Monday, November 24, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu (davamı)
Milli dövlətçiliyin və ya müstəqilliyin milli özünüdərk üzərində qurulması səbəbindən o (milli özünüdərk), təkcə dinlər tərəfindən deyil, həm də imperiyalar tərəfindən hədəfə alınırdı və bir çox hallarda hər ikisi bu məsələdə çox səmərəli əməkdaşlıq da qururdu. Bu gün də bu belədir və sovet imperiyası Azərbaycanın tarixini, əlifbasını deyil, həm də millətin adını dəyişməkdə məhz milli özünüdərkdən, sonda isə milli dövlətçilik ideyalarından uzaqlaşdərmaq məqsədi güdürdü. Bu işdə nəzərə çarpacaq uğurlar əldə edən sovet rejimi bu məsələdə özünün potensial opponenti olan dini amansızcasına təqib edir, bütün mümkün olan və olmayan vasitələrlə sıxışdırıb ideoloji mübarizə müstəvisindən çıxarırdı. 1920-1950 illərdə bu təqib total xarakter daşıyırdı və insanlar təkcə milli özünüdərkdən deyil, həm də dini dəyərlərindən uzaqlaşdırılırdı. Kommunist ideoloqları yaxşı anlayırdılar ki, cüzi bir boşluq həm dini, həm də milli düşüncə tərəfindən doldurula bilər və ona görə də bir çox hallarda hər ikisi sinfi mübarizənin düşməni kimi təqdim edilirdi. O da təsadüfi deyil ki, SSRİ-nın dağılması ərəfəsində hər iki düşüncə yaranan siyasi-ideoloji boşluğu sürətlə doldurmağa başladı. Bu baxımdan onilliklər boyu milli dövlətçilikdən məhrum edilmiş xalqların milli-azadlıq mübarizəsinin başlanğıcında millətçiliyi əsas ideoloji xətt kimi seçməsi də təsadüfi deyildi. Millətçilik, milli köklərə və milli özünüdərkə dönüş milli-azadlıq mübarizəsində uğura aparan ən qısa və ən uğurlu yol idi. Belə də oldu. Millətçi ideologiya ilə silahlanan azadlıq mübarizələri bəzən ifrat millətçiliyə yuvarlanır, bəzən isə digər millətlərin aşırı şovinist düşüncəsi ilə qarşılaşırdı. Azərbaycan da sonunculardan biri oldu.     
Müasir siyasi və hüquqi kontekstdə milli və etnik mənsubiyyətlər fərqli mahiyyət daşıyır: milli mənsubiyyət dedikdə bu gün daha çox vətəndaşlıq nəzərdə tutulur, etnik mənsubiyyət isə tamamilə fərqi bir kateqoriya hesab edilir. 
Siyasi baxışlar ictimai-siyasi fəaliyyətin bazis prinsiplərini təşkil edir və onlar heç bir halda etnik mənsubiyyətlə qarşı-qarşıya qoyula bilməz. Bütün dinlər milli kimliyə qarşı olub və bu gün də ona qarşıdır. "Dini kimlik" anlayışı da milli kimliyə alternativ kimi süni yaradılmışdır və burda da məqsəd etnik kimliyi onunla əvəzləməkdən ibarətdir. Dini mənsubiyyət kimliyi formalaşdıra bilməz, çünki din dəyərlər sistemidir, milli kimlik isə hətta marksist kontekstdə də soy-kök və etnik bağlılıq üzərində qurulur. Bu mənada ən maraqlı nümunə kimi İsrail dövləti yarananda (elə bu gün də) dinin ona qarşı ən barışmaz münasibət sərgiləməsini misal gətirmək olar. Xeyr, söhbət İslamdan yox, yəhudilərin milli dini olan İudaizmdən gedir (təbii ki, İudaimizmi şərti olaraq belə adlandırmaq olar, amma bu da faktdır ki, İudaizmi qəbul edən şəxs yəhudi sayılır). Hindistan dini baxımdan ən rəngarəng ölkədir, amma bu ölkədə İslama, Xristianlığa, Buddizmə və ya Hinduizmə mənsub olmaq etnik baxımdan hindli olmağa qarşı getmir (və ya gedə bilmir). Hindistanda da azadlıq hərəkatı heç də dini deyil, məhz milli zəmində başlandı və qalib gəldi, yəni milli-azadlıq mübarizəsinin tiik nümunəsi oldu. 
