Thursday, February 9, 2017

12-ci yazı: General Rail Rzayevin açılmayan qətli

2009-cu il fevral ayının 11-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri komandanı, general-leytenant Rail Rzayev evinin yaxınlığında başına açılan atəşlə qətlə yetirildi. Həmin qətlin cəmiyyətdə əks-səda doğurması təkcə qurbanın general olmasilə bağlı deyildi. Rail Rzayev həm də son 15 ildə (1994-2009) qətlə yetirilən ən yüksək dövlət rəsmisi idi. Xatirladım ki, ondan əvvəl 1994-cü ildə Milli Məclis sədrinin 1-ci müavini Afiyəddin Cəlilovla hərbi əks-kəşfiyyat qurumu olan Xüsusi İdarənin rəisi, general-mayor Şəmsi Rəhimov eyni gündə qətlə yetirilmişdilər. 
Yüksək çinli dövlət rəsmilərinin qətlini araşdırdıqda əsas diqqətçəkən məqamlardan ikisi bunlardır: Qətlə dövlət rəsmilərinin münasibəti və cinayətin mediada işıqlandırılması. Hər iki əlamət üzrə müşahidələrin nəticəsi qətlin hazırlanmış sifarişli cinayət olduğuna işarə edirdi. Burada bir haşiyə çıxım. Dövlət rəsmilərinin sifarişli qətlləri ən müxtəlif ölkələrdə baş verir. Bir tək fərq budur ki, "qocaman", təcrübəli dövlətlərdə belə qətllər baş verdikdə (və ya təşkil olunduqda) qurban bütün rituallara riayət edilməklə hörmətlə dəfn olunur, onun əzabkeş, şəhid obrazı yaradılır və dövlətin bütün resurslarının cinayətin istintaqına yönəldilməsi görüntüsü yaradılır. Təcrübəsiz, kriminal dövlətlərdə isə hər şey tamamilə əksinə baş verir - qurban sıradan birisi kimi dəfn olunur, onu unutdurmağa çalışırlar və araşdırma görüntüsü yaratmaq əvəzinə ortaya mətbuat vasitəsilə ən axmaq versiyalar atılır. Hər iki halda cinayət açılmamış qalsa da, birinci halda qətlin icraçısı ya həbsə müqavimət göstərərkən öldürülür, ya da tutulduqdan sonra onun anlaqsız birisi olduğu "üzə çıxır". İkinci halda isə günahsız və müdafiəsiz insan(lar) şərlənərək həbsə atılır. 
İndi qayıdaq Rail Rzayevin qətlinə. Qətldən sonra KİV-lərdə İlham Əliyevin sensasion kimi təqdim olunan "Dövlətimiz özünü qorumağa qadirdir" fikri tirajlandı. Amma Azərbaycan dövlətinin milli təhlükəsizliyi ilə bağlı bir sıra strateji əhəmiyyətli vəzifələr etibar olunmuş general kimsəsiz birisi kimi dəfn olundu - Rail Rzayevə nəinki məzarı başında avtomatlardan açılan atəşləri, hətta dövlət rəsmilərinin dəfndə iştirakı belə çox görüldü. Bir qədər sonra isə generalı qaralayan müxtəlif neqativ tutumlu açıqlamalar dövriyyəyə buraxıldı - generalın guya ailəsinin İsraildə olması, özünün də İsrailə uçmağa biletinin mövcud olduğu, onun biznes maraqlarının toqquşması zəminində qətlə yetirilməsi və s. kimi çoxsaylı dezinformasiyalar media səhifələrini bəzəməyə başladı. İndi qayıdaq İlham Əliyevin yuxarıda sitat olaraq gətirdiyim bəyanatına. Əgər generalın qətli həqiqətən də Azərbaycan dövləti üçün təşlükə siqnalı idisə, o zaman hər şey tamamilə başqa cür olmalı idi: generala layiq dəfn mərasimi təşkil olunmalı idi, həmin vaxt Əbu Dabidə silah sərgisində olan Müdafiə naziri Səfər Əbiyev təcili Bakıya dönməli idi, ölkənin Milli Təhlükəsizlik Şurasının təxirəsalınmaz iclası çağırılmalı idi. Amma... Azərbaycan Milli Ordusunun generalları arasında belə xüsusi çəkiyə malik olan general-leytenant Rail Rzayev kimsəsizlər qəbristanlığında torpağa tapşırılan birisi kimi dəfn olundu. Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərində "mühüm dövlət tapşırıqlarını" yerinə yetirməkdə davam etdi və başqaları da eynilə. Ümumiyyətlə, belə göründü ki, Rail Rzayev Azərbaycanın ən bəxtsiz generallarından imiş. Onun bir qədər obrazlı desək, günün günorta çağı şəhərin ortasında açıq-aşkar qətlə yetirilməsi, hörmətsiz şəkildə son mənzilə yola salınması, barəsində nüfuzdan salan dezinformasiyaların dövriyyəyə buraxılması azmış kimi, hətta Azərbaycandakı diplomatik korpusun nümayəndələri belə ölkələrinə göndərdikləri məxfi hesabatlarda generalın qətlinin səbəblərini ölkə saytlarından götürülmüş informasiyalarla zənginləşdirmişdilər. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörs Vaşinqtona göndərdiyi "Tam məxfi" qrifli məlumatda Rzayevin qətlinin səbəbini Rauf Mirqədirovun "Zerkalo" qəzetindəki məqaləsindən götürmüşdü. Sonralar bunu WikiLeaks açıqlamalarında görmək mümkün idi. Qeyd edim ki, general Rzayevlə bağlı apardığımız araşdırmalar zamanı onun hansısa biznesə sahib olması məlumatı öz təsdiqini tapmadı. Təbii ki, bu, bizim imkanlarımız çərçivəsində aparılmış araşdırma idi və generalın biznesinin olduğunu istisna edə bilməzdi, amma Azərbaycanda hansı generalın biznesi olmayıb və ya yoxdur ki? Maraqlıdır ki, Rail Rzayevin qətlinin mümkün səbəblərindən biri kimi biznes maraqlarının toqquşması versiyasını kimsə yox, şəxsən Milli Təhlükəsizlik naziri Eldar Mahmudov açıqlamışdı. Nazir bəlkə heç özü də bilmədən əslində həqiqəti demişdi, çünki Rail Rzayev elə məhz "biznes" maraqları səbəbindən qətlə yetirilmişdi və bunu Eldar Mahmudovdan dəqiq heç kəs