Saturday, January 12, 2013

Yeni gənclik, yeni ölkə, yeni tarix

İllər öncə Fridrix Naumann Fondunda çalışanda gənclərlə müntəzəm işə başladıq. Həmin illər düşünürdüm ki, görəsən bu uşaqlar nə zaman böyüyüb sözlərini deyəcəklər və hər dəfə də tədbirlərə yekun vuranda gənclərə son sözlərim bu olurdu: "Oxuyun, böyüyün və ölkənizə sahib çıxın!" Buna inanırdım, amma şüuraltı düşünürdüm: görəsən bu nə zaman baş verəcək?
Bizim nəsil yenidənqurma, milli-azadlıq mübarizəsi və müstəqillik illərinin gəncliyi idi. Bacardığımızı etdik, edə bilmədiyimizi övladlarımıza yük saxladıq. Bu səbəbdən də gəncliyə borcumuz vardı və hələ var da: onun üçün yollar açmaq, gəncliyi mübarizəyə hazırlamaq və onlar mübarizəyə hazır olanda bu yoldan çəkilmək. Biz şəhidlər verdik, dövlət qurduq, həyatımızı həsr elədik bu yola, amma gəncliyimiz bu yolu keçməməlidir və inanıram ki, keçməyəcək də. Biz ölkəni zəbt edənlərlə illərdir çarpışırıq və bəzən bunu çox uğursuz edirik. Biz boylanırdıq, gözləyirdik, axtarırdıq: hanı o gənclik? Niyə axı estafeti qəbul eləməyə tələsmir?
12 yanvar 2013-cü il. Bu yeni tarixin ilk günüdür. Gənclik gəldi və o, çox cəsarətlə gəldi! Bu illərdir gözlədiyimiz, yetişməsində az da olsa rolumuz olan yeni mübarizlər ordusudur. 
Yeni tarixə, yeni siyasi reallığa, yeni ölkənizə xoş gəldiniz! Gəlin və onlara sahib çıxın! 
Bu gün adam bu sözləri daha inamla deyir.

Wednesday, December 5, 2012

İlham Əliyevə "Ayı xidməti"

Qərb öz ampluasındadır və çoxmənalı, ikibaşlı bəyənatları ilə İlham Əliyevə "ayı xidməti" göstərməkdə davam edir. Bu dəfə bu xidməti Avropa Birliyinin səfiri Rolan Kobia göstərdi. AB səfiri deyib ki, İlham Əliyevin gələn ilki seçkilərdə qalib gəlmək şansı çoxdur. Özü də Rusiyanın İlham Əliyevə təzyiqinin pik nöqtəyə çatdığı bir zamanda və İlham Əliyevin MDB ölkələri başçılarının Türkmənistan görüşünə getmədiyi bir gündə. Rusiyanın reaksiyasının özünü çox gözlətməyəcəyini ehtimal etmək olar, əlbəttə ki, bəyənatlarda yox...
Amma səfir Kobianın "... amma biz düşünürük ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməyə daha çox şansı var, çünki o xalq arasında tanınır..." fikri isə yaxşı-yaxşı düşünməyə əsas verir. Məgər prezidenti xalq arasında tanınmağa görə seçirlər, yoxsa prezidentlik müddətində gördüyü işlərə görə? Düzü, deyə bilmərəm cənab Kobia bununla nə demək istəyib, amma özünə hörmət edən prezident bu cür "dəyərləndirməni" ən yaxşı halda onunla məzələnmək, ən pis halda isə düşündürücü xəbərdarlıq kimi qəbul edərdi. 

Tuesday, November 27, 2012

Qurtuluş (2 pardəli tragikomediya)

 İ pərdə.

