Hələ 2003-cü ilin oktyabrında dedim ki, əgər bir millət olaraq, öz seçim hüququmuzu növbəti dəfə bizdən aldılarsa, biz təhqir olunduq və alçaldıldıq. Fəgət, əgər bu təhqirə layiqli cavab verə bilmədiksə, bundan sonra bizə həm mənəvi, həm də fiziki divan tutulacağına hazır olmalıyıq. İlham Əliyevin prezidenti edildiyi bir ölkədə normal adamın beyninə başqa fikirlər gələ də bilməzdi. Amma bu təkcə bizim faciəmizin davamı deyildi, bu həm də İlham Əliyevin və onun yaxınlarının (və həm də Azərbaycanın) fəlakətinə aparan yolun başlanğıcında onun birinci səhvi idi....
Məni o zamanlar daim bir sual düşündürürdü: gah Qərbi, gah da Şərqi Avropada dünya siyasətində nüfuz və söz sahibi olan dairələrlə təşkil olunan görüşlərin nəticəsi olaraq, razılaşdırılmış prezidentliyin məsuliyyətini üzərinə götürən İlham Əliyev, ona edilən bu güzəştin əvəzində hansı öhdəliklər götürdüyünün mahiyyətinə varırdımı? Əgər bu suala cavab müsbətdirsə, o zaman cənab Əliyev əmin idimi ki, atasından miras qalan və prezident komandası adlanan bu dəstə ilə həmin öhdəlikləri reallaşdıra biləcəkdir? Mənə şəxsən bu sualın cavabı hələ o zaman bəlli idi - yox və bir də yox!
Bəs İlham Əliyevə necə? Təəssüf ki, biz bunun cavabıni cənab İlham Əliyevin dilindən artıq heç zaman eşidə bilməyəcəyik, ona görə də gəlin çalışaq kənar müşahidəçi gözü ilə bütün prosesi nəzərdən keçirərək və şəxsi mühakimələrimiz üzərində bu cavabın modelini formalaşdıraq.
Beləliklə, İlham Əliyevin, dünya güclərinə təqdim olunduğu zaman, onların qarşısında çox önəmli öhdəliklər götürməsinə işarə edən bir neçə əlamət hələ o, prezident edilməmişdən öncə qabarıq şəkildə "gözə girirdi". Zənnimcə, buna əmin olmaq üçün bircə faktа müraciət etmək kifayətdir: 2003-cü ilin aprel ayından çox ağır durumda olan Heydər Əliyevə göstərilən üçtərəfli (ABŞ, Rusiya, Türkiyə) diqqət, şübhəsiz ki, vahid mərkəzdən idarə olunurdu (əks təqdirdə, bir-birinə diametral zidd geosiyasi maraqları olan bu üç dövlətin İlham Əliyevə müştərək marağının və məhəbbətinin səbəbi nə ola bilərdi ki?) və bu üçtərəfli projenin hədəfi prezident kreslosunu İlham Əliyevə təhvil verənədək mümkün ssenaridənkənar olayların qarşısını almaq məqsədi qüdürdü. Möhtərəm oxucuya xatırladım ki, o zaman çox ağır durumda olan və səhhəti haqqında ən ziddiyyətli məlumatlar dolaşan Heydər Əliyevi Ankaradan (Türkiyə) Klivlendə (ABŞ) Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə aparmışdılar (Sanki Türkiyənin və ABŞ-ın belə təyyarəsi yoxmuş!?). Beləliklə də, İlham Əliyev, hələ hakimiyyətə gəlməmişdən artıq ikinci səhvə yol vermiş oldu, yəni əm azı 3 dövlətin xidmətindən yararlandı. Amma prezidentliyinin hələ 2-ci ilini başa vurmağa az qalmışdı ki, cənab İlham Əliyev ciddi beynəlxalq təzyiqlə üzləşdi (2005-ci ilin parlament seçkiləri) və bu artıq o demək idi ki, prezidentin götürülmüş öhdəliklərlə bağlı ciddi problemləri yaranıb. Daha doğrusu, onların yerinə yetirilməsi ilə. 2005-ci ilin parlament seçkiləri İlham Əliyev üçün tarixi şans idi, amma təəssüf