Tuesday, June 29, 2010

Azərbaycanı necə qurtaraq?

Müstəqil dövlət: idarə edənlər üçün - töhvə, idarə olunanlar üçün - nağıl.

"İlham Əliyevin sonuncu səhvi" adlı yazımdan sonra bir nəfər hörmət etdiyim həmkarım, mənə İlham Əliyevin ünvanına tənqidin əsaslı olduğunu, amma yazıda vəziyyətdən çıxış yolunun göstərilmədiyini irad tutdu. Hörmətli həmkarım eyni zamanda bildirdi ki, o, mənim İlham Əliyevə münasibətimdə kəskinlik və barışmazlıq müşahıdə edir. Sonuncuya cavabdan başlamaq istərdim: əziz həmkarım! 2009-cu il dekabr ayının 15-də mənə və ailə üzvlərimə qarşı avtomobil qəzası planlaşdırmış şəxslər bu gün də həmin yüksək vəzifələrdə oturub, öz iyrənc əməllərini davam etdirilər. Onlar haqqında tədbir görməli olan İlham Əliyevin (Bəli, məhz özünün, çünki Ərəstun Oruclu heç də sıradan bir vətəndaş deyil və bu cinayətkarlara yalnız onun gücü yetir) bu günədək bu cinayətkarları cəzalandırmaması, mənim ona (İlham Əliyevə) münasibətimin əsasını təşkil edir və hətta bəzi düşüncələr üçün zəmin də yaradır. O zaman, həm mənim, həm də bütün az və çox nüfuzlu dostlarımın vahid qərarı bu oldu ki, martın sonunadək gözləyib, cinayətkarların cazasızlığını görsək, məntiq üzrə hərəkət edək. Bu gün biz belə də edirik! Mən özümün və ailəmin həyatına qəsd edənlərə qarşı minnətdar olacaq qədər liberal deyiləm!!!

Birinci suala cavabımla isə aşağıda tanış ola bilərsiniz!