2013-cü il, mart ayının təxminən 20-25-i. Milli Məclisin yaz sessiyasının iclası
Oqtay Əsədov: - Hörmətli millət vəkilləri! Bilirsiniz ki, mən spiker olaraq hər zaman demokratiyanın tərəfdarı olmuşam və bu gün də sizdən ölkədə baş verənlərə münasibət bildirmənizə şərait yaratdığıma çox şadam. Bu gündən etibarən heç kimə imkan vermərəm ki, bizim hörmətli millət vəkillərinin mikrofonunu söndürsün. Buyurun, danışın, fikrinizi bildirin. Beləliklə, carı məsələlərə dair çıxış üçün siyahıya 128 millət vəkili yazılıb...
Qüdrət Hədənquliyev (yerindən): - Oqtay müəllim, sizin o siyahı da Rövnəq Abdullayevin neft kontraktı  kimi donqilidir. 125 millət vəkili olan yerdə 128-i necə yazıla bilər çıxışa?
Oqtay Əsədov:-Qüdrət müəllim, üzr istəyirəm Qüdrət bəy, burda belə yazılıb, günah məndə deyil. Biz hətta bilirik ki, 5 nəfər artıq xaricə qaçıb, amma çıxışa yazılan doğrudan da 128-dir.
Fəzail Ağamalı:-Qüdrət bəy, mən 2 dəfə yazılmışam, çünki 2 müxtəlif mövzuda: biri bu iqtidarın səhvləri barədə, o birisi isə bizim hörmətli müxalifətimiz və onun möhtərəm liderləri barədə...
Sabir Rüstəmxanlı: - Qüdrət bəy, mən də 2 çıxışa yazılmışam
Əli Əhmədov:- mən də.
Qüdrət Həsənquliyev (istehza ilə):-Əli müəllim siz də YAP adından müxalifətə alqış çıxışı edəcəksiniz?
Əli Əhmədov: - Mən sizin istehzanızı başa düşmürəm. Məgər YAP nə zamansa bizim hörmətli müxalifətin ya da demokratiyanın əleyhinə olub? Siyavuş müəllimdən, ya Mübariz müəllimdən soruşa bilərsiniz. Biz üçümüz də hər zaman müxalifətlə dialoqun tərəfində olmuşuq. Hətta birlikdə məktub da imzalamışıq. Mən göstərə də bilərəm. Onların da hər biri 2 çıxışa yzılıb.
Qüdrət Həsənquliyev: - Onda belə çıxır ki, kimsə ümumiyyətlə çıxışa yazılmayıb...
(Bu an zala sükut çökür və bir qədərdən sonra spiker bu sükutu pozur).
Oqtay Əsədov (məyusluqla): Bəylər və xanımlar, yəni aramızda kimsə var ki, bu gün ölkənin hörmətli müxalifəti ilə birləşmək məsələsinə münasibət bildirmək istəməsin?
(bir qədər sükutdan sonra)
Vahid Əhmədov (kinayə ilə):-mən çıxışa yazılmamışam, çünki sözümü çoxdan demişəm. Qoy bu gün müxalifəti söyməkdən doymayanlar danışsınlar
Ziyafət Əsgərov (yerindən dik atılaraq): -Vahid bəy, yəni siz deyirsiniz Azərbaycan siyasətində kişilik qalmayıb? Bu nə münasibətdir ölkədəki demokratik inkişafa?
Vahid Əhmədov: - Mən sözümü hər zaman demişəm və burda heç oturmaq da istəmirəm.
(Aramla qapıya tərəf gedərək iclas zalını tərk edir)
Oqtay Əsədov: - Beləliklə ilk çıxış üçün siyahıda Rəbiyyət xanım Aslanova yazılıb. Buyurun!
Rəbiyyət Aslanova:- Hörmətli millət vəkilləri! Hamınız bilirsiniz ki, mən İnsan Haqları Daimi Komitəsinin sədri kimi, hər zaman ölkədəki müxalifət nümayəndələrinin hüquqlarını qorumuşam və (bu yerdə dözməyən və mandatı alınmasına baxmayaraq iclasa qatılan Gülər Əhmədova yerindən replika atır:- Buna bax ey, utanmır da gör nə danışır, hələ də nala-mıxa vurur! Mən Facebook-da yazanda ki, bizə inqilab lazımdır mənə ağzına gələni deyirdi. Camaatda üz var ey!!!!)
Rəbiyyət Aslanova onu kinayə ilə süzərək, davam edir: Haminiz bilirsiniz ki, mən bütün həbs olunanlarla bağlı hər zaman düşünmüşəm, bəzən açıq deyə bilməsəm də, yeyəndə də, yatanda da və hətta başqa situasiyalarda da ürəyim onlarla olub, qəlbimdə onlara olan sevgimi gəzdirmişəm...
Fazil Mustafa (onun sözünü kəsərək): - Rəbiyyət xanım düz deyir, bunlar hamısı yalan deyil, biz bunu birlikdə Ramiz müəllimin rəhbərliyi altında eləmişik. 
Bu yerdə zala səs küy düşür və Pişmillah! Pişmillah! sədaları ilə Hacı Allahşükür daxil olur və qalxır birbaşa tribunaya: Pişmillah-ir-Rəhmanirrəhim, mən xeyir-dua verməliyəm...
Oqtay Əsədov (onun sözünü kəsərək): - Hacı, sizin işinizə hələ var, əvvəl köhnəni yola salaq, sonra təzəyə xeyir-dua verərsiniz.
Bu yerdə zalda səs-küy bir az da artır və Siyavuş Novruzov şeyxin tribunanı tərk etməsini tələb edir. Mübahisə başlayır və bitməmiş zala Səfər Əbiyev daxil olur. 
Səfər Əbiyev: - Mən söz verirəm ki, ordu hər zaman xalqın tərəfində olub və belə də olacaq.
Ondan bir az geri qalan Ramil Usubov qışqırır:-Şərəfli Azərbaycan polisi də hər zaman olduğu kimi xalqı dəstəkləyir....
Bahar Muradova: - Bəs Eldar Mahmudov hanı? 
İqbal Ağazadə: - İndi zəng edib dostlardan öyrənərəm.
Oqtay Əsəsdov: - Lazım deyil, Eldar bəy, müəllim komandirovkadadır.
İqbal ağazadə: - Harda? Moskvada?
Ogtay Əsədov: - Xeyr, Tel-Əvivdə.
Bunu eşidən bütün məclis əhli sükuta dalır.
Pərdə enir. Növbəti günədək fasilə elan edilir...