bilə bilməzdi. Rail Rzayev Eldar Mahmudovun yaşadığı binaya yaxın binada yaşayırdı və elə MTN rəhbərinin evinin 20-30 metrliyində də qətlə yetirilmişdi. Bəli, Eldar Mahmudov haqlı idi - Rail Rzayev biznesə görə öldürülmüşdü, amma hansı biznesə? Bu suala cavab tapmaq üçün bir qədər uzaqdan başlamalı olacağıq. General Rzayev ölkə gündəmində görünən, geniş ictimaiyyət tərəfindən tanınan şəxslərdən deyildi. Onun mətbuatın diqqət mərkəzinə düşməsinə səbəb qətlindən bir qədər əvvəl FHN rəhbəri Kəmaləddin Heydərovla münaqişəsi olmuşdu. Bu başdan deyim ki, belə bir münaqişənin olması öncə bizə də inandırıcı görünmüşdü, amma general qətlə yetirildikdən və adı çəkilən münaqişənin guya qətlə səbəb olması barədə şaiyələr dolaşmağa başlayandan sonra apardığımız araşdırmalar belə münaqişənin baş verdiyini təsdiqləyə bilmədi. Etimad doğuran mənbələrin heç biri onu faktlarla təsdiqləmədi. Mətbuata atılan həmin o hadisə haqqında məlumatlarda isə deyilirdi ki, guya xarici səfərə yollanan İlham Əliyevin təyyarəsi Bakıdan havaya qalxdıqdan bir qədər sonra helikopterlə Qəbələyə yola düşən Kəmaləddin Heydərovun helikopteri uçuşa rəsmi icazəsi olmadığı üçün Rail Rzayev tərəfindən geriyə qaytarılmışdı və bu zəmində də iki general arasında ciddi qarşıdurma yaranmışdı. Rzayev qətlə yetirilən kimi də mətbuatın "yadına düşən" ilk versiya həmin deyilən münaqişə olmuşdu. Sadəlövh insan qavrayışı üçün məntiqi görünən versiyadır əlbəttə, amma burdan başqa bir qənaətə də gəlmək olar: əgər deyilən münaqişə kiminsə uydurması olubsa, demək o, generalın qətlinə verilmiş fərmanın icrasına hazırlıq xarakteri daşıyırmış. Əks-halda Rzayevi bu şəkildə gündəmə gətirmək kimə və nəyə lazım idi? Bu versiyanın inandırıcı olmamasına dəlalət edən başqa bir amil də bu idi ki, Rail Rzayev yuxarıda qeyd elədiyim kimi, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul idi. Bu, Azərbaycanın hava məkanını kənar müdaxilələrdən qoruamağa qadir olan müasir hava hücumundan müdafiə sisteminin qurulması idi. Həmin sistem isə İsrail hərbi sənayesi ilə birlikdə qurulmuşdu və sistemin "açarları" da Azərbaycanın öz əlində idi. Bu mənada Azərbaycan postsovet məkanda öz hava məkanına tam nəzarət imkanı olan yeganə dövlət idi. Təbii ki, NATO-nun hava hücumundan vahid müdafiə sisteminin tərkibində olan Baltikyanı ölkələr də daxil olmaqla. Bundan başqa general Rzayevin üzərinə düşən vəzifələrdən biri də ölkə başçısı təyyarədə uçarkən onun Azərbaycan hava məkanında təhlükəsizliyini təmin etmək idi. Deməli, Rzayevi qətlə yetirməyin ağır fəsadları ola bilərdi. 
Amma dönək biznes məsələsinə. Beynəlxalq praktikadan məlumdur ki, silah alqı-satqısında 15%-lik "bonus" praktikası mövcuddur. Yəni, silah alan tərəf silahı satan tərəfə öncə müqavilədə göstərilən məbləği tam ödəyir və bir qədər sonra onun 15%-i geriyə - silahı alan tərəfə qaytarılır. Normalda həmin məbləğ ya vasitəçi şirkətə çatır, ya da dövlətin hesabına qayıdır. Rail Rzayevin qətlində bir qədər sonra onu yaxından tanıyan yüksək çinli bir hərbçi bizimlə söhbətində bildirdi ki, generalın hansısa pul mənimsəmə əməliyyatlarında iştirak etdiyinə inanmır və çox yüksək ehtimalla o. məhz bu cür çirkli əməliyyatların qarşısında ciddi maneə olduğu üçün də aradan götürülmüşdü. Dövriyyəyə buraxılmış başqa bir informasiyaya - Rzayevin, guya Çindən və Dubaydan qaçaqmalçılıq yolu ilə hərbi-nəqliyyat təyyarələrilə ona məxsus yükləri daşıması haqda sualımıza isə həmsöhbətimiz çox çılğın şəkildə etiraz eləmişdi. Hər halda, bunlar da müəyyən göstəricilər idi. 
Belə olduqda təbii bir sual ortaya çıxır ki, nazir Mahmudovun qətlə yetirilmiş general haqqında belə bir versiya irəli sürməsinin səbəbi nə idi? Bu suala ən dəqiq cavabı əminəm ki, keçmiş "Ceym Bondun" özü verə bilər. Bu sualı ona vermək üçünsə yetərincə ciddi əsaslar var. Məsələn, MTN-nin "məxfi müşahidə" (izləmə) xidməti qətlindən bir neçə gün əvvəl Rail Rzayevi niyə izləyirmiş? Həmin izləmə generalın qətlindən iki gün əvvəl niyə dayandırılmışdı? İzləmə zamanı Rzayevin yaşadığı məkanı öyrənən qrupun aşkarlanması barədə nazir müavini Hilal Əsədova olunan məruzədən sonra məruzəni edən şöbə rəisi niyə bir neçə gün ərzində özünə gələ bilməmişdi? Onunla Hilal Əsədov arasında 2 saata qədər çəkən söhbətin məzmunu, detalları nədən ibarət olmuşdu? Şübhəsiz ki, başqa suallar da ortaya çıxacaq, amma onları gedişatdan asılı olaraq istintaq müəyyənləşdirməlidir. Qətlin istintaqı yenidən aparılacağı halda təbii ki.
Başqa bir məqam: ölkə məmurlarından birinin hüzr mərasiminə qatılarkən generala ona qarşı sui-qəsd hazırlandığı barədə məlumat verilir. Amma onun yanındakı həmkarı - müdafiə nazirliyinin daha yüksək çinli rəsmisi qıcıqlanaraq "Все это ерунда", yəni "bunların hamısı boş şeylərdir" deyə sərt cavab verir. Niyə? Söhbət axı ona yox, general Rail Rzayevə qarşı hazırlanmış qətldən gedirdi.
