Thursday, January 19, 2017

4-cü yazı: Mahmudov niyə həbs olunmur?

Görünür, elə adam oğurluğu, şərləmələr, soyğunçuluq, qətl kimi cinayətlərin məhz icraçısı olması da Mahmudovu bu günədək həbs olunmaqdan qoruyur. Elə olmasaydı antiinsani, murdar əməlləri sayəsində cəmiyyətin ən müxtəlif təbəqələrində yüzlərlə, bəlkə də minlərlə şəxsi düşmən qazanmış Eldar Mahmudov bu qədər müddətdə həbsdən kənarda qala bilməzdi. Görünür, sabiq nazirin əli ilə tapança işarəsi göstərərək, "mən elə sifarişlər yerinə yetirmişəm ki,..." deyərək, bəlli ünvana mesaj verməsi də əsassız deyil. O da istsna edilmir ki, quldur dəstəsinin başçısı həmin sifarişləri alarkən zəruri sübutlar da toplayıb. Məntiqlə toplamalı idi də. Hətta Eldar Mahmudov kimi azğın və səviyyəsiz birisi də anlamalı idi ki, bu qədər cinayətlər törədərkən o, təksə bu günün sadiq icraçı deyil, həm də sabahın arzuolunmaz şahidi statusu qazanır. Heç kəsdən sirr deyil ki, zaman-zaman mətbuat vasitəsilə "Eldar Mahmudov yaxın vaxtlarda həbs olunacaq!" kimi "sensasion" dezinformasiyalar buraxılması fonunda onun bu günədək azadlıqda qalması İlham Əliyevin cəmiyyətə sırınmış "cəsarətli oğlan" imicini darmadığın edir. Hər halda, fakt budur ki, keçmiş MTN-nin onlarla keçmiş yüksək vəzifəli əməkdaşları həbsə alınsa da Eldar Mahmudov 1 il 3 aydan artıqdır ki, azadlıqdadır və bu, səbəbsiz deyil. Yuxarıda qeyd elədiyim səbəb də onu qoruyan yeganə səbəb deyil. Başqa, daha ciddi səbəblərdən biri də Mahmudovun vaxtilə İsraillə çox yaxın əlaqələr quraraq bu dövlətin kəşfiyyat qurumu olan "Mossadla" sıx əməkdaşlıq eləməsidir. 
Hələ 2008-2009 illərdə Mahmudovun bir sıra rəsmi tədbirlərdə İsrailin Azərbaycandakı səfiri ilə birlikdə görünməsi, bir sıra tədbirlərdə isə onunla yanaşı əyləşməsi məlumatlı insanlarda anlaşılmazlıq doğurmuşdu. Rusiyaya bağlı naziri İsrail səfiri ilə nə bağlaya bilərdi? Amma müəyyən zaman keçdikdən sonra məsələlər aydınlaşmağa başlamışdı. Bu barədə bir qədər daha ətraflı yazmaq istərdim. 
Beləliklə, yuxarıda qeyd etdiyim kimi, 2005-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti sürətlə kriminallaşmağa başladı ki, bu da ölkənin bir çox ənənəvi, xüsusilə də qərbli partnyorlarını məsafələşməyə vadar etdi. Vaxtilə müxtəlif Qərb ölkələrində terrorla, transmilli cinayətkarlıqla mübarizə üzrə xüsusi peşə hazırlığı keçmiş yüzlərlə xüsusi xidmət əməkdaşının MTN sıralarından xaric edilməsi isə Qərb ölkələrinin xüsusi xidmətlərini MTN-lə əməkdaşlıqdan çəkindirdi. Digər tərəfdən də İlham Əliyev - Eldar Mahmudov MTN-nin Rusiyaya doğru yönəlməsi bu əməkdaşlığı heçə endirdi. Bir qədər sonra isə məlum oldu ki, Rusiya ilə əməkdaşlıq etmək ilk baxışdan göründüyü qədər sadə və asan deyil. Rusiya siyasətində bu ölkəyə sadiq tərəfdaşlara xidmətlərinin qarşılığını vermək ənənəsi yox dərəcəsindədir. Eyni zamanda Qərbdən xeyli uzaqlaşmış Azərbaycanı ram etmək, ondan istədiyi güzəştləri qoparmaq Moskva üçün xeyli asanlaşmışdı. Amma bu durum İlham Əliyevi qane ləmirdi və odur ki, bəyan olunmuş xarici siyasət kursunu təcili balanslaşdırmaq lazım idi. Elə həmin dövrdə xarici işlər nazirinin müavini Araz Əzimovun İsraildə Amerika yəhudi təşkilatlarının biri ilə danışıqlar aparması barədə məlumatlar yayılmağa başlamışdı. Bu, Amerika - İsrail İctimai Əlaqələr Komitəsi və ya qısa adı AIPAC (American İsrael Public Affairs Committee) olan təşkilat idi. Vaşinqtonda qərargahlanan bu lobbiçi təşkilatın əsas vəzifəsi ABŞ-ın Yaxın Şərq siyasətinə təsir edərək onu İsrailin maraqlarına yönəltməkdən ibarətdir. Təbii ki, bu AIPAC-ın çoxşaxəli fəaliyyətinin bir hissəsidir. Hələ o zaman mətbuatda bildirmişdim ki, ABŞ siyasətinə İsrail vasitəsilə təsir etmək mənasız və səmərəsiz işdir, amma , təzəcə hakimiyyətə gəlmiş ABŞ prezidenti Barak Obamanın siyasətində xarici siyasət vektorunun arxa plana keçirilməsi və bunun nəticəsi olaraq bölgədə geosiyasi vəziyyətin dəyişməsi Vaşinqtonun Azərbaycana olan marağını xeyli azaldırdı ki, bu da öz növbəsində yaranmış boşluğun müxtəlif lobbiçilər tərəfindən doldurulmasını xeyli yüngülləşdirirdi. Digər tərəfdən də İran faktoruna xüsusi önəm verən İsrail üçün hər zaman əhəmiyyətli olan Azərbaycanla