Tuesday, May 28, 2013

Əliyev iqtidarının "Rusiya xofu" və ya hesabdan zəif olmağın fəsadları

Belə görünür ki, artıq "Vaşinqtonun məkrli Azərbaycan siyasəti", "MDİ-nin 2 milyon dolları", "Facebook inqilabı" və s. kimi mövzular keçdi arxa plana və bu dəfə hakimiyyət ona yaxın olan mediada sifarişli məqalələr vasitəsilə cəmiyyətə "Rusiya xofu" toxumunu səpməyə başlayıb. Doğrudanmı məsələ bu qədər ciddidir və həqiqətənmi şimal qonşumuz Azərbaycanda az qala dövlət çevrilişi hazırlayır? Həqiqətənmi "Milyarderlər" ittifaqı" projesi və ondan qaynaqlanan digər mətləblər bu qədər təhlükəlidir? Rusiyanın Azərbaycanı az qala 5-6 yerə parçalamaq istəyi haqda "sensasion" bəyanatlar bu dərəcədəmi ciddi iddialardır? Əgər bunların hamısı ciddi və həqiqi iddialardısa, o zaman sual olunur ki, bütün bu "məlumatları" mətbuata szıdırıb "düşməni" daha da qıcıqlandırmaq nəyə lazımdır? Yox əgər bunlar da elə qərbin "çevriliş planları" kimi primitiv dezinformasiyadırsa, o zaman bu qəbildən olan "siyasi texnologiyalardan" əldə olunan dividentlər belə haray-həşirin özünün ikitərəfli münasibətlərə vuracağı ziyana dəyərmi? Xüsusilə də MDİ, AFU və Facebook "təbliğatının" ABŞ-Azərbaycan münasibətlərinə vurduğu ziyanın göz önündə olduğu bir dönəmdə.
Təcrübə göstərir ki, iqtidar həzrətləri puldan savayı heç nəyi hesablamağı bacarmırlar, ya da elə onların pullarını da sayanlar başqalarıdır. Pul demişkən, bir müddət əvvəl "Şərq-Qərb" Araşdırmalar Mərkəzinə pul haqda maraqlı məlumatlar daxil olmuşdu və bəndəniz də onları öz Facebook profilində paylaşmışdı. Məsələnin mahiyyəti təxminən belə idi: Bakıdan Moskvaya təyyarələrlə külli miqdarda pul daşınırdı və araşdırmalarımız göstərirdi ki, Rusiya ilə münasibətləri nizamlamağa yönəlmiş bu pullar (daha doğrusu alverçi təfəkkürünün pulla ifadə olunmuş təzahürü) yuxarıda qeyd elədiyim kimi, hesabdan zəif olan hakimiyyət rəsmilərinin yanlış hesablamaları sayəsində Moskvada elə yanlış da ünvana düşmüşdü. Belə ki, əldə etdiyimiz məlumatlara əsasən Bakıdan Moskvaya daşınan vəsaitlər əsasən Rusiya Hərbi-Sənaye Kompleksinin (HSK) təmsilçilərinə çatdırılırdı. Buna isə siyasətdə "nonsense" deyirlər, çünki hətta gündəlik qəzetləri oxumaqla siyasət haqda təsəvvür əldə edənlər belə bir sadə həqiqəti anlayırlar