Göründüyü kimi, suallar da sualların verilməli olduğu şəxslər də kifayət qədərdir, amma hələlik ortada  yalnız iki cavab, daha doğrusu, fakt var:
1. Yaxın günlərdə Rail Rzayevin qətlinin 8 ili tamam olacaq. 

2. Generalın qətli ilə bağlı cinayətin üstü hələ açılmayıb.

P.S.: Azərbaycanın yaxın keçmişində törədilmiş cinayətlərdən olan Əjdər Xanbabayevin qətlində keçmiş təhlükəsizlik polkovniki Sadıx Əliyev ittiham olunaraq həbs edilmişdi. İstintaq zamanı müəyyən edilmişdi ki, mərhum Xanbabayev qətlindən əvvəl bir neçə gün ərzində "məxfi müşahidə" xidməti tərəfindən izlənmişdi və izləmə əməliyyatı qətldən 2 gün əvvəl dayandırılmışdı. 

P.P.S.: Bir neçə gün əvvəl ADNA terroru barədə yazmışdım. Yəqin terror aktının səhərisi ADNA binasının divar və pilləkənlərində terror qurbanlarının xatirəsinə yazılmış ürək sözlərinin silinməsi, ərazinin polis tərəfindən əhatəyə alınaraq qurbanların xatirəsinin yad olunmasına, şamların yandırılmasına imkan verilməməsi hamının yaxşı yadındadır. Yəqin ki, terror aktından cəmi 10 gün sonra hadisə yerinin bir neçə yüz metrliyində keçirilən "Gül bayramına" etiraz edən gənclərin vəhşicəsinə döyülməsi də. Sanki kimsə bütün bu qanlı cinayəti tarixdən və yaddaşlardan silməyə, onun qurbanlarını unutdurmağa çalışırdı. Eynilə həmin hadisədən ay yarım əvvəl öldürülmüş generalın qətlində olduğu kimi. General Rail Rzayevin qətlində də 3 nəfər sıradan və kimsəsiz insan - köməkçi, mühafizəçi və digəri şərlənərək mühakimə olundu. Bəli, elə ADNA terrorunda olduğu kimi... 

Tuesday, February 7, 2017

11-ci yazı: Azərbaycan - casusların yeni döyüş meydanı

Qeyd etdiyim kimi, Azərbaycanın əsas milli təhlükəsizlik qurumu olan MTN-nin sıradan çıxarılması ilk növbədə ölkə ərazisini casus yuvasına döndərməyi planlaşdıran xarici kəşfiyyatların da marağında idi. Dövlətin güclü peşəkar xüsusi xidmət orqanları ölkə ərazisinə soxulan bütün xarici xəfiyyələri nəzarətdə saxlaya bilir ki, bu da heç kəsə lazım deyildi. Tarixdən bəllidir ki, bəzi ölkələr məqsədli olaraq öz ərazilərində xarici casusların fəaliyyətinə nəinki imkan yaradıblar, hətta bir sıra hallarda onların arasında vasitəçilik də ediblər. Məsələn, bundan əvvəlki yazımda qeyd etdiyim kimi, Birinci Dünya Müharibəsi dövründə İspaniya alman, fransız və ingilis xəfiyyələri üçün "açıq qapı" siyasəti yürüdürdü. Alman hərbi şifrələrinə yol axtaran ingilislərə bunu ispan kəşfiyyatçısının satması barədə maraqlı bir fakt məlumdur. Məlumatı satan ispan kəşfiyyatçı həmin əməliyyat üzərindən çoxmərhələli informasiya alveri edərək, iki dəfə almanlardan, iki dəfə də ingilislərdən yüksək məbləğdə pul almışdı. Onun növbəti dəfə sövdələşməyə gedərkən ingilislər tərəfindən hədələnməsi kifayət eləmişdi ki, İspaniya hakimiyyəti ingilis rezidenti və bir neçə Britaniya agentini ölkədən qovsun. Bu misaldan aydın görünür ki, ispan kəşfiyyatçının arxasında sifarişlərini yerinə yetirdiyi dövləti durur və bununla da xarici xəfiyyələrin fəaliyyətinə nəzarət edirmiş. Ümumiyyətlə isə, ölkə ərazisində xarici kəşfiyyatlara və onlarla bağlı müxtəlif qurumlara fəaliyyət imkanı yaradılması milli təhlükəsizlik baxımından yolverilməz haldır, çünki belə fəaliyyət ölkədə xarici kəşfiyyatların ölkə vətəndaşlarının da cəlb olunduğu agentura şəbəkəsi qurmasına imkan yaradır ki, bu da ölkə vətəndaşlarının həaytı, təhlükəsizliyi, nəhayət, dövlətin milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Lakin Azərbaycan hakimiyyətinin ölkənin milli maraqlarına və milli təhlükəsizliyinə nə dərəcədə etinasız yanaşdığı heç kəs üçün sirr deyil. Ölkə vətəndaşlarının hüquq və azadlıqları, rifahi və sağlamlığı isə yəqin ki, heç bir dövlət rəsmisini narahat edən məsələlərdən deyil. Görünür elə bu səbəbdən də Mahmudov bandasının xarici kəşfiyyatlara bu qədər geniş meydan verməsi ölkənin siyasi rəhbərliyini zərrə qədər də narahat eləmir. Özü də həmin o ölkə rəhbərliyini ki, durmadan öz siyasi opponentlərini, onu tənqid edənləri xarici kəşfiyyatlara işləməkdə, satqınlıqda, dövlətə xəyanətdə ittiham edir. Mahmudov bandasının ağlasığmaz miqyas almış casusluq fəaliyyətinin nəinki ölkə ictimaiyyətindən gizlədilməsi, hətta bu istiqamətdə heç bir təhqiqatın aparılmaması ənənəvi "Kim kimdir?" sualının gün kimi aydın cavabını bütün çılpaqlığı ilə ortaya qoyur. Belə cinayətlərin isə çoxsaylı qurbanları olub. İlk növbədə bu, Mahmudov MTN-nin satqınlığı nəticəsində müxtəlif xarici kəşfiyyatların toruna düşmuş çoxsaylı ölkə vətəşlarıdır. İkinci, həmin qurbanlardan başqa öz prinsipial vətənpərvər mövqeyinə görə xarici kəşfiyyatların təhdidilə şərlənərək həbsə atılmış, ləkələnmiş azərbaycanlılar və onların ailə üzvləri. Nəhayət, xarici xəfiyyələrin savaşı nəticəsində sağlamlığını, həyatını itirmiş ölkə vətəndaşları. Azərbaycan hakimiyyəti sadə bir həqiqəti nəzərə də almaq istəmir ki, Azərbaycan adlanan bu ölkənin qanuni sahibləri ruslar, israillilər, iranlılar, avropalılar və ya amerikalılar yox, azərbaycanlılardır.
