Thursday, May 26, 2011

V. Putinin seçki marafonu Cənubi Qafqazdan başlandı

Bolşevik imperiyasının tarixinə nəzər salanda sovet dövlətinin hakimiyyət ierarxiyasının daxili intriqalarında Cənubu Qafqazın rolunun nə dərəcədə önəmli olduğunu görməmək mümkün deyil. Nikolay monarxiyası ilə mübarizəyə başlayan Lenindən tutmuş, KQB şefi Yuri Andropova qədər hakimiyyətə can atan hər kəs siyasi dayaqlarını formalaşdırmağa məhz bizim bölgədən başlayıb. Stalininlə Kirov arasında postlenin dönəminə hesablanmış mübarizə Bakıdan başlamış, Nikita Xruşovun devirilməsində müstəsna rol oynamış KQB rəhbəri Semiçastnıy saray çevrilişi ərəfəsində Az.KQB məktəbi keçmiş və sonra son postuna yüksəlmiş, SovİKP hakimiyyətini 1982-ci ildə de-fakto devirib KQB hakimiyyəti quran Andropov ilk sınaq çevrilişləri Bakıda və Tiflisdə həyata keçirərək (generallar H. Əliyevin və E. Şeverdnadzenin hakimiyyətə gətirilməsi), Kreml uğrunda mübarizəyə bu bölgədən başlamışdır. Nəhayət, qarşıdan gələn 2012-ci ildə keçiriləcək Prezident seçkilərində Kremlə qayıtmaqda israrlı görünən Vladimir Putunun diqqəti də yenidən bu bölgəyə yönəlib. KQB törəməsi olan FSB-nin dəstəklədiyi keçmiş prezident və indiki baş nazir məlum tarixi təcrübədən yararlanmasaydı bu qədər təəccüblü olardı. Cənab Putinin özü şəxsən dərin bilik və intelekti ilə fərqlənməsə də, onun komandasında önəmli strateqlərin olması və onların Rusiya siyasətində Cənubi Qafqaz fenomeninin rolunu nəzərə almaları heç kimdə şübhə doğurmamalıdır. Məhz bu səbəbdəndir ki, Putinin seçki marafonunun startı da elə Cənubi Qafqazdan verildi, hələlik, Gürcüstandan. Hələ məlum Rusiya-Gürcüstan Cənubi Osetiya hərbi qarşıdurmasından məharətlə yararlanan Putin, o zaman opponenti M. Saakaşvilini küçə jarqonuna aid ifadələrlə təhqir edəndə bunu öz ölkəsinin imperialist-qaraguruhçu kəsiminin dəstəyini qazanmağa hesablamışdı. Etiraf etməliyik ki, o zaman Putinin gözləntiləri özünü tam doğrultdu və eyni zamanda, Gürcüstanın Rusiyaya meylli müxalifəti ilə münasibətlərin rəsmiləşdirilməsinə də zəmin yaratdı. Məhz bundan sonra qısa müddətdə Nino Burcanadzenin Moskvaya 3 səfəri və hər səfər zamanı da baş nazir Putinlə görüşləri diqqətdən yayınmamalıdır. Bu görüşlər Gürcüstanın məlum müxalif qruplaşmasına açıq dəstəyin ifadəsi idi. Və nəhayət, bu günlərdə N. Burcanadzenin Saakaşviliyə qarşı hücumuna start verildi-Burcanadze tərəfdarlarını Tiflisin küçələrinə çıxardı. Bunun nə ilə bitəcəyini söyləmək bir o qədər asan olmasa da, son nəticənin prezident Medvedevin və Qərbin