Friday, January 27, 2017

8-ci yazı: MTN-nin "kəşfiyyat" şəbəkəsi

Keçmiş MTN-də yuva salmış cinayətkar dəstənin hədəfində təkcə ölkə daxilində olan Azərbaycan vətəndaşları deyildi. Bu qurum kəşfiyyat adı altında hakimiyyətə müxalif olanların ölkənin xaricində olanların da nəzarətdə saxlanılmasını və təqib olunmasını, ən azı onların fəaliyyətinin izlənilməsini təmin etmək üçün bir sıra xarici ölkələrə yerləşdirilmiş agentlərdən istufadə edirdi. Bura xüsusilə azərbaycanlı siyasi fəal mühacirlərin çoxluq təşkil etdiyi Avropa ölkələri daxil idi. Əslində, istənilən ölkənin, o cümlədən Azərbaycanın öz milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə
xarici dövlətlərdə agentura şəbəkəsi qurması tamamilə normal praktikadır, amma bu, həqiqətən kəşfiyyat şəbəkəsi olduqda. Əliyev-Mahmudov MTN-nin isə hədəfləri tamamilə başqa idi və onlar da təhlükəsizlik orqanlarının ölkənin daxilində yerinə yetirdiyi funksiyanın tərkib hissəsi idi. Başqa sözlərlə, siyasi polis və qarət vasitəsinə çevrilmiş MTN ölkənin xaricində yerləşdirdiyi agentləri vasitəsilə siyasi mühacirlərin fəaliyyətini izləməyə çalışır, bu məqsədlə Avropadakı azərbaycanlıların yatardığı müxtəlif qurumlara Bakıdan yollanmış adamlarını (agentlərini) yerləşdirirdi, Normalda, öz sıraları xarici agentlərlə dolu olan Əliyev-Mahmudov MTN-i kimi başıpozuq quldur dəstəsinin məsələn, Fransa, Almaniya, İsveçrə və ya Hollandiya kimi ölkələrdə kəşfiyyat fəaliyyəti həyata keçirməsi yalnız fantaziya məhsulu ola bilərdi. Əslində, belə məqsəd də yox idi və hədəfdə yuxarıda qeyd elədiyim kimi, Avropa ölkələrində yaşayan siyasi mühacirlər idi. Odur ki, həmin şəbəkənin kəşfiyyat fəaliyyətinin effektivliyi də ən yaxşı halda sıfra bərabər idi. Bunu da qeyd edim ki, kəşfiyyat xüsusi xidmətin ən incə və zəhmət tələb edən sahəsidir. Hətta böyük və güclü kəşfiyyatlar da xaricdə bir agentini yerləşdirmək üçün buna uzun illər ərzində, peşə hazırlığı, böyük səylər və maliyyə vəsaitləri hesabına nail ola bilir. Hələ bunlar da kəşfiyyatçının qarşısına qoyulan vəzifələri yerinə yetirə biləcəyinə təminat vermir. Deməli, MTN-nin də "kəşfiyyat" şəbəkəsinin səmərəliliyindən söhbət gedə bilməzdi. Həm də ona görə ki, bu işi həyata keçirmək üçün kobud və primitiv ənənəvi üsullardan istifadə olunurdu. Maraqlı məqamlardan biri də budur ki, həmin şəbəkəyə daxil olan agentlərin mütləq əksəriyyətinin fəaliyyəti keçmiş MTN-nin Antiterror Mərkəzi (ATM) tərəfindən idarə olunurdu. Halbuki, ATM fəaliyyət sahəsinə görə kəşfiyyat yox, daha çox əks-kəşfiyyat qurumu idi. Amma bunun da öz maraqlı səbəbləri vardı. Əvvəla, həmin "kəşfiyyatçılar" elə əvvəldən ATM-in əlaqəsində olmuş və hələ Azərbaycanda yaşadıqları dövrdə bu quruma işləmiş adamlar idi. Onlar müxalifət partiyalarında, media qurumlarında, vətəndaş cəmiyyəti institutlarında və gənclər təşkilarlarında agen kimi istifadı olunmuş şəxslər idi. İkincisi, xarici ölkələrə göndərilən bu agentlər əsasən, ölkədəki fəaliyyəti zamanı deşifrə olunmuş və ya hansısa çirkli əməllərdə, cinayətlərdə istifadə olunmuş şəxslər idi. Bu şəxslər həm də MTN tərəfindən cəlb olunduqları cinayətlərin canlı şahidləri idi. Üçüncüsü, belə bir "kəşfiyyat" şəbəkəsi MTN-ə çox müxtəlif kontekstlərdə lazım idi. Beləliklə, MTN rəhbərliyi bununla ölkə başçısına sədaqətini nümayiş etdirməyi hədəfləyirdi, xaricdəki azərbaycanlıları izləyirdi və əlbəttə ki, "kəşfiyyat" üçün büdcədən böyük məbləğdə pulu mənimsəyirdi. Mənimsəmənin sxemi isə 2x2 qədər sadə idi. Məsələn, Almaniyada və ya İsveçrədə siyasi sığınacaq almış agentin fəaliyyətini maliyyələşdirmək üçün o, hələ Azərbaycanda olarkən adına bank hesabı açılır və kart alınırdı. Agent gedib xaricdə yerləşdikdən sonra isə ona bir növ aylıq məvacib verilirdi ki, bu məbləğ də onun hesabına yatırılırdı. Sonra isə agent yaşadığı ölkədə həmin pulu bankomat vasitəsilə əldə edirdi. Kəşfiyyat adı altında "fəaliyyət göstərən" belə bir agentin adına 3.000-3.500 Avro pul yazılsa da ona çatan məbləğ 600-750 Avro təşkil edirdi.  "Siyasi sığınacaq almış" kəlməsini təsadüfən işlətmədim. MTN agentlərinin mütləq əksəriyyəti məhz bu ad altında mühacirətə göndərilirdi. Üstəlik də onlara xaricdə olarkən daha fəal olmaq tapşırılırdı ki, guya deşifrə olunmasınlar. Halbuki, həmin agentlər yaşayacaqları ölkəyə hələ yetişməmiş dosyeləri Avropada yaşayan siyasi mühacirlərə çatdırılırdı, çünki yuxarıda qeyd etdiyim kimi, onların əksəriyyəti hələ Azərbaycanda yaşayarkən artıq deşifrə olunmuş primitiv xəbərdaşıyanlar idi. Bu şəxslərin Avropa ölkələrində yerləşdirilməsinə gəldikdə isə.burda da diqqətçəkən xeyli ziddiyyətlər var. Məsələn, hal-hazırda Almaniya Xarici işlər Nazirliyində çalışan xanım Haydrun Tempelin ölkəsinin Azərbaycandakı səfiri olduğu dövrdə MTN-nin bir neçə agenti həmin ölkəyə yerləşdirilmişdi . Azərbaycanda həqiqətən ciddi təqiblə üzləşən siyasi fəallar Almaniyaya giriş vizası ala bilmədikləri və ya həmin ölkədə bir ilə yaxın əziyyət çəkdikdən sonra siyasi sığınacaq ala bildikləri halda, MTN agentləri buna çox qısa müddətdə və asanlıqla nail olurdular. Burda təbii ki, əyləncə və yaxşı həyat həvəskarı olan diplomat xanımın Azərbaycan hakimiyyətinə xüsusi sevgisinin də rolu vardı, amma görünür bu, yeganə səbəb deyildi. Tanınmış bir siyasi məhbusdan müntəzəm olaraq MTN-ə xəbər ötürərək onun həbsində yardımçı olmuş agentin Almaniyada yerləşdirilməsi iki dövlət arasında anlaşmanın nəticəsi də ola bilərdi. Başqa bir misal: həbsdə "intihar etmiş" ATM-in rəis müavini polkovnik İlqar Əliyevin əlaqəsində ikən müxtəlif çirkli "əməliyyatlara" cəlb olunmuş, tanınmış bir siyasətçiyə seks-video çəkilişi məqsədilə yeridirilərkən isə deşifrə olunmuş, gənclər təşkilatlarından birinin üzvü olan agent xanımın da Almaniyada sığınacaq alması xeyli suallar doğurur. Bütün bunlar o zaman baş verirdi ki, Almaniyanın siyasi fondlarında çalışmış və saxta ittihamlarla istintaqa cəlb olunaraq həbs təhlükəsilə üzləşən şəxslərin qorunması üçün onların nəinki ölkədən çıxarılması təmin olunmurdu, hətta səfir xanım Tempel həmin şəxslərin görüşmək xahişini də qulaqardına vururdu. Halbuki, bu, alman dövlətinin mənəvi borcu və hüquqi öhdəliyi idi. Görünür, səbəb təkcə diplomat xanımın müntəzəm olaraq YAP-çı deputatların bağ evlərində istirahət eləməsi deyildi...   
MTN-nin ATM-nin müxtəlif Avropa ölkələrinə siyasi mühacir qismində yerləşdirdiyi agentlərin istifadəsi bunlarla bitmirdi. Bir sıra hallarda onlardan MTN-nin Əliyev ailəsi haqqında topladığı ifşaedici materialların (kompromatların) müxtəlif Avropa QHT və media vasitələrinə ötürülməsi üçün də istifadə olunurdu. İsveçrədə və Almaniyada yerləşdirilmiş agentlərin bu işlərə cəlb olunması barədə məlumatlar bizə hələ 3-4 il əvvəl daxil olmuşdu.
Yekun olaraq, bunu da qeyd etmək lazımdır ki, Avropa ölkələrində fəaliyyət göstərən təkcə agentura şəbəkəsinin deyil, azərbaycanlı mühacirlər tərəfindən yaradılmış bir sıra qurumların da fəaliyyətinin ikitərəfli ölkələrarası anlaşma əsasında tənzimlənməsi barədə çoxsaylı məlumatlar mövcuddur. Eynilə Avropa Komissiyası tərəfindən ayrılan qrantların Azərbaycanda hansı təşkilatlara verilməsilə bağlı Azərbaycanla Avropa Birliyi arasında olan anlaşma kimi. Burda da əsl məqsəd Əliyev hakimiyyətinə həqiqi müxalif mövqedə olan şəxs və qurumlarının fəaliyyətini kölgədə qoymaq, onları qondarma opponentlərlə əvəzləməkdir. 