2008-ci ilin sonları idi. ABŞ-ın nüfuzlu media vasitələrindən birini təmsil edən jurnalistin xahişilə onunla görüşdüm. Xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu gizlətməyə də cəhd etməyən həmin amerikalını maraqlandıran nə Rusiya idi, nə də İran. "Pentaqonda və CIA-də İsrailin Azərbaycana təsirini durmadan artırması ciddi narahatlıq doğurur" deyən jurnalisti (!?) ölkəsinin əsas müttəfiqinin Azərbaycandakı hərbi və kəşfiyyat fəaliyyəti maraqlandırırdı. Söhbətimiz alınmadı, çünki əvvəla həmsöhbətimi maraqlandıran mövzu bizim araşdırma predmetimiz deyildi, ikicisi isə belə mövzularda məlumat verməkdən daha çox məlumat almağa üstünlük verirəm. Aradan bir müddət keçmişdi ki, yaxın jurnalist dostlarımızdan biri bu kontekstdə maraq doğuran bir hadisəni danışdı. Livanda səfərdə olarkən həmin jurnalistə "Huzbullah" lideri Şeyx Həsən Nəsrullahla görüş imkanı yaradılır. Görüşdə Hizbullah lideri həmvətənimizə israilli sahibkarların Azərbaycanın cənub bölgələrində (yəni İrana yaxın ərazilərdə) böyük torpaq sahələri alması barədə detallı danışdıqdan sonra, belə şeylərə şərait yaratmağın ölkəmiz üçün çətinliklər törədə biləcəyini də xatırlatmağı unutmur.
2011-ci il fevralın 7-də Masallı Rayon Telekommunikasiya Qovşağında baş verən güclü partlayış qovşaqda çalışan 2 nəfərin ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb oldu. Hadisə yerindən çəkilmiş foto və videolarda binanın yalnız beton karkasının qaldığı görünsə də, nə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (o zaman bu qurum belə adlanırdı), nə də Fövqəladə Hallar Nazirliyi partlayışın səbəbləri barədə məlumat vermirdilər. Partlayışın texnogen mənşəli olması isə istisna olunurdu. Məsələn, partlayışa səbəb binada qaz sızıntısı olsaydı bu, zamanında hiss olunar və sızmanın qarşısı alınardı. Çünki partlayış saat 14.40-da, yəni iş gününün qızmar vaxtında baş vermişdi. Amma baş verən hadisənin mediada çox az işıqlandırılması da müəyyən mülahizələrə əsas verirdi. Qovşağın mütəxəssislərindən biri ölkə telekananllarından birinin kamerası qarşısında sevincək bəyan etdi ki, partlayış nəticəsində binanın altından keçən TAE (Trans - Avropa - Asiya) beynəlxalq fiber optik magistralına xətər toxunmayıb. Məlumat üçün qeyd edim ki, Çinin Şanxay şəhərindən Almaniyanın Frankfurt-Mayn şəhərinədək uzanan TAE beynəlxalq fiber optik magistralı Azərbaycandan əsasən 3 istiqamətə şaxələnir - İran, Gürcüstan-Ukrayna və Rusiya. Bütün bunları konspiroloji xarakterli ehtimallar hesab etmək də olardı əlbəttə. Amma mərkəzimizin hadisə yerinə yollanan əməkdaşı Masallıdan hadisə yerinin xüsusi güclü nəzarətdə olduğunu xəbər verməsi partlayışın terror aktı olması ehtimallarını artırırdı. Kiberkəşfiyyat əməliyyatları və müxtəlif xarakterli kiberhücumlar, o cümlədən də kiberdiversiyalar yenilik deyil. Amma Azərbaycan ərazisinin belə əməliyyatlar meydanına çevrilməsi kifayət qədər qaranlıq perspektivlərdən xəbər verirdi. Ölkə ərazisində kimlərəsə belə fəaliyyət üçün geniş imkanlar yaradılmışdı. Bu isə o demək idi ki, internetlə sıx bağlı olan bütün həyatımız, məlumat bazalarımız, bank hesablarımız (bu haqda növbədi yazılarımda daha ətraflı oxuya biləcəksiniz) və hətta yerdəyişmələrimiz tam nəzarət altında ola bilər. Özü də xarici dövlətlərin nəzarəti altında. Bir daha qeyd edim ki, Masallıda baş verən partlayışa diqqət çəkməmək olardı. Amma bundan sonra bir neçə başqa hadisələr olmasaydı. Həmin ilin noyabrında Tehranın 80 kilometrliyində yerləşən və İran İnqilab Keçikçiləri Korpusuna məxsus olan "Əmir əl-Mömin" hərbi bazasında güclü partlayış baş verir. İran hərbiyyəsinin ballistik raket proqramına aid olan bazada baş verən partlayış nəticəsində ölkənin raket qüvvələrinə rəhbərlik edən general da daxil olmaqla 30-dək hərbçi həlak olur və bir o qədəri də ağır yaralanır. İran ordusunun ən müasir raketlərindən sayılan "Şahab-3" ballistik raketlərinin bir neçəsi sıradan çıxır. Mediaya sızan məlumatlardan biri də partlayış nəticəsində orda təlim keçən Hizbullah hərbi mütəxəssislərindən bir neçəsinin həlak olması və 20-ə qədərinin də yaralanması barədə
 idi. Hadisədən bir neçə gün sonra ABŞ-da nəşr olunan Time jurnalı partlayışın Mossad və CIA tərəfindən hərbi bazadakı kompüterlərə internet vasitəsilə yeridilən xüsusi virusun köməyilə törədildiyini iddia etdi. Ardınca mövzuya dəstək verən bir sıra İtaliya, Fransa, Böyük Britaniya və ABŞ media vasitələrində isə artıq CIA-in adı yox idi. Həmin dövrdə ikitərəfli münasibətləri yaxşılaşdırmağa dair İranla məxfi danışıqlar aparan amerikalıların bu prosesi poza biləcək məlumata bu şəkildə dərhal rekasiya verməsi təsadüfi deyildi. Maraqlıdır ki, rəsmi Tehran bu məlumatları birmənalı rədd edərək, hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini bildirirdi. Belə bir kiberdiversiyanın törədldiyinin nə dərəcədə həqiqət olub-olmadığını, onun Azərbaycan üzərindən həyata keçirilib-keçirilmədiyini iddia eləmək fikrim yoxdur, amma İranın nüvə fiziklərinin bir neçəsinin qətlə yetirilməsində Azərbaycan ərazisindən istifadə edilməsi faktdır və bu haqda vaxtilə Londonda nəşr olunan The Times qəzetinə verdiyim açıqlama bütün aparıcı dünya mediasında da öz əksini tapmışdı və bu media vasitələri arasında mütləq çoxluq təşkil edən ABŞ mediası idi. Yuxarıda qeyd etdiyim kimi, bütün bu tipli təhlükəli əməliyyatların hətta passiv iştirakçısı olmaq Azərbaycanı ciddi təhdidlərlə üz-üzə qoya bilər və bu, artıq reallıqdır.
