ABŞ-da növbəti prezident seçkiləri arxada qaldı və demokrat prezident Barak Obama qalib gələrək Ag Evi növbəti 4 il müddətinə əldə saxlamağa müvəffəq oldu. Seçkilərə ciddi hazırlaşan Respublikaçılar partiyası isə təkcə Ağ Ev uğrunda mübarizəni deyil, həm də Konqresin hər iki palatasında çoxluq əldə etmək uğrunda mübarizəni də uduzdu. Nə idi bunun səbəbi? Niyə son 4 ildə daxili siyasətdə ciddi uğur əldə edə bilməyən demokrat administrasiya seçkilərdə belə uğurlu oldu? ABŞ cəmiyyətində hansı dəyərlər bu gün dominantlıq təşkil edir? 21-ci əsrin Amerikası 15-20 il əvvəlkindən çoxmu fərqlənir? Çalışacağam bu yazımda həmin suallara cavablar axtarım. Əlbəttə ki, mənim bilgilərim və təsəvvürlərim çərçivəsində.
Öncə tərəflərin seçki strategiyasında müxtəlif məsələlərə yanaşmalarına diqqət yetirmək məncə maraqlı olardı. Belə ki, respublikaçıların sərt sosial siyasət təklif elədikləri halda, demokratlar daha çox məhz sosial məsələlərə diqqət çəkməyə üstünlük verirdilər. Amma hələ də böhran içində olan və yoxsulluq həddi 15%-ə çatan (bu isə 45 milyon insan deməkdir) əhali arasında sərt sosial siyasətin dəstək qazanacağına ümid bəsləmək seçki marafonunun elə ilk günlərindən real görünmürdü. Digər maraqlı məqam respublikaçıların azadlıqlar məsələsinə münasibətində öz əksini tapmışdı. Daha çox dəyərləri qabardan və ənənəviliyə üstünlük verən mühafizəkar xristian dəyərlərinə istinad edən respublikaçılar əhalisinin 60%-ə qədəri 18-35 yaş hüdudlarında olan (bu isə seçicilərin mütləq əksəriyyəti deməkdir) əhaliyə çox da cəlbedici görünə bilməzdilər. Demokratlar isə əksinə, daha çox azadlıqların qorunmasına və genişləndirilməsinə yönəlik mövqedən çıxış edirdilər. Görünür bu yanaşmada respublikaçılar öz ənənəvi sosial bazası olan anqlo-saks mənşəli xristian çoxluğun dəstəyinə ümid bəsləyirdilər, demokratlar isə sosial baza baxımından strategiyanı müxtəlif (etnik, dini, irqi və s.) azlıqların maraqlarını ifadə edərək onların dəstəyini qazanmaq üzərində qurmuşdular. Amma maraqlı da elə budur ki, ABŞ-kı azlıqlar birləşəndə artıq çoxluğa çevrilirlər və bu da seçkilərin nəticələrində öz əksini tapdı. Bu baxımdan elə namizədlərin tərcümeyi-halı və onların şəxsiyyətləri də kəskin kontrast təşkil edirdi: demokratların xarizmatik orator olan liberal baxışlı namizədi "xalqdan birisi" obrazına daha çox uyğun gəlirdi, nəinki respublikaçıların mühafizəkar mormon Uoll Strit milyarderi imicli namizədi. Mühacirət məsələsinə fərqli yanaşmalar da seçkilərin nəticəsinə təsir baxımından öz rolunu az dərəcədə oynamadı - Latın Amerikası mənşəli mühacirlərinin xüsusilə çoxluq təşkil etdiyi Cənub ştatlarında demokratlar birmənalı dəstək qazandılar. Seçkilər ərəfəsində qızğın müzakirə olunan sosial mövzulardan biri də seksual azlıqlara münasibət və abortlarla bağlı oldu. Burada da demokratlar liberal, respublikaçılar isə ifrat mühafizəkar mövqedən çıxış edirdilər. Bu baxımdan seksual azlığın açıq nümayəndəsi olan xanım Tammi Bolduinin Viskonsin ştatından senator seçilməsi cəmiyyətin respublikaçılara əsl xəbərdarlığı idi: obrazlı desək, "bu artıq nə sizin düşündüyünüz, nə də görmək istədiyiniz Amerika deyil"! Viskonsindəki senator seçiminin əlamətdar detallardan biri də budur ki, Temmi Boldunin üzərində qələbə çaldığı respublikaçı opponenti bu ştatı Senatda təmsil edən, abortla bağlı qadağaların qızğn tərəfdarı, həmin məsələdə öz ifrat və bəzən də absurd mühafizəkar ideyaları ilə tanınan Tommi Tompson idi. Elə bu faktın özü da göstərdi ki, respublikaçıların inadcıl mühafizəkar siyasəti yanlış hesablamalar üzərində qurulmuşdu.