Reallığımız budur...

Mənə jurnalist dostlarım tez-tez ölkədəki ictimai-siyasi durumu dəyərləndirmək haqda sualla müraciət edirlər. Dostlar, durum yetərincə acınacaqlıdır. Belə ki,
illər boyu iqtidara ölkənin siyasi sistemini dağıtmamağı tövsiyyə edirdik.
İllər boyu deyirdik ki, bütün siyasi opponentləri sıradan çıxarmaq lazım deyil.
İllər boyu xəbərdarlıq edirdik ki, Azərbaycan tipli dövlətlərdə "fors-major" situasiyalar istisna edilə bilməz. 
İllər boyu "balanslaşdırılmış xarici siyasət kursu" adlandırılan primitiv yalandan imtina edib prioritetləri müəyyənləşdirmək lazımdır.
Nəhayət illər boyu dönə-dönə təkrarlayırdıq ki, milləti aclığa, yoxsulluğa, səfalətə, mənəvi deformasiyaya məruz qoymaq lazım deyil.
Amma dediklərimizi özümüz eşidir, əvəzində isə iqtidardan "müdrik, uzaqgörən siyasətin" uğurları haqda reaksiyalar alırdıq. Deyirdik belə siyasətin olması üçün müdriklik, uzaqgörənlik bir yana, heç olmazsa azca siyasətçi olmaq lazımdır.
İndi o zaman yetişdi. Təssüf ki... Ona görə təssüf ki, iqtidar komandası və onun "müdrik, uzaqgörən siyasəti" qum dolu çürük torba kimi hər tərəfindən dağıldığı bir zamanda ölkədə siyasi münasibətlər sistemi yoxdur, qanunçuluq anlayışı itib-batıb, ağır durumda ölkəyə nəzarəti üzərinə götürə biləcək siyasi qüvvə yoxdur, millət acınacaqlı sosial durumdadır, xarici siyasət iflasa uğrayıb,
Bu günün və sabahın durumu budur.
Qorxuncdur, elə deyilmi? Bəli, amma budur.
Ümidverici deyil, elə deyilmi?
Razıyam, amma budur.
Reallığımız budur...