2015-ci il noyabr ayının 16-da Bakıda, ölkənin əsas internet provayderi olan "Delta Telekom" MMM-in Data Mərkəzində yanğın baş verdi və ölkənin böyük bir hissəsində internet təhcizatı dayandı. İlk baxışdan adi bir texnogen qəza sayıla biləcək bu hadisənin mediada ən müxtəlif rakurslarda hallandırılması xeyli suallar doğurdu. Bəzi mənbələr onu yanğın, digərləri isə sadəcə tüstülənmə adlandırdı. Bir qədər sonra isə müxtəlif media resurslarında qəzanın baş verdiyi məkanda MTN tərəfindən quraşdırılmış hansısa xüsusi avadanlığın yandığı barədə məlumatlar peyda oldu. İrəli sürülən versiyalar arasında biri də bu idi ki, guya yanğının sifarişçisi keçmiş MTN rəhbərliyi idi və bunu törətməklə o, ğlkənin internet məkanında həyata keçirmiş olduğu nəzarətin izlərini itirməyə çalışır. Verisya heç də inandırıcı görünmür, çünki:
- əvvəla, MTN-nin hər hansı internet provayderində və ya rabitə qovşağında quraşdırdığı izləyici-dinləyici qurğular nazirliyin öz təşəbbüsü ilə deyil, hakimiyyətin siyasətinin tərkib hissəsi olaraq həyata keçirilmişdi;
- ikinci, belə bir avadanlığın vasitəsilə görülmüş işlərin izini itirmək üçün onu yandırmaq və ya başqa formada sıradan çıxarmaq hökmən deyil;
- üçüncü, MTN "Delta Telekom"da özbaşına ümumiyyətlə nəzərdə tutulmayan heç bir avadanlıq quraşdıra bilməzdi. Ən azı ona görə ki, bu provayder İlham Əliyevin yaxın və etibarlı adamı olan general Bəylər Əyyubovun nəzarətində olub və belə də qalmaqdadır. Deməli, "Delta Telekom"un Data Mərkəzində quraşdırılmış avadanlıq yalnız ölkənin siyasi rəhbərliyinin xeyir-duası ilə ora yerləşdirilə bilərdi.
Burdan belə nəticəyə gəlmək olar ki, yüksək ehtimalla, avadanlıq bir təyinat adı altında yerləşdirilsə də, tamamilə başqa məqsədlər üçün istifadə edilirmiş "Hansı məqsədlər üçün?", "kim tərəfindən?" və "necə?" suallarınıın cavabı isə yanğın baş verəndən bir neçə saat sonra Azərbaycanı Türkiyə istiqamətində tərk edərək, sonra da "qeybə çəkilən" Delta Telekom"un mühəndisi tapılandan sonra mümkün olacaq. Təbii ki, o, ümumiyyətlə tapılarsa.

Sunday, February 5, 2017

10-cu yazı: Mahmudov öncə baş nazir, ardınca da prezident olmağa hazırlaşırdı

Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, Mahmudov bandasının ölkənin taleyinə görə məsuliyyət daşımalı olan bir qurumun rəhbərliyinə gətirilməsi və bu bandanın cinayətkar fəaliyyətinə uzun müddət göz yumulması təsadüfi deyildi. O cümlədən, bu cinayətkar dəstənin ömrünün nə az, nə çox, düz 11 il sürməsi də. Bu, bir növ zamanın tələbi və Azərbaycan xalqının normal dövlətə sahib olmaq istəyinin dəfn olunmasına dair böyük planın tərkib hissəsi idi. Bizə azad, ədalətli, demokratik dövlət kimi lazım olan Azərbaycan, bizdən daha güclülərinə korrupsiya, silah və narkotik tranziti, casusluq, sövdələşmələr məkanı kimi vacib idi. Elə buna görə də Azərbaycan adlanan bu dövlətin milli təhlükəsizlik maraqlarına xidmət edən qurum lazım deyildi. Eynilə 1-ci Dünya Müharibəsi zamanı Kasablankanın, 2-ci Dünya Müharibəsi zamanı isə Norveçin olduğu kimi. Həmin dövrün hətta səthi təhlili də maraqlı bir detalı ortaya çıxarır: Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi 11 il ərzində Azərbaycanın polis, prokurorluq, məhkəmə, cəzaçəkmə müəssisələrinə nəzarət orqanlarının qanunsuz əməlləri müxtəlif beynəlxalq təşkilat və qurumların yüzlərlə hesabatlarında öz əksini tapsa da, MTN-nin töpətdiyi çoxsaylı cinayətlər (o cümlədən də siyasi motivli cinayətlər) barədə belə hesabatlarda ya susqunluq nümayiş etdirilir, ya da heç bir siyasi və hüquqi məsuliyyət öhdəliyi tələb etməyən ümumi ifadələr işlədilirdi. Bunun təsadüf olması qənaətinə gəlmək üçün ən yaxşı halda sadəlövh olmaq lazımdır. Bəlkə də kəmağıllı... Dünyanın bütün beynəlxalq qurumlarında Azərbaycanda siyasi müxalifətin, vətəndaş cəmiyyəti qurumlarının, medianın sıradan çıxarılmasında Mahmudov bandasının müstəsna rol oynadığını bilirdilər. Bilirdilər, amma bunu nəinki ifşa eləmirdilər, hətta MTN-nin yaratmış olduğu "hüquq müdafiəçiləri", "QHT rəhbərləri" və digərlərilə üz-üzə əyləşib Azərbaycanda insan hüquq və azadlıqlarının durumunu, ölkənin demokratik inkişaf perspektivlərini müzakirə edirdilər. Başqa cür də ola bilməzdi, çünki bu, 2005-ci ildə start verilmiş planın tərkib hissəsi idi. Mahmudovun bandasının törətdiyi az qala bütün əməllər ən müxtəlif səviyyələrdə razılaşdırılmış işlər idi və burda da hər tərəfin öz şəxsi maraqları vardı. O cümlədən də MTN rəhbərinin. Bu məqsədlə də MTN quldurları agentura şəbəkəsini sürətlə genişləndirir, özünün siyasi və iqtisadi təsirini artırırdı. Lakin MTN əməkdaşlarının peşəkarlığı və müvafiq olaraq onların əməkdaşlığa cəlb etdiyi agentlərin keyfiyyət göstəricisi günü-gündən aşağı düşür, intellektual imkanları məhdudlaşırdı. Belə olduğu halda da Mahmudov MTN-i bəzən bir agentini bir neçə bir-biri ilə heç bir əlaqəsi olmayan sahə və məsələlərdə istismar edirdi. Həmin fenomenin bariz nümunələrindən biri vaxtilə MTN-ə