Sunday, January 22, 2017

7-ci yazı: Ölkə rəhbərliyi ADNA terrorunun açılmasında maraqlı deyil

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktı ölkədə ciddi rezonans, insanlar arasında təlaş, qorxu və sarsıntı doğurdu. Cinayətin motivləri və kim tərəfindən törədilməsi barədə ilk günlər müxtəlif versiyalar dolaşsa da, Prezident Administrasiyasının baş verən hadisəyə heç bir aidiyyatı olmayan şəbəsinin müdiri Əli Həsənov elə ilk saatlardaca ADNA-da baş verənləri "xuliqanlıq zəminində qətl" adlandırsa da, bunun ciddi mesajlarla dolu terror aktı olması hər kəsə gün kimi aydın idi. Hər kəsə, o cümlədən də Azərbaycan hakimiyyəti və onun başçısı İlham Əliyevə. Elə ilk saatlardan apardığımız araşdırmalar nəticəsində  terrorun son dərəcədə soyuqqanlılıqla həyata keçirilməsi və onu törədənlərin qurbanların sayının mümkün qədər çox olmasına çalışmaları haqda əldə etdiyimiz dəlillər 3 əsas nəticəyə gəlməyə əsas verirdi:

1. Terrorun arxasında siyasi və geosiyasi motivlər dayanır. Bu isə o demək idi ki, terror aktının arxasında sıradan bir terrorçu təşkilat deyil, hansısa dövlətin xüsusi xidmət orqanı dayanır. Elə bu səbəbdən də terrorçular yüksək psixoloji və atəş hazırlığı keçmiş şəxslərdən seçilmişdi. Terrorun törədildiyi vaxtın, yerin və onun törədilməsi üsulu da bu nəticəni gücləndirirdi. Lakin bu cür ağır cinayəti törədənlər nə dərəcədə güclü xarici dövlətin qurumları olsa da, onun açılmayacağına əmin olmalı idilər və deməli, terror aktının törədilməsində ölkə daxilindən kimlərsə iştirak etməli idi. Həm də bu iştirakçı tərəf cinayətin açılmasına mane olacaq qədər gücə, təsirə malik olmalı idi;

2.  Terror aktının kim tərəfindən və hansı məqsədlə törədilməsi barədə Azərbaycan rəhbərliyinin və dövlət orqanlarının ətraflı məlumatı var. Bunu deməyə əsas verən amillərdən ən azı ikisi ortada idi. Əvvəla, Əli Həsənovun terror aktına "xuliqanlıq zəminində qətl" deməsi, ikincisi, mətbuatda terror aktı barədə sistemlı dezinformasıyaların dövriyyəyə buraxılması. Hər iki amil şübhələri MTN-nin üəzrinə gətirib çıxarırdı. Məsələ burasındadır ki, baş verən terror aktı "terror" adlandırılsaydı deməli onun istintaqını da MTN aparmalı idi. Görünür terror aktına "xuliqanlıq" adı vermək də bu işin MTN-nın tərəfindən aparılmasının qarşısını almaq üçün lazım idi. İrəli gedərək deyim ki, ADNA terrorunun istintaqını DİN və Prokurorluq aparsa da, sonda verilən saxta ittihamlar terrorçuluq maddəsi ilə irəli sürülmüşdü. İkinci amil - mətbuata bu həcmdə, sistemli və metodik dezinformasiyalar ötürmək imkanına yalnız bir qurum - MTN malik idi. Bir neçə belə dezinformasiya xarakterli yazının araşdırılması onların media sahəsində çalışan MTN agentləri tərəfindən ötürülməsini təkzibolunmaz faktlarla ortaya qoydu. Bundan əvvəlki yazımda qeyd etdiyim kimi, MTN əməkdaşlarının qeyri-peşəkarlığı və satqınlığı sayəsində bu orqanın ictimai-siyasi sektordakı agentlərinin xeyli hissəsi ən müxtəlif insanlara və qurumlara adbaad bəlli idi.  O cümlədən də etibarlı məlumat mənbələri olan Şərq-Qərb Araşdırmalar Mərkəzinə. 

3. Birinci və ikinci nəticədən çıxan üçüncü nəticə deyirdi ki, cinayətin əsl təşkilatçıları ifşa olunmayacaqlar və iş hansısa günahsız insanların üzərində qapadılacaq. Terror aktından 2 gün sonra media açıqlamalarımın birində demişdim ki, dövlət orqanları cinayəti hansısa əlçatmaz xarici qüvvənin ayağına yazıb işi bağlayacaqlar və elə həmin açıqlamada da mümkün variant kimi Ermənistanın adını çəkmişdim, Belə də oldu. Azərbaycan hakimiyyəti heç bir utanc, abır-həya çərçivəsi gözləmədən bəyan etdi ki, terroru Gürcüstanda yaşayan erməni taksi sürücüsünün əlilə Ermənistan xüsusi xidmət orqanları təşkil edib, icraçılar kimi isə üç azərbaycanlı gənc - avtobus sürücüsünün köməkçisi, dönərçi və maşınyuma məntəqəsinin işçisi mühakimə olundular. Məhkəmə adına ləkə olan Azərbaycan məhkəməsi, daha dəqiq desəm, Azərbaycan xalqının ən işıqlı nümayəndələrinin qanına susamış Bakı Ağır Cinayətlər Məhkəməsi simasızlıq simvolu olan "hakimi" Ramella Allahverdiyevanın əlilə işə nöqtə qoydu. 

