Thursday, January 31, 2013

Etnik nifrət və etnik natamamlıq kompleksi

"Etnik nifrət çox iyrənc şeydir, onun ən iyrənc forması isə mənsub olduğun etnosa nifrətdir" (c) Ərəstun Oruclu
Nasistlər bəşəriyyət tarixində ən böyük etnik cinayəti törədəndə onların ən sadiq yardımçıları arasında digər etnosların nümayəndələri də vardı. Holokost qurbanları gettolara deportasiya olunanda onların üzərinə yəhudi nəazrətçilər qoyulurdu və bir sıra hallarda zavallı getto sakinləri alman SS-çilərin bu nəzarətçiləri əvəzləməsinə hava-su kimi ehtiyac duyurdular. 
Biz azərbaycanlılar etnik nifrətin nə olduğunu yaxşı bilirik, özü də təkcə tarix kitablarından yox... Zamanında bizim insanların yaşamış olduğu torpaqlarda bir nəfər də azərbaycanlı qalmayıb, çünki indi o torpaqlarda monoetnik Ermənistan qurulub. Erməni yazıçısı Sero Xanzadyan "Царица армянская" romanında yazır ki, guya bizim eradan iki min il əvvəl mövcud olmuş erməni dovlətinin xanım çarı Hayasenin məqsədlərindən biri də "qədim erməni torpağı olan Şamaxının vəhşı barbarlardan azad eləmək idi". Xanzadyan özü də bilirdi ki, yazdıqları cəfəng iddialardır, amma onun məqsədi heç də bu iddiaları sübut etmək deyildi. O, xalqına nifrətin səbəbini və onun ünvanını göstərirdi. Digər erməni yazarları Silva Kaputikyanın, Zoriy Balayanın yazdıqlarını isə məncə xüsusi vurğulamağa ehtiyac da yoxdur. Yuxarıda qeyd elədiyim etnik təmizləmənin və etnik nifrətin əsasında məhz bu kimi romanlar, poemalar, "tarixi araşdırmalar" dururdu və durur da. Erməni intellektuallarının öz mllətinə sevə-sevə aşıladığı etnik nifrət bu xalqın bütün zümrələrinin iliyinədək işləyib. 
Bir neçə il əvvəl Tiflisdə Cənubi Qafqaz ölkələrindən olan nümayəndələrin iştirak etdiyi konfransa dəvət almışdım. Həmin konfransda erməni iştirakçılar arasında İrəvanın keçmiş meri, iqtisadçı alım, ziyalı Vahaqn Xaçatryan da vardı. Vahaqn xatirimdə onu ilk dəfə Almaniyada görəndən qalmışdı. O zaman da Heidelberg-də konfransda idik və konfransın təşkilatçıları bizi şəhərin ən qədim restoranlarından birində şama dəvət eləmişdilər. Sakit canlı royal musiqisi olan bir yer idi və pianoçu fasilə verəndə Vahaqn royalın arxasına keçib Mozart-dan bir sonatanı elə ifa etdi ki, musiqiylə, mədəniyyətlə təəccübləndirmək çox çətin olan alman publikası onu ayağa qalxaraq alqışladı. Belə mədəni bir insanın, həm də onu müəyyən qədər tanıdığımdan, "erməni xəstəliyinə" yoluxa biləcəyini təsəvvür eləmək çətin idi. Amma Tiflisdə baş verən hadisə mənim bu təsəvvürümü alt-üst elədi. Konfrans iştirakçıları bizi "Köhnə dəyirman" restoranına şama dəvət eləmişdilər və orda canlı gürcü musiqisi vardı. Balabançalan "Sən gəlməz oldun"u ifa eləməyə başlayanda Vahaqn emosional tərzdə yerindən dik atılıb "Gözəl erməni-azərbaycan musiqisi!" deyə hayqırdı. Bəlkə də biz azərbaycanlılar orda olmasaydıq, Vahaqn Azərbaycanı heç xatırlamazdı da və mahnı olardı elə erməni mahnısı. Özümü saxlaya bilməyib yarızarafatla (əslində isə ciddi) dedim: "Vahaqn, mən səni mədəni, intellektual bir insan kimi təsəvvür edirdim, amma demə sən sadəcə ermənisənmiş ki! Bu mahnı bircə mənada iki millətin musiqisi ola bilər-əgər Ələkbər Tağıyevi bunu bəstələməyə hansısa erməni arvadı ruhlandırıbsa." Yadımdadır, bu sözlərimə ən ucadan və ürəkdən gülən gürcülər oldular...
