Tuesday, June 29, 2010

Azərbaycanı necə qurtaraq?

Müstəqil dövlət: idarə edənlər üçün - töhvə, idarə olunanlar üçün - nağıl.

"İlham Əliyevin sonuncu səhvi" adlı yazımdan sonra bir nəfər hörmət etdiyim həmkarım, mənə İlham Əliyevin ünvanına tənqidin əsaslı olduğunu, amma yazıda vəziyyətdən çıxış yolunun göstərilmədiyini irad tutdu. Hörmətli həmkarım eyni zamanda bildirdi ki, o, mənim İlham Əliyevə münasibətimdə kəskinlik və barışmazlıq müşahıdə edir. Sonuncuya cavabdan başlamaq istərdim: əziz həmkarım! 2009-cu il dekabr ayının 15-də mənə və ailə üzvlərimə qarşı avtomobil qəzası planlaşdırmış şəxslər bu gün də həmin yüksək vəzifələrdə oturub, öz iyrənc əməllərini davam etdirilər. Onlar haqqında tədbir görməli olan İlham Əliyevin (Bəli, məhz özünün, çünki Ərəstun Oruclu heç də sıradan bir vətəndaş deyil və bu cinayətkarlara yalnız onun gücü yetir) bu günədək bu cinayətkarları cəzalandırmaması, mənim ona (İlham Əliyevə) münasibətimin əsasını təşkil edir və hətta bəzi düşüncələr üçün zəmin də yaradır. O zaman, həm mənim, həm də bütün az və çox nüfuzlu dostlarımın vahid qərarı bu oldu ki, martın sonunadək gözləyib, cinayətkarların cazasızlığını görsək, məntiq üzrə hərəkət edək. Bu gün biz belə də edirik! Mən özümün və ailəmin həyatına qəsd edənlərə qarşı minnətdar olacaq qədər liberal deyiləm!!!

Birinci suala cavabımla isə aşağıda tanış ola bilərsiniz!

Sovet İttifaqı dağılma ərəfəsində olanda bütün imperiya xarabalıqları boyu vüsət alan milli-azadlıq hərəkatı Azərbaycandan da yan keçmədi. Milli-azadlıq hərəkatına hamı qoşulurdu: Azərbaycanın gələcəyini düşünən müstəqillik mücahidlərindən tutmuş, hərəkatı yönəltmək tapşırığı almış imperiya casuslarınadək; baş verənlərin tam fərqinə varmadan Vətən naminə odun-alovun içinə atılan yurdsevərlərdən tutmuş, bayrağını dəyişib oğurluq sərvətini qorumağa can atan kommunist-mafiozlaradək; siyasi əqidə və əxlaq nümunəsi olanlardan tutmuş, gündə bir cildə girən syasi fahişələrədək. Amma bir qrup insan haqqında o zamanlar bizim çox az məlumatımız vardı ki, onlar özləri də gözə çox görünməməyə çalışan və Rusiyanın müxtəlif künc-bucağında gizlənib, DTK tör-töküntülərinin köməyilə öz biznesini quranlar idi. Onlar oturub varlanır və öz zamanını gözləyirdilər. Bu gün məhz bu "qızıl gəncliyin" nümayəndələrinin bir çoxu hakimiyyət kürsülərinə yiyələnib və biz də sadəlövhcəsinə onlardan ölkənin və vətəndaşların maraqlarını təmin etməyi umuruq. Kimdən? Rus kəşfiyyatının himayəsində böyümüş cılız alverçilərdən???
Məhz bu qrup 2003-cü ildən başlayaraq, addım-addım hakimiyyətə yiyələnməyə başladı, amma elə həmin gündən də öz qarşısında "köhnə qvardiyanın" ciddi müqamətini gördü. Elə həmin zamandan da onlarla, əsas hakimiyyət mexanizmlərinə nəzarət edən keçmiş kommunist nomenklaturası arasında savaş başlandı. Daha doğrusu, bu alayarımçıq komsomol məzunları ilə Sov.İKP fərariləri arasında döyüşün başlanğıcı oldu. Və bu savaş bu gün də şiddətlənməklə yanaşı, ölkəni də uçuruma aparmaqda davam edir. Hər iki tərəfin nümayəndələri daha çox sərvət toplamaq uğrunda yarışda, ölkəni günü-gündən daha da amansızlıqla talamaqda davam edirlər. Artıq elə bir şərait yaranıb ki, hakimiyyət təmsilçiləri ölkə vətəndaşlarına az qala həşərat kimi baxırlar. Azərbaycan vətəndaşları ən adi kommunal xidmətlərdən məhrum olublar: qışda qaza və elektrikə, yayda isə suya həsrət qalan Azərbaycan insanı küncə sıxılmış vəziyyətə düşüb. Dövlət rəsmiləri isə bütün bu yaramazlıqlar fonunda, Azərbaycanın iqtisadi uğurundan, dünyada artan nüfuzundan və ordumuzun, lazım olarsa (Sanki bu lazım deyilmiş...), Qarabaği azad etməyə hazır olduğundan mənasız-məntiqsiz danışmaqdan doymurlar. Məncə, bütün bu bəyanatlar milləti sındırmağa, təhqir etməyə və alçaltmağa xidmət edən düşünülmüş texnologiyalardır. Yoxsa, doğrudanmı kimsə düşünür ki, İlham Əliyev öz dediklərinə inanır? Əsla! O belə sadəlövh adama oxşamır. Sadəlövh olsaydı Azərbaycanın müstəqilliyi uğrunda əlini ağdan-qaraya vurmadığını bildiyi halda prezident olmaq arzusunu içindəcə boğar, ya da ki, buna da gücü şatmazsa, nəzarət etdiyi neft gəlirlərindən heç olmazsa bir azca da bu zavallı millətə verərdi. O sadəlövh olsaydı, Azərbaycanın müstəqilliyindən və ölkənin əlində olmasından bu dərəcədə yararlanmazdı. Və, nəhayət, o, sadəlövh olsaydı, müstəqillik ugrunda mübarizə dövründə Moskvada alver edənlərin ən azı 6-sı bu gün İlham Əliyevin nazirləri vəzifəsində əyləşib, mədələrindən böyük tamahları ilə köhnə kommunistlərə rəhmət oxutmazdılar. Hələ mən nisbətən aşağı vəzifələri tutmuş onlarla başqalarını demirəm. İlham Əliyev sadəlövh olsaydı, indi ən azı onunla çiyin-çiyinə müstəqilliyi qazanmış insanlar oturardı, Azərbaycanın müstəqilliyinə bu gün də içində istehza ilə yanaşan və nazirliyin kollegiya iclaslarını belə çəkinmədən öz dədəsinin dilində (yəni, rusca) keçirən komsomol-DTK tör-töküntüləri yox! Xeyr, cənab Əliyev nə etdiyini çox gözəl başa düşür!!! Mənim buna zərrə qədər şübhəm belə yoxdur! Budur müstəqillik uğrunda minlərlə şəhid vermiş millətin müstəqilliyindən bəhrələnənlər. Millətin özünə isə bu müstəqillikdən qalan nağıl oldu. Dəhşətli reallığı əks etdirən bir nağıl!

İndi isə hörmətli həmkarımın 1-ci sualını cavablandırıram: Azərbaycan, onun müstəqilliyini öz çirkin və iyrənc niyyətləri üçün istifadə edənlərin əlindən alınmalıdır! Yeganə çıxış yolu budur!