mövqeyindən asılı olacağı şübhəsizdir. Son zamanlar özünün ənənəvi antiqərb ritorikasını bir az da gücləndirən V. Putinin Gürcüstanda Rusiyaya loyal hakimiyyət formalaşdırmaq istəyi şübhəsiz ki, rus hərbi sənayesinin də dəstəyini qazanacaq. Eyni zamanda, parlaq siyasi fiquru olmayan rus hərbiyyəsinin də öz növbəsində Putindən başqa seçimi yoxdur. Rusiya siyasətinin təbirincə desək, generalitetin "yaxın xaric"də qazanılan uğurları qarşıdan gələn prezident seçkisində geniş kontekstdə işə yaraya bilər. Amma təbii ki, bir tək Gürcüstanda dəyişiklik bu qrupun mütləq qələbə çalması üçün yerətli olmaya bilər və elə məhz buna görə də 2-ci planda Azərbaycanın olacağı istisna edilmir. Amma Tiflis ssenarisini Bakıya tətbiq etmək bir neçə səbəbdən mümkün olmaya bilər. Əvvəla, Azərbaycanda siyasi fəaliyyət azadlıqları tam məhdudlaşdırılıb, ikincisi, hətta belə olmasaydı da Putin Rusiyası tərəfdarlarını Bakının küçələrinə çıxarmaq üçün əvvəlcə onları tapmaq və səfərbər etmək lazımdır. Buna isə vaxtın azlığı və şəraitin yoxluğu imkan vermir. Əslində isə, heç ehtiyac da yoxdur. Putin Rusiyası tərəfdarlarının mövqeləri elə hakimiyyətin daxilində yetərincə güclüdür. Onlar son illərdə bir neçə önəmli dövlət postları əldə etmiş, digər bir neçəsini öz nəzarətinə keçirməyə müvəffəq olmuş və nəhayət, ölkə iqtisadiyyatının bir sıra gəlirli sektorlarını tam nəzarətə götürə bilmişlər. Bundan əlavə, bu qruplaşma vətəndaş cəmiyyəti, xüsusilə də gənclər təşkilatları və Media sahələrində də uğurlara imza ata bilmişdir. Eyni zamanda, Putin komandasının həmin qruplaşma ilə sıx iqtisadi əlaqələri barədə də xeyli bilgilər mövcuddur. Amma bu qruplaşmaya müqavimət göstərən ənənəvi digər bir regional qruplaşmanın da mövcudluğu qurulmuş planlara əngəllər yarada bilər.  Məhz bu səbəbdən də həmin regional qruplaşmaya rəhbərlik edən və Azərbaycan siyasətinin patriarxı sayılan şəxsin öz yerinə daha gənc, az təcrübəli yeni bir lider hazırlaması və yaxın zamanda təqaüdə gedəcəyi barədə məlumatlar dövrüyyəyə buraxılıb. Bu məlumatların, həmçinin, patriarxa "getmək vaxtıdır!" mesajını vermək məqsədi daşıdığı da istisna edilmir. Bunun baş verəcəyi təqdirdə Putin-hərbiyyə tandeminin Azərbaycanda özünə loyal hakimiyyət əldə etmək istiqamətindəki səylərinin qarşısındakı son maneələrdən biri qaldırılmış olacaq. Açıq qalan isə bircə sualdır: İlham Əliyevə loyallıq nümayiş etdirən prezident Medvedevin və Azərbaycanda dinc islahatların keçiriləcəyinə ümidlərini hələ tam itirməyən Qərbin buna qarşı nə addimlar atacağı.     