Bu yerdə qeyd edim ki, ADNA terrorunda MTN rəhbərlərinin iştirakının olmasını mətbuatda dəfələrlə açıq şəkildə bəyan eləsəm də, bir dəfə də olsun nə istintaq qrupu, nə polis və prokurorluq orqanları, nə də elə MTN-nin özü mənə bu ittihamlarımla bağlı bircə sual da verməyib. Yalnız bircə dəfə "Azadlıq" radiosunda çalışarkən əməkdaşlığa cəlb etdikləri sonradan isə "Kaspi" qəzetinə yerləşdirdikləri agentin yazdığı məqalə ilə cavab veriblər.  Niyə? Əslində ən azı istntaqa çağırıb söylədiyim fikirlərlə bağlı şahid ifadəsi almalı idilər. Ən azı. Sübutum olmayacağı halda isə böhtana görə məhkəməyə verilməliydim. Amma bunun heç biri olmadı. Ola da bilməzdi, çünki ADNA-dakı terror aktı baş verən zaman MTN-nin ən azı 4 əməkdaşı hadisə yerində olmuşdu və əlimizdə bunun təkzibolunmaz sübutları var. Həmin 4 nəfərdən biri (polkovnik İlqar Əliyev) artıq "intihar edib", biri hadisənin şahidi olmasına görə ehtiyat edərək terror aktından həmən sonra xaricə köçüb. Qalan ikisi isə keçmiş MTN nazirinin müavini general Hilal Əsədovun sürücüsü və köməkçisi olub. Ölkə rəhbərinin ADNA cinayətini açmaq istəyi varsa və bununçün o, yetərincə siyasi iradəyə və cəsarətə malikdirsə, həmin iki nəfəri istintaqa çağırıb "Terror hadisəsi baş verəndə ADNA-da nə gəzirdiniz və sizi ora kim yollamışdı?" sualını vermək kifayət edəcək.
ADNA terroru barədə hələlik bu qədər...  

Saturday, January 21, 2017

6-cı yazı: keçmiş MTN-nin agentura şəbəkəsi və İranla işbirliyi

2004-2015 illər ərzində Mahmudov MTN-i ölkənin ictimai-siyasi, iqtisadi, maliyyə və digər sahələrinə kök atmış geniş agentura şəbəkəsi yaratmağa nail oldu. Əslində, agentura şəbəkəsinin genişləndirilməsi istənilən xüsusi xidmət orqanı üçün uğurlu işin nəticəsi hesab edilə bilər, amma MTN-nin yaratdığı agentura şəbəkəsinə bu qiyməti vermək qeyri-mümkündür. Bunun da bir neçə səbəbi var. Əvvəla, MTN tərəfindən əməkdaşlığa cəlb olunanların böyük əksəriyyəti hədə-qorxu, şantaj, kompromatla təhdid yolu ilə bu işə cəlb olunurdu ki, bu yollarla əldə olunmuş məxfi mənbələr də güvənli sayıla bilməz. Məxfi məlumat mənbələrinin güvənliliyi isə onların ən başlıca keyfiyyət göstəricilərindən biri sayılır. İkincisi, Mahmudov bandasının agentura ilə qeyri-peşəkar iş prinsipləri və metodları məxfi mənbələrin deşifrə olumasından tutmuş onların qətlinədək geniş risk spektrini əhatə edirdi. Belə ki, məsələn, 2011-2015 illərdə MTN-nin media və vətəndaş cəmiyyəti sıralarındakı agentlərinin böyük əksəriyyəti bizə adbaad bəlli idi. Bu məlumatlar isə həm sızmalar, həm də öz hesablamalarımız nəticəsində əldə olmuşdu. Digər bir səbəb MTN-nin bir çox hallarda öz agenturasına birdəfəlik istifadə prinsipi ilə yanaşması idi. Bundan əlavə MTN öz agentlərini xarici kəşfiyyatların əlaqəsinə ötürür (satır), bəzi hallrda isə onları nazirlik rəsmilərinin maraqları naminə öldürürdü. Məsələn, 2011-ci ildə MTN-nin Bakının Nİzami rayonunda radikal dindarlara qarşı keçirdiyi əməliyyat zamani bir qrup dindar həbs olunmuş, onlardan silahlı birisi isə qətlə yetirilmişdi. Araşdırmalarımız göstərdi ki, həmin dindar xeyli əvvəl MTN-nin keçmiş nazir müavinlərindən birinin əsaqəsində agent olub və sələfi dindarların toplantısına da həmin əməliyyatı hazirlayan MTN Antiterror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin əməliyyat tapşırığı əsasında göndərilib. Təbii ki, əməliyyata rəhbərlik edən İlqar Əliyevin keçmiş rəisi, bu gün həbsdə olan general Elçin Quliyev olmuşdu. Agent əməliyyat tapşırıgına göndərilir, ardınca da xüsusi təyinatlılara onun silahlı olduğu bildirilir və güllələmək tapşırığı verilir. Belə hallardan başqa bir sıra məxfi əməliyyat mənbələrinə "obyektlə" intim əlaqəyə girmək tapşırılmış, sonra isə bu əlaqənin gizli kamera ilə çəkilmiş videogörüntüləri ya şantaj üçün istifadə olunmuş, ya da internetdə yayılmışdır. Hərçənd ki, MTN-nin belə çirkin "əməliyyatlarında" iştiraka razılıq vermiş agentlər arasında mükafatlandırılanlar da olub. Onlardan "ilin jurnalisti", "yazıçı", "hüquq müdafiəçisi" və s. düzəldilib. Acınacaqlısı isə budur ki, həmin şəxslərin bir çoxu bu gün də MTN-nin davamçısı olan DTX tərəfindən istifadə olunmaqdadır. Düzdür, hələlik yalnız məlumat mənbəyi kimi...
Əsasən İsrail kəşfiyyatı "Mossad"ın çətiri altında fəaliyyət göstərən MTN nə qədər təəccüblü də olsa, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat xidmətilə də sıx əlaqələrə malik idi. İran kəşfiyyatı ilə əlaqələr iki generala tapşırılmışdı. Onlardan biri uzun müddət İran xətti üzrə işləmiş Ədalət Əsədullayev (Eldar Mahmudovun qohumu), digəri isə Kəşfiyyat İdarəsinin rəisi Namiq Bağırov idi. İran kəşfiyyat orqanları ilə birlikdə keçirilən əməliyyatların qurbanları isə əsasən İrana qarşı olan azərbaycanlı fəal dindarlar idi, Belə əməkdaşlığın ən bariz nümunəsi "Səid Dadaşbəylinin qrupunun işi" kimi tanınan inanclı gənclərin şərlənərək tutulması idi. Əslində İrana qarşı olan Səid Dadaşbəyli və onun inanclı dostları İran kəşfiyyatına işləməkdə şərlənərək uzun müddətə həbs cəzası aldılar, "dəstənin" üzvlərindən biri isə MTN-nin istintaq təcridxanasında işgəncələrə tab gətirməyərək öldü. Bu işlə bağlı tanınmış jurnalist Natiq Cavadlının apardığı əhatəli və cəsarətli jurnalist araşdırması ölkədə və onun hüdudlarından kənarda geniş rezonans doğursa da, müəllif bu araşdırmaya görə yüksək beynəlxalq mükafata layiq görülsə də, ölkənin dövlət və hakimiyyət orqanları bunu görmədilər. Görə də bilməzdilər, çünki əvvəl də qeyd etdiyim kimi, Eldar Mahmudovun bütün cinayətlərinə, iyrənc əməllərinə "yaşıl işıq" şəxsən İlham Əliyev tərəfindən yandırılmışdı. Halbuki, vətənpərvər azərbaycanlı gənclərə qarşı təşkil olunmuş həmin qondarma əməliyyatı MTN İran kəşfiyyatı ilə birlikdə hazırlmışdı və İran tərəfdən bu işdə iştirakda İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri höccətülislam Ojaq Nejadın olması bildirilirdi. Höccətülislam Ojaq Nejadın İran kəşfiyyatının yüksək rütbəli nümayəndəsi olması isə Azərbaycanın xüsusi xidmət orqanlarına hələ 1993-cü ildən bəlli idi. Buna baxmayaraq o, uzun illər ərzində çox rahat şəkildə Azərbaycandakı İran casus şəbəkəsini genişləndirməklə məşğuldur. Bu da təbiidir, çünki Mahmudovun biznes şərikləri arasında yuxarıda adı çəkilən və bir çox Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan İnqilab Keşikçiləri Korpusuna bağlı olan iranlı biznesmenlər az deyildi. Eks-nazirin Badamdar qəsəbəsindəki nəhəng imarətinin tikintisində onların pullarından da istifadə olunub. Başqa sözlərlə, İran kəşfiyyatının pullarından. Göründüyü kimi, əslində Eldar Mahmudov başda olmaqla keçmiş MTN rəhbərliyi ilk növbədə "casusluq" və "dövlətə xəyanət" maddələrilə ittiham olunmalıdılar. Amma bunun baş verəcəyi qətiyyən inandırıcı deyil. Əvvəla, ona görə ki, İlham Əliyevin şəxsən özünün nazir postuna gətirdiyi şəxsi bu maddələrlə ittiham etməyə siyasi iradəsi çatmır, ikincisi isə, Mahmudovun əlindəki kompromatlardan və onun xarici himayədarlarından çəkinməmək üçün cəsarəti.     
    

