Thursday, September 5, 2013

Tolerant olun! (Prezident seçilmək istəyənlər üçün praktik təlimat)

Hə, demək siz prezident olmaq istəyirsiniz? Utanmayın, əcəb edirsiniz, haqqınızdır. Amma... Amma bu haqqınızı qazanmağın bədəlini də almağa hazır olun. 
Əvvəla, bilin ki, sizi möhkəmcə sıxacaqlar. Hər cür suala, tənqidə, təklifə hazır olun. Əsas məsələ: Tolerant, yəni dözümlü, səbrli olun, axı siz prezident olmaq istəyirsiniz. Məsələn, JEK-dən (Mənzil-İstismar Sahəsi) qanuni bir arayışı almaq üçün ora 20 dəfə ayaq döyüb, bunun 19 dəfəsində alçaldılıb sonuncu dəfə də ordan qovulan, amma naəlac JEK rəisinin tərbiyəsiz katibəsinin üzünə yaltaqcasına gülümsəyən (işinin xatirinə) birisi sizin Facebook profilinizə daxil olub öz əjdaha sifətini göstərəcək. Şirə-pələngə dönüb yazacaq ki, bu namizəd, yəni siz prezident olmağa layiq deyil, çünki o, mənim filan sualıma dolğun cavab vermədi. Bir vətəndaş kimi mənə sayğısızlıq göstərdi. Dözümlü olun! Başqa birisinə arvadı "kül sənin kişi başına!" deyib təhqir edəcək və o da cavab verə bilməyib keçəcək kompüterin arxasına və başındakı külü əndərəcək sizin üstünüzə. Sizsə... Tolerant olun, bir azca da sadomazoxist olun və unutmayın ki, siz prezident olmaq istəyirsiniz. Başqa birisinin metronun girişindəki polis serjantı üstünü yoxlayıb, sənədini görməyib şantajla cibindəki 7 manatının 5-ni alacaq və o da vaqona oturan kimi sizdən bunun heyfinin düz 55 manatlıq çıxacaq. Dözümlü olun, axı siz onun prezidenti olmaq istəyirsiniz. Elə birdən bu zaman başqa birisi yazıb sizdən Misirdəki müharibəni dayandırmaq üçün Antarktida hökumətinin rolu haqda soruşsa məbadə ona "Bağışlayın, mən psixiatr deyiləm" deyə cavab verəsiniz. Bir səsi dəqiq itirəcəksiniz, amma şüvən düşsə, kim bilir, bəlkə də daha çox...
Birdən ömründə bir dəfə də seçkidə iştirak etməyən bir seçici sual versə ki, "Güləbatın nənənin inəyi süddən kəsilib, üstəlik də buğaya gəlmir və siz prezident olsanız bu barədə nə tədbir görəcəksiniz?", adamı qətiyyən küsdürməyin. Özünüzü Avropa siyasətçisi kimi nəzakətli, mədəni, ən başlıcası isə oxumuş göstərin və hər şeydən öncə adama strateji əhəmiyyətli suala görə təşəkkür eləməyi unutmayın. Cavab verin ki, bu məsələ elə bu gün sizin proqramınızda öz əksini tapacaq və əlavə edin: "Bilirsiniz, fransız yazıçısı Mopassan deyirdi ki, inəkdə günah olmaz, buğa özünü pis aparar. Demək buğa ilə danışmaq lazımdır. Odur ki, biz buğa ilə profilaktik söhbət və maarifləndirmə işi aparacağıq, ona prezident fondundan gündə 15 kq təzə biçilmiş yonca ayıracağıq və inəyin də bütün problemləri yoluna düşəcək". Əsas odur ki, adam cavabınızdan məmnun qalsın. Düzdür, nə o, nə Güləbatın nənə, nə də onun inəyi onsuz da sizə səs verməyəcəklər, amma hər halda Tolerant olun! Axı siz prezident olmaq istəyirsiniz. Nəhayət, siz özünüz, ailəniz, qohumlarınız haqda xeyli yeni bilgilər alacaqsınız və buna görə də narahat olmayın. Ən azı bilgiləriniz artacaq. Sizi hər tərəfdən acılasalar inciməyin, söysələr təşəkkür edin, şər atsalar alicənablıq göstərib gülümsəyin, axı siz prezident olmaq istəyirsiniz. Birdən birisi soruşsa ki, siz namizədliyinizi Məhəmməd Mürsinin xeyrinə götürərdinizmi, heç zaman "Mürsi Misirin prezindenti idi və indi qiyamçılar onu həbs ediblər" kimi cavab verməyin. Yoxsa adam haray çəkəcək ki, siz ona yuxarıdan aşağı baxırsınız və bu da sizin imicinizə mənfi təsir edəcək. Ona cavab verin ki, biz elə bu gün bu məsələni müzakirə edirdik və sizin də sualınız çox yerinə düşdü. Bu adamın sizə səs verib-verməyəcəyi əsas deyil. Əsas odur ki, o, cavabınızdan narazı qalıb üzünü cırmasın, saçını yolmasın, tumanını başına keçirməsin, çünki bunları eləsə siz səs itirəcəksiniz. Sizə ən yaxın görünən, illər boyu üzünüzə gülən insanların arxanızca nələr danışdığını eşidəndə buna inanmayın, "belə ola bilməz" deyib keçin. Eşitsəniz ki, siz filankəsdən filan qədər pul alırsınız "Yüz yeyənin olsun, bir deyənin yox" düşünüb məyus olmayın, arzu edin ki, kaş bu həqiqət olardı. Ən azı seçki xərclərini ödəyərdiniz. Bütün gücünüzü səsləri almağa (pulla yox ha!!!) yönəldin. Baxmayın ki, onları sonda MSK "sayacaq", əsas seçicini məmnun eləmək və onun səsini qazanmaqdır. Nəticə vacib deyil, poruçik Rjevski demiş: əsas prosesin özüdür. Ümumiyyətlə, seçilməsəniz buna görə üzülməyin. Əsas bu da deyil, əsas odur ki, siz səbrli, təmkinli, dözümlü, nəzakətli bir demokrat olmağı öyrənirsiniz. 

Axı siz prezident olmaq istəyirdiniz...   

2 comments:

  1. Əsas bu da deyil, əsas odur ki, siz
    səbrli, təmkinli, dözümlü, nəzakətli
    bir demokrat olmağı öyrənirsiniz.
    Axı siz prezident olmaq
    istəyirdiniz...

    Sonuncu fikrinizi ozunuteselli kimi qiymetlendirmek olar? Seckilerde iwtirak eden namizedlercun?

    ReplyDelete
    Replies
    1. Hə Şövkət xanım. Onsuz da başqa bir şey qalmır ))))

      Delete