Tuesday, May 24, 2011

Misir müəllimin "Son zəngi"

Nəhayət, "son zəng" ərəfəsində Misir müəllim ənənəsinə sadiq qalaraq, yenə də analoqu olmayan əmr imzaladı. Əmrin mahiyyəti isə bundan ibarətdir ki, "son zəng" ancaq məktəblərin ərazisində, özü də 3 saat ərzində keçirilməlidır və heç bir kütləvi gəzintiyə yol verilmir. Cənab nazır hətta bunu belə əsaslandırıb ki, sən demə "hər dəfə belə gəzintilər olanda əxlaqa, tərbiyəmizə zidd hallar baş verir. Son zəng mərasimləri hər bir orta məktəbin daxilində keçirilməlidir." Dünyada öz adı ilə tanınan Azərbaycan təhsilinə əvəzsiz töhfələr vermiş, görkəmli alim, professor Misir müəllimin bu əmri məni lap məyus elədi, düzü. Az qala uşaq yaşlarından iqtidarın naziri olan Misir müəllimin öz hakimiyyətinin ənənələrinə və qaydalarına bu dərəcədə sayğısız yanaşmasını ağlıma belə gətirməzdim. Əvvəla, əmrdə əlavə təhlükəsizlik tədbirləri barədə bircə kəlmə belə yoxdur: yəni, əmrdə nə məktəblər ətrafında xəndəklərin qazılması, nə müdafiə istehkamlarıının qurulması, nə də ki, tikanlı məftillərin çəkilməsi barədə heç bircə kəlmə də yoxdur. Mən hələ orta təhsil ocaqlarının daxili qoşunların əli avtomatlı əsgərləri tərəfindən mühasirəyə alınmasını demirəm. Başa düşürəm ki, 1000-dən yuxarı məktəb üçün şəxsi heyətin sayı yetərli olmaya bilər, amma 2-3 saatlığa onların sıralarını nazir-oliqarxların qoçu dəstələri ilə də tamamlamaq olardı. Bəs 11-cilər arasında əks-kəşfiyyat təminatının həyata keçirilməsi? Bəs havada dövrə vuran helikopterlərdən müşahidə? Bəs 11 il ərzində davaranışı suallar doğuran 11-cilərin qollarına vurmaq üçün qandallar? Bütün bunları Misir müəllim niyəsə nəzərdən qaçırıb. Ən dəhşətlisi isə əmrdə "son zəng"in informasiya dəstəyinin tam unudulmasıdır. Yəni, əgər TV-lər qisa bir maarifləndirici rolik yayımlasaydılar, dünya dağılmazdı ki? Deyək ki, əvvəlcə akademik Abel müəllimin 10-15 saniyəlik bir çıxışı verilir və sonra Misir müəllim özü efirdə görünüb deyir ki, "Əziz məzunlar, baxın, əgər kimsə "son zəng" günü özünü milli əxlaqımıza uyğun aparmasa, onu testsiz-zadsız göndərəcəyəm indicə gördüyünüz əminin universitetində oxumağa!" Təsəvvür edirsiniz, necə effektiv profilaktik tədbir olardı? Hardadı indi elə ağılsız məzun ki, belə ağır xəbərdarlıqdan sonra hələ bir şuluqluq da sala!? Və ya göstərirsən akademiklərimizi, sonra da deyirsən ki, pis işlər görsəniz, sizi də oxudub bunların siralarına qatacağıq! Bundan sonra məzunların hamısı olacaqdı quzu kimi. Mən hələ əyani vəsait kimi "İrəli"nin, YAP Gənclər Təşkilatının üzvlərini göstərməklə xəbərdarlıq eləməyi demirəm. İnanclı məzunlara isə demək olardı ki, qayda pozanı göndərəcəyik Allahşükür Paşazədənin keçirdiyi ibadətə. Təsəvvür edirsiniz, bundan sonra zavallı inanclılar nə günə düşərdilər? Əsgər kimi sıra ilə "son zəngə" gəlib, sıra ilə də gedərdilər evlərinə. Nə isə..., lap ürəyim ağrıdı onlara bu sətirləri yazanda.
Amma, əslində, məni narahat edən başqa bir məsələdir: qorxuram birdən sabah Misir müəllimin tabeliyində olan və illərlə onun ayağının altını qazıyan deputat-rektorları, partiya silahdaşları onu hədsiz liberallıqda ittiham edələr. Sonra da xəbər gedib çata Ramiz müəllimin özünə. Onda gəl gör ki, "son zəng" elə doğrudan da son zəng ola...

Thursday, May 19, 2011

Beynəlxalq siyasətdə kişiliyi necə ölçmək olar?