ki, HSK Rusiyada Kremlin ən ciddi və həm də hakimiyyətdaxili müxalifəti sayılır. Daha aydın olması üçün deyək ki, bu təxminən belə olardı: Azərbaycanla münasibətləri nizamlamaq üçün Rusiyadan təyyarələrlə milyard yarım dollar pulu gətirib Azərbaycan müxalifətinə verirlər. Əlbəttə bu halda rəsmi Bakının məsələyə münasibətini də yaxşı təsəvvür eləmək olardı. Bu təsəvvürü bir az da real görmək üçün isə uzağa getmək lazım deyil. Kreml rəsmilərinin Xarici İşlər naziri Elmar Məmmədyarovu və onun ardınca da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi əlləri ətəklərindən aşağı yola salması belə bir reaksiyanın bariz nümunələrindəndir. Amma hələlik hamısı deyil. Beləliklə, Rusiyada siyasi qərarların  Müdafiə Nazirliyində deyil, Kremldə qəbul olunduğunu bilməyən Azərbaycan hakimiyyətinin Rusiya siyasətini də iflasa uğramış hesab eləmək olar. Keçmiş olsun, cənablar! 
Yəqin indi əsasən qeyri-rəsmi hakimiyyət mətbuatında qaldırılan şüvənin səbəbləri də bir qədər aydınlaşmağa başlayır. O ki, qaldı bu "təbliğatın" fonunda rəsmi mediada və TV-lərdə Rusiyaya yarınma təbliğatının aparılmasına, düşünürəm, burda aydın olmayan bir şey yoxdur. Rus ayısı Amerikan qartalı deyil və onun kobud güclü  pəncəsinin bircə zərbəsi çoxlarını susdura bilər, özü də əbədi...
Bax elə bu səbəbdən də yuxarıda qeyd elədiyim mediada aparılan təbliğatın məhz Cumhuriyyət Günü ərəfəsinə təsadüf eləməsi, 6 ay əvvəl Cumhuriyyətimizin Atalarını "cinayətkar" adlandıran İlham Əliyevin bu gün onların ünvanına xoş sözlər işlətməsi heç də təsadüfi deyil. Axı millətçi sentimentlərin qabardığı bir dönəmdə Rusiyanın Azərbaycanı dövlət olaraq yer üzündən silmək "planları" hesablamalara görə millətin "sarı siminə" toxunmalıdır. Amma deyəsən burda da hesablama yanlış çıxdı. Çünki Azərbaycan hakimiyyətinin birdən "dövlətimiz təhlükədədir" harayına inanacaq bir kimsə qalmayıb. Atalar demiş: yalançının evi yandı, heç kəs inanmadı.
Əliyev iqtidarı üçün acı, çılpaq və hətta lüt-üryan həqiqət isə budur: hər yerdən əli üzülənlərin ümidi illər boyu alçaltdıqları, taladıqları, təhqir elədikləri MİLLƏTƏ qalıb.
Bax elə həm bu münasibətlə və həm də Cumhuriyyətimiz Günü ilə hamınızı təbrik edirəm! İkiqat bayramınız mübarək, iqtidarın "yadına düşən" ƏZİZ AZƏRBAYCANLILAR! 