Sovet İttifaqı dağılma ərəfəsində olanda bütün imperiya xarabalıqları boyu vüsət alan milli-azadlıq hərəkatı Azərbaycandan da yan keçmədi. Milli-azadlıq hərəkatına hamı qoşulurdu: Azərbaycanın gələcəyini düşünən müstəqillik mücahidlərindən tutmuş, hərəkatı yönəltmək tapşırığı almış imperiya casuslarınadək; baş verənlərin tam fərqinə varmadan Vətən naminə odun-alovun içinə atılan yurdsevərlərdən tutmuş, bayrağını dəyişib oğurluq sərvətini qorumağa can atan kommunist-mafiozlaradək; siyasi əqidə və əxlaq nümunəsi olanlardan tutmuş, gündə bir cildə girən syasi fahişələrədək. Amma bir qrup insan haqqında o zamanlar bizim çox az məlumatımız vardı ki, onlar özləri də gözə çox görünməməyə çalışan və Rusiyanın müxtəlif künc-bucağında gizlənib, DTK tör-töküntülərinin köməyilə öz biznesini quranlar idi. Onlar oturub varlanır və öz zamanını gözləyirdilər. Bu gün məhz bu "qızıl gəncliyin" nümayəndələrinin bir çoxu hakimiyyət kürsülərinə yiyələnib və biz də sadəlövhcəsinə onlardan ölkənin və vətəndaşların maraqlarını təmin etməyi umuruq. Kimdən? Rus kəşfiyyatının himayəsində böyümüş cılız alverçilərdən???
Məhz bu qrup 2003-cü ildən başlayaraq, addım-addım hakimiyyətə yiyələnməyə başladı, amma elə həmin gündən də öz qarşısında "köhnə qvardiyanın" ciddi müqamətini gördü. Elə həmin zamandan da onlarla, əsas hakimiyyət mexanizmlərinə nəzarət edən keçmiş kommunist nomenklaturası arasında savaş başlandı. Daha doğrusu, bu alayarımçıq komsomol məzunları ilə Sov.İKP fərariləri arasında döyüşün başlanğıcı oldu. Və bu savaş bu gün də şiddətlənməklə yanaşı, ölkəni də uçuruma aparmaqda davam edir. Hər iki tərəfin nümayəndələri daha çox sərvət toplamaq uğrunda yarışda, ölkəni günü-gündən daha da amansızlıqla talamaqda davam edirlər. Artıq elə bir şərait yaranıb ki, hakimiyyət təmsilçiləri ölkə vətəndaşlarına az qala həşərat kimi baxırlar. Azərbaycan vətəndaşları ən adi kommunal xidmətlərdən məhrum olublar: qışda qaza və elektrikə, yayda isə suya həsrət qalan Azərbaycan insanı küncə sıxılmış vəziyyətə düşüb. Dövlət rəsmiləri isə bütün bu yaramazlıqlar fonunda, Azərbaycanın iqtisadi uğurundan, dünyada artan nüfuzundan və ordumuzun, lazım olarsa (Sanki bu lazım deyilmiş...), Qarabaği azad etməyə hazır olduğundan mənasız-məntiqsiz danışmaqdan doymurlar. Məncə, bütün bu bəyanatlar milləti sındırmağa, təhqir etməyə və alçaltmağa xidmət edən düşünülmüş texnologiyalardır. Yoxsa, doğrudanmı kimsə düşünür ki, İlham Əliyev öz dediklərinə inanır? Əsla! O belə sadəlövh adama oxşamır. Sadəlövh olsaydı Azərbaycanın müstəqilliyi uğrunda əlini ağdan-qaraya vurmadığını bildiyi halda prezident olmaq arzusunu içindəcə boğar, ya da ki, buna da gücü şatmazsa, nəzarət etdiyi neft gəlirlərindən heç olmazsa bir azca da bu zavallı millətə verərdi. O sadəlövh olsaydı, Azərbaycanın müstəqilliyindən və ölkənin əlində olmasından bu dərəcədə yararlanmazdı. Və, nəhayət, o, sadəlövh olsaydı, müstəqillik ugrunda mübarizə dövründə Moskvada alver edənlərin ən azı 6-sı bu gün İlham Əliyevin nazirləri vəzifəsində əyləşib, mədələrindən böyük tamahları ilə köhnə kommunistlərə rəhmət oxutmazdılar. Hələ mən nisbətən aşağı vəzifələri tutmuş onlarla başqalarını demirəm. İlham Əliyev sadəlövh olsaydı, indi ən azı onunla çiyin-çiyinə müstəqilliyi qazanmış insanlar oturardı, Azərbaycanın müstəqilliyinə bu gün də içində istehza ilə yanaşan və nazirliyin kollegiya iclaslarını belə çəkinmədən öz dədəsinin dilində (yəni, rusca) keçirən komsomol-DTK tör-töküntüləri yox! Xeyr, cənab Əliyev nə etdiyini çox gözəl başa düşür!!! Mənim buna zərrə qədər şübhəm belə yoxdur! Budur müstəqillik uğrunda minlərlə şəhid vermiş millətin müstəqilliyindən bəhrələnənlər. Millətin özünə isə bu müstəqillikdən qalan nağıl oldu. Dəhşətli reallığı əks etdirən bir nağıl!

İndi isə hörmətli həmkarımın 1-ci sualını cavablandırıram: Azərbaycan, onun müstəqilliyini öz çirkin və iyrənc niyyətləri üçün istifadə edənlərin əlindən alınmalıdır! Yeganə çıxış yolu budur! 

Wednesday, May 26, 2010

ABŞ Azərbaycan siyasətini dəyişir?