Sayın Ziyafət müəllim beynəlxalq siyasətdə kişilik nəsələsinə toxunanda düşündüm ki, elə oradaca bu kişiliyi ölçmək üçün xüsusi bir komissiya yaradılmasını təklif edəcək. Bu baş vermədikdə düzü əvvəl bir az məyus olsam da, sonra razılaşdım ki, belə böyük və hələ araşdırılmamış bir sahəni öyrənmək üçün işə ciddi yanaşmaq lazımdır. Bu sizə Azərbaycan qanunlarının qəbulu deyil ki, elə oxumadan soxuşdurasan gedə. Məsələnin elmi-siyasi yenilik və dünyada hələ analoqu olmayan bir sahə olduğunu nəzərə alsaq, Azərbaycanın bu sahədə pionerliyi artıq mübahisə predmeti olmayacaq və mən əminəm ki, Nobel komitəsindəki ermənipərəstlər pəl qatmasalar, Ziyafət müəllim Nobeli təmin olunacaq. Əlbəttə ki, əgər namərd qonşularımız bu kəşfi də dolma və balaban kimi özlərinə çıxmasalar. Beynəlxalq siyasətdə kişilik qalmayıb! Bəyənatın özü mahiyyətcə ictimai-siyasi yenilik olmaqla yanaşı, məncə, həm də aktualdır. Amma öz aramızdır, Ziyafət müəllim də haqlıdır. Doğrudan da, əgər Avropa Şurasının rəsmisi gəlib deyirsə ki, niyə sizdə demokratiya, söz azadlığı yoxdur daha bunun harası oldu kişilik? Məğər qəzetlərdə ağzına gələni yazmaqdır kişilik? Yoxsa bəlkə durub "insanın ona haqqı var, buna haqqı var" deyə boş-boş danışmaq? Adama deyərlər, sənə nə mənim nəyim var, nəyim yoxdur? Dədədən-babadan görmüşük kişi daş daşıyar, yer belləyər, mal otarar. Kişi odur ki, yanından keçəndə tər, ya da ki, mal-təzək iyi versin. Yoxsa parfümnən-zaddan vurub, başlarına jele çəkib gəlirlər ki, "mən Avropadan gəlmiş kişiyəm". Lap belə gözüm aydın! "Kişisən, get kişi işiylə məşqul ol! Sənə nə var kimi tutmuşuq, kimin ağzını yummuşuq?" İndi deyin ki, Ziyafət müəllim haqlı deyil. Deyə bilməzsiniz, heç zaman! Kişisənsə, get öz xarabanda sənə ağzına qələni deyən özün kimi dəyusun cibinə narkotik atdır, sonra da bas içəri getsin çala-çala! Kişisənsə, sənin haqqında yazanların üzünə bir qadını qoy, zorlama üstündə bas getsin türməyə! Bunu da eləyə bimirsən? Budur sənin kişiliyin? 
Amma, öz aramızdır, Ziyafət müəllim düz deyir, bunların kişiliyini ölçsən bəlkə elə dillərini qoyarlar dinməz yerlərinə. Qalır bir onu necə və nəylə ölçmək. Əvvəl-əvvəl, gərək ölçü vahidini müəyyənləşdirəsən ki, sonra sənin gül kimi metodunun obyektivliyini şübhə altına almayalar. Yoxsa bir ağzıgöyçək deyəcək ki, gəlin beynəlxalq aləmin kişiliyini kiloyla ölçək, biri deyəcək metrə ilə, biri də ayrı nə bilim necə. Bunu da ki, Azərbaycanın legitim məclisi elə indidən qanuniləşdirsə daha yaxşı olar. Özü də hər iki halda bu bambılı avropalılar qalacaqlar siyahının sonunda. Kiloyla ölçsən təbii ki, bizim məmurlar daha sanballı kişilər çıxacaqlar, metrəylə hesablasan-bu bizim afrikalı qardaşlarımızın xeyrınə olacaq. Məsələn, həbəşlərin. Onların da ən balacası olur 2 metrə. Boyu əlbəttə ki! Avropalılar isə özlərini öldürsələr də santimetrlərdən o yana keçə bilməyəcəklər. Görək onda Ziyafət müəllimə etiraz eləməyə necə cəsarətləri çatacaq? Amma burda da bir təhlükə var: bu ölçülər Məzhir müəllimin səsləri saymaq, Ziya müəllimin yolları ölçmək və Samir müəllimin büdcə pullarını hesablamaq üsulları ilə aparılsa, onda batdıq. Çünki o zaman avropalıların 50-60 kilosu dönüb olacaq bir neçə ton, santimetrləri də ki,- kilometr. Sonra da gəl dur bunların kilometrinin qabağında, görüm necə durursan. Odur ki, Azərbaycanın legitim məclisində "Beynəlxalq siyasətdə kişilik haqqında" qanunu qəbul edən kimi, elə yerindəcə komissiyanı da formalaşdırmaq lazımdır. Özü də məbadə bu komissiyaya Məzahir müəllimi, Ziya müəllimi və Samir müəllimi yaxın buraxasan! Məncə, yaxşı olardı ki, bu işə elə bu başdan məclisin özündən bir neçə xanımı cəlb edəydilər, çünki onlar belə şeylərdə həm obyektiv, həm ədalətli, həm də daha qabiliyyətli olarlar. Yox, lütfən, başqa şey gəlməsin ağlınıza! Kişiliyin müəyyənləşdirilməsində qadın gözündən dəqiq nə ola bilər məgər?! O da ki, ola təcrübəli qadın gözü! Görüm onda bu dəyus beynəlxalq siyasətçilər ağızlarını aça biləcəklər ki, hələ nəsə desinlər də?