Nəhayət iqtisadi siyasət məsələlərində respublikaçılar daha praqmatik görünsələr də, onların "antisosial" yanaşması orta statistik amerikan seçicisinə Obamanın sosial-liberal yönümlü (Qərbi Avropa sosial-iqtisadi modelinə yaxın) mövqeyindən daha inandırıcı görünə bilmədi. Demokratlar isə əksinə, vergi yükünün çoxunu daha zəngin təbəqənin üzərinə yönəltmək təkliflərilə xeyli əlavə xallar qazandılar. Xüsusilə də yoxsul və orta təbəqə arasında. Amma son seçkilərdə ziddiyyətli görünən bir məqam bundan ibarət idi ki, bütövlükdə daha liberal mövqe tutan demokratlar iqtisadi məsələlərə yanaşmada mühafizəkar respublikaçıların libertarian iqtisadçılardan xeyli fərqli görünürdülər, belə demək olarsa, daha çox sosialist təmayüllü.
Nəhayət xarici siyasətdə Obama birmənalı olaraq üstün görünürdü. Mitt Romninin İran məsələsinə yanaşmada silahlı gücə sətiraltı eyhamları Buş administrasiyasının İraq və Əfqanıstan siyasətindən "əlləri yanmış" amerikalılarda xüsusi rəğbət yarada bilməzdi və bilmədi də. ABŞ seçicisi demokratların rəqabətdən çox əməkdaşlıq üzərində qurulan "Multipolyar dünya dokrtinasına" "hə" dedi.
Beləliklə, son seçkilərin nəticələrindən belə qənaətə gəlmək olar ki, ənənəvi mühafizəkar Amerika getdikcə liberallaşır. Supergüc iddiaları baxımından bu perspektivli görünməsə də, qloballaşan dünya üçün daha çox sabitlik və inkişaf şansları vəd edir. Ən azı mən belə düşünürəm...
Təki yanılmayım!
Monday, November 12, 2012
Thursday, October 18, 2012
İctimai Palatadan niyə getdim?
Dünən, oktyabrın 17-də İctimai Palatadan istefa qərarımı açıqladıqdan sonra gələn reaksiyalar göstərdi ki, bu istafaya səbəb olmuş göstərdiyim səbəblər ya yetərli olmayıb, ya da onlar hamını qane eləməyib və bu səbəbdən də istefam ətrafında ən müxtəlif mülahizələr yürüdülür ki, bunu da normal qarşılayıram. Odur ki,hər şeydən öncə bu fakta diqqət yetirən, istefam ətrafında müzakirələrdə iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm! Eyni zamanda, ünvanıma təhqirlər və ittihamlar yağdıranları isə bir qədər səbrli və dözümlü olmağa çağırıram.
Keçək mətləbə. Mənim istefamın eyni gündə İctimai Palatanı tərk etmiş Müsavat başqanının müşaviri hörmətli Yadigar Sadıqovun istefası ilə heç bir əlaqəsi yoxdur və bu istefaların səbəbləri də tam fərqlidir. Mənim istefa qərarım son 2 ayda tədricən yetişən bir qərar idi və onu prezident seçkilərinə hazırlıq kimi dəyərləndirənlərə də birbaşa demək istəyirəm ki, mən 2013-cü il prezident seçkilərində iştirak haqda qərar versəm, bunu açıq və birbaşa elan edəcəyəm. İstefanın səbəbləri bundan qat-qat ciddidir, sadəcə ola bilsin ki, demokratik dəyərlərə fərdi yanaşmalar fərqli olduğundan burda bir anlaşılmazlıq üzə çıxır.
Beləliklə, əsl səbəblər haqda elə istefa bəyanatımda yazmışdım və indi də bunlara bir qədər aydınlıq gətirim. 2000-ci ildən bəri heç bir siyasi partiyanın, qurumun üzvü olmamişdım və İctimai Palataya üzv olanda da ümid edirdim ki, partiya təmsilçilərilə yanaşı bu quruma qatılan çoxsaylı bitərəf (partiyasız) fəalların da birgə səyi nəticəsində prinsipcə yeni, səmərəli və kollegial fəaliyyət göstərən bir hərəkat formalaşa biləcək. Tam məsuliyyətlə deyirəm ki, İctimai Palata milli-azadlıq hərəkatından sonra özündə cəmiyyətin ən müxtəlif kəsimlərinin təmsilçilərini birləşdirən, geniş ictimai-siyasi spektrə malik bir qurum kimi yaranmışdı. Bu isə onun şansları ilə yanaşı, həm də üzərinə düşən tarixi vəzifələri və tarixi məsuliyyəti artırırdı. Bu baxımdan qurum ictimai maraqları ifadə edən aparıcı kütləvi bir hərəkata çevrilə bilərdi. Lakin təəssüf ki, bu baş vermədi, əksinə İctimai Palata partiya, qrup və fərdi maraqların mübarizəsi meydanına çevrilməyə başladı. O, özü demokratik qurum ola bilmədi və fəaliyyətində rasionallıq ortaya qoymağa müvəffəq olmadı. Qərarların qəbulunda kollegiallıq yarada bilmədi, adından bəlli olduğu kimi, koordinasiya funksiyasını yerinə yetirməli olan Koordinasiya Şurası isə de-fakto İctimai Palatanın qərarverici qurumuna çevrildi. Demokratik dəyərlər uğrunda mübarizəni məhəlli maraqlar uğrunda pərdəarxası çəkişmə və yarışma meylləri əvəz etdi. Yeni Azərbaycan partiyasının Avropa Parlamentinin bəlli qətnaməsinə etiraz məktubunun imzalanması məsuliyyətinin İctimai Palata ilə bölüşdürülməsi isə beynəlxalq aləmdə həm partiyaların, həm də İP-nın nüfuzuna son dərəcə ciddi zərbə oldu.