1993-cü ildən etibarən Azərbaycanda hakimiyyətlə razılaşdırılmış siyasət aparan ABŞ-ın siyasətində əsaslı dəyişikliklər ola bilər. Belə ki, ABŞ-ın 1993-2008-ci illəri əhatə edən Azərbaycan siyasəti (xüsusilə də, onun Corc Buş administrasiyası dövrü) əsasən, daha çox yaxın strateji hədəflərə çatmağa xidmət edən prioritetlərə söykənirdisə (enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq), 2009-cu ildən başlayaraq bu siyasətdə əsaslı dəyişikliklərin olacağına işarələr görünməyə başladı. Bu, ABŞ-Azərbaycan münasibətlərində yaranmış çatlarla yanaşı, həm də Vaşington administrasiyasına sahib olmuş demokratlar partiyasının ənənəvi xarici siyasət strategiyası ilə bağlı ıdı. Belə ki, ABŞ Demokrat partiyası öz siyasətində hər zaman demokratik dəyərlər sisteminə istinada geniş yer verir. Rəsmi Bakı ilə münasibətlərə gəlincə, burada bəzi özəl amillərin də rol oynadığı istisna olunmur. Hələ 2008-ci ilin avqustunda Azərbaycanın Los Ancelesdəki konsulu cənab E. Süleymanov Day.az portalına verdiyi müsahibəsində birmənalı olaraq, ABŞ-dakı qarşıdan gələn prezident seçkilərində Respublikaçı namizəd C. Makkeynin qələbə çalacağını bəyan edirdi ki, bu da çox yüksək ehtimalla, respublikaçılarla sıcaq münasibətləri olan rəsmi Bakının mövqeyinin ifadəsi idi. Əliyev iqtidarı tərəfindən belə bir gözlənti tamamilə anlaşılan idi, xüsusilə də Azərbaycan iqtidarının Vaşinqtondakı əsas tərəfdaşlarından olan sabiq Dövlət Katibinin müavini Riçard Armiticin respublikaçı Makkeynə xüsusi yaxınlığını da nəzərə alsaq. Amma cənab Süleymanovun (yəni, Azərbaycan hakimiyyətinin) optimist ehtimalları özünü doğrultmadı və rəsmi Bakının ABŞ seçkilərindən sonra hətta bir müddət çaşqınlıq içərisində olduğu da diqqətdən yaynmadı. Lakin Vaşinqtonun Bakı ilə münasibətlərini fərqli bir müstəviyə keçirməsi bir o qədər də sadə həll olunacaq məsələ deyil. Belə ki, 2001-2008-ci illəri əhatə edən dövrdə ABŞ siyasəti rəsmi Bakı ilə o dərəcədə dərinə işləmişdi ki, bunun nəticələrini qısa müddətdə aradan qaldırmaq böyük güc və resurslar tələb edir. Bakı neftindən paylar almaqla, öz merkantil maraqlarını təmin edəm ABŞ rəsmiləri bu dövrdə (2001-2008) Azərbaycan iqtidarının