Friday, January 20, 2017

5-ci yazı: Çovdarovun cinayətləri, ATM-in "əməliyyatları" və İlqar Əliyevin "intiharı"

Əslində, Akif Çovdarovun məhkəməsi boyu mediada onun törətdiyi cinayətlərin qabardılması xüsusi məqsədə xidmət edir. Qanqster Çovdarovun törətmiş olduğu cinayətlərdə mövcud hakimiyyətin mahiyyəti nöqteyi-nəzərindən qeyri-adi heç nə yoxdur. Əliyev hakimiyyətinin hansı qurumu öz imkan və səlahiyyətləri çərçivəsində sıradan insanlardan tutmuş sahibkarlaradək ölkə vətəndaşlarını talamır ki? Yoxsa "Akkord", "Gilan Holdinq", Paşa Holdinq", "ZQAN Holdinq" və ya "Ata Holding" ədalətli iqtisadi rəqabət şəraitində yaranmış biznes strukturlarıdır? Əlbəttə ki, yox. Sadalanan bu böyük bizneslərin yaranmasının kökündə və bugünkü fəaliyyətinin əsasında mənimsəmələr, talançılıq, korrupsiya, soyğunçuluq və oğurluq dayanır. Sadəcə bütün bu əməllərin reallaşdırılması forma etibarilə bir-birindən fərqlidir. Yəni, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin, Prokurorluğun və ya hansısa digər bir orqanın başında duranların topladığı sərvətin hamısı kriminal yollarla toplanmış sərvətdir, yeganə fərq isə onların bu talanşçılığı reallaşdırma yollarından ibarətdir. Burda da hər bir quruma rəhbərlik edən şəxs(lər) öz səlahiyyət və imkanları çərçivəsində hərəkət edib. Bu baxımdan MTN-nin şantaj, təhdid, təzyiq etmək imkanları daha çox, metodları isə daha kəskin olduğundan Akif Çovdarovun və digərlərinin törətdiyi iqtisadi xarakterli cinayətlər bu qədər sensasion görünür. Amma keçmiş MTN rəhbərliyi tərəfindən törədilmiş çoxsaylı cinayətləri sahibkarların Akif Çovdarov tərəfindən talanması üzərində qapamaq cəhdi başqa mətləblərdən xəbər verir. Buna aydınlıq gətirmək üçün əvvəlki yazıma bir daha müraciət etməli olacağam. 4-cü yazımda Mahmudov bandasının əvvəlcə Rusiya, sonra isə İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlığından yazmışam. Bu, bandanın əsas partnyorları olmuş iki ölkənin xüsusi xidmət orqanıdır. Əslində isə, Eldar Mahmudovun nazir olduğu dönəmdə MNT daha çox sayda kəşfiyyatla əməkdaşlıq edib. Bunların arasında İran İnqilab Keçikçiləri Korpusunun kəşfiyyat xidmətindən tutmuş Avropa ölkələrinin xüsusi xidmət orqanlarınadək müxtəlif casus qurumları olub. Əlbəttə, müştərək maraqların olduğu məsələlərə dair birgə kəşfiyyat əməliyyatları hər zaman olub və olacaq da. Xüsusilə də sürətlə qloballaşan bugünkü dünyanın əsas problemlərindən olan terrorizmə, narkotrafikə, insan və orqan alverinə və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizədə. Amma hətta belə əməliyyatlar keçirilən zaman da xüsusi xidmət orqanı hər bir addımını ölkəsinin milli təhlükəsizliyini nəzərə alaraq atır. Mahmudov isə faktiki olaraq MTN-ni az qala bütün kəşfiyyatlar üçün karvansaraya çevirdi. Amma bu da İlham Əliyevin nazirinin ən böyük cinayəti deyil. Təsəvvür edin ki, Mahmudovun rəhbərliyi dönəmində yüzlərlə (kim bilir, bəlkə də minlərlə) Azərbaycan vətəndaşı yazılı iltizam alınaraq məxfi əməkdaşlığa cəlb olunub, lakin bunlar heç bir səviyyədə rəsmiləşdirilməyib. Başqa sözlərlə, ölkədə heç bir sənədləşmədə əks olunmamış böyük agentura şəbəkəsi yaradılıb. Hüquq-mühafizə orqanları da daxil olmaqla hakimiyyət strukturlarında, mediada, vətəndaş cəmiyyəti institutlarında çalışan, siyasi partiyalarda təmsil olunan bu insanların əksəriyyəti barələrində toplanmış ifşaedici materiallarla (kompromatla) təhdid, şantaj edilərək əməkdaşlığa cəlb olunub. Sayı və siyahısı bəlli olmayan həmin şəbəkə Mahmudov bandasının özü tərəfindən də idarə olunmaq üçün yaradıla bilərdi, amma eyni zamanda, bu insanların barəsində toplanmış materiallar (əməkdaşlıq haqda verdikləri iltizamlar da daxil olmaqla) müxtəlif xarici kəşfiyyatlara da ötürülmüş və ya satılmış ola bilər. İkinci ehtimal daha yüksəkdir. Bu, cinayətkar Mahmudov dəstəsinin törətmiş olduğu ən ağır dövləti cinayətlərdən biri olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin gələcəyi üçün ciddi təhlükə doğura biləcək məsələ isə bugünədək araşdırılmır. Həmin işi həyata keçirən əsas şəxslər isə keçmiş MTN-nin Antiterror Mərkəzinin (ATM) rəisi general Elçin Quliyev və onun keçmiş müavini polkovnik İlqar Əliyev idi. Odur ki, İlqar Əliyevin istintaq təcridxanasında "intihar etməsində" təəccüblü bir şey yoxdur. Növbəti "intihar edən" və ya "ürəktutmasından ölən" hal-hazırda həbsdə olan və barəsində heç bir məlumat verilməyən general Elçin Quliyev olarsa, buna da təəccüblənmək lazım deyil. Elə bu sətirləri xatırlamaq kifayət edəcək. Bunu da qeyd edim ki, MTN rəhbərliyi ifşa edildikdən sonra İlham Əliyevin yaxın ətrafındakı "görünməyən əl" məhz Elçin Quliyevi həbsdən qorumağa çalışırdı və ilkin mərhələdə hətta onu MTN-nin Akademiyasına kafedra rəisi də təyin etdirmişdi. Yalnız mediada adı ağır cinayətlərdə hallandıqdan sonra general Quliyevi "qurban verdilər", amma yuxarıda qeyd elədiyim kimi, onun haqqında aparılan cinayət işinin hansı mərhələdə olması haqda heç bir məlumat yoxdur. Bundan başqa, "MTN işindən" kənarda saxlanılan və istintaqdan himayə olunan şəxslərdən biri də keçmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyevdir ki, onu da himayə edən İlham Əliyevin yaxın ətrafındakı eyni şəxsdir. Təbii ki, ondan alınmış böyük pul müqabilində (10 milyon manat). Halbuki, həmin idarənin istintaq təcridxanasında törədilmiş cinayətlərin sayı yüzlərlədir ki, bunlardan bir neçəsi də işgəncələr zamanı qətlə yetirmə hallarıdır. Elçin Quliyev və onun rəhbərlik etdiyi ATM-in aktivində onlarla ağır cinayət, o cümlədən bir neçə qətl işi var, Nəhayət, ATM-in İranın xüsusi xidmət orqanları ilə birlikdə şiə dindarlar arasında "ikili agentlər" şəbəkəsi yaratması və digər tərəfdən də sələfi radikallardan ibarət şəbəkənin qurulması ilə bağlı keçirdiyi əməliyyat tədbirləri ciddi istintaq-təhqiqat predmeti olmalıdır və bütün bu işlər Elçin Quliyev "intihar edənədək" araşdırılmalıdır. Çünki onların törətmiş olduğu əməllərin hamısı Azərbaycan dövlətinin təhlükəsizliynə ciddi təhdiddir. Onu da qeyd edim ki, ATM-in yaratmış olduğu dindar agentlərdən ibarət şəbəkəyə daxil olan və cəmiyyətdə hakimiyyətin kəskin tənqidçiləri kimi tanınan bir neçə belə "ikili agentə" dövlət büdcəsindən yüz minlərlə manat pul da ödənilib.  ATM-in əlilə törədilmiş digər cinayətlər (NİDA-çılara, Rauf Mirqədirova və digərlərinə qarşı irəli sürülmüş saxta ittihamlar) isə hələ açılmayacaq, çünki onlar siyasi hakimiyyətin sifarişi ilə edilib. 
Nəhayət, keçmiş deputat Anar Məmmədxanovun və ölümündən əvvəl onunla müntəzəm görüşən jurnalist İbrahim Bayandurlunun bir-birinin ardınca müəmmalı şəkildə ölməsi də istintaq və yeni təhqiqat predmeti olmalıdır. Bu barədə daha ətraflı bir qədər sonra. 