Nəhayət, 2012-ci ilin payızında baş verənlər göstərdi ki, artıq İctimai Palata tam olaraq böhrana düşüb və ölkədə mövcud olan siyasi partiyaların onlardan daha uğursuz modelinə çevrilib, bu isə heç bir halda ölkədə müsbət dəyişikliyə aparan yol ola bilməz. Olsyadı, bu elə keçən 19 ilin ərzində baş verərdi.
Son 2 ayda İctimai Palata ilə hakimiyyət arasında guya danışıqlar getməsi haqda mətbuatda, cəmiyyətdə yayılan məlumatlara və mülahizələrə bir dəfə də olsun təkzib verilmədi, münasibət bildirilmədi, əksinə Mediadan yayınma tendensiyaları artdı. Mən əsla iddia eləmirəm ki, bütün bunlar həqiqətdir və Medianı bu cür fikirlər yaymaqda suçlamıram da (istənilən mülahizələr, məlumatlar yaymaq Medianın müqəddəs hüququdur), amma belə məlumatların təkzib edilməməsi İctimai Palatanın cəmiyyətdə onsuz da bir o qədər yüksək olmayan nüfuzuna ciddi xələl gətirdi. Bunu sadəcə görməyə çalışmaq lazımdır. Nəhayət, bütün bu sadaladıqlarım İctimai Palatanın ölkədə demokratik islahatlar uğrunda mübarizəyə başçılıq edən quruma çevrilməsinə ciddi manelər yaratdı və ümumiyyətlə bu missiyanı artıq bitirmiş oldu.
Belə olan halda isə İctimai Palata üzvlüyündə qalmağın özünün səmərəsiz və qeyri-rasional göründüyündən mən bu qurumdan istefa vermək qərarına gəldim.
Məgər bütün bunlar istefa üçün yətərli deyildimi?
Sunday, August 12, 2012
Seçki-2013: siyasi müxalifət, yoxsa vətəndaş cəmiyyəti?
2013-cü ilin prezident seçkiləri yaxınlaşdıqca seçkilər ətrafında müzakirə və fikir mübadilələri də intensivləşir. Lakin bu müzakirələr əsasən yalnız müxalifətin mümkün vahid namizədi ərtafında gedir. Bu gün nə əsas müxalif güc mərkəzi sayıla biləcək İctimai Palatanın, nə də ayrı-ayrılıqda aparıcı müxalif AXCP və Müsavat partiyalarının seçki platforması və ümumiyyətlə seçkilərə dair mövqe ifadə edən digər rəsmi konseptual sənədi hələ də ictimai müzakirəyə təqdim edilməyib. Halbuki seçkilərə 1 ildən bir qədər artıq vaxt qaldığı bir zamanda buna kəskin ehtiyac duyulur. Digər diqqət çəkən məqamlardan biri isə budur ki, siyasi mübarizənin əsasən (bəzən isə yalnız) kütləvi aksiyalar üzərində qurmaq cəhdlərindən ibarət olduğu qabarıq görünür, yəni "mitinq edəkmi, etməyəkmi?" sualı günün ən aktual sualı olaraq qalmaqdadır. Təbii ki, bu şəraitdə nəinki 1, hətta 10 il sonra belə siyasi mübarizədə uğur qazanılacağına ümid bəsləmək yalnız utopiya həvəskarlarına inandırıcı görünə bilər. Bu gün bir mövzu da açıq olaraq qalmaqdadır: müxalifət seçkiyə hansı formatda getməyə hazıtlaşır: ayr-ayrılıqda hər siyasi partiya öz namizədilə, İctimai Palata vahid namizədlə, yoxsa daha genişformatlı müxalifət koalisiyası vahid namizədlə? Zənnimcə, elə bu məsələdən də başlamaq ən səmərəli yanaşma olardı, lakin mətbuatda dəfələrlə bu cür təkliflər, çıxışlar olsa da, hələlik bu istiqamətdə irəliləyişin olması nəzərə çarpmır. Əlbəttə, bəzi ayrı-ayrı siyasi partiyaların müxtəlif müttəfiq formatlar qurmaq cəhdilə qurulan kontaktlarını nəzərə almasaq.