müxalifəti və vətəndaş cəmiyyəti institutlarını dağıtmağa yönələn siyasətini nəinki tənqid etmir, hətta buna açıq dəstək də verirdilər. Buna misal olaraq, ABŞ-ın nüfuzlu institutlarından birinin texnoloqlarının Azərbaycanda 2003-cü il prezident seçkiləri ərəfəsində faktiki olaraq, seçkilərin saxtalaşdırılması üsulları barədə Bakıda keçirdikləri təlimləri, 2005-ci il parlament seçkilərindəki saxtakarlığı ört-basdır etməyə xidmər göstərən Mitofsky International Public Opinion Research Company-nin "exit-poll"unu və s. misal gətirmək olar. Bundan əlavə, ABŞ-ın donor təşkilatları qrant lahiyələrinin yalnız Azərbaycan Prezidenti Administrasiyasının verdiyi siyahılar üzrə maliyyələşdirilməsinə qədər aşağı enmişdilər. ABŞ administrasıyasının bəzi təmsilçiləri Azərbaycanda demokratik dəyərlərin əzilməsinə ğöz yummaqla yanaşı, bir sıra hallarda bu dəyərlər uğrunda inadkarcasına mübarizə aparanların beynəlxalq aləmdə nüfuzdan salınmasında da rəsmi Bakının sifarişlərini məmnuniyyətlə icra edirdilər. İş hətta o yerə çatmışdı ki, müxalıf siyası dairələrdə ABŞ-ın donor təşkilatlarının Azərbaycandakı Rusiya agenturasını maliyyələşdirməsı barədə ABŞ-la Rusiya arasında anlaşma olduğu haqda zarafatlar da gəzirdı.
2008-ci ildən sonra bu siyasətin dəyişəcəyinə işarə edən bir sıra hadısələr baş versə də, bunun ən azı yaxın zamanda sürətlə reallaşacağını düşünmək, zənnimcə, həddindən artıq optimist yanaşma olardı. Belə ki, yuxarıda sadaladığım 8 ili əhatə edən proseslərdən sonra, Azərbaycanda sağlam resurslar arayıb, onlarla əməkdaşlıq qurmaq işin ən çətin və həcmli hissələrindən biridir. Amma bu da hələ kifayət etmir. ATƏT-in Minsk Qrupunda həmsədr fəaliyyəti ilə Azərbaycanda yaxşı tanınan və Azərbaycanın daxili və xarici siyasətinə bələd olan Metyu Brayzanın səfir təyin ediləcəyi haqda rəsmi məlumat, ABŞ-ın Azərbaycan siyasətinin dəyişəcəyi söyləmək üçün müəyyən əsaslar verir. Ya biz cənab Brayzanın səfir fəaliyyətinin ilk həftələrindəcə bunun ciddi əlamətlərini  görəcəyik, ya da əks-təqdirdə, azad və ədalətli seçkilər, demokratiya, insan haqları kimi fundamental dəyərlər ABŞ-ın Azərbaycan siyasətində yenə də mübadilə predmetləri olaraq qalacaqdır.    

