Bizim də hər zaman qeyd etdiyimiz kimi, bu gün artıq tam bəlli olur ki, bütün inqilabların əsas müəllifləri qabiliyyətsiz hakimiyyətlərin özləridir. Azərbaycan da bu prosesdə istisna deyil. Qırğızıstanda Kurmanbek Bakiyev müxalifət liderlərini həbs edəndən və qəzetləri bağlayandan 2 həftə sonra inqilab baş verdi. Eynilə buna bənzər addımları da Misir və Tunisdə atdılar. Liviyada isə qorxuya düşən hakimiyyət İnternetə girişi bağladı və inqilab qaçılmaz oldu. Özü də hakimiyyətlərin bütün bu aksiyaları, bir qayda olaraq, total saxtalaşdırılmış seçkilərin davamı idi. Sadaladığım ölkələrin hamısında hakimiyyətlər bu addımları ən yaxşı niyyətlərlə atırdılar: özlərini qorumaq məqsədilə. Amma....hər bir ölkədə də nəticə gözlənilənin tam əksinə oldu. Təzyiqlərdən, həbslərdən, zorakılıqdan onsuz da bezmiş xalq bir az da hiddətlənib, nifrət hədəfi olan rejimlərə son qoydu. Siyəsətdə buna "Bumeranq effekti" deyirlər. Bumaranqı atan harın rejimlər, onu geri qaytaran isə əzilməkdən doymuş xalq olur. Bəli, məhz xalq! Sadaladığım üsyanların klassik inqilablardan elə əsas fərqi də budur ki, burada əsas təşkilatçı da, iştirakçı da xalq özüdür. Bütün avtoritar rejimlərin saymadığı, aşağıladığı, əzdiyi və talan etdiyi XALQ. Desəm ki, Azərbaycandakı üsul-idarə və sistem bu ölkələrdəkindən fərqlənmir, yəqin ki, çox da yanılmaram. Əlbəttə ki, fərqlər var deyənlər də tam haqlı olacaq və heç mən də bunu inkar etməyəcəyəm. Amma, məncə, elə bu fərqlərə də diqqət yetirəndə, hətta onların da Azərbaycan hakimiyyətinın xeyrinə olmadığını görərik. Əvvəla, Azərbaycandakı hakimiyyət bu ölkələrin rejimlərindən fərqli olaraq, daha çox marionet rejimdir-Misir, Tunis və Liviya öz siyasətlərində bir tək ABŞ-la hesablaşırdılarsa, Azərbaycan hakimiyyəti bundan savayı Rusiya və İranı da nəzərə almalı olur. Bu ölkələrdəki məmur ordusu da Azərbaycandakı kimi korrupsioner olması ilə yanaşı, Əliyev-Mehdiyev komandasından müqayisəolunmaz dərəcədə savadlı və peşəkar idi. Nəhayət, bu ölkələrdə peşəkar və intizamlı ordu var idi. Amma gördüyümüz kimi, hətta bu amillər belə Bin Əlini, Mübarəki və Qəzzafini xilas etmədi. Liviyanın Azərbaycandan başqa bir fərqi də o idi ki, bu ölkənin əhalisi əsasən, təminatlı yaşayırdı, sadəcə onlar ölkənin inkişafı naminə ağır ruhi xəstə olan Qəzzafinin 40-illik hakimiyyətinə son qoymaq istəyirdilər.
İllər boyu Azərbycanda aparılan antixalq siyasəti bu gün öz bəhrəsini verir. Gənclərin 11 Mart aksiyası cəmiyyətin bütün təbəqələrində dəstək tapdı və qısa müddətdə minlərlə tərəfdar topladı. Kimlərdir bu tərəfdarlar? - İllər boyu rüşvətə, korrupsiyaya və haqsızlığa məruz qalan tələbələr; soyulan və əmlakı talanan sahibkarlar; etiqadı və heysiyyatı təhqir olunan dindarlar; mülkləri qarət edilən sadə vətəndaşlar; yoxsulluğa məruz qoyulan tədaüdçülər. Bir sözlə, bütün Azərbaycan insanları. Hakimiyyətsə, bu etirazlara özünəməxsus tərzdə reaksiya verir. O (hakimiyyət), hesab edir ki, birinin 12 yaşlı oğlunun 50-60 milyonluq sərvətə sahib olmaq hüququ var, digərininsə acından ölsə belə səsini çıxarmaq haqqı yoxdur. Birinin ailəsı milyardlarla vəsaitin sahibi ola bilər, çörəyə möhtac qalan digərinınsə yalnız birincinin özünə və atasına mədhiyyə deməkdən başqa haqqı yoxdur. Əcəba, onlara bu haqqı kim verib? Bu sualın bir gün veriləcəyini düşünmürdülərmi? İndi nədən hakimiyyət belə qeyri-adekvat reaksiya verir gənclərin etiraz etmək hüququna? Özü də necə reaksiya...
Azərbaycan hakimiyyətinin son günlər həyata keçirdiyi "profilaktik tədbirlər" özünün qanunsuz mahiyyəti, son dərəcə qeri-peşəkar icraatı və təhrikediciliyi ilə yalnız bir məqsədə xidmət edir-gəncliyi daha da qıcıqlandırmaq və mübarizəyə sövq etmək. Bu da baş verir: hətta xarici Media da hadisələrin məhz bu cür inkişaf etdiyini qeyd edir. Biabırçı şəkildə gənc fəalları həbs edənlər, onlara absurd ittihamlar irəli sürənlər düşünürlərmi nəyə xidmət etdiklərini? Düşünmürlərsə, deyim: İNQİLABA. O zaman belə qənaətə gəlmək olar ki, hakimiyyətin zorakılıq siyasəti birmənalı olaraq məhz inqilaba yol açır. Bu da sizə "inqilabı kim yaradır?" sualının cavabı. Əlbəttə ki, Azərbaycan hakimiyyəti.
No comments:
Post a Comment