Əslində bütün demokratik islahatlar prosesini yalnız bir neçə siyasi partiyanın üzərində qurmaq cəhdinin özü də uğurlu deyil, belə ki, səriştəsiz, korrupsiyaya uğramış və səmərəli idarəetmə sisteminə malik olmayan iqtidarı əvəzləmək üçün az-çox idarəetmə potensialı olan peşəkarlar əsasən vətəndaş cəmiyyətində toplaşıb (və ya səpələnib). Bu baxımdan ölkədəki yeni siyasi situasiyaya hazırlıq baxımından çox şey vətəndaş cəmiyyətinin səfərbər edilməsindən və gələcək idarəetmə komandasının onun potensialı üzərində qurulmasından asılı olacaq. Maraqlıdır ki, Azərbaycanda islahatlar yolu ilə yumşaq keçid tərəfdarı olan beynəlxalq qurum və institutların da diqqətini çəkən əsas sfera məhz vətəndaş cəmiyyətidir. Bütün ictimai-siyasi rəngarəngliyinə və pərakəndəliyinə baxmayaraq vətəndaş cəmiyyətinin durumu siyasi partiyaların durumu ilə müqayisədə xeyli fərqlidir və yuxarıda qeyd etdiyim kimi onun önəmli bir hissəsi gələcəkdə səmərəli idarəetmə üçün zəruri olan siyasiləşməmiş peşəkarlardan ibarətdir. Bundan başqa, son 10-15 il ərzində vətəndaş cəmiyyəti təmsilçiləri geniş beynəlxalq ələqələr və əməkdaşlıq sayəsində müasir idarəetmə təcrübəsinə də müəyyən qədər yiyələnə bilmişlər. Bu müddət həm də onların beynəlxalq səviyyədə tanınmasına da xidmət göstərmişdir. Beləliklə, yaxın zamanlarda biz Azərbaycanda mövcud hakim siyasi komandaya real alternativin vətəndaş cəmiyyətində formalaşmasının şahidi ola bilərik. Bu sektorun nümayəndələrinin son zamanlar təmsil olunduqları İctimai Palatada fəaliyyətdən uzaqlaşması bu ehtimalı bir qədər də gücləndirir. Buna işarə edən digər bir amil də vətəndaş cəmiyyətində özünü nüfuzdan salmamış kifayət qədər yeni siyasi simaların yetişməsidir. Bu yerdə son illər yaranmış liberal-demokrat təmayüllü çoxsaylı gənclər təşkilatlarını da qeyd etmək yerinə düşər. Müşahidələrimizə görə bu təşkilatların böyük əksəriyyəti siyasi partiyalarla müqayisədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daha meylli görünürlər.
Beləliklə, əhalinin siyasi fəal kəsiminin əksəriyyətinin nəzərlərinin ənənəvi olaraq siyasi partiyalara yönəlməkdə davam etdiyi bir zamanda alternativ siyasi komandanın başqa məkanda - vətəndaş cəmiyyətində formalaşa biləcəyi təəccüblü görünməməlidir.
Əslində bütün demokratik islahatlar prosesini yalnız bir neçə siyasi partiyanın üzərində qurmaq cəhdinin özü də uğurlu deyil, belə ki, səriştəsiz, korrupsiyaya uğramış və səmərəli idarəetmə sisteminə malik olmayan iqtidarı əvəzləmək üçün az-çox idarəetmə potensialı olan peşəkarlar əsasən vətəndaş cəmiyyətində toplaşıb (və ya səpələnib). Bu baxımdan ölkədəki yeni siyasi situasiyaya hazırlıq baxımından çox şey vətəndaş cəmiyyətinin səfərbər edilməsindən və gələcək idarəetmə komandasının onun potensialı üzərində qurulmasından asılı olacaq. Maraqlıdır ki, Azərbaycanda islahatlar yolu ilə yumşaq keçid tərəfdarı olan beynəlxalq qurum və institutların da diqqətini çəkən əsas sfera məhz vətəndaş cəmiyyətidir. Bütün ictimai-siyasi rəngarəngliyinə və pərakəndəliyinə baxmayaraq vətəndaş cəmiyyətinin durumu siyasi partiyaların durumu ilə müqayisədə xeyli fərqlidir və yuxarıda qeyd etdiyim kimi onun önəmli bir hissəsi gələcəkdə səmərəli idarəetmə üçün zəruri olan siyasiləşməmiş peşəkarlardan ibarətdir. Bundan başqa, son 10-15 il ərzində vətəndaş cəmiyyəti təmsilçiləri geniş beynəlxalq ələqələr və əməkdaşlıq sayəsində müasir idarəetmə təcrübəsinə də müəyyən qədər yiyələnə bilmişlər. Bu müddət həm də onların beynəlxalq səviyyədə tanınmasına da xidmət göstərmişdir. Beləliklə, yaxın zamanlarda biz Azərbaycanda mövcud hakim siyasi komandaya real alternativin vətəndaş cəmiyyətində formalaşmasının şahidi ola bilərik. Bu sektorun nümayəndələrinin son zamanlar təmsil olunduqları İctimai Palatada fəaliyyətdən uzaqlaşması bu ehtimalı bir qədər də gücləndirir. Buna işarə edən digər bir amil də vətəndaş cəmiyyətində özünü nüfuzdan salmamış kifayət qədər yeni siyasi simaların yetişməsidir. Bu yerdə son illər yaranmış liberal-demokrat təmayüllü çoxsaylı gənclər təşkilatlarını da qeyd etmək yerinə düşər. Müşahidələrimizə görə bu təşkilatların böyük əksəriyyəti siyasi partiyalarla müqayisədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa daha meylli görünürlər.