Monday, November 26, 2012

Putinin əsas müxalifəti hücuma keçir və ya Rusiya yeni "saray çevrilişi" ərəfəsində

Rusiya siyasəti hər zaman özünəməxsusluğu ilə seçilib. İnstitusional quruluşu və idarəçiliyi zəif olan superdövlətdə SSRİ dağıldıqdan sonra ictimai-siyasi sistemdə sabit, oturuşmuş, strateji hədəfləri müəyyənləşmiş siyasi partiya və birliklərin olmaması siyasi mübarizənin daim pərdəarxası getməsinə səbəb olub və bu münasibətlər sistemi hələ də davam etməkdədir. Buna misal olaraq deyə bilərik ki, sabit siyasi komandası olmayan ilk prezident Boris Yeltsinin rəhbərliyi dönəmində də, ondan sonra əsasən xüsusi xidmətlərin siyasi təmsilçisi olan Vladimir Putinin prezidentliyi dönəmində də Rusiya siyasətində qanunlara, əsasən də Konstitusiyaya söykənən real siyasət həyata keçirilməyib. Bu da son nəticədə özünü münasibətlərində real səlahiyyət bölgüsü olmayan hakimiyyət qanadları arasında balansın pozulmasında - əsasən də ali qanunverici və məhkəmə hakimiyyətlərinin zəifliyində və bu fonda icra hakimiyyəti qanadının dominantlığında göstərir. Rusiya siyasətinin digər bir spesifikliyi də bütün hakimiyyət qanadlarının legitimlik probleminin olmasıdır. Belə ki, mərkəzləşmiş avtoritar sistem və onun bütün elementləri əsasən qanunlar üzərində yox, onların icrasının imitasiyası üzərində fəaliyyət göstərir. Əlbəttə ki, belə bir şəraitdə funksional ictimai-siyasi münasibətlər sisteminin mövcud olmasından danışmağa belə dəyməz. Görünür məhz bu səbəbdən də Rusiyada müxalifətin özünün belə legitim statusu xeyli suallar doğurur və məhz bu səbəbdən də Dövlət Dumasında təmsil olunan partiyalar "sistem müxalifəti" adlandırılır, yəni mərkəzləşmiş avtoritar sistemin tərkib hissəsi. Amma siyasi məntiq belə bir şəraitdə "Bəs Rusiyadakı sistemin müxalifəti kimdir?" sualını gündəmə gətirir. Müxtəlif institut və analitiklərin dəyərləndirməsinə əsasən Rusiyada mərkəzləşmiş korrupsioner-avtoritar hakimiyyətin əsas opponenti də elə sistemin daxilindədir və bu ölkənin hərbi-sənaye kompleksidir. Bu cür hakimiyyətdaxili rəqabətin bünovrəsi hələ "xalqlar atası" İosif Stalinin dönəmində qoyulmuşdu və totalitar sistemin konkret məqsədlərinə xidmət edirdi. Əsas məqsədlər isə bunlar idi: cəmiyyətdə alternativ siyasi qüvvənin yaranmasına imkan verməmək və hakimiyyətdaxili mübarizəni 2-ci, 3-cü səviyyələrdə qapamaqla diktaturanın yuxarı eşolonlarının sabit hakim mövqeyini təmin eləmək. Stalin dönəmində nisbətən uğurlu olan bu modeli Nikita Xruşovun və Mixail Qorbaçovun rəhbərliyi dönəmində islah etmək iradəsilə yanaşı, Leonid Brejnev dönəmində onu tam funksional durumda qoruyub saxlamaq cəhdləri də boşa çıxdı. Nəticə isə bəllidir: SSRİ dağıldı. Lakin sistemin əsas elementləri öz mövcudluğunu qoruyub saxlaya bildi və müstəqil Rusiyada hakimiyyətdaxili mübarizənin əsas tərəfləri kimi aktuallığını itirmədi. Bu bir tərəfdən partiya-təsərrüfat nomenklaturası, digər tərəfdən isə hərbi-sənaye kompleksidir və bu pərdəarxası mübarizə bu gün də davam etməkdə, son