indi daha sıx əməkdaşlıq qurmaq imkanları açılırdı. Məhz bu amillərin təsiri sayəsində 2009-cu ildən başlayaraq Azərbaycanla İsrail arasındakı əməkdaşlıq daha gemiş miqyas almağa başladı.Azərbaycan-İsrail əməkdaşlığı kənd təsərrüfatı, rabitə, enerji, müdafiə və təhlükəsizlik sahələrini sürətlə əhatə etməyə başladı. Maraqlıdır ki, bu əməkdaşlığın sürətli artımı təkcə İranı və Rusiyanı deyil, nə qədər təəccüblü görünsə da, həm də ABŞ-ı narahat etməyə başlamışdı. Amma ABŞ-da zaman-zaman baş qaldıran bu narahatlıq AIPAC və İlham Əliyevə lobbiçilik edən digər ABŞ təşkilatları tərəfindən aradan qaldırılırdı. Məhz həmin əməkdaşlığın bir istiqaməti də MTN - Mossad əlaqələrinin genişləndirilməsi idi. Bu əməkdaşlıq isə elə bir həddə çatmışdı ki, hətta ən yaxın müttəfiq dövlətlərin xüsusi xidmət orqanları arasında da belə münasibətlər olmur. Məsələn, bir neçə "Mossad" əməkdaşı açıq şəkildə MTN-nin binasında əyləşirdi və hər səhər hamı kimi "işə gəlib", axşam da binadan çıxıb gedirdi. Sadəcə bir o fərq vardı ki, MTN binasının "Mossad" əməkdaşlarının çalışdığı (daha doğrusu, casusluq elədiyi) hissəsinə kənar şəxslərin girişi qadağan idi. Kənar şəxslər isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan vətəndaşı olaraq vəzifəsi dövlətin təhlükəsizliyini təmin etmək olan əməkdaşları idi...
Gördüyümüz kimi, İsrailin casus təşkilatına bu cür müstəsna imkanlar yaratmaq heç də Mahmudovun şəxsi təşəbbüsü deyildi və ola da bilməzdi. Bu, İlham Əliyevin İsrail "siyasətinin" tərkib hissəsi idi və normalda bunun adı xarici dövlətin xeyrinə casusluq və öz dövlətinə xəyanət etməkdir. Bəli, bu, Azərbaycan dövlətinə açıq xəyanət idi və eyni statusda Türkiyə də daxil olmaqla istənilən xarici dövlətin kəşfiyyatına belə bir imtiyaz vermək həmin dövlətin xeyrinə casusluq, öz dövlətinə isə xəyanət etmək deməkdir. Bunları həyata keçirən isə opponentlərini, tənqidçilərini, siyasi fəal insanları xarici kəşfiyyatlara işləməkdə, Azərbaycan dövlətinə xəyanətdə suçlayan, "antimilli ünsür" adlandıran İlham Əliyev və onun dostu-naziri Eldar Mahmudov idi. Lakin bu da hələ aysberqin görünən hissəsidir. Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində İsraildən azı 600 milyon dollar dəyərində casusluq vasitələri alınmışdı ki, onların da arasında müasir dinləyici qurğularlarla yanaşı, interneti, xüsusilə də sosial şəbəkələri, elektron poçtları izləmək, onların kodlarını sındırmaq üçün müvafiq texniki avadanlıq və onun üçün proqramlar da vardı. Əlbəttə, bütün bunların məsələn, terrora qarşı mübarizə çərçivəsində istifadə olunduğunu iddia eləmək olar. Amma məhz bu avadanlığın sayəsində ölkədə siyasi fəalların, tənqidçi jurnalistlərin, gənclər təşkilatlarının üzvlərinin izlənməsi və sonrakı həbsi halları sürətlə artdı. İsraillə əməkdaşlıq məsələsinin bir aspektinə də toxunmağa xüsus ehtiyac var və bunu İlham Əliyevin lobbiçilərinin özlərinə də dəfələrlə açıq şəkildə demişəm. ABŞ və Avropadakı lobbiçi yəhudi təşkilatları daim İlham Əliyev rejiminin xeyrinə əsas arqument kimi Azərbaycanda antisemitizmin olmamasını göstərirlər. Bəli, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yoxdur və olmayacaq da, amma bu, Əliyev rejiminin xidməti deyil. Tolerantlıq Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış milli düşüncəsinin və milli mədəniyyətinin tərkib hissəsidir, özü də bu, təkcə yəhudilərə münasibətdə deyil. Azərbaycanın hələ Çar Rusiyasının tərkibində olduğu vaxtlardan Avropadan mühacirət edən almanlardan tutmuş Rus Pravoslav Kilsəsi tərəfindən təqib olunan staroverlərə, molakanlaradək hamı məhz Azərbaycanda təminatlı sığınacaq tapmışdı. Amma antidemokratik və antimilli mahiyyəti olan rejimi beynəlxalq müstəvidə bu cür açıq və haqsız müdafiə etmək həmin ənənənəyə, mədəniyyətə  dağıdıcı təsir göstərir. Çünki Azərbaycan xalqının yüksək və sabit milli dəyərlərini lobbiçilik pulu xatirinə antimilli rejimin xidməti kimi təqdim etmək həm də milli hisslərimizə, qürurumuza hörmətsizlikdir. 
Beləliklə, görünən həm də budur ki, Eldar Mahmudov vaxtilə göstərdiyi müstəsna xidmətlərinə və bunun sayəsində əldə etmiş olduğu bilgilərinə görə İsrail tərəfindən də himayə olunur.      

