1990-cı ilin yanvarı yaxşı yadımdadır. Ayın 24-də Leninqraddan gəldim Bakıya və yalnız onda 20 yanvar faciəsinin əsl miqyasını (həm də mənəvi-əxlaqi miqyasını) dərk elədim. O zaman başa düşdüm ki, artıq biz yeni bir tarixi mərhələyə qədəm qoymuşuq və indi hər şey əvvəlkindən tamamilə fərqli olacaq...
Həmin günlərin ən çox eşidilən və səsləndirilən sözü isə "şəhid" idi. Bəli, məhz həmin gündən bu söz dilimizə yeni bir məzmunda daxil oldu. Amma o zaman nə mən, nə də başqa bir azərbaycanlı düşünməzdik ki, zaman keçəcək və özündə müqəddəslik, saflıq ehtiva edən bu söz ictimai-siyasi leksikonda ən ucuzlaşdırılmış terminlərdən birinə çevriləcək. Bəli, məhz terminə, özü də təkcə siyasətçilərin deyil, həm də özünə şou-biznes əhli deyən yaramaz zümrənin amansızcasına istismar etdiyi bir terminə. Ağlımıza belə gətirməzdik ki, 20 yanvar faciəsinin ardınca alovlanan Qarabağ savaşında millətin verdiyi minlərlə şəhidin ruhu alver predmetinə çevriləcək, özü də təkcə siyasi alverçilərin deyil, həm də həmin o özünə şou-biznes əhli deyənlərin əlində. Amma zaman öz işini amansızcasına görür və hər şey getdikcə adiləşirdi. Sonda elə adiləşdi də. Vətən uğrunda döyüşən oğul-qızları irsi-cinsi mənsubiyyəti xeyli suallar doğuran "müğənnilər" (yeri gəlmişkən, həmin elə o zamanlar belələrinə küçə pozğunu deyirdilər), Azərbaycanın taleyini düşünənləri isə özünə legitim adı qoyub, məmləkəti düşməndən də qəddarlıqla talayanlar əvəzlədi. Sadaladığım naqisliklərsə özünə cəmiyyət deyən kütlənin gözləri qarşısında, onun susqunluğu fonunda, bəzən isə hətta onun iştirakilə baş verdi. Bütün bunlar ona görə oldu ki, biz hamımız Asya Manafova adlı bir Nikolay "xanımının" "Heydər Əliyev hakimiyyətə gələnədək, Azərbaycanda ordu yox, quldur dəstələri olub" kimi şərəfsiz bir təhqirini ləyaqətsizcəsinə həzm elədik. Bu kimi tərbiyəsizliyi qulaqardına vurmaqla biz faktiki olaraq qəbul etdik ki, DTK tör-töküntülərinin 1993-cü ilin iyununda törətdiyi qiyamadək Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə ölənlər şəhidlər yox, ermənilərın qətlə yetirdiyi quldurlar imiş. Bəli, bu cür ictimai binamusluğu biz boynumuza götürdük və bundan ruhlanan, ahıl yaşı üzündən siyasətə atılan fahişələr bir az da üstümüzə gəldilər və az qala Qarabağ savaşında bizim qaçqınları, köçkünləri, şəhidləri suçlamağa başladılar. Biz isə bunu da həzm elədik, çünki şərəfsizliyi artıq boynumuza götürmüşdük. Bilirsiniz nə zaman? O zaman ki, Qarabağda şəhid olanların cənazələrini ermənilərdən pulla almağa, yanacağa, erməni cəsədlərinə dəyişməyə başladır. Yəni Qarabağ savaşının elə ilk günlərindən. Ermənilərin əlində olan şəhid cənazəsini dizel yanacağına dəyişən millətin "Şəhid" kimi müqəddəs bir kəlməni dilinə gətirməyə nə haqqı var? Axı bu zaman o mərhum Şəhid yox, alver, mübadilə predmeti olur. Pulla alınıb-satılan, yanacağa dəyişdirilən nə zamandan "şəhid" adlanıb? Bax bizə də elə bunu xatırlatdılar və bu gün də xatırlatmaqda davam edirlər. Yoxsa bunu inkar etmək istəyənlər var? O zaman buyursun, desin ki, belə bir şeylər olmayıb! Müharibənin ən qızğın dövrlərində ön cəbhədə həkim olmuş bəndəniz bunları yaxşı bilir. Təsəvvür etmək olarmı ki, türk dövləti PKK terrorçularının əlinə düşmüş mehmetciyin cənazəsini silaha, pula və ya yanacağa dəyişsin? Ağlınıza belə gətirməyin! Hizbullah lideri Həsən Nəsrullah oğlunun İsrail ordusunun əlinə keçmiş cəsədini əsir götürülmüş yəhudi əsgərinə dəyişməyəndə, yəqin ki, şəhidi alver predmetinə çevirməməyi əldə əsas götürdü. Bəs sizcə Stalin alman əsirliyində olan oğlunu "mən əsgəri feldmarşala dəyişmirəm!" deyib nasist sərkərdəsi Pulyusa dəyişməkdən imtina edəndə hansı prinsipdən çıxış edirdi? Elə həmin prinsipdən-müharıbəni, əsgəri, şəhidi alver predmetinə çevirməmək prinsipindən. Etiraf edək ki, biz bunu bacarmadıq. Hər şeyimizi alıb-satdıq: mənliyimizi də, namusumuzu da, ləyaqətimizi də, şəxsiyyətimizi də. Şəhidləri alıb-satandan sonra bunları bazara çıxarmağa nə var idi ki! Odur ki, bəlkə bu gün hər qəbildən olan yaramazların şəhidlərlə, onların ruhu və qanı ilə alver eləməsinə bir az dözümlü yanaşaq? Niyə? Ona görə ki, özümüz vaxtilə bütün bu dəyərlərimizi öz əllərimizlə alıb-satmışıq, ya da ki, yanacağa dəyişmişik. Özü yıxılansa, ağlamaz...
No comments:
Post a Comment