ABŞ-da növbəti prezident seçkiləri arxada qaldı və demokrat prezident Barak Obama qalib gələrək Ag Evi növbəti 4 il müddətinə əldə saxlamağa müvəffəq oldu. Seçkilərə ciddi hazırlaşan Respublikaçılar partiyası isə təkcə Ağ Ev uğrunda mübarizəni deyil, həm də Konqresin hər iki palatasında çoxluq əldə etmək uğrunda mübarizəni də uduzdu. Nə idi bunun səbəbi? Niyə son 4 ildə daxili siyasətdə ciddi uğur əldə edə bilməyən demokrat administrasiya seçkilərdə belə uğurlu oldu? ABŞ cəmiyyətində hansı dəyərlər bu gün dominantlıq təşkil edir? 21-ci əsrin Amerikası 15-20 il əvvəlkindən çoxmu fərqlənir? Çalışacağam bu yazımda həmin suallara cavablar axtarım. Əlbəttə ki, mənim bilgilərim və təsəvvürlərim çərçivəsində.
Öncə tərəflərin seçki strategiyasında müxtəlif məsələlərə yanaşmalarına diqqət yetirmək məncə maraqlı olardı. Belə ki, respublikaçıların sərt sosial siyasət təklif elədikləri halda, demokratlar daha çox məhz sosial məsələlərə diqqət çəkməyə üstünlük verirdilər. Amma hələ də böhran içində olan və yoxsulluq həddi 15%-ə çatan (bu isə 45 milyon insan deməkdir) əhali arasında sərt sosial siyasətin dəstək qazanacağına ümid bəsləmək seçki marafonunun elə ilk günlərindən real görünmürdü. Digər maraqlı məqam respublikaçıların azadlıqlar məsələsinə münasibətində öz əksini tapmışdı. Daha çox dəyərləri qabardan və ənənəviliyə üstünlük verən mühafizəkar xristian dəyərlərinə istinad edən respublikaçılar əhalisinin 60%-ə qədəri 18-35 yaş hüdudlarında olan (bu isə seçicilərin mütləq əksəriyyəti deməkdir) əhaliyə çox da cəlbedici görünə bilməzdilər. Demokratlar isə əksinə, daha çox azadlıqların qorunmasına və genişləndirilməsinə yönəlik mövqedən çıxış edirdilər. Görünür bu yanaşmada respublikaçılar öz ənənəvi sosial bazası olan anqlo-saks mənşəli xristian çoxluğun dəstəyinə ümid bəsləyirdilər, demokratlar isə sosial baza baxımından strategiyanı müxtəlif (etnik, dini, irqi və s.) azlıqların maraqlarını ifadə edərək onların dəstəyini qazanmaq üzərində qurmuşdular. Amma maraqlı da elə budur ki, ABŞ-kı azlıqlar birləşəndə artıq çoxluğa çevrilirlər və bu da seçkilərin nəticələrində öz əksini tapdı. Bu baxımdan elə namizədlərin tərcümeyi-halı və onların şəxsiyyətləri də kəskin kontrast təşkil edirdi: demokratların xarizmatik orator olan liberal baxışlı namizədi "xalqdan birisi" obrazına daha çox uyğun gəlirdi, nəinki respublikaçıların mühafizəkar mormon Uoll Strit milyarderi imicli namizədi. Mühacirət məsələsinə fərqli yanaşmalar da seçkilərin nəticəsinə təsir baxımından öz rolunu az dərəcədə oynamadı - Latın Amerikası mənşəli mühacirlərinin xüsusilə çoxluq təşkil etdiyi Cənub ştatlarında demokratlar birmənalı dəstək qazandılar. Seçkilər ərəfəsində qızğın müzakirə olunan sosial mövzulardan biri də seksual azlıqlara münasibət və abortlarla bağlı oldu. Burada da demokratlar liberal, respublikaçılar isə ifrat mühafizəkar mövqedən çıxış edirdilər. Bu baxımdan seksual azlığın açıq nümayəndəsi olan xanım Tammi Bolduinin Viskonsin ştatından senator seçilməsi cəmiyyətin respublikaçılara əsl xəbərdarlığı idi: obrazlı desək, "bu artıq nə sizin düşündüyünüz, nə də görmək istədiyiniz Amerika deyil"! Viskonsindəki senator seçiminin əlamətdar detallardan biri də budur ki, Temmi Boldunin üzərində qələbə çaldığı respublikaçı opponenti bu ştatı Senatda təmsil edən, abortla bağlı qadağaların qızğn tərəfdarı, həmin məsələdə öz ifrat və bəzən də absurd mühafizəkar ideyaları ilə tanınan Tommi Tompson idi. Elə bu faktın özü da göstərdi ki, respublikaçıların inadcıl mühafizəkar siyasəti yanlış hesablamalar üzərində qurulmuşdu.
Nəhayət iqtisadi siyasət məsələlərində respublikaçılar daha praqmatik görünsələr də, onların "antisosial" yanaşması orta statistik amerikan seçicisinə Obamanın sosial-liberal yönümlü (Qərbi Avropa sosial-iqtisadi modelinə yaxın) mövqeyindən daha inandırıcı görünə bilmədi. Demokratlar isə əksinə, vergi yükünün çoxunu daha zəngin təbəqənin üzərinə yönəltmək təkliflərilə xeyli əlavə xallar qazandılar. Xüsusilə də yoxsul və orta təbəqə arasında. Amma son seçkilərdə ziddiyyətli görünən bir məqam bundan ibarət idi ki, bütövlükdə daha liberal mövqe tutan demokratlar iqtisadi məsələlərə yanaşmada mühafizəkar respublikaçıların libertarian iqtisadçılardan xeyli fərqli görünürdülər, belə demək olarsa, daha çox sosialist təmayüllü.
Nəhayət xarici siyasətdə Obama birmənalı olaraq üstün görünürdü. Mitt Romninin İran məsələsinə yanaşmada silahlı gücə sətiraltı eyhamları Buş administrasiyasının İraq və Əfqanıstan siyasətindən "əlləri yanmış" amerikalılarda xüsusi rəğbət yarada bilməzdi və bilmədi də. ABŞ seçicisi demokratların rəqabətdən çox əməkdaşlıq üzərində qurulan "Multipolyar dünya dokrtinasına" "hə" dedi.
Beləliklə, son seçkilərin nəticələrindən belə qənaətə gəlmək olar ki, ənənəvi mühafizəkar Amerika getdikcə liberallaşır. Supergüc iddiaları baxımından bu perspektivli görünməsə də, qloballaşan dünya üçün daha çox sabitlik və inkişaf şansları vəd edir. Ən azı mən belə düşünürəm...
Təki yanılmayım!
No comments:
Post a Comment