Beləliklə, əhalinin siyasi fəal kəsiminin əksəriyyətinin nəzərlərinin ənənəvi olaraq siyasi partiyalara yönəlməkdə davam etdiyi bir zamanda alternativ siyasi komandanın başqa məkanda - vətəndaş cəmiyyətində formalaşa biləcəyi təəccüblü görünməməlidir.
Saturday, April 7, 2012
"20-ci sahə" adlı tapmaca
Beləliklə, bir il əvvəl israrla şəhərin mərkəzinə can atan bizlər sabah Bayıldakı "20-ci sahəyə" razılaşdırılmış mitinqə gedirik. Bu yaxşıdır, ya pis? Artıq bu barədə çoxsaylı mülahizələr, fikirlər, münasibətlər və hətta ittiham və təhqirlər də geninə-boluna yayılmaqdadır. Çalışacağam, məsələyə qərəzsiz və realist münasibət göstərim.
İlk oncə bunu etiraf edim ki, mən belə seçimlə razılaşmıram, amma indi ki, üzvü olduğum İctimai Palata belə qərar verib, fikrimi bildirməklə yanaşı qərara da tabe olacağam. Yəni, sabahkı mitinqdə iştirak edəcəyəm, ən adi bir iştirakçı qismində. Bu mitinqin kimə nələr vəd elədiyini araşdırmaq üçün isə öncə bir az tarixə ekskursa ehtiyac olacaq.
Tarix
Hər şey gənclərin 11 mart 2011-ci il tarixli və Müsavat partiyasının 12 mart aksiyalarından başlandı. Bu iki aksiyayadək İctimai Palatada kütləvi aksiyalara hazırlıq olmadığını əsas gətirərək tormozlayan çoxluq mitinqlərə qərar vermək zərurəti ilə üzləşdi ki, "Ərəb baharı" dalğasında başlayan həmin fəallıq 2 aprel aksiyasında öz pik nöqtəsinə çatdı və hakimiyyəti öz ənənəvi tədbirlərinə əl atmağa vadar etdi. Beləliklə, 17 silahdaşımız şərlənib həbs edildi. Elə bu fakt da hakimiyyətə qarşı sərt tədbirlər əleyhdarlarının kütləvi aksiyalara stop qərarına təkan verdi və İctimai Palata düz bir il kütləvi aksiyalar mövzusunu demək olar ki, tamamilə gündəlikdən çıxardı və hətta hakimiyyətin daxili, xarici siyasətinin iflası belə mövzuya qayıtmağa əsas vermədi. Həmin bir il ərzində həmçinin həbsdəki dostlarımızın da azad ediləcəyinə ümidlər puç oldu və nəhayət,
"20-ci sahə": dönüş nöqtəsi, yoxsa iflas meydanı?
Sabah, aprelin 8-də bu meydan həm iqtidar, həm də müxalifət üçün sınaq meydanına dönəcək. Bir tərəfdən müxalifət yetərincə əzmkar tərəfdar toplaya bilməsə (ən azı 3-4 min nəfər) həmin yerdə razılaşdırılmış aksiya keçirmək əleyhdarlarının tənqidinin yeni və daha güclü dalğasına tuş gələcək. Bu halda mən ən kəskin ittihamların da səslənəcəyini istisna eləməzdim. Digər tərəfdən isə aksiya iştirakçıları mütəşəkkillik və mübarizə əzmi nümayiş etdirə bilsələr, bu hakimiyyət üçün iflasın başlanğıcı ola bilər. Belə ki, özündə güc duyan müxalifət növbəti dəfə də elə bu meydanı istəsə, hakimiyyət rədd cavabı verməklə artıq güclənmiş opponentlərini şəhərin mərkəzinə keçməyə təhrik edə bilər. Bununsa hakimiyyətin indiki durumunda nə ilə yekunlaşacağını proqnozlaşdırmaq bir o qədər də çətin deyil. Məhz bu səbəbdəndir ki, hakimiyyət özünün razılıq verdiyi yerdə belə mitinqə çağırış vərəqələri yayanları həbs edir.
Beləliklə, desəm ki, Azərbaycan siyasətinin taleyi sabah Bayıldakı "20-ci sahədə" həll olunur, lütfən sözümü qəribçiliyə salmayın!