Thursday, January 19, 2017

4-cü yazı: Mahmudov niyə həbs olunmur?

Görünür, elə adam oğurluğu, şərləmələr, soyğunçuluq, qətl kimi cinayətlərin məhz icraçısı olması da Mahmudovu bu günədək həbs olunmaqdan qoruyur. Elə olmasaydı antiinsani, murdar əməlləri sayəsində cəmiyyətin ən müxtəlif təbəqələrində yüzlərlə, bəlkə də minlərlə şəxsi düşmən qazanmış Eldar Mahmudov bu qədər müddətdə həbsdən kənarda qala bilməzdi. Görünür, sabiq nazirin əli ilə tapança işarəsi göstərərək, "mən elə sifarişlər yerinə yetirmişəm ki,..." deyərək, bəlli ünvana mesaj verməsi də əsassız deyil. O da istsna edilmir ki, quldur dəstəsinin başçısı həmin sifarişləri alarkən zəruri sübutlar da toplayıb. Məntiqlə toplamalı idi də. Hətta Eldar Mahmudov kimi azğın və səviyyəsiz birisi də anlamalı idi ki, bu qədər cinayətlər törədərkən o, təksə bu günün sadiq icraçı deyil, həm də sabahın arzuolunmaz şahidi statusu qazanır. Heç kəsdən sirr deyil ki, zaman-zaman mətbuat vasitəsilə "Eldar Mahmudov yaxın vaxtlarda həbs olunacaq!" kimi "sensasion" dezinformasiyalar buraxılması fonunda onun bu günədək azadlıqda qalması İlham Əliyevin cəmiyyətə sırınmış "cəsarətli oğlan" imicini darmadığın edir. Hər halda, fakt budur ki, keçmiş MTN-nin onlarla keçmiş yüksək vəzifəli əməkdaşları həbsə alınsa da Eldar Mahmudov 1 il 3 aydan artıqdır ki, azadlıqdadır və bu, səbəbsiz deyil. Yuxarıda qeyd elədiyim səbəb də onu qoruyan yeganə səbəb deyil. Başqa, daha ciddi səbəblərdən biri də Mahmudovun vaxtilə İsraillə çox yaxın əlaqələr quraraq bu dövlətin kəşfiyyat qurumu olan "Mossadla" sıx əməkdaşlıq eləməsidir. 
Hələ 2008-2009 illərdə Mahmudovun bir sıra rəsmi tədbirlərdə İsrailin Azərbaycandakı səfiri ilə birlikdə görünməsi, bir sıra tədbirlərdə isə onunla yanaşı əyləşməsi məlumatlı insanlarda anlaşılmazlıq doğurmuşdu. Rusiyaya bağlı naziri İsrail səfiri ilə nə bağlaya bilərdi? Amma müəyyən zaman keçdikdən sonra məsələlər aydınlaşmağa başlamışdı. Bu barədə bir qədər daha ətraflı yazmaq istərdim. 
Beləliklə, yuxarıda qeyd etdiyim kimi, 2005-ci ildən başlayaraq Azərbaycan hakimiyyəti sürətlə kriminallaşmağa başladı ki, bu da ölkənin bir çox ənənəvi, xüsusilə də qərbli partnyorlarını məsafələşməyə vadar etdi. Vaxtilə müxtəlif Qərb ölkələrində terrorla, transmilli cinayətkarlıqla mübarizə üzrə xüsusi peşə hazırlığı keçmiş yüzlərlə xüsusi xidmət əməkdaşının MTN sıralarından xaric edilməsi isə Qərb ölkələrinin xüsusi xidmətlərini MTN-lə əməkdaşlıqdan çəkindirdi. Digər tərəfdən də İlham Əliyev - Eldar Mahmudov MTN-nin Rusiyaya doğru yönəlməsi bu əməkdaşlığı heçə endirdi. Bir qədər sonra isə məlum oldu ki, Rusiya ilə əməkdaşlıq etmək ilk baxışdan göründüyü qədər sadə və asan deyil. Rusiya siyasətində bu ölkəyə sadiq tərəfdaşlara xidmətlərinin qarşılığını vermək ənənəsi yox dərəcəsindədir. Eyni zamanda Qərbdən xeyli uzaqlaşmış Azərbaycanı ram etmək, ondan istədiyi güzəştləri qoparmaq Moskva üçün xeyli asanlaşmışdı. Amma bu durum İlham Əliyevi qane ləmirdi və odur ki, bəyan olunmuş xarici siyasət kursunu təcili balanslaşdırmaq lazım idi. Elə həmin dövrdə xarici işlər nazirinin müavini Araz Əzimovun İsraildə Amerika yəhudi təşkilatlarının biri ilə danışıqlar aparması barədə məlumatlar yayılmağa başlamışdı. Bu, Amerika - İsrail İctimai Əlaqələr Komitəsi və ya qısa adı AIPAC (American İsrael Public Affairs Committee) olan təşkilat idi. Vaşinqtonda qərargahlanan bu lobbiçi təşkilatın əsas vəzifəsi ABŞ-ın Yaxın Şərq siyasətinə təsir edərək onu İsrailin maraqlarına yönəltməkdən ibarətdir. Təbii ki, bu AIPAC-ın çoxşaxəli fəaliyyətinin bir hissəsidir. Hələ o zaman mətbuatda bildirmişdim ki, ABŞ siyasətinə İsrail vasitəsilə təsir etmək mənasız və səmərəsiz işdir, amma , təzəcə hakimiyyətə gəlmiş ABŞ prezidenti Barak Obamanın siyasətində xarici siyasət vektorunun arxa plana keçirilməsi və bunun nəticəsi olaraq bölgədə geosiyasi vəziyyətin dəyişməsi Vaşinqtonun Azərbaycana olan marağını xeyli azaldırdı ki, bu da öz növbəsində yaranmış boşluğun müxtəlif lobbiçilər tərəfindən doldurulmasını xeyli yüngülləşdirirdi. Digər tərəfdən də İran faktoruna xüsusi önəm verən İsrail üçün hər zaman əhəmiyyətli olan Azərbaycanla indi daha sıx