Monday, May 6, 2013

Saakaşvilinin Tiflis-Vaşinqton-Bakı turneləri: siyasi blef yoxsa real vasitəçilik?

Gürcüstan prezidenti yenidən Azərbaycana gəlir, Bu dəfə səfərin məqsədi kimi Azərbaycanda keçirilən "Cənubi Qafqaz Forumu" göstərilir. Ümumiyyətlə, prezident Saakaşvilinin son zamanlar Azərbaycana sistemli xarakter almış səfərlərinin hansısa pərdəarxası olub-olmaması təbii maraq doğurur. Bəs həqiqətdə vəziyyət necədir? Mixeil Saakaşvilinin voyajlarının əsl səbəbləri nədir? Şübhəsiz ki, bu səbəblər arasında ən önəmlisi və aktualı Gürcüstanda keçən ilin oktyabrında keçirilmiş parlament seçkilərindən sonra Saakaşvilinin məğlub durumu və Baş Nazır Bidzina İvanişvili hökumətinin rəsmi Bakı ilə hələ də alınmayan münasibətləridir. Əlbəttə, sonuncu məqam Saakaşviliyə az da olsa, Əliyev iqtidarını öz müttəfiqi kimi görməyə və bu müttəfiqlikdən daxili opponentinə qarşı mübarizədə yararlanmağa ümidlər verir. Heç kəsdən sirr deyil ki, Saakaşvilinın yaxın ətrafı ilə Əliyev iqtidarının oliqarxlarını sıx birləşdirən müştərək iqtisadi maraqlar da az deyil. Ətrafında gərginlik durmadan artan, sosial dayaqlarını sürətlə itirən və mərhum Baş Nazir Zurab Jvaniyanın müəmmalı ölümü ilə əlaqədar prokurorluq tərəfindən sorğulanmağa hazırlanan Saakaşvili üçün istənilən beynəlxalq əməkdaşlıq bu gün hava-su qədər vacibdir. Özü də təkcə Azərbaycanla deyil. Görünür elə bu səbəbdən də Gürcüstan prezidenti daha mürəkkəb konfiqurasiyaya əl atır və az qala bir qayda olaraq, hər Bakı səfəri öncəsi Vaşinqtona baş çəkir. Beləliklə də, Saakaşvili həm Vaşinqton üçün hələ də önəmli olduğunu vurğulamaqla, həm də Vaşinqton-Bakı münasibətlərində özünü mühüm vasitəçilərdən biri kimi təqdim etməyə çalışır. Bu dəfəki səfər də istisna təşkil eləmir. Belə ki, aprelin sonu-mayın əvvəllərində (27.04-01.05) ABŞ-da səfərdə olan Saakaşvili senator Con Makkeyn, dövlət katibi Con Kerri və vitse-prezident Cozef Baydenlə görüşmüş, Arizonada keçirilən forumda iştirak etmiş, Texasda Corc Buş Mərkəzinin açılışında iştirak etmişdir. Xarakterikdir ki, Gürcüstan prezidenti bu dəfə ABŞ prezidenti Barak Obama tərəfindən qəbul edilməmiş, digər rəsmilərlə görüşlərdə isə daha çox Saakaşvilinin Gürcüstanda demokratikləşmədə, NATO və ABŞ-la əməkdaşlığın inkişafında pozitiv rolundan danışılmışdır. Sanki, bir təşəkkür nitqləri, özü də keçmiş zamanda. O zaman sual olunur ki, Vaşinqtonun Saakaşviliyə ehtiyacı nədən ibarətdir? Doğrudanmı Gürcüstan prezidenti Bakı ilə Vaşinqton arasında vasitəçilik edir? Düzü bu versiya çox da inandırıcı görünmür. Əvvəla ona görə ki, elə Mixeil Saakaşvilinin də eynilə İlham Əliyev kimi demokrat ABŞ administrasiyası ilə münasibətləri idealdan xeyli uzaqdır, ikincisi-Vaşinqtonun Əliyev iqtidarı ilə həm yetərincə birbaşa münasibətləri, həm də xeyli vasitəçi seçimi imkanları var. Sadəcə, görünür Ağ Ev Saakaşviliyə münasibətilə öz müttəfiqliyinə sonadək sadiq olması mesajını verməklə yanaşı, həm də Rusiya ilə Qərb arasında vurnuxan Bidzina İvanişviliyə zəruri "dərs keçir". Gürcüstanın yeni Baş Naziri 6 ay əvvəl ilk səfərini ABŞ-a edəcəyini bildirsə də, belə bir rəsmi səfər hələ baş tutmayıb. Bakı-Vaşinqton münasibətlərində vasitəçiliyə gəlincə isə, bizə daxil olan məlumatlara əsasən, sonuncu səfər zamanı bu təşəbbüslər məhz Gürcüstan prezidenti tərəfindən irəli sürülmüşdür. Saakaşvili görüşdüyü ABŞ rəsmilərini İlham Əliyevlə danışıb, sonuncunu Rusiyaya meyllənməkdən çəkindirə biləcəyini vəd etmişdir. Digər maraqlı məlumat isə ondan ibarətdir ki, Vaşinqtonda heç bir səviyyədə bu təşəbbüsə xüsusi maraq ifadə edilməmişdir. Görünür yuxarıda qeyd olunan səbəblərdən.
Beləliklə, Gürcüstan prezidenti yenə də Bakıya gəlir. Əlbəttə ki, "Cənubi Qafqaz Forumunda" iştirak eləməyə...