Ötən yazıda qeyd etdiyim kimi dini mənsubiyyətin önə çəkilməsi, siyasi baxışlara müvafiq çalarların verilməsi, aşırı millətçiliyin təbliği və psevdomillətçilik mahiyyət etibarilə milli özünüdərkə qarşı istifadə edilir və bunun da konkret səbəb və hədəfləri var. Dini baxışlarla milli özünüdərkin toqquş(durul)masının səbəblərinə yuxarıda nəzər saldıq. Siyasi baxışlar (siyasi əqidə) heç bir halda milli təfəkkürlə nə eyniləşdirilə, nə də onunla təzad təşkil edə bilməz. Mühafizəkar, sosialist və ya liberal siyasi baxışları olmaq fransız, italyan, rus və ya azərbaycanlı olmağa qarşı deyil və ola da bilməz. Çünki bunlar tamailə ayrı-ayrı kateqoriyalardır. Məncə burda sadə bir arqument kifayətdir ki, bu gün liberal, sabah baxışlarını dəyişib sosialist olmaq mümkündür, amma bu gün ingilis olaraq, sabah fransıza çevrilmək qeyri-mümkündür. Azərbaycanda müasir siyasi cərəyanlara (baxışlara) mənsub olmağı "milli mentalitetə" qarşı təqdim etmək kimi absurd bir praktikadan tez-tez istifadə edilir. Səbəbləri bəllidir: əvvəla, insanları ümumiyyətlə siyasi bilgilərdən və siyasi baxışlardan çəkindirmək, ikincisi də, bütün avtoritar və totalitar rejimlərin populyar platforması olan millətçiliyi (daha doğrusu, psevdomillətçiliyi) önə çəkmək. Diqqət yetirsək görərik ki, bizim ölkədə özünü millətçi təqdim edənlərin mütləq əksəriyyəti (eynilə dini kəsimdə olduğu kimi) hakimiyyətə daha loyaldır, nəinki ona sivil opponentlik edənlərə. Halbuki, ilk baxışdan mövcud hakimiyyət bir çox səbəblərdən məhz özünü millətçi kimi təqdim edənlərin hədəfinə tüş gəlməli idi. Burda mən əsla hakimiyyətin etnik və ya başqa tərkibini nəzərdə tutmuram, söhbət konkret olaraq onun apardığı siyasətdən gedir. Məncə bu loyallığın səbəbləri üzərində də xüsusi dayanmağa ehtiyac yoxdur. Digər tərəfdən, hakimiyyət tez-tez özünü milli maraqların yeganə müdafiəçisi kimi təqdim edərək, milli mövzunu istismar edir. Təəssüf ki, əksər hallarda hər iki qrup cəmiyyətin müəyyən kəsiminin həssas nöqtələrinə toxuna bilir. Daha doğrusu, bu hissləri tez-tez "alışdırıb-söndürməklə" onların kütləşməsinə çalışır. Bunun da səbəbləri aydındır - hüquqların pozulduğu, azadlıqların alındığı, mülkiyyətin talandığı bir ölkədə milli-azadlıq ideyaları hüquq və azadlıqlar uğrunda mübarizə üçün ən optimal platforma ola bilər.  Belə olan şəraitdə də milli-azadlıq hərəkatının ikinci mərhələsini - hüquq və azadlıqlar uğrunda mübarizəni təsəvvür etmək belə çətidir. Hərəkatın növbəti mərhələsi olaraq bu mübarizə də yalnız milli özünüdərkin önə çıxdığı bir şəraitdə mümkündür. Məhz bunun qarşısını almaq üçün həm xarici, həm də daxili maraq dairələri milli düşüncəni bütün mümkün vasitə və üsullarla gözdən salmağa çalışır və bu istiqamətdə müəyyən uğurlar da nail olublar. Əgər bu gün Azərbaycan insanı öz vətəndaşlığı ilə qürur duya bilmirsə, hakimiyyətin siyasətindəki bütün eybəcərlikləri az qala milli düşüncənin və milli ənənələrin məhsulu kimi qəbul edirsə, nəhayət, milli mənsubiyyətinə görə utanırsa, deməli hakimiyyət və onun "millətçi" satellitləri xeyli uğura imza ata biliblər. Hakimiyyətin və onun xarici havadarlarının da məqsədi elə bundan ibarət idi. Bu isə o deməkdir ki, sosial yönümlü, mühafizəkar və ya liberal siyasi modelindən asılı olmayaraq, qanunun aliliyinin təmin olunduğu, vətəndaş hüquq və azadlıqlarının qorunduğu demokratik dövlət uğrunda mübarizə milli özünüdərkin üzərində qurulmalıdır. 