Wednesday, January 18, 2017

3-cü yazı: 2005 - keçid ili

Ümumiyyətlə, 2005-ci il barəsində danışdıqda əsas diqqətçəkən hadisə kimi Elmar Hüseynovun qətlə yetirilməsi yada düşür, əslində isə həmin il Azərbaycanın ictimai-siyasi həyatında keçid ili kimi xarakterizə olunmalıdır. Parlament seçkiləri ili olan 2005-ci il ölkənin siyasi sisteminin demontajının başlanğıcı idi. Özü də bu demontaj təkcə İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti tərəfindən deyil, həm də beynəlxalq aləmin bəzən susqun, bəzən isə açıq dəstəyi ilə həyata keçirilirdi. Beynəlxalq dəstək Əliyev hakimiyyətinə həm bir sıra Qərb ölkələri, həm Rusiya, həm də Türkiyə tərəfindən göstərilirdi. Bu məsələdə xüsusi canfəşanlığı isə o zamankı bir qrup ABŞ rəsmisi həyata keçirirdi. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində İlham Əliyevə açıq dəstək verən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş alman həmkarı Klaus Qrevlixlə birlikdə 2003-cü il seçkiləri ərəfəsində faktiki olaraq İlham Əliyevin təbliğatçısına çevrilmişdilər və Azərbaycanda çalışan Qərb diplomatlarını da bu işə sövq edirdilər. Yeri gəlmişkən, hər iki səfirin diplomatik karyerası da çox ironik şəkildə yekunlaşdı: 2003 - 2005 illərdəki xüsusi canfəşanlıqdan həmən sonra hər iki səfir diplomatik xidmət müddətləri başa çatmamış geriyə çağrılaraq diplomatik xidmətdən biabırçı şəkildə xaric edildilər. Amma bu, heç də nə ədalətin təntənəsi, nə də taleyin ironiyası deyildi. Azərbaycanda müxalifət düşərgəsinin son həddə qədər çökdürülməsində fəal iştirak etmiş diplomatlar artıq heç kəsə lazım deyildilər. Üstəlik də Azərbaycan hakimiyyətilə bütün məsələləri lazımi şəkildə çözə biləcək yeni fiqur vardı. Bu, 2005-ci ildə ABŞ dövlət katibi müavinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi postuna təzəcə təyin olunmuş Metyu Brayza idi. Yuxarıda adı çəkilən hər iki səfirdən daha sinik olan Brayza Azərbaycanın tipik neft ölkəsinə çevrilməsi, ölkədə antidemokratik avtoritar hakimiyyət piramidasının möhkəmləndirilməsi strategiyasını reallaşdırmalı idi. Paralel olaraq, bir sıra Qərb ölkələrinin Azərbaycanın guya demokratik inkişafında maraqlı olması imitasiya olunmalı idi. Bu məqsədlə bir qrup QHT-nin onlara ayrılan qrantlar hesabına fəaliyyəti görüntüsü qabardılaraq bir növ onların guya müxalifəti əvəz edəcəyi mifi yaradılırdı. Əslində belə bir model mümkün idi və həmçinin də qonşu Gürcüstanda uğurla həyata keçirilmişdi. "Qızılgül inqilabı" müxalifətdən daha çox digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin nəticəsi idi. Amma belə bir plan Azərbaycan üçün nəzərdə tutulmurdu və QHT-lərin dəstəklənməsi də növbəti mərhələdə onların qurban verilməsilə başa çatmalı olan keçid faza idi. 2005-ci il ərəfəsində (2004-cü ilin yayında) MTN-nin peşəkar rəhbərinin dəyişdirilərək, onun yerinə xırda və qaydasız kriminal elementin gətirilməsi həmin planın tərkib hissəsi idi. Belə ki, Heydər Əliyevin hakimiyyəti illərində gücləndirilmiş və peşəkarlıq səviyyəsi artırılmış (bu sistemin yetirməsi olaraq, H. Əliyev MTN-nin əhəmiyyətini şübhəsiz ki, çox yaxşı anlayırdı) təklükəsizlik nazirliyi Azərbaycanı sürətlə xəfiyyələr məkanına çevirən xarici kəşfiyyatlara nəinki lazım deyildi, hətta ciddi maneə idi. Odur ki, MTN dağıdılmalı idi və bunu həyata keçirməyin ən optimal yolu həmin qurumun peşəkar xüsusi xidmət orqanından kriminallaşmış repressiv siyasi polisə transformasiyası idi. Bu, həm də  ölkənin siyasi sisteminin demontajı mərhələsinin tələblərinə tam uyğun idi. MTN-nin dağıdılmasında kleptokratik hakim oliqarxiya da maraqlı idi. Burnunun ucundan uzağı görmək qabiliyyəti olmayan hakim oliqarxiya sadəlövhcəsinə bundan sonra onun tükənməz tamahına nəzarətin xeyli zəifləyəcəyini düşünürdü. Başqa sözlə, Azərbaycanın siyasi institutlarının dağıdılmasına start MTN-nin dağıdılmasından verilmişdi və bu orqanın sıradan çıxarılmasında da bütün tərəflərin öz marağı vardı. Məhz bu səbəbdən də qəflətən vəzifəsindən azad edilən Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçi deyil, oğru-quldur mahiyyətli keçmiş OBXSS əməkdaşı gətirildi. 12 il ərzində addım-addım qurulan MTN bir neçə ay ərzində quldur yuvasına çevrildi. MTN zabitinin şərəf və ləyaqətini kodeksinə zidd əməllər sayıan "cibə narkotik maddə atmaq", işgəncələr tətbiq etmək, ailə üzvlərini girov götürmək, insanları ailəsilə şantaj etmək kimi əməllər MTN-nin gündəlik fəaliyyət vasitələrinə çevrildi. Artıq Milli Təhlükəsizlik Nazirliyinə işə yalnız rüşvətlə götürürdülər və bütün bu məsələlər barədə ölkə başçısının da, onun administrasiyasının rəhbərinin də ətraflı məlumatı vardı. Məlumatları vardı, amma tədbir görülmürdü. Daha dəhşətli hal isə bu idi ki, MTN rəhbərlərinin tapşırığı, iştirakı ilə törədilən və ictimai rezonans doğurmuş cinayətlərin təhqiqatı MTN-ə tapşırılırdı. Məsələn, Elmar Hüseynovun qətli kimi...
Amma yeni MTN rəhbərliyinin hədəfinə tuş gələnlər təkcə müxalifət, media və vətəndaş cəmiyyəti nümayəndələri deyildi. Elmar Hüseynovun qətli ərəfəsində Azərbaycan cəmiyyətini şoka salan daha bir xəbər gündəmi tutdu - həmin günədək ölkədə az qala heç kəsin tanımadığı Hacı Məmmədovun qanqster bandası ifşa olundu. MTN-nin keçirdiyi və cəmiyyətə sensasion şəkildə təqdim olunan "Qara kəmər" əməliyyatı nəticəsində uzun müddət qanqster kimi fəaliyyət göstərmiş bandanın üzvləri həbs olundu. Həmin əməliyyatın keçirilməsinin səbəbi kimi isə Beynəlxalq Bankın rəhbəri, hal-hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın həmin banda tərəfindən oğurlanması göstərilirdi. Əslində isə Hacı Məmmədovun bu işə heç bir aidiyyatı yox idi və Zamirə Hacıyevanın oğurlanması onu əvəzləməli olan yeni qanqster bandası tərəfindən həyata keçirilmişdi. Elə olmasaydı Hacı Məmmədovun həbs olunması onun yanına gələn Eldar Mahmudovla yarım saatlıq söhbətdən sonra həyata keçirilməzdi. Elə olmasaydı cəza müddəti bütün məhkəmə instansiyalarında təsdiq olunmuş Hacı Məmmədov hökmü oxunduqdan sonra 1o ildən artıq Mahmudov MTN-nin istintaq təcridxanasında saxlanılmazdı. Bütün bu məsələlərdən ölkə rəhbərliyinin xəbəri olmaya bilməzdi, çünki məhz Hacı Məmmədovu orada saxlamaq üçün həmin istintaq təcridxanasına cəzaçəkmə müəssisəsi statusu verilmişdi ki, bu da Eldar Mahmudovun nə statusuna, nə də səlahiyyətinə aid məsələ deyildi. Deməli, cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra "dilinin açıla" biləcəyi ehtimal olunan Hacı Məmmədovun danışması təkcə Mahmudov üçün təhlükəli deyildi. Burdan belə qənaətə gəlmək olur ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi də Hacı Məmmədovun sahibləri deyildi. Hacı Məmmədov və ya onun sifarişçiləri İlham Əliyevin bankirinin arvadını oğurlamaq üçün ən azı ağıllarını itirməli idilər. 2005-ci ildə baş vermiş bütün bu hadisələr göstərirdi ki, ölkədə siyasi hakimiyyətin kriminallaşması sürətlənmişdi və bu prosesin önündə də MTN gedirdi. Təbii ki, icraçı qismində...