Erməni intellektualının bəlkə də ən mütərəqqisi elə Vahaqndır. Erməni intellektualı öz millətinə o qədər bağlıdır ki, o öz millətinin nümayəndəsinin ən murdar əməlinə belə "sivil" don geyindirir. Erməni intellektualı Zoriy Balayan isə Xocalı qırğınında birbaşa iştirak edir. Terrorçu Monte Melkonyan (Avo) haqqında bir erməni yazarı çox təsirli bir səhnəni canlandırır: "Qarabağda döyüşlər zamanı qaçan azərbaycanlı silahlılar qoca bir azərbaycanlı qadını tənha buraxıb gedirlər. Qadın isə ölümdən xilas olmaq üçün əyilib erməni xilaskar Montenin əlindən öpmək istəyir. Bu zaman Monte hirslənərək cəld hərəkətlə qadını qaldırıb "Ana, sən nə edirsən?" deyə ona qayğı göstərir..." Çox təsirlidir, elə deyilmi? Erməni intellektualının "ağ əlcəkli", "insansevər", "humanist" ASALA terrorçusu olan Montesi belə nəcib hərəkət edə bilər. Çünki o, Azərbaycan ziyalısı Əkrəm Əylislinin "5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar"ı deyil axı. Biri var Kaliforniyada təhsil almış "əlicənab" Monte, biri də var "yeraz" Hüseynqulu xanın, "yeraz" Abbasqulu bəyin vəhşi yeraz törəmələri. Ümumiyyətlə, son zamanlar gəldiyim qənaətlərdən biri də bu olub ki, azərbaycanlı intellektualla onun sadə xalqı arasında dərin bir uçurum var. Və bu təkcə intellektual, sosial status uçurumu deyil. Bu həm də psixoloji uçurumdur. Həmin uçurumun olması  səbəbindən də o öz millətinə yaxınlaşa bilmir, onun ağrı-acısını duymur, onun mümayəndələrinin pis əməllərindən yazanda soyuqqanlı olaraq "ermənilər azərbaycanlılara qarşı belə qəddarlıq etməmişdilər" kimi "verdiklər" çıxararaq ifrata varır. Azərbaycan intellektualı öz sadə xalqını sevə bilmir, buna onun etnik natamamlıq kompleksi mane olur. Çünki o, özünü mənsub olduğu xalqdan kolonialist ideologiyanın yaratmış olduğu "yüksəkdə" görür. Elə olmasaydı o, bir əsrdir öz millətinin başına gətirilənləri "unudub", türklərin erməniləri qəddarcasına öldürməsi səhnəsini bu cür ürək ağrısı ilə təsvir eləməzdi. Sabah o, (Azərbaycan yazıçısı) yazsa ki, Hamazaspın, Andronikin dəstələri Naxçıvanı və Zəngəzuru məhz elə həmin türklərin törətdiklərinə cavab olaraq qan içində boğurdu, məncə təəccüblənməyə dəyməz. Axı onlar (Hamazasp və Andronik) öncədən bilmişdilər ki, bir qədər sonra həmin o "yeraz" Abbasqulu bəy Şadlinskinin "vəhşi diviziyası" gəlib zavallı məsum ermənilərə divan tutacaq... Bəlkə də bir gün bunu da yazan azərbaycanlı yazıçı tapılacaq. Kim bilir!?  
Mən heç də demirəm ki, bizim intellektual da öz millətinə erməni həmkarının öz xalqına aşıladığı zooloji nifrəti aşılamalıdır. Mən də millətimin nümayəndələrinin cinayətlərinə bəraət qazandırmağın və cinayətkarlardan qəhrəman düzəltməyin qətiyyən tərəfdarı deyiləm və etnik nifrətin istənilən formasının əleyhinəyəm, amma həm də öz etnosuna olan nifrətin... 

