Bu başdan deyim ki, nə İctimai Palatanın, nə Müsavatın, nə AXCP-nin fanatı deyiləm və ümumiyyətlə, heç nəyin və heç kəsin fanatı deyiləm, olmamışam və olmayacağam da. İctimai Palataya (İP) üzv olmağımın tək bir səbəbi bu qurumun mənim də seçdiyim və dəstəklədiyim hədəflər uğrunda mübarizə aparmasıdır. Mən bu gün də İP üzvü olmağımla qürur duyuram! Hətta sabah bu qurum fəaliyyətini bitirsə belə (əminəm ki, bu bir çoxları üçün elə xəyal olaraq da qalacaq), mən İP üzvü olmağımla yalnız fəxr edəcəyəm! Çünki bu mənim qərarım, mənim seçimim və mənim istəyim olub. Bu qərarın haqlı olmasına əminliyim isə günü-gündən artır və hakimiyyətin komandası (tapşırığı) ilə İP-nı tərk edənləri görüncə vaxtilə attığım bu addımın nə dərəcədə düzgün olduğunu bir daha anlayıram. Çünki bu gün bu qurumu tərk edənlər əsasən o şəxslərdirlər ki, dostlarım cəmi bir neçə gün əvvəl mənim onlarla bir sırada olmağımı istəmədiklərini demişdilər. Azərbaycan hakimiyyəti məni bu qınaqdan azad etdi.
Amma bu yazıda toxunmaq istəyim başqa mətləblər var. Birincisi, İP-nın təkcə 27 iyun sessiyasında bu quruma üzv olanların 7-si elm xadimləridir və mən alimlərlə çiyin-çiyinə mübarizə aparmaqdan çox məmnunam! İkincisi, İP-nı tərk edənlərin əksəriyyətinin (bu heç də hamıya aid deyil) ortaya qoyduqları səbəblər, yumşaq desək, heç bir tənqidə davam gətirmir. Bu da anlaşılandır. Adam deməyəcək ki, "mənə tapşırıblar, mən də deyiləni edirəm". Üçüncüsü, həm ölkə daxilində, həm də onun xaricində İP-nın nüfuzuna xələl gətirən, ona etimadsızlıq yaradan bəzi amillər aradan qalxır. Məsələn, bu yaxınlarda bir səfirin mənə verdiyi: "Sizcə İP-ya filan qurumun GÖNDƏRİLMƏSİ nə məqsədə xidmət edir?" və bu kimi bir çox suallar öz aktuallığını itirir. Deməli, hər şey o dərəcədə də pis deyilmiş. O zaman hörmətli diplomata demişdim ki, " Bu zamana bağlı məsələdir və Azərbaycan hakimiyyətinin sancıları başlayanda bütün bu tipli qurum və şəxsləri geri çəkəcəklər ki, İP-nın dağılması təsəvvürü yaradaraq, dünyaya və cəmiyyətə özlərinə alternativin olmadığını göstərsinlər". Indi elə bunu da edirlər, amma... Ammalar isə çoxdur, lap çox. Hələlik birindən başlayaq: sayın bir dostumuz deyir ki, onu İP tərk etməyə sövq edən bu qurumun 17 siyasi məhbus yaratması və filankəslərin filan açıqlamaları olub. Amma dostumuz bilməliydi ki, əvvəla, İP yağ-bal paylayan qurum deyil, o mübarizə aparır və bu yolda daha ağır itkilər olur və olacaq da. O ki, qaldı açıqlamalara görə İP-nı tərk etmək məsələsinə, düşünmürəm ki, mən durub "Özünü millətçi, barışmaz müxalifətçi kimi qələmə verən filan partiya rəhbəri hakimiyyətdəki PKK dəstəkçiləri tərəfindən maliyyələşdirilir" desəm, kollektiv şəkildə bu partiyanın sıralarını hamı bir andaca tərk edəcək. Xeyr, etməyəcək! Çünki... Oldu, bu barədə bir qədər sonra. Növbəti yazıda...
No comments:
Post a Comment