Sunday, May 23, 2010

İlham Əliyevin sonuncu səhvi

Hələ 2003-cü ilin oktyabrında dedim ki, əgər bir millət olaraq, öz seçim hüququmuzu növbəti dəfə bizdən aldılarsa, biz təhqir olunduq və alçaldıldıq. Fəgət, əgər bu təhqirə layiqli cavab verə bilmədiksə, bundan sonra bizə həm mənəvi, həm də fiziki divan tutulacağına hazır olmalıyıq. İlham Əliyevin prezidenti edildiyi bir ölkədə normal adamın beyninə başqa fikirlər gələ də bilməzdi. Amma bu təkcə bizim faciəmizin davamı deyildi, bu həm də İlham Əliyevin və onun yaxınlarının (və həm də Azərbaycanın) fəlakətinə aparan yolun başlanğıcında onun birinci səhvi idi....

Məni o zamanlar daim bir sual düşündürürdü: gah Qərbi, gah da Şərqi Avropada dünya siyasətində nüfuz və söz sahibi olan dairələrlə təşkil olunan görüşlərin nəticəsi olaraq, razılaşdırılmış prezidentliyin məsuliyyətini üzərinə götürən İlham Əliyev, ona edilən bu güzəştin əvəzində hansı öhdəliklər götürdüyünün mahiyyətinə varırdımı? Əgər bu suala cavab müsbətdirsə, o zaman cənab Əliyev əmin idimi ki, atasından miras qalan və prezident komandası adlanan bu dəstə ilə həmin öhdəlikləri reallaşdıra biləcəkdir? Mənə şəxsən bu sualın cavabı hələ o zaman bəlli idi - yox və bir də yox! 
Bəs İlham Əliyevə necə? Təəssüf ki, biz bunun cavabıni cənab İlham Əliyevin dilindən artıq heç zaman eşidə bilməyəcəyik, ona görə də gəlin çalışaq kənar müşahidəçi gözü ilə bütün prosesi nəzərdən keçirərək və şəxsi mühakimələrimiz üzərində bu cavabın modelini formalaşdıraq.
Beləliklə, İlham Əliyevin, dünya güclərinə təqdim olunduğu zaman, onların  qarşısında çox önəmli öhdəliklər götürməsinə işarə edən bir neçə əlamət hələ o, prezident edilməmişdən öncə qabarıq şəkildə "gözə girirdi". Zənnimcə, buna əmin olmaq üçün bircə faktа müraciət etmək kifayətdir: 2003-cü ilin aprel ayından çox ağır durumda olan Heydər Əliyevə göstərilən üçtərəfli (ABŞ, Rusiya, Türkiyə) diqqət, şübhəsiz ki, vahid mərkəzdən idarə olunurdu (əks təqdirdə, bir-birinə diametral zidd geosiyasi maraqları olan bu üç dövlətin İlham Əliyevə müştərək marağının və məhəbbətinin səbəbi nə ola bilərdi ki?) və bu üçtərəfli projenin hədəfi prezident kreslosunu İlham Əliyevə təhvil verənədək mümkün ssenaridənkənar olayların qarşısını almaq məqsədi qüdürdü. Möhtərəm oxucuya xatırladım ki, o zaman çox ağır durumda olan və səhhəti haqqında ən ziddiyyətli məlumatlar dolaşan Heydər Əliyevi Ankaradan (Türkiyə) Klivlendə (ABŞ) Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə aparmışdılar (Sanki Türkiyənin və ABŞ-ın belə təyyarəsi yoxmuş!?). Beləliklə də, İlham Əliyev, hələ hakimiyyətə gəlməmişdən artıq ikinci səhvə yol vermiş oldu, yəni əm azı 3 dövlətin xidmətindən yararlandı. Amma prezidentliyinin hələ 2-ci ilini başa vurmağa az qalmışdı ki, cənab İlham Əliyev ciddi beynəlxalq təzyiqlə üzləşdi (2005-ci ilin parlament seçkiləri) və bu artıq o demək idi ki, prezidentin götürülmüş  öhdəliklərlə bağlı ciddi problemləri yaranıb. Daha doğrusu, onların yerinə yetirilməsi ilə. 2005-ci ilin parlament seçkiləri İlham