Saturday, January 26, 2013

Hakimiyyət Quba-İsmayıllı yolunda.

İsmayıllı xalq üsyanı son bir ayda hakimiyyətin aldığı 3-cü zərbə oldu. Hörmətli oxucum xatırlayırsa, hələ 12 yanvar tarixdə orduda ölümlərə etiraz aksiyasını "Azadlıq" radiosuna şərh edərkən demişdim ki, bu gündən biz artıq yeni siyasi reallıqda, yeni ölkədə yaşayırıq. Bu fikirləri həm də bloq yazımda və Facebook profilimdə təkrar göstərmişdim. 12 yanvar aksiyasının ardınca "Binə" ticarət mərkəzində keçirilən sərt etiraz aksiyası, İsmayıllı xalq üsyanı və nəhayət 26 yanvar etiraz aksiyası bu yeni reallığın hələ cücərtiləridir. Ona görə yox ki, kimsə nəsə plan cızıb və bu plan üzrə ardıcıl olaraq daha nələrsə olmalıdır və olacaq. Xeyr, ona görə ki, 12 yanvar aksiyasından sonra özünə gələ bilməyən iqtidar qorxu içində öz sınanmış üsuluna əl atdı, yəni zorakılığa. Zorakılıq isə zorakılıq doğurur. Belə də olacaq. İsmayıllı xalq üsyanının ardınca eyni ssenari üzrə analoji üsyanların digər bölgələrdə olacağı da istisna deyil. Səbəb, dediyim kimi, çox sadədir. Hakimiyyət adekvat reaksiya verə bilmir, o, keçmış Azərbaycanda qaldığından reallıq hissini tam itirib və ən son (həm də ən etibarsız) vasitəni - zorakılığı var gücü ilə işə salıb. 
Normal hakimiyyət İsmayıllı üsyanının ilk saatlarında təxminən belə edərdi: hansısa bir dövlət rəsmisi təcili İsmayıllıya yollanıb İH-nin binası qarşısında toplaşmış xalq qarşısında çıxış edib öncə yerli baronun ailə üzvlərinin tərbiyəsizliyinə görə xalqdan üzr istəyərdi. Sonra deyərdi ki, prezident Davosdan tapşırıq verib və bu tapşırığa əsasən Nizami Ələkbərov artıq öz vəzifəsini icra etməkdən kənarlaşdırılıb. O, həm də xalqa bildirərdi ki, prezidentin tapşırığı ilə maşınların və hotelin yandırılması faktına görə təhqiqat aparılmaması haqda qərar verilib. Sonda isə o deməliydi ki, rayonu yaxın 10 gündə idarə etmək həmin rəsmiyə tapşırılıb və sabahdan insanlar İcra Hakimiyyətinə gələrək şəxsən ona öz sözlərini deyə bilərlər və bu sözlərin hamısı da ölkə prezidentinə çatdırılacaq. Amma... Amma bu cür davranışı İlham Əliyev hakimiyyəti xalqın qarşısından geri çəkilmək kimi dərk edir və belə "zəiflik" göstərməkdənsə "xarici güvvələrin idarə etdiyi təxribatçılara" səs qumbaraları, qaz bombaları, su şırnaqları, rezin güllələr və bu kimi digər təsirli "arqumentləri" göstərməyi üstün tutur. Halbuki, ilk baxışdan 2-3 nəfər azğınlaşmış məmuru nümayişkəranə cəzalandırmaq hakimiyyətə hətta əlavə dividentlər də gətirərdi. Amma bu yalnız ilk baxışdan belə gəlir, əslində isə məsələnin kökündə daha ciddi məqamlar var. Göründüyü kimi, hakimiyyət azğınlaşmış bir məmurunu cəzalandırmaqdansa xalqın üzərinə silahlı polis yeridib onu repressiya eləməyə üstünlük verir. Niyə? Cavab çox sadədir: Ilham Əliyev düşünür ki, bir məmuru cazalandırsa xalq hər yerdə ayağa qalxıb bütün məmurların cəzalandırılmasını tələb edəcək. Buna isə qətiyyən yol vermək olmaz. Beləliklə də siyasi rəhbərlik etiraf etmiş olur ki, o, nümayəndələrinin hər yerdə xalqa divan tutduğunu bilir. Əgər bilirsə və bu yoldan imtina etmirsə, demək xalqla belə münasibətin hakimiyyətin planlı siyasəti olduğunu etiraf edir. Daha dəqiq desək, hakimiyyət Quba-İsmayıllı yolu ilə getməyə üstünlük verir. Ədalət naminə deyim ki, onun mahiyyəti başqa yola keçməyə nə imkan, nə də şans vermir. O zaman, necə deyərlər, yolunuz açıq olsun! Tanrı da millətimizi qorusun!