zamanlar isə daha da kəskinləşməkdədir. Üzdə hər şey vaxtilə nomenklatura tərəfindən "Podmoskovyenin" qubernatoruna qədər "alçaldılmış" Sergey Şoyqunun Müdafiə naziri postuna gətirilməsilə başlasa da, əslində nomenklatura-generalitet mübarizəsinin ən kəskin dönəmi Putin-Medvedyev cütlüyünün hakimiyyətinin pik nöqtəsinə təsadüf edirdi. Xüsusilə dəMedvedyevin prezidentliyi dövrünə. Həmin dövrdə Rusiya hərbiyyəsi küncə sıxılmış kimi görünürdü və zəif prezident generalları dəstə-dəstə istefaya, pensiyaya göndərməklə nomenklaturanın mövqeyini gücləndirirdi. Bu möhkəmlənmənin nəticəsi olaraq Rusiyada hətta mülki şəxs də hərbiyyəyə rəhbərliyə gətirildi. Məhz həmin dövrü generalitetin ağır itkilər verdiyi dönəm kimi xarakterizə etmək olar. Belə itkilərdən biri də 2010-cu ilin yayında QRU (Rusiya hərbi kəşfiyyatı) rəisinin müavini general-mayor Yuriy İvanovun Suriyada çimərkən dənizdə "batması" oldu.  
Nəhayət, Vladimir Putinin ikinci dövrə prezidentliyə qayıtmasına Rusiya cəmiyyətində baş qaldıran etirazlar, elə həmin ərəfədə əsas ixracat məhsulu olan neftin qiymətlərinin düşməsi küncə sıxılmış hərbiyyənin özünə gəlməsinə imkan yaratdı və o (hərbi-sənaye kompleksi), elə küncdən də dəqiq zərbə endirdi. Öz  komandasının üzvü olan mülkü Müdafiə naziri Anatoliy Serdyukovun korrupsiya ittihamı ilə biabırçı şəkildə kənarlaşdırılması və onun yerinə dördulduzlu general Sergey Şoyqunun gətirilməsi qərarını verəndə prezident Putinin hansı sərt reallıqla üz-üzə qalmasını yalnız təsəvvür eləmək olar. Reallıqlar isə həm də bundan ibarətdir ki, artıq özünə sahib çıxmış generalitetin Rusiya siyasətində də mövqeləri təsəvvür edildiyi qədər zəif deyil. Rusiya siyasətində hələ də aktuallığını saxlayan sabiq Baş Nazirin müavini Aleksandr Şoxin, ondan daha yüksək dövlət postları tutmuş həmkarı, dördulduzlu general Sergey İvanov və Rusiya Federasiyası Baş Nazirinin müavini Dmitriy Rogozin generalitetin lobbiçilik etdiyi siyasi fiqurlardandılar. Bu hələ necə deyərlər,  aysberqin görünən hissəsidir. Onun suyun altında olan parçasına isə Rusiya cəmiyyətin və siyasətinin böyük bir hissəsini təşkil edən "milli-vətənpərvər qüvvələrin" aid olduğunu nəzərə alsaq perspektiv bir qədər də aydınlaşır. İstisna olunmur ki, Qərbdə davam edən iqtisadi böhran nəticəsində enerji daşıyıcılarının qiymətinin gözlənilən kəskin enməsi və bunun Rusiya üçün sosial-iqtisadi fəsadları hərbiyyəni ruhlandıra və bu dəfə daha ciddi hədəfi vurmağa sövq edə bilər. Bu hədəf isə yüksək ehtimalla Baş Nazir Dmitriy Medvedyev olacaq və bu addımın da uğurlu alınacağı təqdirdə hərbi-sənaye kompleksi de-fakto hökuməti nəzarətə götürmüş olardı. Belə bir durumda prezident Putinin real statusunu amerikan siyasi leksikonunda deyildiyi kimi "axsaq ördək" adlandırmaq olardı, amma bildiyimiz kimi Rusiya siyasətində "axsaq ördəklər"dənsə "ölü ördəklərə" üstünlük vermək ənənəsi mövcuddur. Ən azı ona görə ki, Rusiya siyasi reallığında ikinci variant daha etibarlı və zərərsiz sayılır...            