Monday, May 16, 2011

Şəhid alveri

1990-cı ilin yanvarı yaxşı yadımdadır. Ayın 24-də Leninqraddan gəldim Bakıya və yalnız onda 20 yanvar faciəsinin əsl miqyasını (həm də mənəvi-əxlaqi miqyasını) dərk elədim. O zaman başa düşdüm ki, artıq biz yeni bir tarixi mərhələyə qədəm qoymuşuq və indi hər şey əvvəlkindən tamamilə fərqli olacaq...
Həmin günlərin ən çox eşidilən və səsləndirilən sözü isə "şəhid" idi. Bəli, məhz həmin gündən bu söz dilimizə yeni bir məzmunda daxil oldu. Amma o zaman nə mən, nə də başqa bir azərbaycanlı düşünməzdik ki, zaman keçəcək və özündə müqəddəslik, saflıq ehtiva edən bu söz ictimai-siyasi leksikonda ən ucuzlaşdırılmış terminlərdən birinə çevriləcək. Bəli, məhz terminə, özü də təkcə siyasətçilərin deyil, həm də özünə şou-biznes əhli deyən yaramaz zümrənin amansızcasına istismar etdiyi bir terminə. Ağlımıza belə gətirməzdik ki, 20 yanvar faciəsinin ardınca alovlanan Qarabağ savaşında millətin verdiyi minlərlə şəhidin ruhu alver predmetinə çevriləcək, özü də təkcə siyasi alverçilərin deyil, həm də həmin o özünə şou-biznes əhli deyənlərin əlində. Amma zaman öz işini amansızcasına görür və hər şey getdikcə adiləşirdi. Sonda elə adiləşdi də. Vətən uğrunda döyüşən oğul-qızları irsi-cinsi mənsubiyyəti xeyli suallar doğuran "müğənnilər" (yeri gəlmişkən, həmin elə o zamanlar belələrinə küçə pozğunu deyirdilər), Azərbaycanın taleyini düşünənləri isə özünə legitim adı qoyub, məmləkəti düşməndən də qəddarlıqla talayanlar əvəzlədi. Sadaladığım naqisliklərsə özünə cəmiyyət deyən kütlənin gözləri qarşısında, onun susqunluğu fonunda, bəzən isə hətta onun iştirakilə baş verdi. Bütün bunlar ona görə oldu ki, biz hamımız Asya Manafova adlı bir Nikolay "xanımının" "Heydər Əliyev hakimiyyətə gələnədək, Azərbaycanda ordu yox, quldur dəstələri olub" kimi şərəfsiz bir təhqirini ləyaqətsizcəsinə həzm elədik. Bu kimi tərbiyəsizliyi qulaqardına vurmaqla biz faktiki olaraq qəbul etdik ki, DTK tör-töküntülərinin 1993-cü ilin iyununda törətdiyi qiyamadək Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə ölənlər şəhidlər yox, ermənilərın qətlə yetirdiyi quldurlar imiş. Bəli, bu cür ictimai binamusluğu biz boynumuza götürdük və bundan ruhlanan, ahıl yaşı üzündən siyasətə atılan fahişələr bir az da üstümüzə gəldilər və az qala Qarabağ savaşında bizim qaçqınları, köçkünləri, şəhidləri suçlamağa başladılar. Biz isə bunu da həzm elədik, çünki şərəfsizliyi artıq boynumuza götürmüşdük. Bilirsiniz nə zaman? O zaman ki, Qarabağda şəhid olanların cənazələrini ermənilərdən pulla almağa, yanacağa, erməni cəsədlərinə dəyişməyə başladır. Yəni Qarabağ savaşının elə ilk günlərindən. Ermənilərin əlində olan şəhid cənazəsini dizel yanacağına dəyişən millətin "Şəhid" kimi müqəddəs bir kəlməni dilinə gətirməyə nə haqqı var? Axı bu zaman o mərhum Şəhid yox, alver, mübadilə predmeti olur. Pulla alınıb-satılan, yanacağa dəyişdirilən nə zamandan "şəhid" adlanıb? Bax bizə də elə bunu xatırlatdılar və bu gün də xatırlatmaqda davam edirlər.  Yoxsa bunu inkar etmək istəyənlər var? O zaman buyursun, desin ki, belə bir şeylər olmayıb! Müharibənin ən qızğın dövrlərində ön cəbhədə həkim olmuş bəndəniz bunları yaxşı bilir. Təsəvvür etmək olarmı ki, türk dövləti PKK terrorçularının əlinə düşmüş mehmetciyin cənazəsini silaha, pula və ya yanacağa dəyişsin? Ağlınıza belə gətirməyin! Hizbullah lideri Həsən Nəsrullah oğlunun İsrail ordusunun əlinə keçmiş cəsədini əsir götürülmüş yəhudi əsgərinə dəyişməyəndə, yəqin ki, şəhidi alver predmetinə çevirməməyi əldə əsas götürdü. Bəs sizcə Stalin alman əsirliyində olan oğlunu "mən əsgəri feldmarşala dəyişmirəm!" deyib nasist sərkərdəsi Pulyusa dəyişməkdən imtina edəndə hansı prinsipdən çıxış edirdi? Elə həmin prinsipdən-müharıbəni, əsgəri, şəhidi alver predmetinə çevirməmək prinsipindən. Etiraf edək ki, biz bunu bacarmadıq. Hər şeyimizi alıb-satdıq: mənliyimizi də, namusumuzu da, ləyaqətimizi də, şəxsiyyətimizi də. Şəhidləri alıb-satandan sonra bunları bazara çıxarmağa nə var idi ki! Odur ki, bəlkə bu gün hər qəbildən olan yaramazların şəhidlərlə, onların ruhu və qanı ilə alver eləməsinə bir az dözümlü yanaşaq? Niyə? Ona görə ki, özümüz vaxtilə bütün bu dəyərlərimizi öz əllərimizlə alıb-satmışıq, ya da ki, yanacağa dəyişmişik. Özü yıxılansa, ağlamaz...