Monday, January 14, 2013

Hakimiyyətin namizədi kim ola bilər (əgər İlham Əliyev seçkiyə getməzsə)?

Prezident seçkilərinə az vaxt qalmasına baxmayaraq hakimiyyət hələ də öz namizədilə müəyyənləşə bilmir. Belə ki, seçkilərə 9 ay qalır və opponent düşərgədə başlanmış canlanmaya rəğmən hakimiyyət öz namizədinin adını hələ də açıqlamır. Qarşıdan gələn prezident seçkilərində iqtidarın namizədi kim olacaq? Bu barədə hələ nə ölkə prezidenti, nə də onun administrasiyasının rəhbərliyi səviyyəsində cavabın olmadığını və YAP rəsmilərinin 2013-cü il  prezident seçkilərində iqtidar partiyasının namizədinin İlham Əliyev olacağı haqda bəyanatlarının nə ölkə daxilində, nə də beynəlxalq aləmdə heç kəsin ciddi qəbul etmədiyini nəzərə alsaq, sualın hələ də açıq qaldığını söyləmək olar. Bir çox müşahidəçilərin fikrincə İlham Əliyevin 3-cü müddətə namizədliyini irəli sürəcəyi real görünmür və bunun da başlıca səbəbi kimi beynəlxalq aləmdə "3-cü müddət" məsələsinə neqativ münasibət göstərilir. Bu səbəb müxtəlif rakurslardan xeyli inandırıcı görünür. Əvvəla, Azərbaycanda ən azı son 2 prezident seçkilərinin nəticələrinin daha çox beynəlxalq iradəni əks etdirdiyi görünür. İkincisi, 2 dəfədən artıq prezidentlik praktikasının "alqışlanmaması" hətta dünyada müsbət imicə malik olan Saakaşvilinin nümunəsində özünü açıq-aşkar göstərdi. Üçüncüsü, ərəb ölkələrinin nümunəsində beynəlxalq birlik tərəfindən  kriminallaşmış avtoritarizmin səbəbi kimi məhz "oturuşmuş" prezident hakimiyyətinin qəbul edildiyi nəzərə çarpır. Beləliklə, bu və digər səbəblərdən İlham Əliyevin 3-cü müddətə iqtidarın namizədi olacağı mübahisəli görünür. Sürətlə artan beynəlxalq basqılar fonunda hakimiyyətdaxili qruplaşmalar arasında mübarizəsinin kəskinləşməsi də buna işarədir. Bu mübarizənin iqtidar komandası üçün nə dərəcədə təhlükəli olduğunu nəzərə alsaq, bu zaman onun niyə durmadan kəskinləşməsi səbəbi də aydın olur. Mübarizə hakimiyyətin prezidentliyə namizədi olmaq uğrunda gedir, belə bir hədəf uğrunda mübarizədə isə geriyə yol olmur. Ya olum, ya ölüm prinsipi işə düşür. Daha doğrusu, artıq işə düşüb. Mötəbər mənbələrdən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinə daxil olan məlumatların təhlili göstərir ki, hal-hazırda iqtidar daxilində öz təmsilçisini namizəd görmək istəyən 2 əsas qruplaşma mövcuddur. Bunlar ənənəvi olaraq "Paşayevlər" və "Naxçıvan" adlanan qruplaşmalardır. Hər iki qruplaşmanın kifayət qədər böyük həcmdə kapitala və hakim mövqelərə malik olduğunu nəzərə alsaq, təhlillərimiz onların şanslarının bərabər olduğunu deməyə əsas verir. Amma seçkilərin prezident seçkiləri olduğunu nəzərə alsaq, namizədin şəxsi keyfiyyətlərinin, cəmiyyətdəki imicinin və nəhayət beynəlxalq əlaqələrinin bu mübarizədə sonuncu rol oynamayacığını deməyə əsas verir. "Paşayevlər" qruplaşmasının potensial namizədinin ölkənin birinci xanımı Mehriban Əliyeva ola biləcəyi şübhə doğurmasa da, digər qruplaşmanın namizədinin adının hələ də ictimaiyyətə bəlli olmaması diqqət çəkir. Məhz bu detalın araşdırılması "Naxçıvan" qruplaşmasında iki mümkün şəxsdən birinin qruplaşmanın potensial namizədi ola biləcəyini deməyə əsas verir: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun. Birincinin yaşının çox olmasını, səhhətində müəyyən problemlərin mövcudluğunu və son zamanlar məlum Elşad Abdullayev videoqalmaqalının mərkəzi fiquruna çevrildiyini nəzərə alsaq, bu qruplaşmanın mümkün namizədinin məhz Kəmaləddin Heydərovun olacağını ehtimal etmək olar. Fövqəladə Hallar naziri bir çox digər parametrlər üzrə də bu rola Mehdiyevdən daha iddialı görünür. Belə ki, Ramiz Mehdiyevdən fərqli olaraq, Kəmaləddin Heydərov cəmiyyətdə nisbətən daha pozitiv imicə malik, yüksək təşkilatçılıq potensialı olan şəxs kimi tanınır. 