bağlı media tərəfindən qabardılan və müntəzəm olaraq erməni saytlarını dağıtdığı iddia olunan "bacıoğlu" ləqəbli "haker" idi. Bu başdan qeyd edim ki, "Bacıoğlu" bir erməni saytını belə dağıtmamışdı və buna onun İT dair bilik və təcrübəsi də imkan vermirdi. Onun tərəfindən dağıdılan isə həmin saytlardan çıxarılmış surətlər idi. Amma əsas bu, deyildi. Əsas o idi ki, "Bacıoğlunun" erməni "saytlarını" dağıtması üçün MTN-dən pul ayrılır, "ələkeçməz haker" özü isə o puldan qəpik-quruşlar almaqla yanaşı, həm də guya reklam edilirdi. Müxalifət qəzetlərindən birində kompüterçi kimi çalışan və intellektual göstəriciləri yumşaq desək, bir qədər aşağı olan həmin agent qəzetlə bağlı olan partiya liderinin şəxsi internet səhifəsini və elektron poçt ünvanını da idarə edirdi. Onun bütün bu fəaliyyətinin kuratoru isə artıq bütün ölkənin çox yaxşı tanıdığı, "intihar etmiş" polkovnik İlqar Əliyev idi. Elə öz agentinə "Bacıoğlu" ləqəbini vermişdi də o vermişdi və "Bacıoğlu" "hakerin" agent psevdonimi deyildi (agentura işindəki psevdonim tamamilə başqadır). Sadəcə telefonla danışarkən (daha doğrusu, məlumat-tapşırıq mübadiləsi edərkən) İlqar Əliyev ona "Bacıoğlu", agenti isə polkovnikə "Dayı" deyə müraciət edirdilər. 2005-ci ildə AXCP Gənclər Komitəsinin sədri Ruslan Bəşirlinin həbsindən sonra deşifrə olunan agentin təyinatı dəyişdirildi və sonrakı 10 ildə o, ardıcıl olaraq alimə, yazıçıya, hakerə (həmin "Bacıoğlu"), deputat köməkçisinə, hüquq müdafiəçisinə və nəhayət, deputatlığa namizədə çevrildi. Əminliklə deyə bilərəm ki, 2015-ci il parlament seçkiləri ərəfəsində cinayətkar banda iş başından kənarlaşdırılmasaydı, bu gün bizə universal "superagenti" millətin vəkili qismində görmək də nəsib olacaqdı. Həmin seçkiləridə namizədliyi irəli sürülmüş və Mahmudovun siyasi hakimiyyətə yiyələnmək planında kiçik fiqurlar rolunu oynamalı olan onlarla digər MTN agentləri kimi. Mahmudovun siyasi hakimiyyətə yiyələnmək planları barədə bir qədər sonra.
Hələlik isə başqa bir misal: Anteterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin həm də agenti olan və beynəlxalq təşkilatların birində çalışan gənc xanıma gərgin əmək fəaliyyətinə görə Hyunday markalı avtomaşın bağışlamış ATM rəisi sonradan onu deputat eləmək fikrinə də düşmüşdü. Daha doğrusu, bu, Quliyevin öz təşəbbüsü deyildi, sadəcə gələcək general kuratoruna (daha doğrusu, həm də kuratoruna) yazdığı SMS-lərdə onu aşağılayan, küncə sıxan, bəzən isə hətta alçaldan iddialı agent-xanımın tələbi qarşısında aciz idi. Məsələn, SMS-lərin birində həmin xanım Elçin Quliyevə sual verirdi: "Ты что, не мужчина что-ли?", yəni, "Sən kişi deyilsən?" Bu yerdə Elçin Quliyevin fəaliyyətinin və "şəxsiyyətinin" bütün incəliklərinə bələd olan birisi kimi haşiyə çıxaraq deyim ki,sual heç də yersiz deyildi. Amma deputat mandatı məsələsinə "əli girməyən" Elçin Quliyevin bütün səyləri boşa çıxdı və siyasi hakimiyyətin həmin dairədən başqa namizədə mandat vermək qərarı azərbaycanlı "Mata Hari"nin "superagent" karyerasına son qoydu. Düzdür, ölkə rəhbərinə qarşı yönəlmiş əməllər də daxil olmaqla ən müxtəlif cinayətlərə cəlb olunmuş "Bacıoğlu"dan fərqli olaraq həmin xanımın heç olmazsa yaxın və ya uzaq perspektivdə həbs olunmaq təhlükəsi yoxdur.
Ümumiyyətlə isə göstərdiyim səviyyədə əməkdaşlar və agentura potensialına malik olmasına rəğmən, Mahmudov siyasi hakimiyyətə yiyələnməyə can atırdı və 2015-ci ilin parlament seçkiləri bu yolda həlledici mərhələ sayılırdı. Məhz bu səbəbdən də MTN-nin həmin seçkilərə diqqəti əvvəllkilərə olduğundan qat-qat çox idi. Mübarizə əksər seçki dairələrini əhatə edirdi və Mahmudov məqsədinə çatmaq üçün bütün vasitələrdən yararlanmağa çalışırdı. Mahmudovun planlarına uyğun gəlməyən namizədlər şantaj olunur, onların haqqında "kompromatlar" sızdırılırdı. Məsələn, 2015-ci il seçkiləri ərəfəsində deputat Azay Quliyev barəsində mətbuata atılan və sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olan "kompromat" MTN tərəfindən sızdırılmışdı. Məqsəd deputatı sıradan çıxararaq onu öz namizədilə əvəzləmək idi. Ədalət naminə qeyd edim ki, Mahmudovun siyasi iddiasını reallaşdırmaq şansları az deyildi və onun cinayətkar dəstəsi bunun üçün tələb olunan hazırlıqların böyük bir hissəsini artıq həyata keçirməyə müvəffəq olmuşdu:
1. Ölkənin yüksək siyasi rəhbərliyində təmsil olunan bəzi şəxslər də daxil olmaqla yuxarı çinli məmurlardan tutmuş xeyli müxalif siyasi fəal, jurnalist və vətəndaş fəallarınadək geniş bir şəbəkə "qarmaqda" idi;
2. Oğurluq, quldurluq, talançılıq, şantaj yolu ilə milyardlarla vəsait toplanmışdı;
3. Ölkə həyatının bütün sferaları nəhəng agentura şəbəkəsilə əhatə olunmuşdu;
4. Cəmiyyətdə MTN xofu yaradılmışdı;
5. Bir çox xarici ölkələrin kəşfiyyatlarına müntəzəm xidmətlər göstərilirdi;
6. Azərbaycanın yaxın və ölkənin daxili siyasətinə müdaxilə imkanı olan dövlətlərin bəzilərinin birinci şəxslərinin ailə üzvlərinə çoxmilyonluq rüşvətlər çatdırılmışdı;
və s.