Tuesday, May 10, 2011

Vətənsizlikdən-Qürbətə, yoxsa Vətənsizlikdən-Vətənə?

Hər zaman Qürbətdə yaşayan insanlara ürəyim ağrıyıb. Deyirlər Vətən geniş bir məfhumdur, razılaşmamaq olmur. Mənimçün Vətən - yaşadığım evdən başlayır, küçəmdə davam edir, keçir şəhərimə və bitir ölkəmdə. Mənimçün Vətən - ailəmdən başlayır, dostlarımla davam edir və həmvətənlərimlə bütövləşir. Bəli Vətən bütöv olanda Vətən olur. Əgər evimə kimsə qanunsuz tikili deyib, onu sökürsə, küçəmin bir hissəsini kimsə zəbt edirsə, bir başqası şəhərımı öz dədə mülkü kimi istismar edirsə, ölkəmi də iki əmiuşağı 80/20 nisbətində bölürsə, deməli o, artıq Vətən olmur. Əgər ailəmdə kiminsə hüququ tapdanırsa, dostlarım təqiblərə məruz qalırsa, həmvətənlərim didərgin salınırsa, deməli o, artıq Vətən olmur. O, Vətən olmursa, demək sən də Vətənsiz olursan. Vətənsizliyin isə seçimi geniş olmur. Əslində Qürbətə də ehtiyac qalmır, çünki Vətən özü artıq Qürbət olur səninçün. Qürbətə gedəndə bilmirsən nə gözləyir səni, bircə şeydən savayı: dəqiq bəllidir ki, ən azı bir neçə il seçib-seçilmək hüququn olmayacaq. Əgər Vətəndə bu hüququ səndən zorla alırlarsa, nədir bu zaman Vətinin Qürbətdən fərqi? Əgər yaşadığın ev, yeridiyin küçə, gəzdiyin şəhər sənin olmursa, nədir bunun Qürbətdən fərqi? Fərqi odur ki, Vətənsizlik-ötəri, Qürbət isə əbədidir. Bəlkə ona görə də elə Vətənsizliyə üstünlük vermək lazımdır. Vətəninə sahib çıxa biləndə Vətənsizlik dönüb yenə Vətən ola bilir, Qürbətə isə sahib çıxa bilmirsən, çünki sənin Qürbətin  başqa birisinin Vətənidir. Sənin Qürbətinin sahibi var! Elə ona görə də başqasının Vətənini öz Qürbətinə çevirməkdənsə, elə öz Vətənsizliyinə son qoymağa məhkumsan, yəni öz evinə, öz küçənə, öz şəhərinə olan haqqını, öz səsinə, düşüncənə olan hüququnu qaytarmaq düşür boynuna. Bacarsan Vətən olacaq, bacarmasan - Vətənsiz qalacaqsan!