Beləliklə, təhlillərimiz göstərir ki, iqtidar daxilində hakimiyyətin namizədinin Mehriban Əliyeva, yoxsa Kəmaləddin Heydərov olacağı haqda müzakirələrin yaxın zamanlarda əsas mövzulardan olacağı gözlənilir. Bu istiqamətdə apardığımız təhlillər hər iki şəxsin şanslarını nisbətən real dəyərləndirməyə imkan verir. Belə ki, cəmiyyətin daim diqqət mərkəzində olan birinci xanımdan fərqli olaraq "kölgədə" qalmağa üstünlük verən Fövqəlnazir əslində heç də ictimai diqqətdən kənarda qalmır. Kəmaləddin Heydərovun Mediaya geniş təsir imkanları onun ölkədə bir neçə müstəqil KİV-ni  çıxmaqla, əsasən siyasi gündəmdə yersiz hallanmamasına şərait yaradır. Amma eyni zamanda Fövqəlnazirin ətrafındakı insanlara diqqətli olması, dostluğa sədaqəti, yaradıcı ziyalılara dəstəyi haqda cəmiyyətdə mövcud olan fikirlər şübhəsiz ki, onun imicinə işləyir. Müsbət mənada, əlbəttə. Digər tərəfdən əlində cəmləşmiş resurslar, biznesə təsir imkanları və həm Dövlət Gömrük Komitəsinin sədri, həm də FH naziri vəzifəsində çalışarkən hakimiyyətin təbiətinə və mahiyyətinə uyğun sistem qurması da iqtidar komandası daxilində onun işgüzar keyfiyyətləri kimi dəyərləndirilir. Fövqəlnazirin İsrailin, Rusiyanın və Türkiyənin bir sıra dairələrilə yaxın münasibətləri isə ona müəyyən beynəlxalq dividentlər gətirə bilər. Bu baxımdan kompromiss fiqur kimi qəbul edilə biləcək Heydərov az qala birmənalı Rusiyayönümlü kimi təqdim olunan "Paşayevlər"in potensial namizədilə müqayisədə xeyli üstün görünür. Cənubi Qafqaz bölgəsi üzrə Qərblə Rusiya arasında əməkdaşlığın olması amili də ona bu mübarizədə əlavə siyasi dividendlər gətirə bilər. Bundan başqa o, mövcud imkanları fonunda daha təvazökar davranışa malik olan şəxs kimi qəbul edilir ki, şübhəsiz iqtidar komandası da buna cəmiyyətin münasibətini nəzərə almaya bilməyəcək.
Amma bütün bunlar ölkənin birinci xanımının hakimiyyətin namizədi olmaq şansının az olmasını deməyə əsas vermir. Son illər "Paşayevlər" qruplaşmasının təsir imkanlarının durmadan artmasını, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərin dünyada təbliğinə yönəltdiyi investisiyaları və səyləri, fondun keçirdiyi humanitar aksiyaları və dünyanın bir sıra ölkələrində reallaşdırdığı mədəni tədbirləri birmənalı olaraq bu qurumun prezidenti olan Mehriban Əliyevanın aktivinə yazmaq olar. Digər tərəfdən Fövqəlnazirin mənsub olduğu qruplaşmanın sırf regional qruplaşma kimi təqdim olunması da ictimai rəydə Mehriban Əliyevanın üstünlüyü kimi dəyərləndirilə bilər. "Paşayevlərin" çap Mediasına nəzarət imkanlarının Fövqəlnazirlə müqayisədə xeyli zəif olması isə bu qruplaşmanın elektron KİV-lərə az qala mütləq nəzarəti ilə tam kompensasiya olunur. 
Beləliklə, təhlillərimiz göstərir ki, İlham Əliyev prezident seçkilərində iştirak etməyəcəyi təqdirdə hakimiyyətin namizədi olmaq uğrunda artıq başlanmış pərdəarxası mübarizə yüksək ehtimalla elə bu iki şəxsin arasında gedəcək. Şübhəsiz ki, namizəd haqda yekun və həlledici qərarı da elə prezident özü verəcək. Amma bu qərarın verilməsi üçün nəzərdə tutulmuş zaman və imkanlar durmadan məhdudlaşır. Bu gün ölkə artıq yeni siyasi situasiyaya daxil olur. Gənclərin 12 yanvar aksiyası və bu aksiyanın qısa zamanda "Facebook" sosial şəbəkəsi vasitəsilə təşkili gündəmə yeni ictimai-siyasi potensialın və yeni reallığın gəlməsindən xəbər verir. "Ərəb baharı" da elə bundan başlamışdı...