Tuesday, January 24, 2012
Fransaya cavabımız
Fransa Senatının qondarma erməni soyqırımı ilə bağlı məlum qanunu təsdiqləməsi ölkəmizdə bu məsələyə dair geniş müzakirələrin yeni dalğasına təkan verdi. Bu dalğada ən müxtəlif düşüncələrə - praqmatik təkliflərdən tutmuş, ən qeyri-adekvat reaksiyalaradək görmək olar. Amma məncə məsələnin hüquq çərçivəsində həlli ən optimal yol olardı.
Beləliklə məlum qanuna əsasən Fransa ərazisində erməni soyqırımının inkarı 45 min Avro cərimədən 1 illik həbsədək cəza nəzərdə tutulur. Belə olan halda Azərbaycan həmin qanunla mübarizəni bir neçə hüquqi müstəvidə qura bilər:
1. Əvvəla, biz Xocalı soyqırımı ilə bağlı əlimizdə olan bütün dəlil və sübutları Fransa parlamentinə təqdim edərək bu cinayətin soyqırım kimi tanınmasını xahiş edə bilərik. Baxaq, Fransa qanunvericiləri bu xahişimizə necə cavab verəcəklər...
2. İkincisi, Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri hər dəfə AŞPA-ya səfərləri zamanı Assambleyanın yerləşdiyi Strasburqda (yəni Fransa ərazisində) toplantı keçirərək bu qanuna etirazlarını bildirib, "erməni soyqırımı olmayıb!" desələr Fransa Femidası pat vəziyyətinə düşəcək. Bir tərəfdən qanuna əsasən bizim deputatlar məhkəməyə cəlb olunmalıdırlar, digər tərəfdən isə onların diplomatik immunitetinin olması məhkəməyə cəlb olunmalarına yol vermir. Ən pis halda Fransa onların vizasını ləğv edə bilər ki, bu halda da Avropa Şurası ilə üz-üzə gələcək və deməli məsələ çıxacaq beynəlxalq müstəvidə müzakirəyə.
3. Azərbaycanda xüsusi fond yaradılır (dövlət vəsaitləri hesabına) və Fransa məhkəməsi tərəfindən Azərbaycan vətəndaşlarına kəsilən cərimələr, məhkəmə xərcləri və s. bu fonddan ödənilir. Bədnam qanunu pozduğuna görə həbs olunan Azərbaycan vətəndaşlarının ailələrinə müavinətlər də bu fonddan ödənilir. Bir şərtlə ki, Fransaya yollanan hər bir azərbaycanlı rəsmisi və ictimai xadimi ictimai yerlərdə erməni soyqırımı olmadığını israr edir. Bundan sonra Fransa məhkəməsinin hər bir belə halla bağlı qərarına dair İnsan Haqları üzrə Avropa Məhkəməsinə şikayət olunur və Fransa dövləti cərimələnir. Bu halda işi udmaq şansları kifayət qədər yüksəkdir, çünki məlum bədnam qanunun mahiyyəti Avropa İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyasının bir çox müddəaları ilə təzad təşkil edir. Beləliklə, bir neçə bu cür presedentdən sonra qanunun özü barədə İnsan Haqları üzrə Avropa Məhkəməsinə şıkayət vermək olar.
Amma bütün bu tədbirlər yalnız Azərbaycan iqtidarının məsələ ilə bağlı siyasi iradə və qətiyyət nümayiş etdirəcəyi halda mümkündür. Siyasi iradə nümayişi həm də Fransa mükafatlarından imtinadan tutmuş Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrinin Bakıda rəsmi səviyyədə qəbul etməkdən imtinayadək olmalıdır.
Biz bu siyasi iradənin nümayişini görə biləcəyikmi? Bilmirəm düzü, amma mən daha çox bunun olmayacağını düşünürəm.
Amma bütün bu tədbirlər yalnız Azərbaycan iqtidarının məsələ ilə bağlı siyasi iradə və qətiyyət nümayiş etdirəcəyi halda mümkündür. Siyasi iradə nümayişi həm də Fransa mükafatlarından imtinadan tutmuş Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədrinin Bakıda rəsmi səviyyədə qəbul etməkdən imtinayadək olmalıdır.
