazır olan polisi təxribata çəkənləri də qeyd eləmək olardı. Hərə bir işi bacarır və kim necə bacarırsa elə də alındırır. Bu yerdə...

Lətifə

Amerikanın "Vəhşı Qərb" dönəmlərində birisi bara gəlir və qapıdakı elanı görür: "Xahiş edirik, pianoçuya güllə atmayın! O bacardığı kimi ifa edir"
Müştəri qarsondan soruşur: "Bəs pianoçu hanı? Görünmür."
Qarson məyus halda cavab verir: "Bilirsiniz, ser, dünən bizə yazıb-oxumağı bacarmayan bir kovboy gəlmişdi..." 

Nəhayət

P.P.S.: Əmin olun ki, 12 oktyabr mitinqinin uğurlu olması iqtidara "naşatır spirti" təsiri bağışladı və sabahkı istirahət gününü dağda-bağda keçirəndən sonra iqtidar cənabları bazar ertəsindən artıq seytnotdan çıxmış durumda əks-hücuma başlayacaqlar. Bax bu yerdə də sual gəlir ki,  

Bəs onda taktika nədən ibarət olacaq?

Mən hələ strategiyanı soruşub bu söyüşə oxşayan sözlə qanınızı qaraltmaq istəmirəm...

No comments:

Post a Comment