Monday, January 16, 2017

1-ci yazı: Mahmudov niyə nazir edildi?

2003-cü ildə hakimiyyəti atasından miras qəbul edən İlham Əliyev özünü son dərəcə narahat hiss edirdi. Bu da təbii idi - heç bir siyasi təcrübəsi, özünə inamı, iradəsi və nəhayət komandası olmayan bir şəxs başqa cür görünə də bilməzdi. Xüsusilə də bütün həyat və fəaliyyətini intriqalar üzərində qurmuş Heydər Əliyevdən sonra. Varis atasından qalmış ən arzuolunmaz mirası - onun komandasını idarə edə biləcəyinə əmin deyildi, odur ki, vəziyyətdən yeganə çıxış yolunu İlham Əliyev həmin bu komandanı dəyişməkdə görürdü. Amma onun olmayan təcrübəsi də deyirdi ki, bu, heç də göründüyü qədər asan olmayacaq. Elə bu səbəbdən də İlham Əliyev mühüm nazirliklərin başında ona sadiq, etibarlı və ən başlıcası sahibini qorumaq üçün hər şeyə hazır olan şəxslərin yerləşdirilməsini ilk addım kimi görürdü. Burda da bir problem vardı ki, KQB və partiya liderinin oğlu olmuş İlham Əliyevin dostlarının və tanışlarının dairəsi hər zaman çox məhdud olmuşdu, özü də təkcə kəmiyyət baxımından yox. Onun ətrafında daim "qızıl sovet gəncliyinin" tipik nümayəndələri olmuş bir qrup həmyaşıdı toplaşmışdı ki, bunlar da sovet partiya, hökumət, mədəniyyət və elm-təhsil nomenklaturası ierarxiyasında yuxarı mövqelər tutan atalarının dəyərsiz oğulları idi. Adətən, yalnız formal olaraq ali təhsilə, dayaz intellektə və kosmopolit təfəkkürə malik olan bu ərköyün balalar xüsusi qabiliyyətlərilə seçilmir, bir çox hallarda əyyaş və pozğun həyat tərzi yaşayır, vəzifəli atalarının kölgəsində "başlarını girləyirdilər". Həmin zümrənin nümayəndələrini xarakterizə edən tipik cəhətlərdən biri də rusdilli olmaları ilə qürur duymaq, bu səbəbdən də özünü elitar hiss göstərərək millət olaraq azərbaycanlılara yuxarıdan aşağı baxmaları idi. Rüşvət, oğurluq pulları ilə boya-başa çatmış, ali məktəbdə sessiya imtahanları qiymətlərindən tutmuş "çalışdıqları" iş yerlərinədək hər şeyi tapşırıqla və digər əyri yollarla əldə etmiş bu şəxslər həm də sovet nomenklaturası ailələri üçün xarakterik olan riyakarlıq, yaltaqlıq, özündən güclüsü qarşısında qorxaqlıq, əliəyrilik, əyyaşlıq, simasızlıq, qabiliyyətsizlik kimi keyfiyyətləri qazanmışdılar.
Beləliklə, 1987-ci ildə Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyündən azad edildikdən sonra İlham Əliyevin ətrafında barmaqla sayılacaq qədər yuxarıda göstərdiyim keyfiyyətdə dostu qalmışdı. Burda bir haşiyə də çıxım ki, həmin dövrdə Moskvada İlham Əliyevin "kruquna" daxil olan şəxslərin demək olar ki, hamısı o dövlət başçısı postuna yiyələndikdən sonra dövlətdə yüksək vəzifələr alaraq öz mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydular və bəziləri isə hələ da buna davam etməkdədir. Həmin şəxslərdən biri də akademik oğlu olan Eldar Mahmudov idi...
İlham Əliyev hakimiyyətə birdən gəlmədi, buna bir heçə il idi ki, hazırlıq gedirdi. Hakimiyyət intriqalarını və dövlətin başına gəlməyin yollarını yaxşı bilən, bunu öz təcrübəsində uğurla həyata keçirmiş Heydər Əliyev hakimiyyəti oğluna ötürməyə ilk növbədə beynəlxalq aləmin razılığını almaqdan başlamışdı. Əvvəlcə ABŞ prezidenti Bill Klintonla görüşə İlham Əliyevi də aparan Heydər Əliyev həmin görüşdə xoşagəlməz halla üzləşdi - Heydər Əliyevi salamlayan Klinton onun oğlu ilə əl tutub görüşmədi və bu da Azərbaycanın müstəqil və müxalif mətbuatının diqqətindən yayınmadı. Mətbuat səhifələrində İlham Əliyevin ABŞ prezidentilə əl tutub görüşmək səhnəsi əks etdirən fotolar deyil, bununla bağlı istehzalarla dolu çoxsaylı yazılar yer aldı. 