Amma siyasət haqqında təsəvvürləri şantajdan, soyğunculuqdan, quldurluqdan və qanqsterlikdən o yana keçə bilməyən Mahmudovun planlarında çatışmayan bəndlər vardı ki, onlar da bandanın gözlənilən süqutuna gətirib çıxardı. Bunun 2015-ci il parlament seçkiləri ərəfəsində baş verməsi isə nəinki təsadüfi deyildi, hətta gözlənilən planlaşdırılmış addım idi.
Mahmudovun ən böyük yanlışı isə bu idi ki, o, cəmiyyətə nəzarəti və göstərdiyi xidmətlər sayəsində dünyanın taleyini cızanlar tərəfindən siyasi hakimiyyətə gətirilməklə mükafatlandırılacağını düşünürdü. Böyük güclərə isə nə ölkəyə nəzarət edən güclü rəsmilər, nə də xarizmatik liderlər lazım deyil. Sonra belələrini idarə etməkdə əlavə çətinliklər yaranır. Düzdür, o, hələ bu günədək sahibləri tərəfindən himayə olunur, çünki Azərbaycan hakimiyyətinə uzun illərdir lobbiçik edənlər Mahmudovdan Əliyevə qarşı hələ də istifadə edə biləcəklərini düşünürlər. Elə bu səbəbdən də onu həbsdən qouyurlar. Amma Azərbaycan hakimiyyətinə onun Mahmudovu da himayə edən ənənəvi lobbiçilərinin Vaşinqtonun siyasətinə təsir imkanlarının Donal Tramp prezident seçildikdən sonra sıfra bərabər olduğu çatanda Eldar Mahmudovun azadlıqda qalması səhifəsi də bağlanacaq. Bəlkə də bütövlükdə kitabı.
Odur ki, eks-nazirin taleyi həmin lobbiçilərin öz hüdudsuz təsirləri barədə bıef etdiyinin rəsmi Bakıya nə vaxt çatacağından asılıdır.

9-cu yazı: İkili agentlər şəbəkəsi və onların təxribatçı fəaliyyəti

Bundan əvvəl təqdim etdiyim MTN-nin "xarici kəşfiyyat şəbəkəsi" haqqında yazımda bu qurum tərəfindən Avropa ölkələrinə "yeridilən" ictimai-siyasi "fəalların" missiyaları haqqında yazmışdım. Həm də göstərmişdim ki, bir sıra hallarda bu şəxslərin siyasi sığınacaq almasında həmin ölkələrin müxtəlif dövlət qurumlarının birbaşa rolu olmuşdu. Təbii ki, söhbət həm də bu ölkələrin xüsusi xidmət orqanlarından gedirdi. İndi isə söhbət ikili agentlərdən gedəcək. Başqa sözlərlə desək, eyni zamanda iki dövlətə işləyən şəxslərdən. Belə agentlərdən istifadə xüsusi xidmət orqanlarının arsenalında olan və geniş tətbiq edilən praktikalardandır. Çünki kəşfiyyatlar həmin şəxslərdən bir-birinin plan və niyyətlərini öyrənmək, qarşı tərəfə yanlış məlumatlar ötürmək və digər bu kimi məqsədlər üçün istifadə edirlər. Burda təbii sual yaranır ki, peşəkarlıq səviyyəsi adi cinayətkar dəstələrin səviyyəsindən də aşağı olan Mahmudov MTN-ni Avropa ölkələrinin, məsələn, Almaniyanın və ya Fransanın kəşfiyyatından nəyi və necə öyrənə bilər? Hələ 2 il bundan əvvəl Böyük Britaniyanın MI-6 kəşfiyyat xidmətinin keçmiş əməkdaşı mediaya açıqlamasında postsovet ölkələrin xüsusi xidmət orqanlarından rəsmi yolla əldə olunan məlumatların güvənliliyi və informativliyi ilə bağlı demişdi ki, onlar hətta "Scotland Yardın" (Britaniya polisi) orta səviyyəli əməkdaşının əldə etdiyi məlumatlardan daha az tutumlu və az güvənlidir. İngilis casusla razılaşmamaq mümkün deyil. Xüsusilə də nəzərə alsaq ki, Mahmudov MTN-nin rəhbəri olduqdan bir neçə il sonra elə Azərbaycan polisinin də peşəkar əməliyyatçıları quldurluğa qurşanmış MTN əməliyyatçılarını peşəkarlıq baxımdan kölgədə qoymuşdu. Təbii ki, polisin siyasi sifarişlərlə əsasında keçirdiyi "əməliyyatları" nəzərə almasaq. Belə olduğu halda ortaya təbii sual çıxır ki, o zaman heç bir əməliyyat əhəmiyyəti kəsb etməyən agentlərdən ibarət bu şəbəkənin yaradılmasına göz yummaqda, bir sıra hallarda isə dəstək verməkdə Qərb ölkələrinin marağı nədən ibarət idi? Haqlı sualdır və cavabı da çox sadədir: bu agentlər Qərb ölkələrinə onların postsovet dövlətlərə münasibətdə həyata keçirdikləri siyasət üçün lazım idi və lazımdır. Həmin siyasətin nədən ibarət olduğu isə 3-cü yazıda ətraflı göstərilib. Qısaca olaraq təkrar edim: (2000-2005) həmin dövrdə Qərb postsovet ölkələrdə, o cümlədən də Azərbaycanda mərkəzləşmiş, avtoritar, qeyri-institusional idarəçilik modelinin tətbiqində. Məhz bu səbəbdən də həmin ölkələrdə müxalifət, media və digər vətəndaş cəmiyyəti institutları sistemli şəkildə dağıdılır, onlar rahat idarə olunan alternativlərlə əvəzlənirdi. Yeri gəlmişkən, həmin siyasət Azərbaycanla yanaşı Özbəkistana, Qazaxstana, Belarusa və hətta Rusiyaya münasibətdə də yürüdülürdü. Aydındır ki, Rusiya ilə bağlı ciddi suallar ortaya çıxır, amma onlara aydınlıq gətirmək üçün Qərb-Rusiya münasibətlərinin 2000-2012 illər dövrünü xatırlamaq kifayət edər. 2000-ci ildə Rusiya prezidenti postuna gələn Vladimir Putin həm ABŞ-la, həm də Avropa ölkələrilə dinamik inkişaf edən siyasi və iqtisadi münasibətlər qurmağa başlamışdı. Təsadüfi deyil ki, həmin dövrdə Rusiya iqtisadiyyatına tətbiq olunan Qərb investisiyaları sürətlə artırdı və məsələn, təkcə 2007-ci ildə onun həcmi 100 milyard dollardan artıq olmuşdu. Azad hüquqi və iqtisadi mühiti olmayan Rusiyada bu həcmdə investisiyaya yalnız mərkəz - Kreml, daha doğrusu Kremlin sahibi