əməkdaşlıq qurmaq imkanları açılırdı. Məhz bu amillərin təsiri sayəsində 2009-cu ildən başlayaraq Azərbaycanla İsrail arasındakı əməkdaşlıq daha gemiş miqyas almağa başladı.Azərbaycan-İsrail əməkdaşlığı kənd təsərrüfatı, rabitə, enerji, müdafiə və təhlükəsizlik sahələrini sürətlə əhatə etməyə başladı. Maraqlıdır ki, bu əməkdaşlığın sürətli artımı təkcə İranı və Rusiyanı deyil, nə qədər təəccüblü görünsə da, həm də ABŞ-ı narahat etməyə başlamışdı. Amma ABŞ-da zaman-zaman baş qaldıran bu narahatlıq AIPAC və İlham Əliyevə lobbiçilik edən digər ABŞ təşkilatları tərəfindən aradan qaldırılırdı. Məhz həmin əməkdaşlığın bir istiqaməti də MTN - Mossad əlaqələrinin genişləndirilməsi idi. Bu əməkdaşlıq isə elə bir həddə çatmışdı ki, hətta ən yaxın müttəfiq dövlətlərin xüsusi xidmət orqanları arasında da belə münasibətlər olmur. Məsələn, bir neçə "Mossad" əməkdaşı açıq şəkildə MTN-nin binasında əyləşirdi və hər səhər hamı kimi "işə gəlib", axşam da binadan çıxıb gedirdi. Sadəcə bir o fərq vardı ki, MTN binasının "Mossad" əməkdaşlarının çalışdığı (daha doğrusu, casusluq elədiyi) hissəsinə kənar şəxslərin girişi qadağan idi. Kənar şəxslər isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan vətəndaşı olaraq vəzifəsi dövlətin təhlükəsizliyini təmin etmək olan əməkdaşları idi...
Gördüyümüz kimi, İsrailin casus təşkilatına bu cür müstəsna imkanlar yaratmaq heç də Mahmudovun şəxsi təşəbbüsü deyildi və ola da bilməzdi. Bu, İlham Əliyevin İsrail "siyasətinin" tərkib hissəsi idi və normalda bunun adı xarici dövlətin xeyrinə casusluq və öz dövlətinə xəyanət etməkdir. Bəli, bu, Azərbaycan dövlətinə açıq xəyanət idi və eyni statusda Türkiyə də daxil olmaqla istənilən xarici dövlətin kəşfiyyatına belə bir imtiyaz vermək həmin dövlətin xeyrinə casusluq, öz dövlətinə isə xəyanət etmək deməkdir. Bunları həyata keçirən isə opponentlərini, tənqidçilərini, siyasi fəal insanları xarici kəşfiyyatlara işləməkdə, Azərbaycan dövlətinə xəyanətdə suçlayan, "antimilli ünsür" adlandıran İlham Əliyev və onun dostu-naziri Eldar Mahmudov idi. Lakin bu da hələ aysberqin görünən hissəsidir. Azərbaycanla İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində İsraildən azı 600 milyon dollar dəyərində casusluq vasitələri alınmışdı ki, onların da arasında müasir dinləyici qurğularlarla yanaşı, interneti, xüsusilə də sosial şəbəkələri, elektron poçtları izləmək, onların kodlarını sındırmaq üçün müvafiq texniki avadanlıq və onun üçün proqramlar da vardı. Əlbəttə, bütün bunların məsələn, terrora qarşı mübarizə çərçivəsində istifadə olunduğunu iddia eləmək olar. Amma məhz bu avadanlığın sayəsində ölkədə siyasi fəalların, tənqidçi jurnalistlərin, gənclər təşkilatlarının üzvlərinin izlənməsi və sonrakı həbsi halları sürətlə artdı. İsraillə əməkdaşlıq məsələsinin bir aspektinə də toxunmağa xüsus ehtiyac var və bunu İlham Əliyevin lobbiçilərinin özlərinə də dəfələrlə açıq şəkildə demişəm. ABŞ və Avropadakı lobbiçi yəhudi təşkilatları daim İlham Əliyev rejiminin xeyrinə əsas arqument kimi Azərbaycanda antisemitizmin olmamasını göstərirlər. Bəli, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yoxdur və olmayacaq da, amma bu, Əliyev rejiminin xidməti deyil. Tolerantlıq Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış milli düşüncəsinin və milli mədəniyyətinin tərkib hissəsidir, özü də bu, təkcə yəhudilərə münasibətdə deyil. Azərbaycanın hələ Çar Rusiyasının tərkibində olduğu vaxtlardan Avropadan mühacirət edən almanlardan tutmuş Rus Pravoslav Kilsəsi tərəfindən təqib olunan staroverlərə, molakanlaradək hamı məhz Azərbaycanda təminatlı sığınacaq tapmışdı. Amma antidemokratik və antimilli mahiyyəti olan rejimi beynəlxalq müstəvidə bu cür açıq və haqsız müdafiə etmək həmin ənənənəyə, mədəniyyətə  dağıdıcı təsir göstərir. Çünki Azərbaycan xalqının yüksək və sabit milli dəyərlərini lobbiçilik pulu xatirinə antimilli rejimin xidməti kimi təqdim etmək həm də milli hisslərimizə, qürurumuza hörmətsizlikdir. 
Beləliklə, görünən həm də budur ki, Eldar Mahmudov vaxtilə göstərdiyi müstəsna xidmətlərinə və bunun sayəsində əldə etmiş olduğu bilgilərinə görə İsrail tərəfindən də himayə olunur.      