Nəhayət, 2001-ci ilin aprelində ABŞ-ın dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə Florida ştatının Ki Vest şəhərində keçirilən Qarabağ danışıqlarından sonra Vaşınqtona gələn Heydər Əliyev yeni prezident Corc Buşla Azərbaycanda hakimiyyətin ötürülməsi məsələsini də müzakirə edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən biri (2001-ci ildə həmin şəxs ABŞ-ın Qafqaz və Xəzər bölgəsi üzrə xüsusi nümayəndəsi olaraq bu görüşdə iştirak etmişdi) Bakıda olarkən bu barədə bir sıra media və vətəndaş cəmiyyəti nümayəndələrilə qeyri-formal görüşündə həmin söhbəti belə təsvir etmişdi: "Heydər Əliyev Corc Buşdan oğlunun onu əvəzləməsi üçün ABŞ-ın dəstək göstərməsini xahiş edəndə Buş gülüb dedi ki, sizdə məgər monarxiyadır? Amma sonra təyin elədilər..."
Hakimiyyətə hazırlaşan İlham Əliyev ona atasından miras qalacaq komandanı əvəzləmək üçün hələ Heydər Əliyevin prezidentliyi dönəmində bu istiqamətdə fəaliyyətə başlamışdı. Gələcək komandada əsas "vuran əl" vəzifəsi Eldar Mahmudova tapşırılmalı idi. Amma bir fərqlə ki, həmin dövrdə İlham Əliyev bu işi həyata keçirəcək əsas dövlət qurumu kimi MTN-i deyil, DİN-i görürdü.  Ramil Usubova Eldar Mahmudovla əvəzləməyə hazırlıq mərhələsi kimi ilk addım olaraq Eldar Mahmudov DİN-də vəzifəyə gətirilməli idi və gətirildi də. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin olunan uğursuz akademik oğlu çox qisa müddətdən sonra həmin vəzifədən atıldı. Bir sıra mənbələrin verdiyi məlumata görə bunun arxasında duran əsas səbəb Heydər Əliyevə Eldar Mahmudov barəsində çox ciddi "kompromatların" (ifşaedici materialların) təqdim edilməsi olmuşdu. Bununla da Mahmudovun gələcək hakimiyyətin daxili işlər naziri ulduzu parlamadan söndürüldü...
Amma cəmi bir neçə ildən sonra polis orqanlarında yarıtmaz və yaramaz kadr reputasiyası qazanmış Eldar Mahmudov Azərbaycanın təzəcə ayağa qalxmağa başlayan Milli Təhlikəsizlik Nazirliyinin rəhbəri edildi. Bu, təhlükəsizlik orqanlarının nəinki iş prinsiplərindən, fəlsəfəsindən, mahiyyətindən xəbərsiz olan, hətta mənəvi və əxlaqi baxımdan bu orqanlarda ən aşağı vəzifə tuta bilməkdən xeyli uzaq olan keçmiş OBXSS işçisi Eldar Mahmudov üçün başgicəlləndirici təyinat idi. Amma bu təyinat ona dost hədiyyəsi deyildi, Mahmudov həmin vəzifəyə İlham Əliyev tərəfindən onun hakimiyyətini qorumaq və möhkəmləndirmək üçün zəruri olan çirkli işləri görmək üçün gətirilmişdi. Təbii ki, burda xarici amilin də rolu vardı - hələ gənc yaşlarından SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunmuş keçmiş OBXSS əməkdaşının dosyesi Moskvada idi...

Sunday, January 15, 2017

"MTN işi" niyə az qala yalnız Çovdarovun cinayətləri üzərində qurulub?

Eldar Mahmudovun quldur dəstəsinin MTN rəhbərliyindən kənarlaşdırılmasından 15 aya yaxın vaxt keçir və bütün iddialara baxmayaraq, dəstənin başçısı Eldar Mahmudov hələ də azadlıqdadır və yəqin ki, İlham Əliyev onun həbsinə heç vaxt qərar verə bilməyəcək. Bu da səbəbsiz deyil... 
Mahmudovun işdən çıxarılmasının səbəbləri barədə ən müxtəlif versiyalar səsləndirilsə də bunun əsl səbəbləri tam aydın deyil və yüksək ehtimalla bu hakimiyyətin dönəmində açılmayacaq da. 

Beləliklə:
- Mahmudov hansı səbəblərdən bu günədək həbs olunmayıb?

- Onun cinayətləri, o cümlədən ağır dövləti cinayətləri barədə dövlətin başçısına illər ərzində müntəzəm məruzələr olunsa da, İlham Əliyev bunlara niyə göz yumurdu?

- Eldar Mahmudova Bəylər Əyyubov da daxil olmaqla Əliyevin ən yaxın ətrafının telefonlarını dinləmək səlahiyyəti dövlət başçısı tərəfindən niyə verilmişdi? 