təminat verə bilərdi. Qazaxtanda, Özbəkistanda, Türkmənistanda və Azərbaycanda da eynilə Rusiya kimi bütün məsələləri Bir Nəfərlə həll etmək Qərb transmilli korporasiyaları üçün yetərincə cəlbedici görünürdü və elə bu səbəbdən də ən müxtəlif beynəlxalq qurumlar və institutlar postsovet ölkələrdə demokratik, hüquqi cəmiyyətin qurulmasını yalnız imitasiya edirdilər, əslində isə bütün proses sistemli şəkildə tamamilə əks istiqamətdə gedirdi (daha doğrusu, aparılırdı). Başqa bir misal: Avropanın sonuncu diktatoru adlandırılan Aleksandr Lukaşenkonun 20 ilə yaxındır təkbaşına idarə etdiyi Belarusa ən çox investisiya yatıran Avtriya və İsveçrə şirkətləridir (ildə 3,5 - 6,5 milyard dollar arası). Təbii ki, bu həcmdə investisiyaların tətbiqi, oturuşmuş bazar münasibətləri və hüquqi tənzimləmə mexanizmləri (qanunun aliliyi, müstəqil məhkəmə sistemi və s.) olmayan ölkələrdə ikitərəfli siyasi anlaşma olmadan mümkün deyil. Lakin transmilli korporasiyalara belə xidməti yalnız ölkələrinin diplomatları, siyasətçiləri, qeyri-hökumət təşkilatları təmsilçiləri göstərə bilər ki, bu da onların vəzifə öhdəliklərinə daxil deyil. Amma... ABŞ senatoru, Demokratlar Partiyasından prezidentliyə iddialılardan olmuş Berni Sanders The Washington Post qəzetində dərc etdiyi məqaləsində yazır: 1998-2015 illərdə təkcə 5 əczaçılıq şirkəti Vaşingtondakı təxminən 1400 nəfərlik lobbiçilərinə 3 milyard dollar vəsait xərcləyiblər. İldə adambaşına təxminən 120 min dollar.  Başqa bir misal: ABŞ Konqresinə namizədlərin seçki kampaniyası xərcləri təşminən 10 milyon dollar təşkil edir ki, bu məbləğ də tam olaraq ianələr hesabına toplanır. Məncə əlavə şərhə ehtiyac yoxdur. Bu hissəni ətraflı yazmaqda məqsədim ianələr, lobbiçilik adları altında leqallaşmış Qərb siyasi korrupsiya sisteminin anatomiyasını və işləmə mexanizmlərini az da olsa təsvir etməkdən ibarət idi.
İndi isə qayıdaq Azərbaycana. Nə qədər inandırıcı görünməsə də, bu, faktdır ki, Azərbaycandakı müxalif düşüncəni və hərəkatı Belarusda, Mərkəzi Asiya ölkələrində (xüsusilə Özbəkistan və Qazaxstanda) olduğu kimi boğaraq tam sıradan çıxarmaq mümkün olmadı. Zaman-zaman üzləşdiyi uğursuzluqlardan çıxaraq dirçələn müxalif düşüncə siyasi arenaya dönərək hələ də mövcud olduğunu göstərdi. Belə olduqda fərqli bir modelə əl atıldı - demokratik, hüquqi, azad və ədalətli cəmiyyət uğrunda mübarizədən çəkinmək istəməyən fəal kəsimi yanlış - səmərəsiz mübarizə yoluna yönəltmək. Elə burda da yerli hakimiyyətlə razılaşdırılmış saxta liderlərə, vətəndaş cəmiyyəti fəallarına, media qəhrəmanlarına ehtiyac yaranır. Beyin mərkəzləri tərəfindən müvafiq texnologiyalar işlənib hazırlanır, və tətbiq olunur. Amma yerli hakimiyyətlə əldə olunan bu cür anlaşmaların etibarlı olması, qarşılıqlı etimad üzərində qurulması üçün irəli çıxarılacaq fiqurlar da razılaşdırılmalıdır. Beləliklə də anlaşma əldə olunur və ölkədəki narazı kəsimin önünə faktiki ikili agent olan saxta fəallar çıxarılır ki, onlar da istisnasız olaraq bütün kritik məqamlarda verilmiş təlimatlar üzrə hərəkət edir və bununla da mübarizəni dalana apararaq, fəal kəsimin mübarizə əzmini sındırır, onun öz uğuruna inamsızlığını artırır, kəmiyyət və keyfiyyət baxımdan bir qədər də zəiflədir. Bu, onların yeganə fəaliyyət müstəvisi deyil. İkili agentlər aldıqları sifarişlər əsasında həmçinin ideoloji diversiya da həyata keçirirlər ki, bunun da ən geniş yayılmış forması cəmiyyətdə əsrlər boyu formalaşmış və oturuşmuş, cəmiyyətdaxili münasibətlər sistemində zəruri tənzimləyici mexanizmə çevrilmiş dəyərləri gözdən salmaq, onları keçmişin qalıqları kimi təqdim etmək və psevdodemokratik, psevdoliberal "dəyərlərlə" əzəvləmək kimi təbliğat aparırlar. Belə təbliğat onların ixtiyarında olan və səxavətlə maliyyələşdirilən müxtəlif informasiya resursları vasitəsilə həyata keçirilir ki, bu da son nəticədə "uğursuz cəmiyyət" sindromunun yaradılmasına xidmət edir. Dəyərlər sistemi dağıdılmış, saxta qəhrəmanları olan, sosial-iqtisadi sıxıntılara, haqsızlığa, ədalətsizliyə, təzyiq və təqiblərə məruz qalan cəmiyyətin uğur qazana biləcəyi isə heç nəzəri cəhətdən də inandırıcı deyil. İkili agentlər isə bu əvəzsiz xidmətləri müqabilində həm hakimiyyət tərəfindən təzyiqlərə məruz qalması imitasiyası ilə bütləşdirilir, həm də sponsorları tərəfindən səxavətlə mükafatlandırılırlar. İkili agentlərin fəaliyyətinin mühüm elementlərindən biri də təhrikçilikdir ki, bunun da sayəsində yeni-yeni siyasi məhbuslar ordusu yaradılır, cəmiyyətdə xof və qorxu yayılır, mübarizə aparanların bir-birinin ünvanına satqınlıqda ittihamlar və daxili çəkişmələr artırılır. Bütün bu proses isə beynəlxalq hüquq müdafiə təşkilatlarının çağırışları, müxtəlif beynəlxalq səviyyələrdə hakimiyyətin ünvanına tənqidi qərar və qətnamələrin qəbulu ilə müşaiyət olunur. Daha doğrusu, boş sözlərdən o yana keçməyən addımlarla...