Wednesday, January 18, 2017

3-cü yazı: 2005 - keçid ili

Ümumiyyətlə, 2005-ci il barəsində danışdıqda əsas diqqətçəkən hadisə kimi Elmar Hüseynovun qətlə yetirilməsi yada düşür, əslində isə həmin il Azərbaycanın ictimai-siyasi həyatında keçid ili kimi xarakterizə olunmalıdır. Parlament seçkiləri ili olan 2005-ci il ölkənin siyasi sisteminin demontajının başlanğıcı idi. Özü də bu demontaj təkcə İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyəti tərəfindən deyil, həm də beynəlxalq aləmin bəzən susqun, bəzən isə açıq dəstəyi ilə həyata keçirilirdi. Beynəlxalq dəstək Əliyev hakimiyyətinə həm bir sıra Qərb ölkələri, həm Rusiya, həm də Türkiyə tərəfindən göstərilirdi. Bu məsələdə xüsusi canfəşanlığı isə o zamankı bir qrup ABŞ rəsmisi həyata keçirirdi. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində İlham Əliyevə açıq dəstək verən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş alman həmkarı Klaus Qrevlixlə birlikdə 2003-cü il seçkiləri ərəfəsində faktiki olaraq İlham Əliyevin təbliğatçısına çevrilmişdilər və Azərbaycanda çalışan Qərb diplomatlarını da bu işə sövq edirdilər. Yeri gəlmişkən, hər iki səfirin diplomatik karyerası da çox ironik şəkildə yekunlaşdı: 2003 - 2005 illərdəki xüsusi canfəşanlıqdan həmən sonra hər iki səfir diplomatik xidmət müddətləri başa çatmamış geriyə çağrılaraq diplomatik xidmətdən biabırçı şəkildə xaric edildilər. Amma bu, heç də nə ədalətin təntənəsi, nə də taleyin ironiyası deyildi. Azərbaycanda müxalifət düşərgəsinin son həddə qədər çökdürülməsində fəal iştirak etmiş diplomatlar artıq heç kəsə lazım deyildilər. Üstəlik də Azərbaycan hakimiyyətilə bütün məsələləri lazımi şəkildə çözə biləcək yeni fiqur vardı. Bu, 2005-ci ildə ABŞ dövlət katibi müavinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi postuna təzəcə təyin olunmuş Metyu Brayza idi. Yuxarıda adı çəkilən hər iki səfirdən daha sinik olan Brayza Azərbaycanın tipik neft ölkəsinə çevrilməsi, ölkədə antidemokratik avtoritar hakimiyyət piramidasının möhkəmləndirilməsi strategiyasını reallaşdırmalı idi. Paralel olaraq, bir sıra Qərb ölkələrinin Azərbaycanın guya demokratik inkişafında maraqlı olması imitasiya olunmalı idi. Bu məqsədlə bir qrup QHT-nin onlara ayrılan qrantlar hesabına fəaliyyəti görüntüsü qabardılaraq bir növ onların guya müxalifəti əvəz edəcəyi mifi yaradılırdı. Əslində belə bir model mümkün idi və həmçinin də qonşu Gürcüstanda uğurla həyata keçirilmişdi. "Qızılgül inqilabı" müxalifətdən daha çox digər vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin nəticəsi idi. Amma belə bir plan Azərbaycan üçün nəzərdə tutulmurdu və QHT-lərin dəstəklənməsi də növbəti mərhələdə onların qurban verilməsilə başa çatmalı olan keçid faza idi. 2005-ci il ərəfəsində (2004-cü ilin yayında) MTN-nin peşəkar rəhbərinin dəyişdirilərək, onun yerinə xırda və qaydasız kriminal elementin gətirilməsi həmin planın tərkib hissəsi idi. Belə ki, Heydər Əliyevin hakimiyyəti illərində gücləndirilmiş və peşəkarlıq səviyyəsi artırılmış (bu sistemin yetirməsi olaraq, H. Əliyev MTN-nin əhəmiyyətini şübhəsiz ki, çox yaxşı anlayırdı) təklükəsizlik nazirliyi Azərbaycanı sürətlə xəfiyyələr məkanına çevirən xarici kəşfiyyatlara nəinki lazım deyildi, hətta ciddi maneə idi. Odur ki, MTN dağıdılmalı idi və bunu həyata keçirməyin ən optimal yolu həmin qurumun peşəkar xüsusi xidmət orqanından kriminallaşmış repressiv siyasi polisə transformasiyası idi. Bu, həm də  ölkənin siyasi sisteminin demontajı mərhələsinin tələblərinə tam uyğun idi. MTN-nin dağıdılmasında kleptokratik hakim oliqarxiya da maraqlı idi. Burnunun ucundan uzağı görmək qabiliyyəti olmayan hakim oliqarxiya sadəlövhcəsinə bundan sonra onun tükənməz tamahına nəzarətin xeyli zəifləyəcəyini düşünürdü. Başqa sözlə, Azərbaycanın siyasi institutlarının dağıdılmasına start MTN-nin dağıdılmasından verilmişdi və bu orqanın sıradan çıxarılmasında da bütün tərəflərin öz marağı vardı. Məhz bu səbəbdən də qəflətən vəzifəsindən azad edilən Namiq Abbasovun yerinə MTN rəhbərliyinə peşəkar xüsusi xidmət əməkdaşı və ya siyasətçi deyil, oğru-quldur mahiyyətli keçmiş OBXSS əməkdaşı gətirildi. 12 il ərzində addım-addım qurulan MTN bir neçə ay ərzində quldur yuvasına çevrildi. MTN zabitinin şərəf və ləyaqətini kodeksinə zidd əməllər sayıan "cibə narkotik maddə atmaq", işgəncələr tətbiq etmək, ailə üzvlərini girov götürmək, insanları ailəsilə şantaj etmək kimi əməllər MTN-nin gündəlik fəaliyyət vasitələrinə çevrildi. Artıq Milli Təhlükəsizlik Nazirliyinə işə yalnız rüşvətlə götürürdülər və bütün bu məsələlər barədə ölkə başçısının da, onun administrasiyasının rəhbərinin də ətraflı məlumatı vardı. Məlumatları vardı, amma tədbir görülmürdü. Daha dəhşətli hal isə bu idi ki, MTN rəhbərlərinin tapşırığı, iştirakı ilə törədilən və ictimai rezonans doğurmuş cinayətlərin təhqiqatı MTN-ə tapşırılırdı. Məsələn, Elmar Hüseynovun qətli kimi...
Amma yeni MTN rəhbərliyinin hədəfinə tuş gələnlər təkcə müxalifət, media və vətəndaş cəmiyyəti nümayəndələri deyildi. Elmar Hüseynovun qətli ərəfəsində Azərbaycan cəmiyyətini şoka salan daha bir xəbər gündəmi tutdu - həmin günədək ölkədə az qala heç kəsin tanımadığı Hacı Məmmədovun qanqster bandası ifşa olundu. MTN-nin keçirdiyi və cəmiyyətə sensasion şəkildə təqdim olunan "Qara kəmər" əməliyyatı nəticəsində uzun müddət qanqster kimi fəaliyyət göstərmiş bandanın üzvləri həbs olundu. Həmin əməliyyatın keçirilməsinin səbəbi kimi isə Beynəlxalq Bankın rəhbəri, hal-hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Haciyevanın həmin banda tərəfindən oğurlanması göstərilirdi. Əslində isə Hacı Məmmədovun bu işə heç bir aidiyyatı yox idi və Zamirə Hacıyevanın oğurlanması onu əvəzləməli olan yeni qanqster bandası tərəfindən həyata keçirilmişdi. Elə olmasaydı Hacı Məmmədovun həbs olunması onun yanına gələn Eldar Mahmudovla yarım saatlıq söhbətdən sonra həyata keçirilməzdi. Elə olmasaydı cəza müddəti bütün məhkəmə instansiyalarında təsdiq olunmuş Hacı Məmmədov hökmü oxunduqdan sonra 1o ildən artıq Mahmudov MTN-nin istintaq təcridxanasında saxlanılmazdı. Bütün bu məsələlərdən ölkə rəhbərliyinin xəbəri olmaya bilməzdi, çünki məhz Hacı Məmmədovu orada saxlamaq üçün həmin istintaq təcridxanasına cəzaçəkmə müəssisəsi statusu verilmişdi ki, bu da Eldar Mahmudovun nə statusuna, nə də səlahiyyətinə aid məsələ deyildi. Deməli, cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra "dilinin açıla" biləcəyi ehtimal olunan Hacı Məmmədovun danışması təkcə Mahmudov üçün təhlükəli deyildi. Burdan belə qənaətə gəlmək olur ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi də Hacı Məmmədovun sahibləri deyildi. Hacı Məmmədov və ya onun sifarişçiləri İlham Əliyevin bankirinin arvadını oğurlamaq üçün ən azı ağıllarını itirməli idilər. 2005-ci ildə baş vermiş bütün bu hadisələr göstərirdi ki, ölkədə siyasi hakimiyyətin kriminallaşması sürətlənmişdi və bu prosesin önündə də MTN gedirdi. Təbii ki, icraçı qismində...

Monday, January 16, 2017

1-ci yazı: Mahmudov niyə nazir edildi?