- Niyə quldur dəstəsinin əksər cinayətlərinin başında duranlardan biri - keçmiş nazir müavini Hilal Əsədov hələ də istintaqa cəlb olunmur?

- Niyə keçmiş MTN-nin İstintaq Baş İdarəsinin əməkdaşları məhkəmə qarşısına çıxarıldığı halda idarənin keçmiş rəisi Mövlam Şıxəliyevin adı belə çəkilmir? Onu kim və nəyin müqabilində himayə edir?

- Keçmiş MTN-nin Antiterror Mərkəzinin keçmiş rəis müavini polkovnik İlqar Əliyev həbsxanada niyə "öldü"?

- Bu idarənin keçmiş rəisi general Elçin Quliyev həbs olunsa da niyə onun barəsində aparılan istintaq haqqında heç bir məlumat verilmir?

- Hansı səbəblərdən Mahmudov dəstəsinin törətdiyi ağır dövləti cinayətlər xalqdan ciddi cəhdlərlə gizlədilir? 

Bu və digər suallara cavablarımı ən yaxın günlərdə ətraflı silsilə yazılarımda burada - bloqumda oxuya biləcəksiniz.  

Sunday, June 7, 2015

Azərbaycan üçün Rusiya ssenarisi

Prinsip etibarilə ssenari yeni deyil və o, ən azı iki il əvvəl işə salınıb. Məhz o zaman biz həyəcan təbili çalırdıq ki, hakimiyyətdəki Rusiya 5-ci kolonunun fəaliyyəti Azərbaycan-Qərb münasibətlərini pozaraq, ölkəni Rusiya qarşısında tək buraxmağa start götürüb və məlumdur ki, belə bir planın arxasında bəlli dövlət dayanır. Lakin çox təəssüf ki, bu pozucu fəaliyyətin qarşısının zamanında alınmaması pozucuların hədəfə çatmasına şərait yaratdı. Hakimiyyətdəki Rusiya "təsir agenturası" addım-addım əvvəlcə ABŞ-la, sonra isə Avropa Birliyi ilə münasibətləri dağıtmağa müvəffəq oldu. Riqa sammiti Azərbaycanın xarici siyasətdə balansı qoruyub saxlaması üçün sonuncu şans idi və məhz elə bu səbəbdən də sammitə sayılı günlər qalmış Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfərə gəldi. Bu ranqda Rusiya rəsmisinin səfəri barədə isə nə Azərbaycan, nə də Rusiya mediasında demək olar ki, heç bir ciddi məlumat verilmədi. Lakin səfərin nəticəsi özünü çox gözlətmədi - Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramı üzrə Riqa Sammitində iştirak etməyi planlaşdıran İlham Əliyev son anda səfərdən imtina elədi və dövlət rəsmiləri səviyyəsində Qərbin, Avropa Birliyinin ünvanına yeni sərt ittihamlar dalğasına start verildi. Rəsmi Bakının bu "siyasətindən" bezən Qərb də öz növbəsində Azərbaycandan məsafələşməyə qərar verməyə məcbur oldu. Nəticə isə acınacaqlıdır: artıq Rusiya müdafiəsiz qalmış Azərbaycanın hakimiyyətindəki Qərbə loyal nazirləri sıradan çıxarmaqla məşğuldur. Hal-hazırkı mərhələdə hədəfdə görünən xarici işlər naziri Elmar Məmmədyarovdur, sonrakı mərhələlərdə isə növbənin maliyyə naziri Samir Şərifova və təhsil naziri Mikayıl Cabbarova çatacağı aparılan siyasətin artıq aydın görünən konturlarıdır. Tamamilə mümkündür ki, bu proses (adı çəkilən nazirlərin kənarlaşdırılması və onların yerinə Rusiyaya loyal olan şəxslərin gətirilməsi) Rusiya prezidenti Vladimir Putinin Avropa Oyunlarının açılışına səfərindən sonra sürətlənsin. Bu halda sonrakı mərhələdə Rusiya Azərbaycan Respublikasının baş naziri postuna öz adamını daha asanlıqla gətirə biləcək və bu da yüksək ehtimalla güc nazirlərindən biri olacaq. Bundan sonrası isə artıq necə deyərlər, texniki məsələdir, çünki Azəraycan Respublikasının Konstitusiyasına əsasən baş nazir prezidentdən sonra dövlətin ikinci şəxsi sayılır... 