"Şərq-Qərb" Araşdırmalar Mərkəzi

Sunday, January 13, 2013

Görünən və görünməyən 12 yanvar

12 yanvar aksiyası hazırlananda onun necə alınacağını, hakimiyyətin hansı şəkildə müdaxilələr edəcəyini, necə işıqlandırılacağını, onun ictimai rəydə necə qarşılanacağını nəzərdən keçirirdik. Bizə müraciət edən gənclərə isə əsas tövsiyyəmiz zorakılığa rəvac verməmək, gənclərin döyülməsindən qaçmaq idi. Baxmayaraq ki, bölüşə biləcəyimiz daha çox bilgilər vardı, amma bunların hazırlıq prosesinə heç bir aidiyyatı yox idi. Ona görə yox idi ki, kütləvi aksiya təşkil etdikdə istəsən belə hər kiçik detalı nəzərə ala bilməzsən, o da ola 3 gün ərzində, üstəlik də Facebook üzərindən.
Azərbaycan hakimiyyətinin aksiyalara münasibəti hamımıza yaxşı bəllidir və onlara müdaxilə "texnologiyalarında" da yeni bir şey yoxdur. Bütün başqa sahələrdə olduğu kimi... Öncə aksiyaya qarşı kampaniya aparılır, sonra onu yaradan səbəbləri nüfuzdan salmaq istiqamətində iş görülür, daha sonra təşkilatçılara təzyiqlər olunur və s. Amma iş bununla bitmir, hələ aksiyanın kobud şəkildə qarşısını almağa hazırlaşan polis qüvvələri, qoçu dəstələri və onları buna təhrik etməli olan təxribatçı qruplar da var. Bütün bu "kompleks tədbirlər planına" start verən və nöqtə qoyan "Media" da var və məhz elə sonuncu da işin ən çirkli hissəsini görəndir. Ona görə ki, onun üzərinə prosesi həm öncədən, həm də sonradan gözdən salmaq kimi ürəkbulandırıcı bir vəzifə qoyulub. Etiraf edim ki, bəzi "Media qurumları" bu işin öhdəsindən layiqincə gəlirlər, çünki illər boyu bu yolda toplanmış təcrübələr, vərdişlər və sifarişçilərdən alınmış bilgilər işə yarayır.
Keçək mətləbə. Mətləb isə bundan ibarətdir: bir sıra şəxslər iddia edirlər ki, hakimiyyətin aksiyaya kobud müdaxilə etməməsinin əsas səbəbi 12 yanvar aksiyasının hakimiyyətə lazım olması idi (20 nəfərlik piketdən oddan qorxan kimi qorxan hakimiyyətə!?) və hətta az qala aksiyanı elə hakimiyyət özü təşkil eləmişdi. Yəqin belələri hələ tam özlərini itirməyiblər, yoxsa iddia edərdilər ki, hakimiyyət öz vətəndaşlarını xəbərdar etmək barədə ABŞ və Böyük Britaniya səfirliklərinə də müvafiq tapşırıqlar vermiş, "Bloomberg" agentliyinə isə aksiya haqda məqalə yazmağı tapşırmışdı. Aksiya haqqında mənfi auranı hakimiyyətin daxilində milyardlar uğrunda mübarizə haqda sətiraltı eyhamlarla yaratmağa cəhd edənlər öz yerində, amma bu dəfə də "doqquzluğa" "vuran" əlbəttə ki, Eynulla Fətullayevin qəzetidir. 
http://haqqin.az/news/3102