Wednesday, January 18, 2012
Milli mentalitetimiz və milli seçimimiz
İnkişaf strategilaları baxımından müasir dünyamızda müxtəlif modellər mövcuddur ki, bu gün də əsasən ideoloji dartışmalar əsasən iki cərəyan arasında gedir: liberal və mühafizəkar cəmiyyət modeli tərəfdarları arasında. Bu yerdə solçuluq tərəfdarları mənə etiraz edə bilərlər, amma qeyd eləməliyəm ki, solçuluğun əsas ideoloji qida mənbəyi olan sosial yönümlülük artıq həm liberallar, həm də mühafizəkarlar tərəfindən qismən də olsa həzm olunub. Bunun üçün hər iki cərəyanın Avropa modellərinə nəzər salmaq məncə kifayət edər. Sadəcə birində az, o birində bir qədər çox solçuluq elementləri var. Bizim misalda liberal və ya mühafizəkar cəmiyyətdən danışmaq hələ bir qədər tezdir. Yalnız oturuşmuş, mükəmməl ictimai-siyasi münasibətlər sisteminə malik olan cəmiyyətlər önə çıxır və dövlət-cəmiyyət münasibətlərini, onlar arasında balansı qoruyub saxlaya bilir. Bizdə hələlik həm önə çıxan, həm də cəmiyyətə yaşam qaydaları qəbul etdirən dövlətdir (və ya dövlət adından çıxış edənlər) Müasir cəmiyyətin modeli isə Azərbaycanda hələ yoxdur. Ümumiyyətlə formalaşmamış cəmiyyəti müxtəlif formalar ala bilən (və ya verilə bilən) plastik bir kütləyə bənzətmək olar. Bəzən bu formalar çox təhlükəli də ola bilir. Onun, yəni cəmiyyətin formalaşması isə öz formasının verilməsində özünün iştirakının, rolunun olması deməkdir. Zənnimcə, burda da kəşfə ehtiyac yoxdur. Məsələn, cəmiyyətin müasir Avropa modelində əsas amillər insan hüquq və aadlıqlarının təminatçıları olan vətəndaş cəmiyyəti institutları, həm onların, həm də şəxsin yerini və rolunu müəyyənləşdirən qanunlar, qanunların toxunulmazlığını (aliliyini) həyata keçirən isə müstəqil məhkəmə hakimiyyətidir. Bu üç amil arasında mövcud olan münasibətlər sistemi insan hüquq və azadlıqlarının, mülkiyyət toxunulmazlığının və dövlətin inkişaf strategiyasının əsasını təşkil edir. Fikrimcə, biz də elə əsas amillər kimi bunları qəbul etsək yanılmarıq. Bu gün Azərbaycan vətəndaşının düşüdüyü durumun əsas səbəbləri kimi mən bunların olmamasını görürəm. Müxtəlif əhali qrupları arasında gedən debatları model axtarışı kimi qəbul etsək, deməli həqiqətən də nə model var, nə də təbii ki, onun təminatçısı olan amillər və mexanizmlər. Bəzən bir çox axtarışlar milli adət-ənənəyə, inanca və tarixi təcrübəyə əsaslanmağa yönəlir, yəni insan hüquq və azadlıqlarının ikinci dərəcəli olmasına. Bu halda biz ciddi uğursuzluqlarla üləşə bilərik. Ən azı ona görə ki, həmin sferadakı kriteriyalar hamı üçün universal olmadığı kimi, hamı üçün məqbul da olmaya bilər. Xüsusilə də ictimai münasibətləri tənzimləyən dəyərlərin müəyyənləşdirilməsi məsələsində. Bu sahədə problemli məqamlardan biri də mentalitet adlandırılan amilə tez-tez istinad olunmasıdır. Çünki mentalitetin təməl komponentlərinə yanaşmada biz ciddi fikir ayrılıqlarının şahidi oluruq: biri bunun təməlində milli, digəri-dini, üçüncüsü isə milli-dini-tarixi təcrübədə qazanılmış ictimai münasibətləri və dəyərləri görür. Deməli ən azı bir neçə mentalitet modeli haqqında təsəvvürlər mövcuddur. O aman "mentalitet nədir?" sualının özü elə uzun illərin davamlı mübahisə predmeti ola bilər. Bunu da deyim ki, mənə görə mentalitet anlayışının ictimai-siyasi hədəfi cəmiyyəti çərçıvələrə salmaq cəhdidir və ən təhlükəlisi də budur ki, bu çərçıvələrin hüdudları çox nisbidir. Mentalitet abstrakt kateqoriya olduğundan onun çərçivələri də nisbidir. Qısası, hər kəsin mentalitet adlanan öz çərçivəsi var ki, qalanlarını da bu çərçıvəyə soxmağa çalışır. İnkişaf strategiyası baxımından "milli adət-ənənələrimiz, inancımız, tarıxımiz var" tezisini mən keçmişə baxış, nastolji kimi qəbul edirəm. Bir çox hallarda çox da yaxşı təsəvvür eləmədiyimiz keçmişə, təxəyyül üzərində qurulan keçmişə.
Mənsə keçmişə yox, gələcəyə getmək istəyirəm. İşıq gələn tərəfə.