Monday, November 12, 2012

ABŞ seçkiləri: Respublikaçılar niyə məğlub oldular?

ABŞ-da növbəti prezident seçkiləri arxada qaldı və demokrat prezident Barak Obama qalib gələrək Ag Evi növbəti 4 il müddətinə əldə saxlamağa müvəffəq oldu. Seçkilərə ciddi hazırlaşan Respublikaçılar partiyası isə təkcə Ağ Ev uğrunda mübarizəni deyil, həm də Konqresin hər iki palatasında çoxluq əldə etmək uğrunda mübarizəni də uduzdu. Nə idi bunun səbəbi? Niyə son 4 ildə daxili siyasətdə ciddi uğur əldə edə bilməyən demokrat administrasiya seçkilərdə belə uğurlu oldu? ABŞ cəmiyyətində hansı dəyərlər bu gün dominantlıq təşkil edir? 21-ci əsrin Amerikası 15-20 il əvvəlkindən çoxmu fərqlənir? Çalışacağam bu yazımda həmin suallara cavablar axtarım. Əlbəttə ki, mənim bilgilərim və təsəvvürlərim çərçivəsində.  
Öncə tərəflərin seçki strategiyasında müxtəlif məsələlərə yanaşmalarına diqqət yetirmək məncə maraqlı olardı. Belə ki, respublikaçıların sərt sosial siyasət təklif elədikləri halda, demokratlar daha çox məhz sosial məsələlərə diqqət çəkməyə üstünlük verirdilər. Amma hələ də böhran içində olan və yoxsulluq həddi 15%-ə çatan (bu isə 45 milyon insan deməkdir) əhali arasında sərt sosial siyasətin dəstək qazanacağına ümid bəsləmək seçki marafonunun elə ilk günlərindən real görünmürdü. Digər maraqlı məqam respublikaçıların azadlıqlar məsələsinə münasibətində öz əksini tapmışdı. Daha çox dəyərləri qabardan və ənənəviliyə üstünlük verən mühafizəkar xristian dəyərlərinə istinad edən respublikaçılar əhalisinin 60%-ə qədəri 18-35 yaş hüdudlarında olan (bu isə seçicilərin mütləq əksəriyyəti deməkdir) əhaliyə çox da cəlbedici görünə bilməzdilər. Demokratlar isə əksinə, daha çox azadlıqların qorunmasına və genişləndirilməsinə yönəlik mövqedən çıxış edirdilər. Görünür bu yanaşmada respublikaçılar öz ənənəvi sosial bazası olan anqlo-saks mənşəli xristian çoxluğun dəstəyinə ümid bəsləyirdilər, demokratlar isə sosial baza baxımından strategiyanı müxtəlif (etnik, dini, irqi və s.) azlıqların maraqlarını ifadə edərək onların dəstəyini qazanmaq üzərində qurmuşdular. Amma maraqlı da elə budur ki, ABŞ-kı azlıqlar birləşəndə artıq çoxluğa çevrilirlər və bu da seçkilərin nəticələrində öz əksini tapdı. Bu baxımdan elə namizədlərin tərcümeyi-halı və onların şəxsiyyətləri də kəskin kontrast təşkil edirdi: demokratların xarizmatik orator olan liberal baxışlı namizədi "xalqdan birisi" obrazına daha çox uyğun gəlirdi, nəinki respublikaçıların mühafizəkar mormon Uoll Strit milyarderi imicli namizədi. Mühacirət məsələsinə fərqli