Monday, November 24, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu (davamı)
Milli dövlətçiliyin və ya müstəqilliyin milli özünüdərk üzərində qurulması səbəbindən o (milli özünüdərk), təkcə dinlər tərəfindən deyil, həm də imperiyalar tərəfindən hədəfə alınırdı və bir çox hallarda hər ikisi bu məsələdə çox səmərəli əməkdaşlıq da qururdu. Bu gün də bu belədir və sovet imperiyası Azərbaycanın tarixini, əlifbasını deyil, həm də millətin adını dəyişməkdə məhz milli özünüdərkdən, sonda isə milli dövlətçilik ideyalarından uzaqlaşdərmaq məqsədi güdürdü. Bu işdə nəzərə çarpacaq uğurlar əldə edən sovet rejimi bu məsələdə özünün potensial opponenti olan dini amansızcasına təqib edir, bütün mümkün olan və olmayan vasitələrlə sıxışdırıb ideoloji mübarizə müstəvisindən çıxarırdı. 1920-1950 illərdə bu təqib total xarakter daşıyırdı və insanlar təkcə milli özünüdərkdən deyil, həm də dini dəyərlərindən uzaqlaşdırılırdı. Kommunist ideoloqları yaxşı anlayırdılar ki, cüzi bir boşluq həm dini, həm də milli düşüncə tərəfindən doldurula bilər və ona görə də bir çox hallarda hər ikisi sinfi mübarizənin düşməni kimi təqdim edilirdi. O da təsadüfi deyil ki, SSRİ-nın dağılması ərəfəsində hər iki düşüncə yaranan siyasi-ideoloji boşluğu sürətlə doldurmağa başladı. Bu baxımdan onilliklər boyu milli dövlətçilikdən məhrum edilmiş xalqların milli-azadlıq mübarizəsinin başlanğıcında millətçiliyi əsas ideoloji xətt kimi seçməsi də təsadüfi deyildi. Millətçilik, milli köklərə və milli özünüdərkə dönüş milli-azadlıq mübarizəsində uğura aparan ən qısa və ən uğurlu yol idi. Belə də oldu. Millətçi ideologiya ilə silahlanan azadlıq mübarizələri bəzən ifrat millətçiliyə yuvarlanır, bəzən isə digər millətlərin aşırı şovinist düşüncəsi ilə qarşılaşırdı. Azərbaycan da sonunculardan biri oldu.     
Müasir siyasi və hüquqi kontekstdə milli və etnik mənsubiyyətlər fərqli mahiyyət daşıyır: milli mənsubiyyət dedikdə bu gün daha çox vətəndaşlıq nəzərdə tutulur, etnik mənsubiyyət isə tamamilə fərqi bir kateqoriya hesab edilir. 
Siyasi baxışlar ictimai-siyasi fəaliyyətin bazis prinsiplərini təşkil edir və onlar heç bir halda etnik mənsubiyyətlə qarşı-qarşıya qoyula bilməz. Bütün dinlər milli kimliyə qarşı olub və bu gün də ona qarşıdır. "Dini kimlik" anlayışı da milli kimliyə alternativ kimi süni yaradılmışdır və burda da məqsəd etnik kimliyi onunla əvəzləməkdən ibarətdir. Dini mənsubiyyət kimliyi formalaşdıra bilməz, çünki din dəyərlər sistemidir, milli kimlik isə hətta marksist kontekstdə də soy-kök və etnik bağlılıq üzərində qurulur. Bu mənada ən maraqlı nümunə kimi İsrail dövləti yarananda (elə bu gün də) dinin ona qarşı ən barışmaz münasibət sərgiləməsini misal gətirmək olar. Xeyr, söhbət İslamdan yox, yəhudilərin milli dini olan İudaizmdən gedir (təbii ki, İudaimizmi şərti olaraq belə adlandırmaq olar, amma bu da faktdır ki, İudaizmi qəbul edən şəxs yəhudi sayılır). Hindistan dini baxımdan ən rəngarəng ölkədir, amma bu ölkədə İslama, Xristianlığa, Buddizmə və ya Hinduizmə mənsub olmaq etnik baxımdan hindli olmağa qarşı getmir (və ya gedə bilmir). Hindistanda da azadlıq hərəkatı heç də dini deyil, məhz milli zəmində başlandı və qalib gəldi, yəni milli-azadlıq mübarizəsinin tiik nümunəsi oldu. 
Ötən yazıda qeyd etdiyim kimi dini mənsubiyyətin önə çəkilməsi, siyasi baxışlara müvafiq çalarların verilməsi, aşırı millətçiliyin təbliği və psevdomillətçilik mahiyyət etibarilə milli özünüdərkə qarşı istifadə edilir və bunun da konkret səbəb və hədəfləri var. Dini baxışlarla milli özünüdərkin toqquş(durul)masının səbəblərinə yuxarıda nəzər saldıq. Siyasi baxışlar (siyasi əqidə) heç bir halda milli təfəkkürlə nə eyniləşdirilə, nə də onunla təzad təşkil edə bilməz. Mühafizəkar, sosialist və ya liberal siyasi baxışları olmaq fransız, italyan, rus və ya azərbaycanlı olmağa qarşı deyil və ola da bilməz. Çünki bunlar tamailə ayrı-ayrı kateqoriyalardır. Məncə burda sadə bir arqument kifayətdir ki, bu gün liberal, sabah baxışlarını dəyişib sosialist olmaq mümkündür, amma bu gün ingilis olaraq, sabah fransıza çevrilmək qeyri-mümkündür. Azərbaycanda müasir siyasi cərəyanlara (baxışlara) mənsub olmağı "milli mentalitetə" qarşı təqdim etmək kimi absurd bir praktikadan tez-tez istifadə edilir. Səbəbləri bəllidir: əvvəla, insanları ümumiyyətlə siyasi bilgilərdən və siyasi baxışlardan çəkindirmək, ikincisi də, bütün avtoritar və totalitar rejimlərin populyar platforması olan millətçiliyi (daha doğrusu, psevdomillətçiliyi) önə çəkmək. Diqqət yetirsək görərik ki, bizim ölkədə özünü millətçi təqdim edənlərin mütləq əksəriyyəti (eynilə dini kəsimdə olduğu kimi) hakimiyyətə daha loyaldır, nəinki ona sivil opponentlik edənlərə. Halbuki, ilk baxışdan mövcud hakimiyyət bir çox səbəblərdən məhz özünü millətçi kimi təqdim edənlərin hədəfinə tüş gəlməli idi. Burda mən əsla hakimiyyətin etnik və ya başqa tərkibini nəzərdə tutmuram, söhbət konkret olaraq onun apardığı siyasətdən gedir. Məncə bu loyallığın səbəbləri üzərində də xüsusi dayanmağa ehtiyac yoxdur. Digər tərəfdən, hakimiyyət tez-tez özünü milli maraqların yeganə müdafiəçisi kimi təqdim edərək, milli mövzunu istismar edir. Təəssüf ki, əksər hallarda hər iki qrup cəmiyyətin müəyyən kəsiminin həssas nöqtələrinə toxuna bilir. Daha doğrusu, bu hissləri tez-tez "alışdırıb-söndürməklə" onların kütləşməsinə çalışır. Bunun da səbəbləri aydındır - hüquqların pozulduğu, azadlıqların alındığı, mülkiyyətin talandığı bir ölkədə milli-azadlıq ideyaları hüquq və azadlıqlar uğrunda mübarizə üçün ən optimal platforma ola bilər.  Belə olan şəraitdə də milli-azadlıq hərəkatının ikinci mərhələsini - hüquq və azadlıqlar uğrunda mübarizəni təsəvvür etmək belə çətidir. Hərəkatın növbəti mərhələsi olaraq bu mübarizə də yalnız milli özünüdərkin önə çıxdığı bir şəraitdə mümkündür. Məhz bunun qarşısını almaq üçün həm xarici, həm də daxili maraq dairələri milli düşüncəni bütün mümkün vasitə və üsullarla gözdən salmağa çalışır və bu istiqamətdə müəyyən uğurlar da nail olublar. Əgər bu gün Azərbaycan insanı öz vətəndaşlığı ilə qürur duya bilmirsə, hakimiyyətin siyasətindəki bütün eybəcərlikləri az qala milli düşüncənin və milli ənənələrin məhsulu kimi qəbul edirsə, nəhayət, milli mənsubiyyətinə görə utanırsa, deməli hakimiyyət və onun "millətçi" satellitləri xeyli uğura imza ata biliblər. Hakimiyyətin və onun xarici havadarlarının da məqsədi elə bundan ibarət idi. Bu isə o deməkdir ki, sosial yönümlü, mühafizəkar və ya liberal siyasi modelindən asılı olmayaraq, qanunun aliliyinin təmin olunduğu, vətəndaş hüquq və azadlıqlarının qorunduğu demokratik dövlət uğrunda mübarizə milli özünüdərkin üzərində qurulmalıdır. 