ki, o, bundan soyuqqanlı istifadə edərək, faydalana bilmədi və bilməzdi də. Əks təqdirdə, o, bizim tanıdığımız İlham Əliyev olmazdı!!!. O zaman prezident Əliyev, parlamenti güzəştə getməklə, ya məsuliyyəti bölüşə bilərdi, ya da narıncı inqilab "qurbanına" çevrilək, mühacirət edə bilərdi. Qəribə səslənir? Ola bilər, amma sadəcə ilk baxışdan. Məntiq bundan ibarətdir ki, 2005-ci il hadisələrinin bu ssenari üzrə inkişafı nəticəsində o, bu gün artıq heç bir halda xilas edə biməyəcəyi çox şeyləri qoruyub saxlaya bilərdi. Prezident İlham Əliyev isə, əksinə, 2 nazirini həbs etdirməklə, seçkilərin nəticələrinə total müdaxilə etməklə və 26 noyabrda müxalifətin mitinqini amansızcasına dağıtmaqla hakimiyyətini bir qədər də "gücləndirdi" və düşdüyü durumu bir o dərəcədə mürəkkəbləşdirdi. Əminəm ki, cənab Əliyev bu sətirləri oxusaydı, onda ya mənə nifrəti bir qədər də artardı, ya da mənim ağılsız (kim bilir?) mülahizələrim onda sarkostik təbəssüm doğurardı. Lakin təkcə yuxarıda sadaladığım addımlarla deyil, cənab Əliyev, həm də noyabrın 25-də Metyu Brayzayla keçirdiyi görüşü ilə bir az da dərinə getmiş oldu.... Məhz bu görüşün nəticəsi idi ki, cənab Brayza səhərisi gün müxalifətin aksiyasının vəhşicəsinə dağıdılmasını məmnuniyyətlə seyr edir və elə həmin saatda da o zamankı ABŞ səfiri Rino Harniş isə evində hinduşka qonaqlığı verirdi. Deməli, bütün məsələlər üzrə anlaşma əldə olunmuşdu və dünənki (25 noyabr 2005-ci il) görüşün nəticələrindən hamı məmnun qalmışdı. Yalnız növbəti dəfə əzilmiş, döyülmüş, heysiyyatı təhqir olunmuş və öz gələcəyinə ümidləri Əliyev polisinin ayaqları altında tapdanmış xalqdan savayı. Bu İlham Əliyevin 3-cü səhvi idi. Çünki o artıq 2 il idi ki, prezident kürsüsündə oturmuşdu və bilməli idi ki, götürdüyü öhdəlikləri heç zaman yerinə yetirə bilməyəcək. Buna görə isə hələ heç kimə təşəkkür etməyiblər!!!
Son illərdə Azərbaycanın apardığı xarici siyasətin nəticəsi olaraq, ABŞ, Türkiyə, İran və hətta Rusiya ilə münasibətlərdə yaranmış gərginliklər bir daha göstərdi ki, ölkənin xarici siyasət və təhlükəsizlik prioritetlərinin vaxtında müəyyənləşdirilməməsi də cənab Əliyevin hakimiyyəti üçün yeni-yeni fəsadlar yaratmaqda davam etməkdədir. Amma bütün bu geosiyasi burulğanlar fonunda prezidentin ən yaxınlığında olan, heç bir böyük öhdəliklər tələb etməyən və ən etibarlı olan tərəfdaşını görə bilməməsi İlham Əliyevin sonuncu və ən dramatik səhvi oldu. Bu tərəfdaş isə İlham Əliyevin üz döndərdiyi, soyuqqanlılıqla öz mənəviyyatsız və acgöz məmurlarının ayaqları altına atdığı, soyğunçuluğa və dilənçiliyə məruz qoyduğu, gündən-günə hətta fiziki məsafə baximindan belə uzaqlaşdığı və ağrı-acılarına laqeydlik göstərdiyi AZƏRBAYCAN XALQI idi! Bu XALQDAN isə artıq İlham Əliyevə tərəfdaş ola biməz, çünki o, ya ölüb, ya yağmalanıb, ya mənəvi cəhətdən sındırılıb, ya həbsxanadadır, ya da ki, onun (Azərbaycan xalqının) mövcudluğunu belə unutmuş prezidentinə "əlvida" deyərək, bir parça çörək dalınca mühacirət edib.
No comments:
Post a Comment