yanaşmalar da seçkilərin nəticəsinə təsir baxımından öz rolunu az dərəcədə oynamadı - Latın Amerikası mənşəli mühacirlərinin xüsusilə çoxluq təşkil etdiyi Cənub ştatlarında demokratlar birmənalı dəstək qazandılar. Seçkilər ərəfəsində qızğın müzakirə olunan sosial mövzulardan biri də seksual azlıqlara münasibət və abortlarla bağlı oldu. Burada da demokratlar liberal, respublikaçılar isə ifrat mühafizəkar mövqedən çıxış edirdilər. Bu baxımdan seksual azlığın açıq nümayəndəsi olan xanım Tammi Bolduinin Viskonsin ştatından senator seçilməsi cəmiyyətin respublikaçılara əsl xəbərdarlığı idi: obrazlı desək, "bu artıq nə sizin düşündüyünüz, nə də görmək istədiyiniz Amerika deyil"! Viskonsindəki senator seçiminin əlamətdar detallardan biri də budur ki, Temmi Boldunin üzərində qələbə çaldığı respublikaçı opponenti bu ştatı Senatda təmsil edən, abortla bağlı qadağaların qızğn tərəfdarı, həmin məsələdə öz ifrat və bəzən də absurd mühafizəkar ideyaları ilə tanınan Tommi Tompson idi. Elə bu faktın özü da göstərdi ki, respublikaçıların inadcıl mühafizəkar siyasəti yanlış hesablamalar üzərində qurulmuşdu. 
Nəhayət iqtisadi siyasət məsələlərində respublikaçılar daha praqmatik görünsələr də, onların "antisosial" yanaşması orta statistik amerikan seçicisinə Obamanın sosial-liberal yönümlü (Qərbi Avropa sosial-iqtisadi modelinə yaxın) mövqeyindən daha inandırıcı görünə bilmədi. Demokratlar isə əksinə, vergi yükünün çoxunu daha zəngin təbəqənin üzərinə yönəltmək təkliflərilə xeyli əlavə xallar qazandılar. Xüsusilə də yoxsul və orta təbəqə arasında. Amma son seçkilərdə ziddiyyətli görünən bir məqam bundan ibarət idi ki, bütövlükdə daha liberal mövqe tutan demokratlar iqtisadi məsələlərə yanaşmada mühafizəkar respublikaçıların libertarian iqtisadçılardan xeyli fərqli görünürdülər, belə demək olarsa, daha çox sosialist təmayüllü. 
Nəhayət xarici siyasətdə Obama birmənalı olaraq üstün görünürdü. Mitt Romninin İran məsələsinə yanaşmada silahlı gücə sətiraltı eyhamları Buş administrasiyasının İraq və Əfqanıstan siyasətindən "əlləri yanmış" amerikalılarda xüsusi rəğbət yarada bilməzdi və bilmədi də. ABŞ seçicisi demokratların rəqabətdən çox əməkdaşlıq üzərində qurulan "Multipolyar dünya dokrtinasına" "hə" dedi.  
Beləliklə, son seçkilərin nəticələrindən belə qənaətə gəlmək olar ki, ənənəvi mühafizəkar Amerika getdikcə liberallaşır. Supergüc iddiaları baxımından bu perspektivli görünməsə də, qloballaşan dünya üçün daha çox sabitlik və inkişaf şansları vəd edir. Ən azı mən belə düşünürəm... 
Təki yanılmayım!