Sunday, November 23, 2014

Etnik nifrət və etnik natamamlıq kompleksi. 2-ci yazı: Milli dövlətçilik

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu


Milli dövlətçiliyin formalaşmasında milli kimliyin və milli özünüdərkin rolu

Xatırlayırsınızsa, bu mövzuda birinci yazımı Əkrəm Əylislinin "Daş yuxuları"na həsr eləmişdim. Həmin vaxtdan keçən ilyarım ərzində dəfələrlə mövzuya təkrar müraciət etmək istəsəm də, hər dəfə başqa işlər bu fikirdən yayındırdı. Nəhayət, dünən noyabrın 22-də böyük bəstəkarımız Fikrət Əmirovun doğum günü bu yazıya stimul verdi. Amma bu dəfə bu mövzuda məsələnin bir sıra tarixi-praktiki və nəzəri aspektlərinə də toxunacağıq. 
Beləliklə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin birinci yarısı tarixdə daha çox milli dövlətçilik ənənələrinin formalaşması və bu yolda (və ya bu məqsədlə) milli kimliyin önə çıxması ilə yadda qaldı. Milli dövlətlərin sərhədlərinin müəyyənləşməsi, bu yolda aparılan qanlı savaşlar, kolonial xalqların milli-azadlıq mübarizəsi fonunda imperializmin süqutuna gətirən üsyanlar və nəhayət, nasional-sosialistlərin milli imperiya yaratmaq uğrunda aprdığı qanlı savaşın uğursuz sonluğu. Napoleon Bonapartdan başlayan və kilsənin dominantlığının (dini birliyin) pozulmasına gətirən tarixi mərhələnin bünövrəsi əslində 16-cı əsrin birinci yarısında Roma Katolik Kilsəsini islahata çağıran alman ilahiyyatçısı Martin Lüterin nəzəri və praktiki çalışmalarından qoyulmuşdu. Martin Lüter Vatikanın vahid Avropa xristian birliyini pozmağa, katolik kilsəsinin "iki addımlığında" yeni reformist cərəyanın meydana gəlməsinə nail olmuşdu. Bu məqsədlə o, hətta Vatikanın əsas qadağalarından biri olan Bibliyanın tərcüməsinə də əl ataraq, onu alman dilinə çevirmişdi. Sonralar bu cərəyanın adı "protestantizm" və ya "lüteranlıq" olacaqdı və Vatikanın hakimiyyətini Lüteri lənətləyib kilsədən uzaqlaşdırmaqdan tutmuş iki mərhələdə inkvizisyaya əl atması və hətta "Varfolomey gecəsi" adı ilə tarixə düşən dəhşətli qətliamı törətməsi belə xilas edə bilməyəcəkdi. Lüteranlıq isə daha çox milli cərəyan olaraq German tayfaları arasında yayılaraq gələcək vahid alman dövlətinin təməlini qoyacaqdı. Əlbəttə ki, bu proses mərhələli olaraq gedəcək və həm Prussiya kralı II Fridrixin, həm də Bismarkın siyasəti də əslində məhz vahid milli kökə malik olan pərakəndə tayfalardan vahid milli dövlət qurmaqdan ibarət olacaqdı. Bismark bu yolda daha uğurlu oldu və şübhəsiz ki, bütün tarixi kataklizmlərdən, ağrılı, itkili savaşlardan keçməsinə rəğmən dinamik sürətlə inkişaf edən alman dövlətinin təməli milli ideya ətrafında yaradılan milli dövlətdən başlandı. Bu da təbiidir, çünki milli ruh (mədəniyyət, ədəbiyyat və s.) milli özünüdərkin təməlini qoymuş olur, milli özünüdərk də milli dövlətçiliyin formalaşmasında, güclənməsində həlledici rol oynayır. 
Amma milli özünüdərkin qarşısında əsas maneələr təkcə dinin milli kimliyi əvəzləməsi cəhdlərilə kifayətlənmir. Onun (milli özünüdərkin) formalaşmasının qarşısını almağa yönələn metodlar və amillər təsəvvür elədiyimizdən daha zəngin və daha rəngarəngdir, həm də onların bir hissəsi süni olaraq milli mənsubiyyətə və milli özünüdərkə qarşı qoyulur. Gördüyümüz kimi, bu barədə xeyli ətraflı yazmaq lazım gələcək. Odur ki, bu yazıda hələlik onlardan daha geniş tətbiq edilənlərini sadalamaqla kifayətlənək:
-   Müxtəlif siyasi baxışlar (məsələn, solçuluğun və ya liberalizmin milli dövlətçilik ideyasına qarşı qoyulması;
- Milli özünüdərkin milli ayrı-seçkilik kimi təqdim edilməsi;
- Aşırı millətçilik və şovinizm;
- Psevdomillətçilik yaymaqla milli kimliyin və milli mənsubiyyətin utanc mənbəyinə çevrilməsi;
və s.
(davamı var)