Əliyev üçün tarixi şans idi, amma təəssüf ki, o, bundan soyuqqanlı istifadə edərək, faydalana bilmədi və bilməzdi də. Əks təqdirdə, o, bizim tanıdığımız İlham Əliyev olmazdı!!!. O zaman prezident Əliyev, parlamenti güzəştə getməklə, ya məsuliyyəti bölüşə bilərdi, ya da narıncı inqilab "qurbanına" çevrilək, mühacirət edə bilərdi. Qəribə səslənir? Ola bilər, amma sadəcə ilk baxışdan. Məntiq bundan ibarətdir ki, 2005-ci il hadisələrinin bu ssenari üzrə inkişafı nəticəsində o, bu gün artıq heç bir halda xilas edə biməyəcəyi çox şeyləri qoruyub saxlaya bilərdi. Prezident İlham Əliyev isə, əksinə, 2 nazirini həbs etdirməklə, seçkilərin nəticələrinə total müdaxilə etməklə və 26 noyabrda müxalifətin mitinqini amansızcasına dağıtmaqla hakimiyyətini bir qədər də "gücləndirdi" və düşdüyü durumu bir o dərəcədə mürəkkəbləşdirdi. Əminəm ki, cənab Əliyev bu sətirləri oxusaydı, onda ya mənə nifrəti bir qədər də artardı, ya da mənim ağılsız (kim bilir?) mülahizələrim onda sarkostik təbəssüm doğurardı.  Lakin təkcə yuxarıda sadaladığım addımlarla deyil, cənab Əliyev, həm də noyabrın 25-də Metyu Brayzayla keçirdiyi görüşü ilə bir az da dərinə getmiş oldu.... Məhz bu görüşün nəticəsi idi ki, cənab Brayza səhərisi gün müxalifətin aksiyasının vəhşicəsinə dağıdılmasını məmnuniyyətlə seyr edir və elə həmin saatda da o zamankı ABŞ səfiri Rino Harniş isə evində hinduşka qonaqlığı verirdi. Deməli, bütün məsələlər üzrə anlaşma əldə olunmuşdu və dünənki (25 noyabr 2005-ci il) görüşün nəticələrindən hamı məmnun qalmışdı. Yalnız növbəti dəfə əzilmiş, döyülmüş, heysiyyatı təhqir olunmuş və öz gələcəyinə ümidləri Əliyev polisinin ayaqları altında tapdanmış xalqdan savayı. Bu İlham Əliyevin 3-cü səhvi idi. Çünki o artıq 2 il idi ki, prezident kürsüsündə oturmuşdu və bilməli idi ki, götürdüyü öhdəlikləri heç zaman yerinə yetirə bilməyəcək. Buna görə isə hələ heç kimə təşəkkür etməyiblər!!!
Son illərdə Azərbaycanın apardığı xarici siyasətin nəticəsi olaraq, ABŞ, Türkiyə, İran və hətta Rusiya ilə münasibətlərdə yaranmış gərginliklər bir daha göstərdi ki, ölkənin xarici siyasət və təhlükəsizlik prioritetlərinin vaxtında müəyyənləşdirilməməsi də cənab Əliyevin hakimiyyəti üçün yeni-yeni fəsadlar yaratmaqda davam etməkdədir. Amma bütün bu geosiyasi burulğanlar fonunda prezidentin ən yaxınlığında olan, heç bir böyük öhdəliklər tələb etməyən və ən etibarlı olan tərəfdaşını görə bilməməsi İlham Əliyevin sonuncu və ən dramatik səhvi oldu. Bu tərəfdaş isə İlham Əliyevin üz döndərdiyi, soyuqqanlılıqla öz mənəviyyatsız və acgöz məmurlarının ayaqları altına atdığı, soyğunçuluğa və dilənçiliyə məruz qoyduğu, gündən-günə hətta fiziki məsafə baximindan belə uzaqlaşdığı və ağrı-acılarına laqeydlik göstərdiyi AZƏRBAYCAN XALQI idi! Bu XALQDAN isə artıq İlham Əliyevə tərəfdaş ola biməz, çünki o, ya ölüb, ya yağmalanıb, ya mənəvi cəhətdən sındırılıb, ya həbsxanadadır, ya da ki, onun (Azərbaycan xalqının) mövcudluğunu belə unutmuş prezidentinə "əlvida" deyərək, bir parça çörək dalınca mühacirət edib.    