2003-cü ildə hakimiyyəti atasından miras qəbul edən İlham Əliyev özünü son dərəcə narahat hiss edirdi. Bu da təbii idi - heç bir siyasi təcrübəsi, özünə inamı, iradəsi və nəhayət komandası olmayan bir şəxs başqa cür görünə də bilməzdi. Xüsusilə də bütün həyat və fəaliyyətini intriqalar üzərində qurmuş Heydər Əliyevdən sonra. Varis atasından qalmış ən arzuolunmaz mirası - onun komandasını idarə edə biləcəyinə əmin deyildi, odur ki, vəziyyətdən yeganə çıxış yolunu İlham Əliyev həmin bu komandanı dəyişməkdə görürdü. Amma onun olmayan təcrübəsi də deyirdi ki, bu, heç də göründüyü qədər asan olmayacaq. Elə bu səbəbdən də İlham Əliyev mühüm nazirliklərin başında ona sadiq, etibarlı və ən başlıcası sahibini qorumaq üçün hər şeyə hazır olan şəxslərin yerləşdirilməsini ilk addım kimi görürdü. Burda da bir problem vardı ki, KQB və partiya liderinin oğlu olmuş İlham Əliyevin dostlarının və tanışlarının dairəsi hər zaman çox məhdud olmuşdu, özü də təkcə kəmiyyət baxımından yox. Onun ətrafında daim "qızıl sovet gəncliyinin" tipik nümayəndələri olmuş bir qrup həmyaşıdı toplaşmışdı ki, bunlar da sovet partiya, hökumət, mədəniyyət və elm-təhsil nomenklaturası ierarxiyasında yuxarı mövqelər tutan atalarının dəyərsiz oğulları idi. Adətən, yalnız formal olaraq ali təhsilə, dayaz intellektə və kosmopolit təfəkkürə malik olan bu ərköyün balalar xüsusi qabiliyyətlərilə seçilmir, bir çox hallarda əyyaş və pozğun həyat tərzi yaşayır, vəzifəli atalarının kölgəsində "başlarını girləyirdilər". Həmin zümrənin nümayəndələrini xarakterizə edən tipik cəhətlərdən biri də rusdilli olmaları ilə qürur duymaq, bu səbəbdən də özünü elitar hiss göstərərək millət olaraq azərbaycanlılara yuxarıdan aşağı baxmaları idi. Rüşvət, oğurluq pulları ilə boya-başa çatmış, ali məktəbdə sessiya imtahanları qiymətlərindən tutmuş "çalışdıqları" iş yerlərinədək hər şeyi tapşırıqla və digər əyri yollarla əldə etmiş bu şəxslər həm də sovet nomenklaturası ailələri üçün xarakterik olan riyakarlıq, yaltaqlıq, özündən güclüsü qarşısında qorxaqlıq, əliəyrilik, əyyaşlıq, simasızlıq, qabiliyyətsizlik kimi keyfiyyətləri qazanmışdılar.
Beləliklə, 1987-ci ildə Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyündən azad edildikdən sonra İlham Əliyevin ətrafında barmaqla sayılacaq qədər yuxarıda göstərdiyim keyfiyyətdə dostu qalmışdı. Burda bir haşiyə də çıxım ki, həmin dövrdə Moskvada İlham Əliyevin "kruquna" daxil olan şəxslərin demək olar ki, hamısı o dövlət başçısı postuna yiyələndikdən sonra dövlətdə yüksək vəzifələr alaraq öz mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydular və bəziləri isə hələ da buna davam etməkdədir. Həmin şəxslərdən biri də akademik oğlu olan Eldar Mahmudov idi...
İlham Əliyev hakimiyyətə birdən gəlmədi, buna bir heçə il idi ki, hazırlıq gedirdi. Hakimiyyət intriqalarını və dövlətin başına gəlməyin yollarını yaxşı bilən, bunu öz təcrübəsində uğurla həyata keçirmiş Heydər Əliyev hakimiyyəti oğluna ötürməyə ilk növbədə beynəlxalq aləmin razılığını almaqdan başlamışdı. Əvvəlcə ABŞ prezidenti Bill Klintonla görüşə İlham Əliyevi də aparan Heydər Əliyev həmin görüşdə xoşagəlməz halla üzləşdi - Heydər Əliyevi salamlayan Klinton onun oğlu ilə əl tutub görüşmədi və bu da Azərbaycanın müstəqil və müxalif mətbuatının diqqətindən yayınmadı. Mətbuat səhifələrində İlham Əliyevin ABŞ prezidentilə əl tutub görüşmək səhnəsi əks etdirən fotolar deyil, bununla bağlı istehzalarla dolu çoxsaylı yazılar yer aldı. 
Nəhayət, 2001-ci ilin aprelində ABŞ-ın dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə Florida ştatının Ki Vest şəhərində keçirilən Qarabağ danışıqlarından sonra Vaşınqtona gələn Heydər Əliyev yeni prezident Corc Buşla Azərbaycanda hakimiyyətin ötürülməsi məsələsini də müzakirə edir. ABŞ-ın Azərbaycandakı keçmiş səfirlərindən biri (2001-ci ildə həmin şəxs ABŞ-ın Qafqaz və Xəzər bölgəsi üzrə xüsusi nümayəndəsi olaraq bu görüşdə iştirak etmişdi) Bakıda olarkən bu barədə bir sıra media və vətəndaş cəmiyyəti nümayəndələrilə qeyri-formal görüşündə həmin söhbəti belə təsvir etmişdi: "Heydər Əliyev Corc Buşdan oğlunun onu əvəzləməsi üçün ABŞ-ın dəstək göstərməsini xahiş edəndə Buş gülüb dedi ki, sizdə məgər monarxiyadır? Amma sonra təyin elədilər..."
Hakimiyyətə hazırlaşan İlham Əliyev ona atasından miras qalacaq komandanı əvəzləmək üçün hələ Heydər Əliyevin prezidentliyi dönəmində bu istiqamətdə fəaliyyətə başlamışdı. Gələcək komandada əsas "vuran əl" vəzifəsi Eldar Mahmudova tapşırılmalı idi. Amma bir fərqlə ki, həmin dövrdə İlham Əliyev bu işi həyata keçirəcək əsas dövlət qurumu kimi MTN-i deyil, DİN-i görürdü.  Ramil Usubova Eldar Mahmudovla əvəzləməyə hazırlıq mərhələsi kimi ilk addım olaraq Eldar Mahmudov DİN-də vəzifəyə gətirilməli idi və gətirildi də. DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin olunan uğursuz akademik oğlu çox qisa müddətdən sonra həmin vəzifədən atıldı. Bir sıra mənbələrin verdiyi məlumata görə bunun arxasında duran əsas səbəb Heydər Əliyevə Eldar Mahmudov barəsində çox ciddi "kompromatların" (ifşaedici materialların) təqdim edilməsi olmuşdu. Bununla da Mahmudovun gələcək hakimiyyətin daxili işlər naziri ulduzu parlamadan söndürüldü...
Amma cəmi bir neçə ildən sonra polis orqanlarında yarıtmaz və yaramaz kadr reputasiyası qazanmış Eldar Mahmudov Azərbaycanın təzəcə ayağa qalxmağa başlayan Milli Təhlikəsizlik Nazirliyinin rəhbəri edildi. Bu, təhlükəsizlik orqanlarının nəinki iş prinsiplərindən, fəlsəfəsindən, mahiyyətindən xəbərsiz olan, hətta mənəvi və əxlaqi baxımdan bu orqanlarda ən aşağı vəzifə tuta bilməkdən xeyli uzaq olan keçmiş OBXSS işçisi Eldar Mahmudov üçün başgicəlləndirici təyinat idi. Amma bu təyinat ona dost hədiyyəsi deyildi, Mahmudov həmin vəzifəyə İlham Əliyev tərəfindən onun hakimiyyətini qorumaq və möhkəmləndirmək üçün zəruri olan çirkli işləri görmək üçün gətirilmişdi. Təbii ki, burda xarici amilin də rolu vardı - hələ gənc yaşlarından SSRİ DTK-sı tərəfindən əməkdaşlığa cəlb olunmuş keçmiş OBXSS əməkdaşının dosyesi Moskvada idi...

Sunday, January 15, 2017

"MTN işi" niyə az qala yalnız Çovdarovun cinayətləri üzərində qurulub?

Eldar Mahmudovun quldur dəstəsinin MTN rəhbərliyindən kənarlaşdırılmasından 15 aya yaxın vaxt keçir və bütün iddialara baxmayaraq, dəstənin başçısı Eldar Mahmudov hələ də azadlıqdadır və yəqin ki, İlham Əliyev onun həbsinə heç vaxt qərar verə bilməyəcək. Bu da səbəbsiz deyil... 
Mahmudovun işdən çıxarılmasının səbəbləri barədə ən müxtəlif versiyalar səsləndirilsə də bunun əsl səbəbləri tam aydın deyil və yüksək ehtimalla bu hakimiyyətin dönəmində açılmayacaq da. 

Beləliklə:
- Mahmudov hansı səbəblərdən bu günədək həbs olunmayıb?

- Onun cinayətləri, o cümlədən ağır dövləti cinayətləri barədə dövlətin başçısına illər ərzində müntəzəm məruzələr olunsa da, İlham Əliyev bunlara niyə göz yumurdu?

- Eldar Mahmudova Bəylər Əyyubov da daxil olmaqla Əliyevin ən yaxın ətrafının telefonlarını dinləmək səlahiyyəti dövlət başçısı tərəfindən niyə verilmişdi? 

- Niyə quldur dəstəsinin əksər cinayətlərinin başında duranlardan biri - keçmiş nazir müavini Hilal Əsədov hələ də istintaqa cəlb olunmur?

- Niyə keçmiş MTN-nin İstintaq Baş İdarəsinin əməkdaşları məhkəmə qarşısına çıxarıldığı halda idarənin keçmiş rəisi Mövlam Şıxəliyevin adı belə çəkilmir? Onu kim və nəyin müqabilində himayə edir?

- Keçmiş MTN-nin Antiterror Mərkəzinin keçmiş rəis müavini polkovnik İlqar Əliyev həbsxanada niyə "öldü"?

- Bu idarənin keçmiş rəisi general Elçin Quliyev həbs olunsa da niyə onun barəsində aparılan istintaq haqqında heç bir məlumat verilmir?

- Hansı səbəblərdən Mahmudov dəstəsinin törətdiyi ağır dövləti cinayətlər xalqdan ciddi cəhdlərlə gizlədilir? 

Bu və digər suallara cavablarımı ən yaxın günlərdə ətraflı silsilə yazılarımda burada - bloqumda oxuya biləcəksiniz.