Sunday, November 23, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu

Xatırlayırsınızsa, bu mövzuda birinci yazımı Əkrəm Əylislinin "Daş yuxuları"na həsr eləmişdim. Həmin vaxtdan keçən ilyarım ərzində dəfələrlə mövzuya təkrar müraciət etmək istəsəm də, hər dəfə başqa işlər bu fikirdən yayındırdı. Nəhayət, dünən noyabrın 22-də böyük bəstəkarımız Fikrət Əmirovun doğum günü bu yazıya stimul verdi. Amma bu dəfə bu mövzuda məsələnin bir sıra tarixi-praktiki və nəzəri aspektlərinə də toxunacağıq. 
Beləliklə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin birinci yarısı tarixdə daha çox milli dövlətçilik ənənələrinin formalaşması və bu yolda (və ya bu məqsədlə) milli kimliyin önə çıxması ilə yadda qaldı. Milli dövlətlərin sərhədlərinin müəyyənləşməsi, bu yolda aparılan qanlı savaşlar, kolonial xalqların milli-azadlıq mübarizəsi fonunda imperializmin süqutuna gətirən üsyanlar və nəhayət, nasional-sosialistlərin milli imperiya yaratmaq uğrunda aprdığı qanlı savaşın uğursuz sonluğu. Napoleon Bonapartdan başlayan və kilsənin dominantlığının (dini birliyin) pozulmasına gətirən tarixi mərhələnin bünövrəsi əslində 16-cı əsrin birinci yarısında Roma Katolik Kilsəsini islahata çağıran alman ilahiyyatçısı Martin Lüterin nəzəri və praktiki çalışmalarından qoyulmuşdu. Martin Lüter Vatikanın vahid Avropa xristian birliyini pozmağa, katolik kilsəsinin "iki addımlığında" yeni reformist cərəyanın meydana gəlməsinə nail olmuşdu. Bu məqsədlə o, hətta Vatikanın əsas qadağalarından biri olan Bibliyanın tərcüməsinə də əl ataraq, onu alman dilinə çevirmişdi. Sonralar bu cərəyanın adı "protestantizm" və ya "lüteranlıq" olacaqdı və Vatikanın hakimiyyətini Lüteri lənətləyib kilsədən uzaqlaşdırmaqdan tutmuş iki mərhələdə inkvizisyaya əl atması və hətta "Varfolomey gecəsi" adı ilə tarixə düşən dəhşətli qətliamı törətməsi belə xilas edə bilməyəcəkdi. Lüteranlıq isə daha çox milli cərəyan olaraq German tayfaları arasında yayılaraq gələcək vahid alman dövlətinin təməlini qoyacaqdı. Əlbəttə ki, bu proses mərhələli olaraq gedəcək və həm Prussiya kralı II Fridrixin, həm də Bismarkın siyasəti də əslində məhz vahid milli kökə malik olan pərakəndə tayfalardan vahid milli dövlət qurmaqdan ibarət olacaqdı. Bismark bu yolda daha uğurlu oldu və şübhəsiz ki, bütün tarixi kataklizmlərdən, ağrılı, itkili savaşlardan keçməsinə rəğmən dinamik sürətlə inkişaf edən alman dövlətinin təməli milli ideya ətrafında yaradılan milli dövlətdən başlandı. Bu da təbiidir, çünki milli ruh (mədəniyyət, ədəbiyyat və s.) milli özünüdərkin təməlini qoymuş olur, milli özünüdərk də milli dövlətçiliyin formalaşmasında, güclənməsində həlledici rol oynayır. 
Amma milli özünüdərkin qarşısında əsas maneələr təkcə dinin milli kimliyi əvəzləməsi cəhdlərilə kifayətlənmir. Onun (milli özünüdərkin) formalaşmasının qarşısını almağa yönələn metodlar və amillər təsəvvür elədiyimizdən daha zəngin və daha rəngarəngdir, həm də onların bir hissəsi süni olaraq milli mənsubiyyətə və milli özünüdərkə qarşı qoyulur. Gördüyümüz kimi, bu barədə xeyli ətraflı yazmaq lazım gələcək. Odur ki, bu yazıda hələlik onlardan daha geniş tətbiq edilənlərini sadalamaqla kifayətlənək:
-   Müxtəlif siyasi baxışlar (məsələn, solçuluğun və ya liberalizmin milli dövlətçilik ideyasına qarşı qoyulması;
- Milli özünüdərkin milli ayrı-seçkilik kimi təqdim edilməsi;
- Aşırı millətçilik və şovinizm;
- Psevdomillətçilik yaymaqla milli kimliyin və milli mənsubiyyətin utanc mənbəyinə çevrilməsi;
və s.
(davamı var)