Saturday, May 22, 2010

Ağ və qara Azərbaycan

Ölkə ərazisinin böyük bir hissəsinin su altında qaldığı bir 
vaxtda Azərbaycan rəsmilərinin Eurovision-2010 müsabiqəsinə 
milyonlarla dollar xərcləmək istəyinin arxasında nə dayanır? 

Özünün səmərəsiz  daxili və xarici siyasəti ilə dünyada bir qınaq obyektinə çevrilmiş Azərbaycan iqtidarı növbəti Eurovision-2011 festivalının Bakıda keçırılməsi üçün əlindən gələni edir. Hakimiyyətə yaxın mənbələrdən sızan məlumata əsasın, hansısa müəmmalı vasitəçilər Azərbaycan təmsilçisi Səfurə Əlizadəni böyük məbləğdə rüşvət müqabilində Eurovision-2010 yarışmasının qalibi edəcəklərini vəd ediblər. Bu barədə artıq xeyli öncə Türkiyə mətbuatı da yazmlşdl. Amma belə sövdələşmənin nə dərəcədə mümkünlüyü şəxsən məndə xeyli suallar doğurur. Əgər bu məlumat həqiqətdirsə, o zaman sual olunur ki, bu kimə və nəyə lazımdlr?  Minlərlə Azərbaycan vətəndaşının mülkünün, torpağının, əmlakının sel-sulara qərq olduğu və özlərinin də qaçqına çevrildiyi bir vaxtda, külli miqdarda vəsaiti (bəzi məlumatlara görə 70 milyon ABŞ dolları) beynəlxalq mütrüflüyə xərcləmək kimin maraqlarına xidmət edir? Belə ğörünür ki, artıq Azərbaycan hakimiyyəti ölkədə dəqiq bir bölgü aparıb: insanların çeşidlənməsi bölgüsü. Ölkə vətəndaşları "ağ" və "qara" azərbaycanlılara bölünür. "Ağ" azərbaycanlılar ölkənin sərvətlərini mənimsəyən, meşələri, dağları, çayları, gölləri ata mirası kimi özününküləşdirən, zavallı "qara" azərbaycanlıları talayanlardır. "Qaraların" isə payına düşən əzilmək, talanmaq, alçaldılmaq və təhqir olunmaq, həm də  onlara göstərilən bütün bu "diqqət və qayğılara" görə daima birincilərə yarınmaq və canını qurban deməkdir. Bu günün dünəndən yeganə fərqi isə odur ki, indi "ağlar" yalandan da olsa (əvvəllər olduğu kimi) "qaraların", guya, rifahının yüksəlməsi naminə durmadan çalışdıqlarını belə söyləmirlər. Bu da o deməkdir ki, artıq belə yalanlara heç ehtiyac da yoxdur. Rayonları su basdımı - daxili qoşunları göndər lazımi tədbirləri görsünlər, özün isə baş vur gül bayramına. Və yığ başına "agları", "qaraların" isə üzünə bütün yolları polis bağlayacaq. Çünki ğül bayramı onlar üçün deyil və indi yaltaqlanmaq üçün də hələ bu şərəfə nail olmaq lazımdır...
O ki, qaldı Sabirabadda, İmişlidə, Salyanda 1969-dan başlayan "təbii" fəlakət tərəfindən evindən-eşiyindən atılanlara, onlara büdcədən pul ayrılacaq və şübhəsiz ki, bu puldan onlara da nəsə çatacaq. Min bərəkət! Verməsələr nə etmək olar ki? Bu da belə. Əsas bu deyil. Əsas odur ki, ölkənin ortasında kənd təsərrüfatı üçün yararlı olan böyük bir ərazi insanlardan su qiymətinə alınacaq və sonra da həmin bu insanlar (yəni, qaralar) elə öz torpaqlarındaca muzdurluğa məruz qoyulacaq. Təbii ki, ağlar tərəfindən.

PS: Bir dəfə əməyini ucuz satan bir ağbirçəkdən soruşanda ki, niyə bu yaşında öz əməyini belə ucuz qiymətə satır, cavab verdi ki, şərait belədir, neynəyə bilərəm. Amma mənim fikrə getdiyimi gördükdə, əlavə etdi:
- Məyus olma, oğlum! Bir gün bu millətin də yiyəsi çıxacaq!
Salamlar! 

Nəhəyət ki, mən də öz bloqumu yaratmağa qərar verdim. Hərçənd, əvvəllər bunu başqaları mənim əvəzimdən etmişdilər, lakin onların gördükləri işin keyfiyyəti məni qane etmədi.
İnternet məkanında yazılarıma şərh verəcək bütün insanlara öncədən təşəkkür edirəm! Əməkdaşlıqdan qarşılıqlı məmnunluq duyacağım ümidləri ilə,

Sizin                  Ərəstun Oruclu