Cəmiyətin siyasiləşməsindən əldə etdiyimiz "qazanclardan" biri də son illər çeşidli "siyasi düşüncə" sahiblərinin meydana çıxmasıdır. Əlbəttə, siyasi meydana çıxması onların öz təbirincə desək. Ölkədə ictimai-siyasi proseslər qızışan kimi ayrı-ayrı fərdlər var gücü ilə öz fəaliyyətini gözə soxmağa çalışır və hətta sonucda özləri də inanırlar ki, bu fəaliyyətləri ilə nəinki hadisələrə təsir göstərirlər, hətta bütün siyasət burulğanı belə onların olmayan iradəsi ilə idarə olunur. İctimai əhəmiyyəti öz avtomaşının salonundan kənara çıxmayan birisi, yumşaq desək, analitik məqalə yazaraq və ya reportaj hazırlayaraq, bununla da ölkədəki siyasətin taleyinə təsir etdiyini düşünür. İkincisi, özünə sığal verib, önəmi dəniz səviyyəsindən 27,5 metr aşağı olan diplomatlara əcaib ingiliscədə öz dərin siyasi "mülahizələrini" soxuşdurmaqla, qlobal siyasət üçün onun əvəzsiz "zəkasının" nə dərəcədə önəmliliyini beynində fırladır (Ay-hay, nə asan aldanırlarmış bu iliyinə qədər "səmimi" qərblilər!). Üçüncüsü, bir qədər də uzağa gedərək, ölkənin 20 ildən sonra başlayacaq siyasi intibahı üçün artıq bu gün təhsilin və mədəniyyətin inkişafının zəruriliyindən ağıllı-ağıllı danışır. Ən maraqlısı isə budur ki, əslində ölkədəki real siyasətdən danışmağa cəsarətləri çatmayan (təbii, bəs öhdəliklər?) və siyasi çuğulluqla (xalq arasında buna donosbazlıq və ya stukaçlıq da deyirlər) məşqul olan bu siyasətçi-analitik-münəccimlər, bəlkə doğrudan da səmimi olaraq düşünürlər ki, beləliklə də hər şey onların nəzarətindədir və məhz onların "uzaqgörən rəyləri" Azərbaycan siyasətinin nəinki bugününü, hətta uzaq gələcəyini də həll edir. Amma, türklər demiş, o kadar da diyil. Əgər belədirsə, o zaman hər iki tərəfdən (Azərbaycan hakimiyyətindən və yurtdışından) alınan ənamlar nə üçün verilir? Əlbəttə ki, göstərdikləri çuğulluğ xidmətinin müqabilində. Bu da məsələnin başqa tərəfi.
İndi hörmətli oxucum sual verə bilər ki, o zaman belələrinə vaxt sərf edib, hələ bir onlar haqqında nəsə yazmağa dəyərmi? Sual haqlıdır, elə cavab da: Əslində dəyməz, amma atalar demiş "Milçək murdar deyil, könül bulandırır".
Könül bulandırırlar axı!
Ölkədə ictimai-siyasi proseslər qızışan kimi ayrı-ayrı fərdlər var gücü ilə öz fəaliyyətini gözə soxmağa çalışır...gözəl cümlədir...
ReplyDelete