Wednesday, May 26, 2010

ABŞ Azərbaycan siyasətini dəyişir?

1993-cü ildən etibarən Azərbaycanda hakimiyyətlə razılaşdırılmış siyasət aparan ABŞ-ın siyasətində əsaslı dəyişikliklər ola bilər. Belə ki, ABŞ-ın 1993-2008-ci illəri əhatə edən Azərbaycan siyasəti (xüsusilə də, onun Corc Buş administrasiyası dövrü) əsasən, daha çox yaxın strateji hədəflərə çatmağa xidmət edən prioritetlərə söykənirdisə (enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq), 2009-cu ildən başlayaraq bu siyasətdə əsaslı dəyişikliklərin olacağına işarələr görünməyə başladı. Bu, ABŞ-Azərbaycan münasibətlərində yaranmış çatlarla yanaşı, həm də Vaşington administrasiyasına sahib olmuş demokratlar partiyasının ənənəvi xarici siyasət strategiyası ilə bağlı ıdı. Belə ki, ABŞ Demokrat partiyası öz siyasətində hər zaman demokratik dəyərlər sisteminə istinada geniş yer verir. Rəsmi Bakı ilə münasibətlərə gəlincə, burada bəzi özəl amillərin də rol oynadığı istisna olunmur. Hələ 2008-ci ilin avqustunda Azərbaycanın Los Ancelesdəki konsulu cənab E. Süleymanov Day.az portalına verdiyi müsahibəsində birmənalı olaraq, ABŞ-dakı qarşıdan gələn prezident seçkilərində Respublikaçı namizəd C. Makkeynin qələbə çalacağını bəyan edirdi ki, bu da çox yüksək ehtimalla, respublikaçılarla sıcaq münasibətləri olan rəsmi Bakının mövqeyinin ifadəsi idi. Əliyev iqtidarı tərəfindən belə bir gözlənti tamamilə anlaşılan idi, xüsusilə də Azərbaycan iqtidarının Vaşinqtondakı əsas tərəfdaşlarından olan sabiq Dövlət Katibinin müavini Riçard Armiticin respublikaçı Makkeynə xüsusi yaxınlığını da nəzərə alsaq. Amma cənab Süleymanovun (yəni, Azərbaycan hakimiyyətinin) optimist ehtimalları özünü doğrultmadı və rəsmi Bakının ABŞ seçkilərindən sonra hətta bir müddət çaşqınlıq içərisində olduğu da diqqətdən yaynmadı. Lakin Vaşinqtonun Bakı ilə münasibətlərini fərqli bir müstəviyə keçirməsi bir o qədər də sadə həll olunacaq məsələ deyil. Belə ki, 2001-2008-ci illəri əhatə edən dövrdə ABŞ siyasəti rəsmi Bakı ilə o dərəcədə dərinə işləmişdi ki, bunun nəticələrini qısa müddətdə aradan qaldırmaq böyük güc və resurslar tələb edir. Bakı neftindən paylar almaqla, öz merkantil maraqlarını təmin edəm ABŞ rəsmiləri bu dövrdə (2001-2008) Azərbaycan iqtidarının müxalifəti və vətəndaş cəmiyyəti institutlarını dağıtmağa yönələn siyasətini nəinki tənqid etmir, hətta buna açıq dəstək də verirdilər. Buna misal olaraq, ABŞ-ın nüfuzlu institutlarından birinin texnoloqlarının Azərbaycanda 2003-cü il prezident seçkiləri ərəfəsində faktiki olaraq, seçkilərin saxtalaşdırılması üsulları barədə Bakıda keçirdikləri təlimləri, 2005-ci il parlament seçkilərindəki saxtakarlığı ört-basdır etməyə xidmər göstərən Mitofsky International Public Opinion Research Company-nin "exit-poll"unu və s. misal gətirmək olar. Bundan əlavə, ABŞ-ın donor təşkilatları qrant lahiyələrinin yalnız Azərbaycan Prezidenti Administrasiyasının verdiyi siyahılar üzrə maliyyələşdirilməsinə qədər aşağı enmişdilər. ABŞ administrasıyasının bəzi təmsilçiləri Azərbaycanda demokratik dəyərlərin əzilməsinə ğöz yummaqla yanaşı, bir sıra hallarda bu dəyərlər uğrunda inadkarcasına mübarizə aparanların beynəlxalq aləmdə nüfuzdan salınmasında da rəsmi Bakının sifarişlərini məmnuniyyətlə icra edirdilər. İş hətta o yerə çatmışdı ki, müxalıf siyası dairələrdə ABŞ-ın donor təşkilatlarının Azərbaycandakı Rusiya agenturasını maliyyələşdirməsı barədə ABŞ-la Rusiya arasında anlaşma olduğu haqda zarafatlar da gəzirdı.
2008-ci ildən sonra bu siyasətin dəyişəcəyinə işarə edən bir sıra hadısələr baş versə də, bunun ən azı yaxın zamanda sürətlə reallaşacağını düşünmək, zənnimcə, həddindən artıq optimist yanaşma olardı. Belə ki, yuxarıda sadaladığım 8 ili əhatə edən proseslərdən sonra, Azərbaycanda sağlam resurslar arayıb, onlarla əməkdaşlıq qurmaq işin ən çətin və həcmli hissələrindən biridir. Amma bu da hələ kifayət etmir. ATƏT-in Minsk Qrupunda həmsədr fəaliyyəti ilə Azərbaycanda yaxşı tanınan və Azərbaycanın daxili və xarici siyasətinə bələd olan Metyu Brayzanın səfir təyin ediləcəyi haqda rəsmi məlumat, ABŞ-ın Azərbaycan siyasətinin dəyişəcəyi söyləmək üçün müəyyən əsaslar verir. Ya biz cənab Brayzanın səfir fəaliyyətinin ilk həftələrindəcə bunun ciddi əlamətlərini  görəcəyik, ya da əks-təqdirdə, azad və ədalətli seçkilər, demokratiya, insan haqları kimi fundamental dəyərlər ABŞ-ın Azərbaycan siyasətində yenə də mübadilə predmetləri olaraq qalacaqdır.    

No comments:

Post a Comment