Eynulla bəyin qəzeti öz yazısında guya əsasən AXCP sədri Əli Kərimlinin aksiya haqda dəyərləndirməsini hədəfə aldığını göstərsə də, əslində bütün yazı aksiyanı nüfuzdan salmağa, gənclərin özünə və təşkilatçılara inamını sındırmağa və bəlli zümrəni təbliğ eləməyə xidmət edir. Məsələn, Eynulla bəyin qəzeti iki hakimiyyətə yaxın partiyanın gənclərinin və fəallarının aksiyadakı hansısa "radikal" davranışını qabardaraq bunu az qala bütün aksiya kimi təqdim etməyə cəhd göstərir. Aksiya haqda "müxalifətin mitinqi" yazan müəllif, məqalədə həmin o, "müxalifəti" də göstərməyə cəhd edir. Ruslar demiş: А вот это мы уже проходили! Qeyd edim ki, bəzi qrupların davranışını biz də müşahidə eləmişik və bu haqda hətta videoçəkilişlər də var. O cümlədən onlardan bir qrupun kənardan rabitə vasitələrilə yönəldilən polis kordonunun dəstəyilə aksiya iştirakçılarının kiçik bir hissəsini başqa istiqamətə yönəltməsini də. Eynulla bəyin qəzeti burda tam haqlıdır və bu meydanda iştirakçıların sayının az olmasını göstərməyə yönələn "texnologiyadır". Amma hakimiyyət meydanda az adam olmasını göstərməyə ehtiyac duyurdusa, demək meydanda insan çox idi. Bəli, sərt ifadələrlə, təhrikçi davranışla polisi zorakılığa sövq edənlər də vardı, aksiyanı başqa üsullarla ləkələməyə cəhd edənlər də. Amma bu bir ovuc insan idi və bunların hamısının gördüyü işlər onun üçün idi ki, sonda Eynulla Fətullayevin qəzeti bu haqda yazsın. Necə də ki, indi yazır. Bunun hamısısını anlayırıq və düşünmürəm ki, bu ölkədə hələ də nəyisə, kimisə anlamayanlar var. Əgər "konstruktiv müxalifət" partiyasının rəhbəri öz müavininin İlham Əliyev haqda yazdıqlarına görə cəmi 10-15 gün əvvəl prezident administrasiyasına çağrılaraq "tənbeh olunubsa", əlbəttə ki, indi o, öz günahlarını yumalı, sədaqətlə xidmət etdiyini göstərməlidir. Amma bunun aksiyaya nə dəxli var? Əgər rejimin içində kimlərsə Səfər Əbiyevi kənarlaşdırıb yağlı (həm də qanlı) bir tikəyə sahib olmağa can atırsa, bunun aksiyada iştirak edən minlərlə saf niyyətli gəncə nə dəxli var? Görünür birbaşa dəxli var. Dəxli budur ki, onlar həmin rejimə etiraz edirlər, orduda ölümlərin qarşısının alınmasını tələb edirlər, rüşvətsiz təhsil istəyirlər, hüquq və azadlıqlarını tələb edirlər və nəhayət, öz ölkələrinə sahib çıxmaq istəyirlər. Görünür "günahları" da məhz budur, yoxsa ölkənin gələcəyinə bu cür qara yaxılmazdı. Amma burada kiçik bir detal da nəzərdən qaçmır: əgər hakimiyyət öz adamlarını təxribata sövq edib, sonra da onları "öz əllərilə" ifşa eləməyə ehtiyac duyursa, demək onun durumu artıq qurbanlar verməyi tələb edir. O zaman Eynulla bəyin qəzetinin aksiyanın dağıdılmamasının səbəbləri  haqda konspiroloji iddiaları da anlaşılandır. Çünki ortada bir fakt var və bu faktın adı yeni ictimai-siyasi reallıqdır. Onu da yanvarın 12-də hamı gördü: aksiyanı yüksək səviyyədə təşkil etmiş və keçirmiş gənclik də, onu işıqlandıran vicdanlı jurnalistlər də, müşahidə edən diplomatlar da. Əgər bu tarixi aksiya haqda Eynulla Fətullayevin qəzeti belə bir məqalə yazırsa, deməli elə hakimiyyət də...
Elə bu səbəbdən də gənc dostlarımızı bir daha uğurlu başlanğıc münasibətilə təbrik eləməyə dəyər!

