Hörmətli oxucu, ilk öncə Qarabağ savaşı kəlməsini dırnaq arasında yazmağıma aydınlıq gətirim: məsələ çox sadədir, İlham Əliyev hakimiyyəti öz içindən laxlayır və eyni zamanda, yanlış daxili və xarici siyasət də bu dağılmanı sürətləndirir. İndi hakimiyyətə, heç zaman olmadığı kimi, MÜHARİBƏ LAZIMDIR! Beləliklə, Azərbaycanı və hakimiyyəti yenidən tam nəzarətə götürməyin bir tək yolu kimi müharibə görünür. Bu o müharibədir ki, onun hədəfi işğal altında olan torpaqları azad etmək deyil, əksinə, anlaşma əsasında bu torpaqların bir qisminin azad edilməsi hakimiyyəti qorumaq üçün vasitə kimi nəzərdən keçirilir.
Amma belə bir anlaşmanı Azərbaycan nə Qərblə, nə də Türkiyə ilə əldə edə bilməyəcək. Səbəblər isə yetərincə sadədir: əvvəla, onların Ermənistana təsiri yoxdur, ikincisi, belə bir müharibə onların bölgədəki maraqlarına tam ziddir. Deməli, qaldı Rusiya və onunla anlaşmağın yolları da bəllidir-bugünkü Rusiya siyasi rəhbərliyinə xərac ver və nə istəyirsən al, məsələn, 1 milyard dollara Ağdamı geri al və bunu da Böyük Xilaskar olan Azərbaycan rəhbərinin tarixi qələbəsi kimi ötür millətin boş süfrəsinə. Amma... Doğrudanmı Azərbaycan rəhbərliyi Rusiya siyasətini bu qədər sadəlövh və səmimi təsəvvür edir? Bəlkə də yox, sadəcə seçim qıtlığı buna vadar edir onu. O zaman bəlkə bəzi məqamlar üzərində düşünməyə də dəyər? Məsələn, əvvəlcədən bu razılığı verən Rusiya, savaş başlayan kimi, birdən mövqeyini dəyişdi və fürsətdən istifadə edərək bölgədə hərbi gücünü artırmaq istədi? Niyə də yox? Məncə Rusiya bunu eləməsəydi, o, bizim tanıdığımız Rusiya olmazdı. Dovşana-qaç, tazıya-tut deyən Rusiya. Odur ki, bəlkə belə bir ssenarini də istisna eləməyək: deyək ki, Azərbaycan hücuma keçir, Rusiya Ermənistanın hərbi gücünü artırır və Azərbaycana ağır hərbi zərbələr endirir (kim müəyyən edə bilər ki, işğal altında olan torpaqlardan Azərbaycana raket atan ermənilərdir, ya ruslar?), ölkə qarışır, Rusiya öz agentura şəbəkəsini var gücü ilə işə salıb daxili siyasi durumu bir qədər də gərginləşdirir və Azərbaycanda hakimiyyətin içindən saray çevrilişini həyata keçirir. Heç kəsdən sirr deyil ki, Rusiyanın Azərbaycandakı yeni komandası artıq hazırdır və son illər bu komanda sonsuz tamahı və imkanları sayəsində ölkə iqtisadiyyatının önəmli hissəsini tam nəzarətə keçirib. Amma bu komanda da artıq müharibədə məğlub olmuş Azərbaycanı götürür, məğlubiyyətin nəticələrini və ölkənin qarşısına qoyulacaq şərtləri isə, məncə, xüsusi təsvir eləməyə ehtiyac yoxdur. Xüsusilə də, müharıbə etdiyinə görə beynəlxalq aləmdən tərəfindən təzyiqlərə və təcridə məruz qalan ölkənin...
Bəs Azərbaycan iqtidarı bu perspektivə necə baxır?
Müşahidələr göstərir ki, Rusiyadan dəstəklənən hər iki hakimiyyətdaxili qruplaşmalarda öz rəqibləri üzərində mütləq qələbə çalmaq ehtirası elə bir həddədir ki, artıq belə ssenarilərin mümkünlüyü onlara inandırıcı görünmür. Bəlkə də, sadəcə, buna inanmaq və hətta belə təhlükənin nəzəri cəhətdən mümkünlüyünü belə görmək istəmirlər...