Thursday, October 18, 2012

İctimai Palatadan niyə getdim?

Dünən, oktyabrın 17-də İctimai Palatadan istefa qərarımı açıqladıqdan sonra gələn reaksiyalar göstərdi ki, bu istafaya səbəb olmuş göstərdiyim səbəblər ya yetərli olmayıb, ya da onlar hamını qane eləməyib və bu səbəbdən də istefam ətrafında ən müxtəlif mülahizələr yürüdülür ki, bunu da normal qarşılayıram. Odur ki,hər şeydən öncə bu fakta diqqət yetirən, istefam ətrafında müzakirələrdə iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm! Eyni zamanda, ünvanıma təhqirlər və ittihamlar yağdıranları isə bir qədər səbrli və dözümlü olmağa çağırıram.
Keçək mətləbə. Mənim istefamın eyni gündə İctimai Palatanı tərk etmiş Müsavat başqanının müşaviri hörmətli Yadigar Sadıqovun istefası ilə heç bir əlaqəsi yoxdur və bu istefaların səbəbləri də tam fərqlidir. Mənim istefa qərarım son 2 ayda tədricən yetişən bir qərar idi və onu prezident seçkilərinə hazırlıq kimi dəyərləndirənlərə də birbaşa demək istəyirəm ki, mən 2013-cü il prezident seçkilərində iştirak haqda qərar versəm, bunu açıq və birbaşa elan edəcəyəm. İstefanın səbəbləri bundan qat-qat ciddidir, sadəcə ola bilsin ki, demokratik dəyərlərə fərdi yanaşmalar fərqli olduğundan burda bir anlaşılmazlıq üzə çıxır. 
Beləliklə, əsl səbəblər haqda elə istefa bəyanatımda yazmışdım və indi də bunlara bir qədər aydınlıq gətirim. 2000-ci ildən bəri heç bir siyasi partiyanın, qurumun üzvü olmamişdım və İctimai Palataya üzv olanda da ümid edirdim ki, partiya təmsilçilərilə yanaşı bu quruma qatılan çoxsaylı bitərəf (partiyasız) fəalların da birgə səyi nəticəsində prinsipcə yeni, səmərəli və kollegial fəaliyyət göstərən bir hərəkat formalaşa biləcək. Tam məsuliyyətlə deyirəm ki, İctimai Palata milli-azadlıq hərəkatından sonra özündə cəmiyyətin ən müxtəlif kəsimlərinin təmsilçilərini birləşdirən, geniş ictimai-siyasi spektrə malik bir qurum kimi yaranmışdı. Bu isə onun şansları ilə yanaşı, həm də üzərinə düşən tarixi vəzifələri və tarixi məsuliyyəti artırırdı. Bu baxımdan qurum ictimai maraqları ifadə edən aparıcı kütləvi bir hərəkata çevrilə bilərdi. Lakin təəssüf ki, bu baş vermədi, əksinə İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı. O, özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə  de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi. Yeni Azərbaycan partiyasının Avropa Parlamentinin bəlli qətnaməsinə etiraz məktubunun imzalanması məsuliyyətinin İctimai Palata ilə bölüşdürülməsi isə beynəlxalq aləmdə həm partiyaların, həm də İP-nın nüfuzuna son dərəcə ciddi zərbə oldu.
Nəhayət, 2012-ci ilin payızında baş verənlər göstərdi ki, artıq İctimai Palata tam olaraq böhrana düşüb və ölkədə mövcud olan siyasi partiyaların onlardan daha uğursuz modelinə çevrilib, bu isə heç bir halda ölkədə müsbət dəyişikliyə aparan yol ola bilməz. Olsyadı, bu elə keçən 19 ilin ərzində baş verərdi.
Son 2 ayda İctimai Palata ilə hakimiyyət arasında guya danışıqlar getməsi haqda mətbuatda, cəmiyyətdə yayılan məlumatlara və mülahizələrə bir dəfə də olsun təkzib verilmədi, münasibət bildirilmədi, əksinə Mediadan yayınma tendensiyaları artdı. Mən əsla iddia eləmirəm ki, bütün bunlar həqiqətdir və Medianı bu cür fikirlər yaymaqda suçlamıram da (istənilən mülahizələr, məlumatlar yaymaq Medianın müqəddəs hüququdur), amma belə məlumatların təkzib edilməməsi İctimai Palatanın cəmiyyətdə onsuz da bir o qədər yüksək olmayan nüfuzuna ciddi xələl gətirdi. Bunu sadəcə görməyə çalışmaq lazımdır. Nəhayət, bütün bu sadaladıqlarım İctimai Palatanın ölkədə demokratik islahatlar uğrunda mübarizəyə başçılıq edən quruma çevrilməsinə ciddi manelər yaratdı və ümumiyyətlə bu missiyanı artıq bitirmiş oldu.
Belə olan halda isə İctimai Palata üzvlüyündə qalmağın özünün səmərəsiz və qeyri-rasional göründüyündən mən bu qurumdan istefa vermək qərarına gəldim. 
Məgər bütün bunlar istefa üçün yətərli deyildimi?  

P.S.: İctimai Palata üzvü olan və olmayan bütün məsləkdaşlarıma uğurlar arzulayıram və hər kəsdən mənim fikirlərimi ittiham kimi qəbul etməməyi xahiş edirəm! Bunlar sadəcə mənim dəyərləndirməmin açıq, səmimi ifadəsidir. Hər zaman olduğu kimi.