Saturday, January 12, 2013

Yeni gənclik, yeni ölkə, yeni tarix

İllər öncə Fridrix Naumann Fondunda çalışanda gənclərlə müntəzəm işə başladıq. Həmin illər düşünürdüm ki, görəsən bu uşaqlar nə zaman böyüyüb sözlərini deyəcəklər və hər dəfə də tədbirlərə yekun vuranda gənclərə son sözlərim bu olurdu: "Oxuyun, böyüyün və ölkənizə sahib çıxın!" Buna inanırdım, amma şüuraltı düşünürdüm: görəsən bu nə zaman baş verəcək?
Bizim nəsil yenidənqurma, milli-azadlıq mübarizəsi və müstəqillik illərinin gəncliyi idi. Bacardığımızı etdik, edə bilmədiyimizi övladlarımıza yük saxladıq. Bu səbəbdən də gəncliyə borcumuz vardı və hələ var da: onun üçün yollar açmaq, gəncliyi mübarizəyə hazırlamaq və onlar mübarizəyə hazır olanda bu yoldan çəkilmək. Biz şəhidlər verdik, dövlət qurduq, həyatımızı həsr elədik bu yola, amma gəncliyimiz bu yolu keçməməlidir və inanıram ki, keçməyəcək də. Biz ölkəni zəbt edənlərlə illərdir çarpışırıq və bəzən bunu çox uğursuz edirik. Biz boylanırdıq, gözləyirdik, axtarırdıq: hanı o gənclik? Niyə axı estafeti qəbul eləməyə tələsmir?
12 yanvar 2013-cü il. Bu yeni tarixin ilk günüdür. Gənclik gəldi və o, çox cəsarətlə gəldi! Bu illərdir gözlədiyimiz, yetişməsində az da olsa rolumuz olan yeni mübarizlər ordusudur. 
Yeni tarixə, yeni siyasi reallığa, yeni ölkənizə xoş gəldiniz! Gəlin və onlara sahib çıxın! 
Bu gün adam bu sözləri daha inamla deyir.