Saturday, January 14, 2012
Hakimiyyətin "Yeni Avropa Projesi"
Beynəlxalq dəstəkdən sürətlə məhrum olan Azərbaycan iqtidarı öz hakimiyyətini qorumaq üçün yeni texnologiya və üsullara əl atmaqda davam edir. Beynəlxalq faktorun hakimiyyət üçün (həlledici) önəmini yaxşı anlayan rəsmi Bakı bu dəfə keyfiyyətcə yeni bir lahiyə həyata keçirməyə hazırlaşır. Əslində mahiyyətcə əvvəlki projelərdən prinsipial fərqlənməsə də "Yeni Avropa Projesi" fərqli fiqurlar və fərqli ideyalar üzərində qurulur. Belə ki, bu dəfə hakimiyyətə dəstək verən yeni Avropa şəbəkəsi Azərbaycanda və Qərbdə hakimiyyətə opponentlik edən şəxslər tərəfindən təşkil olunur və əvvəlkindən fərqli olaraq, Azərbaycan müxalifətinın öncə deyildiyi kimi, guya, zəif, sistemsiz, qeyri-demokratik və marqinal olması barədə mövqe ortaya qoymayacaq. Bu variant artıq istismar olunub və effekti də gözlənildiyindən qat-qat aşağı alınıb. Avropada və Azərbaycanda sabit hakimiyyət opponentləri kimi tanınan bir neçə şəxs təşkilatlanaraq kollektiv şəkildə hakimiyyəti kəskin tənqid etməklə yanaşı, müxalifəti də qabiliyyətsizlikdə və.... İranla əməkdaşlıqda ittiham edəcək. Buna əsas olaraq fakt kimi Hacı İlqar İbrahimoğlunun İctimai Palatanın Koordinasiya Şurasında üzvlüyü və guya, bunun nəticəsi olaraq, bu qurumu ələ keçirməsi göstəriləcək. Nəzərə alsaq ki, bu planı "dinçilərlə" münaqişədə olan və onlar tərəfindən "hədələrə", "təzyiqlərə" məruz qalmış siyasi fəalların iştirakılə reallaşdırmaq nəzərdə tutulur, müəyyən effekt istisna edilmir. Beləliklə, iqtidar demokratik müxalifətin əsas qurumu olan İctimai Palatanı Avropaya və dünyaya bu dəfə İran təsiri altında olan dinçi qurum kimi təqdim etməyi və özünə ölkədə dünyəvi alternativin olmadığını göstərməyi nəzərdə tutur. Bu məqsədlə yaxın zamanlarda "dinçilərin" "təzyiq və təhdidləri" ilə üzləşən bir neçə tanınmış dünyəviçilik tərəfdarının Avropada siyasi sığınacaq almaq üçün Avropa Birliyi ölkələrinə müraciət edəcəyi gözlənilir. Təşkilatda birləşən həmin şəxslər Avropanın müxtəlif ölkələrində dəyirmi masalar, konfranslar təşkil edərək Azərbaycanda dünyəvilik üzərinə çökmüş təhlükə barədə geniş müzakirələr aparacaqlar. Həmin tədbirlərdə hakimiyyət kəskin tənqid olunmaqla yanaşı, əsas müxalifət də dini meylli kimi təqdim olunacaq. Avropadakı Azərbaycan sekulyaristlərinin təşəbbüsü Azərbaycanda dəstək tapacaq, lakin həmin dəstək bu dəfə nə iqtidar, nə də iqtidaryönümlü düşərgədən gəlməyəcək. Bu məqsədlə illər boyu müxtəlif Avropa və ABŞ qurumlarına yerləşdirilmiş kadrlar işə salınacaq. Belə ki, həmin qrupa aid olan insanlar Azərbaycan cəmiyyətində sabit qərbpərəst imicə malik olmaqla yanaşı, eyni zamanda, onların bəziləri mütəmadi olaraq ölkəyə gələn yüksək çinli ABŞ və Avropa rəsmilərilə görüşlərə də cəlb olunublar. Bu görüşlərin iştirakçılarının adı adətən Qərb ölkələrinin müxtəlif missiyalarının görüşlər barədə hesabatlarına düşür. Beləliklə, qərbpərəstlərin Azərbaycanda dünyəviliyə təhlükə olması barədə müxtəlif müraciət və bəyanatları axın şəklində Qərbə doğru yönəldiləcək. Eyni zamanda, müxtəlif ABŞ və Avropa qurumlarında çalışan həmin şəxslərin yuxarıda göstərilən narahatlığı Azərbaycan cəmiyyətinə Qərbin mövqeyi kimi təqdim olunacaq.
Təsvir edilən planın Avropa hissəsinin koordinasiyası Almaniyada biznes fəaliyyəti ilə məşğul olan və hakimiyyətə bağlı bir neçə şəxsin vasitəsilə birbaşa Bakıdan gələn təlimatlar üzrə həyata keçiriləcək. Səfirliklər və digər dövlət nümayəndəlikləri isə onların fəaliyyətini etirazlarla qarşılayaraq bu şəbəkənin fəaliyyətinə bu yolla piar dəstəyi verəcək.
Lakin Avropa Birliyinin müxtəlif institutlarının və Avropa ölkələrinin dövlət qurumlarının məlum plan haqda məlumatlı olduğu da istisna edilmir və bəlkə də "Spiegel" jurnalının 4 yanvar tarixli nömrəsindəki məlum məqalə də elə Azərbaycan hakimiyyətinə bu fəaliyyətdən çəkinmək barədə mesaj xarakteri daşıyırdı...
Subscribe to:
Posts (Atom)